Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qadın toylarında tar çaldı, aparıcını başını kəsməklə hədələdi, ölümünə səbəb olan sirri açdı – Baloğlan Əşrəfovdan Maraqlı faktlar


Ötən gün dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfov haqqında maraqlı faktları təqdim edirik.
Baloğlan Xanoğlan oğlu Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində müəllim ailəsində anadan olub. 1968-ci ildə həmin kənddə orta məktəblə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirib.
***
Baloğlan Əşrəfov xatirələrinin birində deyir:
“Atam direktor idi. Məktəbin radio qovşağından fasilələrdə musiqi səsləndirirdim. Məktəbdə hamıdan seçilirdim. Rayonda tar məktəbi açılanda ilk qəbul olanlardan biri də mən olmuşam. 7-8-ci sinifdə oxuyanda kənddə qadınların toyuna gedirdim. İlk dəfə o vaxt əlimə pul gəldi. 14-15 yaşım olardı. Qazandığım pul da atama böyük dayaq olurdu. Kənddə yavaş-yavaş tanınmağa başladım. Rayon mərkəzində bir müsabiqə keçirilirdi. Gedib iştirak edib qayıtdım. Qayıdandan sonra kəndimizin mədəniyyət evində tədbirlər keçirməyə başladım. Bakıdan mötəbər bir şəxs kəndimizə gəlmişdi. Mən də uzun zaman idi məşq edirdim. Mənim orada oxuduğum mahnı o qədər maraqla qarşılandı ki, hər kəs əl çaldı. İkinci dəfə oxudum. Bir günün içində hər kəs məni tanıdı.”

Baloğlan Əşrəfov evin tək uşağı olub. 20 yaşında valideynlərinin istəyi ilə ailə həyatı qurub. İki qızı, iki oğlu olub. Sənətçinin on nəvəsi var, onlardan biri isə sənətçinin adını daşıyır.
***
1978-ci ildə ADU-nun filologiya fakültəsini başa vurandan sonra 5 il kənddə müəllim işləyib.
1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub.
1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib.
***
Bakıya gələndən sonra bir müddət fərdi fəaliyyət göstərir. Daha sonra İslam Rzayevin ansamblında çalışmağa cəhd edir. Lakin deyilənlərə görə, İslam Rzayev Baloğlan Əşrəfovu və bu qəbildən olan müğənniləri ansamblında oxumağa icazə vermir, onları İran boğazları ilə oxuduğuna görə qınayırmış. Lakin, sonradan ansamblla birgə çalışan müğənni Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar edir.

1989-cu ildə yaratdığı "Şəhriyar" ansamblı ilə Bakının bütün böyük konsert salonlarında çıxış edib.
***
Dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, Almaniya və MDB-nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edir. Daha çox “Ay uçan quşlar”, "Yuxuma gəl", "Anam mənim", "Günayım", "Tanrıdan diləyim ol" kimi mahnılarla məşhurluq qazanıb.
***
Haqqında "Səsi quran sədasıdır" adlı kitab yazılıb. Kitabda bütün böyük sənətkarlar öz müsbət rəylərini veriblər.

2007-ci ildə müğənninin səhhəti pisləşir. 2007-ci il martın 8-də kəskin qaraciyər serrozu diaqnozu ilə ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilir. Daha sonra Türkiyədə yaşayan məşhur iş adamı Mübariz Mənsimovun maliyyə yardımı ilə qardaş ölkəyə aparılıb. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülüb.
***
Baloğlan Əşrəfov üçün qaraciyər donoru lazım olur. Onun üçün Türkiyəyə könüllü olaraq 26 donor yola düşür. Lakin onlardan heç kim uyğun gəlmir. Yalnız bir nəfər dindar şəxs öz istəyi ilə onun göndərilməsini xahiş edir və lazım olan donorun məhz özü olduğunu deyir. Əməliyyat uğurla keçir. Baloğlan Əşrəfov öz donoruna nə qədər pul təklif etsə də, qəbul etmir, hətta buna görə bir müddət müğənnidən inciyir.

Xanəndənin həmkəndlisi Pərviz Əzimov yazır ki, Baloğlan Türkiyədə əməliyyat olan ərəfədə bütün kəndimiz səksəkədə idi. Sonra xəbər gəldi ki, əməliyyat uğurlu keçib, donor da salamatdır, Baloğlan da. 10 mindən çox əhalisi olan kəndimizdə bayram idi. O qədər qurban kəsilmişdi ki, yarızarafat deyirdik, kəndimizdə qəssablar 10 gün ac qaldı. Günlərlə bütün kəndə qurban əti paylanırdı. Evlərimiz çox yaxındı, qurban gətirən insan selini hər gün görürdük.
***
Baloğlan Əşrəfov müsahibələrinin birində deyir:
“İnandırım sizi, mən qayıdandan sonra hara gedirdimsə, ayağımın altında qurban kəsirdilər. Mənim üçün 60-a yaxın qurban kəsdilər. Mən bu məhəbbət, sevgi qarşısında baş əyirəm.”
***
Sovet vaxtı Baloğlan Əşrəfovun mahnılarının efirdən səslənməsinə icazə vermirdilər. İnsanlar ona avtobus dayanacaqlarında, avtobuslarda, taksilərdə, şəxsi evlərdə qulaq asırdılar. Onun kasetləri ən ucqar kəndlərə qədər gedib çıxmışdı.

Bir müddət əvvəl "Space" telekanalında yayımlanan "Onda başladıq" verilişində aparıcı Elçin Əlibəyli ilə Baloğlan Əşrəfov arasında gərginlik yaranır. E.Əlibəyli B.Əşrəfovun əvvəllər Üzeyir Hacıbəyli barədə "O, şərq musiqisinə ziyan vurub" dediyini xatırladıb. B.Əşrəfov isə bundan bərk qəzəblənərək deyib:
“Məni səhv anlayıblar. Şərq aləmində Üzeyir bəydən böyük bəstəkar olmayıb. Mənə irad tutdular ki, oxumağında Şərq koloriti var. Dedim, Üzeyir bəyin yazdığı əsərlərdə də o kolorit olub. Üzeyir bəyi yazdığı mahnılara görə Peterburqa çağırırlar. Deyirlər, sənin yazdıqlarından Şərq iyi gəlir, get, səni Sibirə göndərmirik, amma yazdıqlarına bir az düzəliş et. O da tarın pərdələrindən artıq şeyləri söküb. Ondan sonra Peterburqdakı rəhbərliyin istədiyi formada əsərlər yazıb.”
***
Elçin Əlibəylinin sözlərinə görə, Baloğlan Əşrəfov ona Rusiyadan zəng elətdirərək başını kəsəcəyi ilə hədələtdirir.
***
Baloğlan Əşrəfovun ayaqlarında problem olub. Ona görə efirdə heç vaxt çevik hərəkət etməyib.

On səkkiz gün koronavirusdan əziyyət çəkən müğənni az əvvəl açıqlama verərək, xəstəliyə harda yoluxmasına aydınlıq gətirib:
“Xəstəlik bütün kanallarda var. Amma bəzi şeylərdən şübhələndiyimə görə mənə belə gəlir ki, ARB kanalında, Zaur Nəbioğlunun “Heç vaxt, heç yerdə” adlı verilişində yoluxmuşam.
Kanallara çıxandan sonra ağlıma gələn başıma gəldi. Televiziyaya 3-4 müğənnini dəvət edirlər, sonra da bir mikrofonu hamı istifadə edir. Mən hardan bilim ki, bu adam virusa yoluxub, ya yoluxmayıb? Telekanallara gərək çox ciddi nəzarət olunsun. Belə olmaz, hamı bir-birini yoluxdura bilər. Bir müğənni ilə çəkilişdə koronadan söhbət edirdik, mənə dedi, mən koronaya yoluxmuşam. Rəngim-ruhum ağardı. Dedim, sən nə danışırsan, a kişi? Dedi, zarafat edirəm, amma sonradan öyrəndim ki, həqiqətən yoluxub.”
***
Uzun zamandır müalicə alan müğənni ötən gün aprelin 26-da axşam saatlarında koronavirusdan dünyasını dəyişir. Onun cənazəsi vəsiyyətinə əsasən anasının yanında dəfn olunmaq üçün Təcili Yardım maşını ilə bu gün səhər saatlarında doğma kəndi Bədəlana gətirilərək orada dəfn olunub.
kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10