Bakı Ağır Cinayətlər Məhkəməsi dələduzluqda ittiham olunan Bakı şəhər sakini 41 yaşlı İlqar Əliyevin cinayət işinə baxır. Ççoxsaylı dələduzluq işlərinin hakimlərin masası üzərində yığılıb qaldığı indiki zəmanədə İ.Əliyevin qurduğu dələduzluq sxemini doğrudan da analoqu olmayan adlandırmaq olar-o, başqalarının avtomobillərini “hərracdan ucuz qiymətə aldığı” avtomobillər kimi təqdim edərək onları öz qurbanına satacağına inandırıb.
Virtualaz.org-un xəbərinə görə, özünü işgüzar şəxs kimi təqdim edən İlqar Əliyev tanışı Sənan Osmanovu inandırıb ki, müxtəlif banklarda kredit ödənişi edilmədiyindən girovda saxlanılan, hərrac vasitəsilə satışı təşkil olunan avtomobilləri bazar qiymətindən aşağı qiymətə alınmasını təşkil edə bilər. Və onu əmin edib ki, həmin avtomobilləri daha sonra bazar qiymətinə satmaqla sanballı gəlir əldə etmək mümkündür. Görünür asan yolla varlanmağa meyl göstərən Sənan Osmanov da bu vədlərə inanıb, nəticədə İlqar Əliyev onun cəmi 169 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
“Dedi nə qədər ucuz avtomobil çıxara bilsən hamısını alacam...”
Təqsirləndirilən İlqar Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Sənan Osmanovu dostu Sahib Quliyevin vasitəsilə tanıdığını, onunla ilk dəfə 2018-ci ildə görüşdüyünü deyir. Bildirir ki, söhbət əsnasında Sənan “Ram servis” MMC-də avtomobillərin icarəsi ilə məşğul olduğunu ona deyib: “Tanışlıq zamanı Sənana əvvəllər hərrac komitəsində işlədiyimi, işdən çıxsam da hərrac yolu ilə avtomobil ala biləcəyimi söylədim. Sənan da “nə qədər ucuz avtomobil çıxara bilsən hamısını alacam” dedi”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, “Qış parkı”nın dayanacağında banklara məxsus çoxlu sayda avtomobillərin hərraca çıxarılacağını, hər bir avtomobili bazar qiymətindən 40 faiz ucuz qiymətə təşkil edə biləcəyini Sənana deyib.
Başqalarının avtomobilini göstərib və pul alıb
“Bir yerdə avtomobillərə baxmağa getdik. Sənan avtomobillərə baxıb bir neçəsini bəyəndi. Üç ədəd “Toyota Gamry” markalı avtomobilin yaxın günlərdə hərraca çıxarılacağını söylədim. Üç avtomobili ümumilikdə 84 min manata təklif etdim. Razılaşdıq. Dedim ki, avtomobillər hərraca çıxarılanda xəbər edəcəm”,-o bildirir.
Həmin gündən etibarən İlqar Sənanla tez-tez telefon əlaqəsi saxlayıb. Hətta ilkin olaraq Sənandan 10 min dollar, bir həftə sonrasa 37 min dollar alıb: “Sənana zəng vurub dedim ki, mənə 5 min dollar lazımdı. O da göndərdi. Sənandan götürdüyüm pulları özümdə saxlamışdım. Təxminən 20 gün sonra dostlarımla restoranda yemək yeyərkən Sənan yanımıza gəldi, Sahiblə məni otaqdan çölə çağırdı və pullarını tələb etdi. Dedim səbrli ol, bizdən asılı olmayan səbəbdən iş gecikir”.
“Dedim daha sənə borcum qalmayıb, görüşmək istəmirəm...”
İ.Əliyevin dediklərinə inansaq, ertəsi gün 50 min manat tanışı Mustafadan, iki gün sonrasa 26 min manat tanışı Eldənizdən Sənan Osmanova pul göndərib. Həmin şəxslər pulu S.Osmanova çatdırıblar. Bundan sonra S.Osmanovla əlaqə saxlamayıb: “Mustafaya dedim ki, Sənandan ehtiyat edirəm, apar bu pulu ona ver, yerdə qalanını da iki gün sonra göndərəcəyəm”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, S.Quliyev onun mobil telefonuna zəng vuraraq 100 min manat pul tələb edib. Deyib ki, sənə verdiyim pula görə avtomobil satmışam, faizə pul götürmüşəm: “Dedim sənə borcum qalmayıb, səninlə görüşmək istəmirəm. Ona 5500 manat borcum qalmışdı”.
Zərərçəkmiş İlqar Əliyevə necə ürcah olub?
“Ram servis” MMC-də işləyən zərərçəkmiş Sənan Osmanov isə ifadəsində Sahib Quliyevlə birgə hərbi xidmətdə olduğunu, əsgərlikdən sonra da münasibət saxladıqlarını deyib. Növbəti dəfə 2018-ci ilin yanvarında S.Quliyev ona zəng vuraraq dostu İlqar Əliyevin hərrac komitəsində işlədiyini, satışda sərfəli qiymətə avtomobillərin olduğunu deyib.
Zərərçəkənin ifadəsindən: “Rentakarın balansındakı avtomobillərin sayını çoxaltmaq üçün Sahibin təklifi diqqətimi çəkdi. Dedim ki, İlqarı mənimlə tanış elə. Görüşəndə İlqar dedi ki, hərrac komitəsində işləyir. Komitənin hərracında 300 ədəd müxtəlif markalı avtomobil var, bazar qiymətindən aşağı qiymətə hərrac yolu ilə satılacaq. Avtomobillərin adlarını sadaladı. Dedi ki, hamısı “Qış parkı”nın yeraltı dayanacağındadır. Ertəsi gün həmin yerə getdik. Cərimə meydançasında çoxlu sayda maşın vardı”.
“Qış parkı”ının dayanacağında maşınlara baxıb və bəyənib
Zərərçəkmiş deyir ki, avtomobillərə baxan zaman mühafizəçi onlara yaxınlaşaraq burada nə işləri olduğunu soruşub. O da öz növbəsində “bizi İlqar Əliyev maşınlara baxmağa yollayıb” deyib. Həmin mühafizəçi də maşınlara rahat baxılması üçün onlara şərait yaradıb. S.Osmanov özlüyündə düşünüb ki, yəqin mühafizəçi İ.Əliyevi yaxından tanıyır: “Maşınlara baxdıqdan sonra İlqara zəng vurub dedim ki, avtomobillərin səkkiz ədədini almaq istəyirəm. Dəyərini soruşanda dedi ki, sabah “Hidayətoğlu” hərrac komissiyasına gələrsən, orada avtomobillərin dəyərini çıxarıb sənə verərəm”.
İ.Əliyev bütün bu işlərin görülməsi üçün ilkin olaraq beh kimi 10 min dollar istəyib. S.Osmanov da onunla razılaşıb. İlqar “Mercedes S 500” markalı avtomobili 100, “Lexus-570” markalı avtomobili 65, 5 ədəd “Toyota Gamry” markalı avtomobilin hər birini 30 minə, “Grand Gherokee” markalı avtomobili isə 26 minə təklif edib.
“Dedi 100 min əvvəlcədən ver...”
Zərəçəkən deyir: “Ümumilikdə məndən 341 min manat pul istədi. Dedi, pulun 100 min manatını əvvəlcədən ver, qalanlarını da avtomobillər sənin adına keçiriləndə verərsən. İlqarın təklif etdiyi avtomobillərin bazar qiymətindən aşağı olduğunu görüb razılaşdım. Həmin gün ona beh olaraq 10 min dollar (17 min manat) verdim. Pulu Sahibin yanında sayıb cibinə qoydu”.
Zərərçəkmişin ifadəsinə görə, İlqar pulu sayıb cibinə qoyandan sonra deyib ki, narahat olma, hərracda onun yaxın adamları iştirak edəcək, ilkin sənədləşmə bitəndə avtomobillər onun (Sənan Osmanovun) adına rəsmiləşdiriləcək. Bir neçə gün sonra İ.Əliyev əlavə olaraq sənədləşmə işləri üçün 50 min manat pul istəyib: “Sahiblə birgə İlqarla görüşdük, maşında ona 50 min manat pul verdim. İlqar dedi ki, artıq sənədləşmə işlərinə başlanılıb”.
Bir neçə dəfə S.Osmanovdan pul alan İ.Əliyev sonradan müxtəlif bəhanələr gətirərək onunla görüşməkdən yayınıb, zərərçəkmişin telefonlarına cavab verməyib. S.Osmanov pulunu geri istədikdə yaxın vaxtlarda düzələcəyini deyib.
“Bu barədə Sahibə danışdım. Sahib qardaşı Mustafanın vasitəsi ilə İlqardan 26 min alıb mənə qaytardı. Qalan pulu da qaytaracağına söz verdi”,-o bildirir.
“Mercedes S500” əslində kimin idi...
Ən maraqlısı odur ki, İ.Əliyev S.Osmanova hərracdan “Mercedes S 500“ markalı avtomobil çıxartdığını, avtomobili ona 110 minə sata biləcəyini, ilkin olaraq 37 min dollar verməli olacağını deyib. Onunla razılaşan S.Osmanov “Məkan” restoranında İlqara 37 min dollar verib. İlqar da deyib ki, iki günəcən “Mercedes”in sənədlərini Sənana təqdim edəcək. İnandırıb ki, o biri maşınların da sənədləri hazırlanır, həmin maşınların da Sənana satılması işini gəll edəcək. İki gün sonra isə məlum olub ki, Sənan Osmanovun İlqar Əliyevdən aldığı avtomobilin üzərində GPS var, avtomobil əslində “City” avtomobil icarəsi şirkəti üzərindən İlqara verilib, Sərxan adlı şəxsə məxsusdur. “Sərxan avtomobilin bütün sənədlərini gətirdikdən sonra maşını ona təhvil verdim”,-zərərçəkən deyir.
Başqa sözlə, İlqar Əliyevin qurduğu dələduzluq sxeminə əsasən o, avtomobil kirayə verən (Rent a Car) şirkətdən götürdüyü avtomobili “hərracdan ucuz qiymətə alınan avtomobil” kimi təqdim edərək onu Sənan Osmanova satıb.
Zərərçəkmiş ifadəsinin davamında İ.Əliyevə verdiyi pulların bir hissəsini adını çəkmək istəmədiyi tanışlarından aldığını deyib. Yəni bu işdə zərərçəkən təkcə o deyil...
Məhkəmə prosesi davam edir.
İnarə Rafiqqızı
Virtualaz.org