Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şeyxin gözübağlı girovları – DTK əməkdaşı raketlə hədələdikdən sonra onlarI azad ediblər


30 sentyabr 1985-ci il. Səhər saatlarında SSRİ-nin Livandakı səfirliyinə səfirliyin iki əməkdaşının, Valeri Mırikov və Oleq Spirinin girov götürülməsi haqqında informasiya daxil olur. Çox keçməmiş Beyrutdakı sovet səfirliyi daha iki əməkdaşın- Arkadi Katkov və Nikolay Svirskinin də girov götürülməsi haqqında məlumat alır...
Baş vermiş hadisələrlə bağlı səfirlikdə dərhal yığıncaq keçirilib və ilk olaraq Moskvaya məruzə edilib. Eyni zamanda hadisə ilə bağlı Livan rəsmilərinə də yazılı məlumat verilib.
Moskvada Mərkəzi Komitə, Xarici İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Komitəsi bütün mümkün variantları işə salaraq girovların azad olunması üçün hərəkətə keçiblər.
Səhərisi gün girov götürənlər Beyrutda mətbuat vasitəsilə şərtlərini bəyan ediblər: SSRİ-nin təsiri ilə Suriya qoşunlarının Livanın şimalındakı hərbi əməliyyatları dayandırılmalıdır və SSRİ Əfqanıstanda müharibəyə son qoymalıdır. Girov götürənlər “Xalid ben Əl-Valid qüvvələri” təşkilatının üzvləri olduğunu da bəyan ediblər.
243808_original.jpg (58 KB)
DTK-nın Beyrutdakı rezidenturası kömək üçün Yasir Ərəfata müraciət edib. Həmin vaxt Tunisdə olan Yasir Ərəfat hər şeyə aydınlıq gətirəcəyinə və girovların azad olunması üçün lazımi tədbirləri həyata keçirəcəyinə söz verib. Amma onun verdiyi vəd elə söz olaraq qalıb.
Diqqət çəkən məqamlardan biri odur ki, səfirlik əməkdaşlarının girov götürülməsinin əsas icraçısı Yasir Ərəfatın mühafizəçisi, Giyena ləqəbi ilə tanınan İmad Muqnie olub.
9915446c294546116a3014482de1479c.jpg (152 KB)
Beyrutdakı SSRİ DTK-nın rezidenti Yuri Perefilyev agentura şəbəkəsi vasitəsilə öyrənib ki, “Xalid ben Əl-Valid qüvvələri” təşkilatına sovet diplomatlarının girov götürülməsini “Hizbullah” terror təşkilatının Livan ərazisindəki lideri şeyx Fadl Əl sifariş edib. Yuri Perefilyev Livan xüsusi xidmət orqanları əməkdaşlarının vasitəsi ilə şeyxlə əlaqə yaratmağa nail olub. Adətən heç bir xarici vətəndaşla, xüsusilə də SSRİ DTK-sı ilə əlaqələrdən uzaq olan şeyx bu dəfə adətinə xilaf çıxaraq Perefilyevi qəbul edib. Bu görüş haqqında sonralar DTK zabiti yazıb:
“Şeyxlə görüşə getmək böyük təhlükə idi. Bu görüşdən yalnız şanslı adamlar sağ qayıda bilərdi. Özü də belə bir məqamda. İçəri daxil olanda silahımı və sənədlərimi aldılar. Qapının qarşısında dayanan saqqallılar istehza ilə məni süzürdülər. Mən içəri keçib məsələni ona danışdım və bildirdim ki, girovda olanların vəziyyəti çox ağırdır. Şeyx onlara dua etdi. Bu dua mənə qəribə görünürdü, həm adamları girov götürəsən, həm də onların sağlamlığı üçün dua edəsən...”
Gərgin keçən gürüşün təfərrüatları açıqlanmayıb. Perefilyev görüşlə bağlı yalnız sonda dediyi sözləri açıqlayıb:
“Görüşün nə ilə nəticələnəcəyini nəzərə almadım, hətta real təhlükələri də. Mənim üçün ən vacib məsələ girovların azad edilməsi idi. Üzümü şeyxə tutub dedim:
perfiljev_yu_n.jpg (71 KB)
- Bütün bunlar, diplomatların girov götürülməsi SSRİ-nin mövqeyini dəyişməyəcək. Buna tam əmin ola bilərsiniz. Onu da nəzərinizə çatdırıram ki, hazırda SSRİ Silahlı Qüvvələrinin hərbi hava qüvvələri şərq istiqamətində təlimlər keçirir. Çox “təsadüf” və “səhv” nəticəsində raketlərin biri Yaxın Şərqə düşə bilər, sizin üçün çox “maraqlı” olan bir məkana. Bir hərbçimizin “yanlışlığı” ucbatından raket Kum şəhərinə də istiqamət ala bilər.
Bu sözləri dedikdən sonra zənn etdim ki, saqqallılar şeyxin göstərişi ilə hərəkətə keçəcəklər. Amma o susdu, heç nə demədi. Mən sağ-salamat geri döndüm”.
Bu görüş 28 oktyabr 1985-ci ildə olub. Axşam saatlarına qədər şeyxdən heç bir reaksiya görməyən Perefilyev Moskvaya zəng vurub, girovların azad olunması üçün xüsusi əməliyyatın keçirilməsini zəruri sayıb.
beyrut_zalozhniki.jpg (103 KB)
DTK-nın “Vımpel” xüsusi təyinatlıları Moskvadan Beyruta göndərilib. Gün ərzində əməliyyat planı hazırlanıb. Əməliyyatın oktyabrın 30-da axşam saatlarında keçirilməsi nəzərdə tutulub. Amma əməliyyatın keçirilməsinə ehtiyac qalmayıb. Belə ki, oktyabrın 30-da səhər saatlarında şeyx girovları azad edib. Girovlar gözü bağlı halda şəhər ətrafına gətirilərək azadlığa buraxılıblar. “Vımpel”in əməliyyatı təxirə salınıb.
Sonradan məlum olub ki, girovların yeri hər gün dəyişdirilib, onlar gözləri bağlı halda ayrı-ayrı məkanlara aparılıb. Onlar ayrı-ayrı otaqlarda tək-tək saxlanılıblar. Yerdəyişmələrin birində Arkadi Katkov qaçmağa cəhd edəndə İmad Muqnie onu ayağından yaralayıb. Heç bir tibbi yardım göstərilmədiyindən Katkovun səhhəti ağırlaşıb. Buna görə də yerdəyişmələr zamanı o, terroçulara problem yaradıb. Problemdən qurtulmaq üçün İmad Muqnie onu güllələyərək öldürüb.
Bu həmin İmad Muqniedir ki, davamlı terror aktlarına görə ABŞ onu tutan şəxsə 2 milyon dollar vəd edib. Əgər amerikalılar bilsəydilər ki, 11 sentyabr 2001-ci ildə baş verən məlum terror aktının təşkilatçılarından biri də o olacaq, yəqin ki, bu məbləği daha da artırardılar. Amma bu böyük məbləğlər də terrorçunun qısa bir müddət ərzində ələ keçməsinə kömək olmayıb. Yalnız 2008-ci ildə İmad Muqnieni məhv etmək mümün olub. Həmin ilin fefralın 12-də saat 11 radələrində onun avtomobili Dəməşqdə partladılıb.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10