Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gələcək kitabdan səhifələr: “Şəhidlər ölməz ruhla, gedir üzü Allaha...”


Cənub. az”dan xatırlatma: Millət vəkili Məşhur Məmmədovun təşəbbüsü və Masallı Təhsil Fondunun təşkilati dəstəyi ilə həmyerlimiz yazıçı - jurnalist Nurəddin Ədiloğlu Vətən müharibəsində şəhid olmuş masallılıların döyüş yolundan bəhs edən “Şəhidlik manifesti” adlı xatirə kitabını nəşrə hazırlayır. Kitaba 51-i Masallıda və 11 -i ölkəmizin başqa regionlarında dəfn olunmuş əslən Masallıdan olan şəhidlər haqqında məqalələr toplusu daxil ediləcək. “Cənub.az” saytı  müəllifin bu silsilədən  olan sayca 13-ci yazısını təqdim edir.

                                                                   Hişkədərəli şəhid

Qısa tanıtım: Sadıxov Rahid Vahid oğlu 13 fevral 2001 - ci il tarixində Rusiya Federasiyasının Saratov şəhərində anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Azərbaycana, Abşeron rayonunun Saray qəsəbəsinə köçüb. 2007-2016-cı illərdə Saray qəsəbəsinin M. Ələkbərov adına 1 saylı tam orta məktəbində təhsil alıb. 9-cu sinifi bitirəndən sonra  əvvəlcə Sumqayıt şəhərində, sonra Maştağa qəsəbəsindəki Cümə məscidlərinin mədrəsələrində iki il dini təhsil alıb. Orta ruhani təhsilini Cəlilabad şəhərində yerləşən mədrəsədə başa vurub. 2019-cu il aprel ayının 1-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Goranboy və Tərtər rayonlarında yerləşən “N” saylı hərbi hissələrdə xidmətdə olub. Milli Ordu sıralarından tərxis olunmağına  bir neçə gün qalmış erməni qəsbkarlarına qarşı başlanan Vətən müharibəsinə qatılıb. 28 sentyabr 2020-ci il tarixində Suqovusan və Talış kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Nəşi bir ayadan sonra tapılıb, 29 oktyabr 2020-ci il tarixində Abşeron rayonunun Saray qəsəbəsindəki Şəhidlər xiyabanında böyük izdihamla  torpağa tapşırılıb. 

Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsinin əsgəri Rahid Vahid oğlu Sadıxov ölümündən sonra “Vətən uğrunda” medalı ilə  təltif edilib. 


                                                          Rahidə niyə Səccad  deyirdilər?


Hələ orta məktəbdə oxuyanda Allah kəlməsi Rahidin dilindən düşməzdi. Müəllimlərinin “böyüyəndə kim olacaqsan” sualına o, “molla olacağam” deyə cavab verəndə şagird yoldaşları qəhqəhə çəkib gülərdilər. Bəziləri də onun zarafat elədiyini düşünərdilər. Rahid isə uşaq olsa da, halalı haramdan ayırmağı, nəfsinə hakim olmağı bacarırdı. Təsadüfən susuz olanda parta yoldaşının ona verdiyi bir içimlik suyun hallalığını almadan dilinə vurmazdı. Uşaq yaşlarından Quran oxumağı öyrənmişdi, 6-cı sinifdən namaz qılıb, oruc tuturdu. Dinə sidqi-ürəklə  bağlı ailədə boya-başa çatmışdı. Doğma talış dili ilə yanaşı, Azərbaycan, rus, fars və ərəb dillərini mükəmməl bilirdi. Qürbətdə dünyaya göz açmış bacıları Rahidə və Günay kimi onun da adını Masallının Hüşkədərə kəndində yaşayan nənəsi Fəridə xanım qoymuşdu. Amma dini təhsil aldığı mədrəsədə tələbə yoldaşları onu Səccad deyə çağırırdılar. Bu ad Rahidə səcdədə çox zikr elədiyinə görə verilmişdi. Xalası qızı Fərqanə Əliyeva deyir ki, mədrəsədə oxuduğu illər Rahid üçün elə əsgərlik həyatı kimiyidi. Evdə hamı ona aqil insan kimi yanaşırdı. Bacıları ailə həyatı qursalar da Rahiddən məsləhət alardılar. 


                                                                 Ziyarətə   məftun əsgər


 Həzrəti Hüseyn (ə) aşiqi olan Rahid hərbi xidmətdə də Allaha ibadətindən qalmır, eyni zamanda, nümunəvi xidmətinə görə də əsgər yoldaşlarından seçilirdi: “N” saylı hissənin komandiri polkovnik –leytenant Rəşid Niftəliyev Sadıxovlar ailəsinə ünvanladığı təşəkkür məktubunda yazırdı: “Rahid bizim hərbi hissədə xidmət etdiyi  mddətdə özünü nizam - intizamlı bir əsgər kimi göstərmiş, komandirlərin və əsgər yoldaşlarının dərin hörmətini qazanmışdır. Komandirlərin əmr və göstərişlərini vaxtında və sözsüz yerinə yetirir, silahını, döyüş texnikasını həmişə saz və döyüşə hazır vəziyyətdə saxlayır. Oğlunuz  Rahid xidmət müddətində nümunəvi xidmətinə və nizam-intizamına görə dəfələrlə mükafatlandırılıb. Hərbi hissə komandanlığı Rahid kimi oğul tərbiyə etdiyinizə görə Sizə öz dərin minnətdarlığını bildirir və əminik ki, bundan sonra da o, öz nümunəvi hərəkəti ilə həm sizin, həm də komandirlərinin üzünü ağ, başını uca edəcəkdir.” Növbəti Fəxri Fərman Rahidə Ramazan bayramı  münasibəti ilə döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətlərə görə verilmişdir. Onun ən böyük arzusu əsgəri xidmətini başa vurandan sonra Azərbaycan İlahiyyat İnstitutuna daxil olmaq və ata-anası ilə birlikdə Kərbəla ziyarətinə getmək idi. Bu barədə o anası ilə telefonla danışanda bildimişdi. Sonuncu dəfə ailəsi ilə 26 sentyabrda əlaqə saxlayanda Rahidin ordudan tərxis olunmağına cəmi bir həftə qalmışdı...


                                                        Müharibədə Kərbala faciəsini xatırladığı məqam


Vaxtilə Azərbaycanın böyük mütəfəkkiri Ömər Faiq Nemanzadə müsəlmanları Həzrəti İmam Hüseynin (ə) millət yolunda şəhidliyini öyrənməyə, onun şəhadətindən doğru nəticə çıxarmağa çağıraraq yazırdı: “...həzrəti İmam Hüseyn əleyhssəlamın vaqeyi-şəhadəti bizlərə nümuneyi-ibrət, misali-qeyrət deyilmi?”

27 sentyabrda başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda döyüş zamanı Rahid səngərdə əlində silah bir anlığa Kərbəlada susuzluqdan bağrı qana dönən imam övladları barədə öyrəndiyi hədisi xatırladı. “Dodaqları susuzluqdan qurumuş Abbas Fərat çayından tuluğu su ilə doldurub düşərgəyə yollanan anda Yezidin əsgərləri onun qabağını kəsib qüvvətli qılınc zərbəsi ilə onun tuluğu tutan qolunu üzürlər. Bu zaman Abbas su qabını o biri əlinə alır. Qüvvətli qılınc zərbəsi o biri qolunu da üzəndə Abbas dişləri ilə yapışır tuluqdan... Zalım düşmənin oxu tuluğu deşir və Fəratın suyu  düşərgədə körpə Əli Əsgərin qurumuş dodaqlarını yox, Kərbəla çölünü sərinlədir...” Hərbi xidmətdə olduğu il yarım ərzində Rahid yaxşı bilirdi ki, Suqovuşanın  ermənilərin işğalı altında olması Tərtər, Goranboy və Yevlax rayonlarının  əkin torpaqlarını suya həsrət qoyub. Susuz qalan torpaqlar kimi, Tərtərin Suqovuşan və Talış kəndlərinin sakinləri də tarixi ata-baba torpaqlarına getmək həsrəti ilə qovrulurdular. Torpağın, təbiətin və insanların su həsrətin son qoymaq amalı ilə Suqovuşan uğrunda döyüşlərdə igidliklə vuruşan Rahid  ağır yaralanır və şahədətə qovuşur. Beləliklə, Kərbəla ziyarəti arzusu ilə yaşayan Rahid behişt zəvvarı olur. Amma şəhid olsa da  azad olunmuş ərazilərin 30 illik su həsrətinə son qoyulur.


                                                          Şəhid əsgərə tapşırılan əmanət 


Rahid Sadıxovun yas mərasiminə gələn və ailəsinə başsağlığı verən dövlət və ictimaiyyət nümayəndələri ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi hacı Şahin Həsənli, tanınmış din xadimləri Seyid Ağarəşid Talıbov, axund Hacı Əhliman Rüstəmov, dini mövzuda şeirlər yazan Elşən Xəzər, ilahiyyatçı, mərsiyaxan Seyyid Taleh Boradigahi, mədrəsə müəllimləri və tələbə yoldaşları onun ruhuna dualar oxuyublar.

    Şəhid əsgərin atası Vahidlə Saray qəsəbə qəbiristanlığındakı Şəhidlər xiyabanında gül-çiçəyə qərq olunan məzarını ziyarət etdik. Xiyabanda dəfn olunmuş bütün şəhidlərin ruhuna fatihə ithafından sonra Vahid dedi ki, 19 il biz Rahidin zəhmətini çəkdik, amma bəhrəsin həm özü gördü, həm də biz: “Özünə şəhidlik məqamı qismət oldu, bizə də şəhid atası, şəhid anası adı qazandırdı. Yaradana şükür edirəm ki, oğlum şəhidlik məqamına yüksəlməklə bizim nəslimizin başını ucaltdı.”

  Vahid Sadıxov şəhid oğlunun ziyarətinə gələn, onun xatirəsini əziz tutan hər kəsə minnətdarlıq edir. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova isə ona Vahid Sadıxovla görüşəndə ona “Qarabağ Azərbaycandır!” yazılmış, xüsusi hazırlanmış saat təqdim ediblər: “Sizin övladınız artıq yalnız öz ailəsinə, öz el-obasına deyil, bütün Azərbaycana, dünya azərbaycanlılarına əzizdir, doğmadır...” 

    Biz Sarayda olanda Vahid qəsəbədə yaşayan qohumları ilə birlikdə tezliklə Rahidin adı ilə tanınacaq küçəni və evinin həyətini abadlaşdırırdılar. Evin yuxarı mərtəbəsindəki iki otaq Rahidin şəkilləri ilə bəzədilib. Zeytun rəngli əsgər geyiminin yaxasına səliqə ilə yazılmış “Ya Allah”“Ya Hüseyn” sözləri  diqqətimi cəlb edir. Şəhid qardaşının öz arzusuna çatdığını söyləyən Rahidə xanım kövrələrək deyir: “İndi qardaşım İmam Hüseyn əleyhissəlamın qonağıdır. Mən onu tez-tez yuxularımda görürəm, deyir ki, sağam, ölməmişəm. Mən də, bacım da ömrümüzün axırına kimi qardaşımızla fəxr edəcəyik...”

     Rahid hərbi xidmət zamanı anası Sənubər xanımla telefonla danışanda həmişə deyərmiş ki, Allaha əmanət olun. “İndisə  biz harasa gedəndə evimizi Rahidə  əmanət edirik...” 

 Şəhid anasının bu sözü mənə şair Arif Fərzəlinin “Əsgər şəkilləri"  şeirinindən bir misranı xatırlatdı: “Divarları söykəyin əsgər kürəyinə, evlər arxalı olar!..”


Nurəddin ƏDİLOĞLU






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10