Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Futbol dünyasında təlatüm - Milyonlar milyardlara qarşı



“Anlamadılar ki, pul çox vacibdir, amma hər şey demək deyil”
 
Son günlər idman aləmində Super Liqanın keçirilməyəcəyi xəbər yayıldı. Bunu idmansevərlər birmənalı qarşılamadılar. Bəziləri bu xəbəri, hətta sosial şəbəkələrdə sərt tənqid etməkdən belə, çəkinmədilər.
 
 
Futbol mütəxəssisi Tahir Süleymanov:
 
“Super Liqanı 5 günlük ömrü olmayan avantürist layihə adlandırmaq olar: “Bir işi görəndə ilk olaraq analizlər aparılmalı, ictimai rəy öyrənilməli, müsbət-mənfi tərəfləri müəyyənləşdirilməlidir. Hər şey pulla ölçülmür. Milyarderlər "pulumuz var, hər sözümüz keçərlidir" düşüncəsi ilə mənasız və mənəviyyatsız addım atdılar.
 
Futbol dünyada bir nömrəli idman növü olmaqla yanaşı, idman ölçülərini çoxdan aşıb. Tək biznes industriyası əhatəsi deyil, futbol planetdə milliyyətindən, mənsubiyyətindən asılı olmayaraq, milyardlarla insanı öz ətrafında birləşdirib, bir din səviyyəsinə qalxıb. Futbol zarafatı, məsuliyyətsiz addımları sevməz. Futbol - insanların milli-mənəvi qidası, sevinci, kədəri, mübarizəsi, rəqabəti, mədəniyyəti, istirahətidir. Futbol, ümumilikdə biznes maraqlarına qurban verilə bilməz. Futbol toxunulmazdır.
 
Qısa vaxt kəsimində müxtəlif yanaşmalar oldu. Amerika liqalarından tutmuş, Avropa basketboluna kimi nümunələr göstərildi. Amerika tək Kanadanı (o da özlərinindir) cəlb edərək ölkə çapında belə liqalar yaradır və illərlə sınaqdan keçirilib. Avropa isə 50-dən çox ölkə deməkdir. Basketbol nə qədər populyar idman növü olsa da, futbolla müqayisə edilməz.
 
Müxtəlif səbəblərdən, tək UEFA çapında deyil, ayrı-ayrı ölkələrdə klub-federasiya qarşıdurmaları hər zaman olub. Klublara aid məşhur C-14 çoxdandır baş qaldırıb. Komandaları özündə birləşdirən ECA klublar təşkilatı var və ildən-ilə öz nüfuzunu möhkəmləndirir, UEFA ilə əməkdaşlıq edir, müxtəlif problemli məsələlərlə bağlı klubların müdafiəsinə qalxır. Təkliflər irəli sürür, həllinə çalışır. Avropanın top-komandaları ilə yanaşı "Neftçi", "Qarabağ" da,  bu qurumun üzvüdür. Təəssüf ki, təşkilata üzv olmuş "Bakı" və digər klublarımız dağılıb. Bu, artıq başqa mövzudur.
 
Milyarderlərlərin, klub sahiblərinin nə qədər mənasız addımı olsa da, vəziyyətin belə həddə çatmasında UEFA-nın özü də günahkardir. Son 30 ildə futbolda fantastik pullar dövriyyə edir. FİFA, UEFA hər dəfə yeni, bəzi hallarda uğursuz yarışlar təşkil edərək maliyyə arxasınca qaçır. Millətlər liqası isə top-klubları şirnikləndirdi, psixoloji olaraq təkan verdi.
 
Son günlər nəyi göstərdi? Klub azarkeşləri milyarderlərə qarşı ayağa qalxdı və klub sahiblərinə "sizin milyonlarınız ola bilər, bu klub(lar) bizimdir" qətiyyətini ortaya qoydu. Tək futbol adına deyil, bu mesaj çox böyük mesajdır. Futbol elə bir oyundur ki, Avropanın aparıcı dövlət başçıları da problemə kəskin reaksiyaı göstərdilər. "Real"lı Zidandan fərqli, "Mançester Siti"nin baş məşqçisi Quardiolanın ideyaya, öz klub bosslarına qarşı kəskin reaksiyası, istər futbol, istərsə insanlıq adına təqdirəlayiq addım idi. Tək Avropada deyil, bütün dünyada bu məsələyə kütləvi etiraz klubları geri addım atmağa məcbur etdi, "Arsenal" kimi klub rəsmi olaraq azarkeşlərdən üzr istədi.
 
Futbol, milyonlarla futbol azarkeşi imkanlıların milyardları üzərində möhtəşəm, böyük hesablı qələbə qazandı. Futbol səviyyəsini qorumaq şərtilə, ancaq birlik, vəhdət futbolun gözəlliyini qoruyub milyonlarla insanı sevindirə bilər”.
 
İdman jurnalisti Sənan Şərifzadə:
 
“Avropa Liqası layihəsinin uğurlu olacağına inanmıram. Artıq əksər klublar geri çəkilir. "Arsenal" rəhbərliyi isə UEFA-ya açıq məktub yazmaqla bağışlanmasını istəyib. UEFA adi futbol təşkilatı deyil. UEFA güclü dövlət kimidir. Dünyanın aparıcı bukmeyker kontorları və şirkətləri ilə çalışır. Avropa ölkələri UEFA-nı tanıyır. Bu mənada Super Liqa hadisələrinin səngiyəcəyini düşünürəm. 5-6 il sonra yenidən gündəmə gələcək.
 
Ortada daha çox pul qazanmaq məsələsi var. Super Liqa rəhbərliyi bu məsələdə düzünü deyir. Dünya yerində dayanmır. Futbolu daha baxımlı etmək üçün ən güclü klubların turniri sözsüz böyük maraqla qarşılanacaq. Super Liqa ABŞ-ın Avropa futbolunu nəzarətə keçirməsi deməkdir. Amma bu, həm də futbol ailəsini kasıb və varlı təbəqəyə ayırmağa oxşayır. Nəhəng klublar daim öz aralarında oynamaq istəyir.
 
Bəs digər ölkələr? Azərbaycan kimi ölkələrdə çempion olan komanda Çempionlar Liqasına yollanır və orada güclü komandaya rəqib olanda hamı sevinir. Sözsüz, güclü klublara zəiflərlə oyun maraqlı deyil. Əksinə futbolçuları zədə ala bilər, yayımdan nisbətən az gəlir əldə edirlər.
 
Bununla belə futbol hamınındır. Nəhəng klubların sahibləri sadəcə daha çox qazanmaq istəyir. Pandemiya dönəmində böyük maddi itkilər oldu. Ona görə Super Liqa söhbəti yenidən gündəmə gəldi. Təsəvvür edin, 4 alim ayrıca institut yaradır və bəyan edirlər ki, Nobel mükafatına ancaq onların işləri namizəd ola bilər. Və ya 10 aktyor birləşərək ayrıca kino şirkəti təsis edir və deyirlər ki, Oskar mükafatını ancaq onlar alacaq. Bu, ədalətsizlikdir. Zəiflər üçün güclülərlə oyun maddi qazancdan başqa təbliğat və futbolun inkişafına təkandır. Bu ideya futbolda çevriliş etmək deməkdir. Futbolu iki dünyaya ayırmaq kimidir”.
 
İdman yazarı Kənan Məstəliyev:
 
“Bu hadisənin heç bir mənfi tərəfi olmayacaq. Əksinə bu cür xam, yarımçıq və bir az da avantürist ideya və layihənin həyata keçməməsi lazım idi, belə də oldu. Super Liqanın yaradıcıları daha çox pul qazanmaq üçün futbolun bir çox dəyərlərinə xəyanət etdilər. Amma nəzərə almadılar ki, məhz futbolda pul hər şey demək deyil. Pul çox vacibdir, həlledicidir, amma hər şey demək deyil.
 
Bütün dünyada azarkeşlərin bu avantüraya qarşı çıxması, böyük etirazlar etməsi də bunu sübut etdi. Hamı bir oldu, bir nöqtəyə vurdu. Daha bir müsbət məqam dünya futbolunun idarəçilərinə verilən mesaj, aldıqları dərs oldu. FIFA və UEFA kimi daşlaşmış idarəetmə üsuluna malik olan, dəyişmək istəməyən, ciddi problemləri həll etməkdə çətinlik çəkən və çox ləng və tənbəl olan qurumlar artıq ayılacaq. Daha yaxşı sponsorlar cəlb etməyə, böyük klublara daha çox maliyyə ayırmağa, daha çox maraqlı matçlar təşkil etməyə başlayacaqlar.
 
Qış yuxusu bitdi, ayağa durub işləmək lazımdır. Bütün futbol azarkeşlərini isə təbrik edirəm: hamımız birlikdə bu imtahandan üzüağ çıxdıq”.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10