Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda! Xəstəxanada yerləri, koronavirusa aid dərmanları pulla satan həkimlərin cinayətkar şəbəkəsi var!


Koronavirusdan pul qazanan həkimlər şəbəkəsi: dövlətin əməyini yerə vuranlar, vətəndaşımızı soyanlar...

Azərbaycan dövəti Covid-19 pandemiyası ilə mübarizədə əlindən gələn hər şeyi edir. Müxtəlif modellər tətbiq olunur, dövlətin böyük zərər çəkməsinə rəğmən, məhdudlaşdırmalara, sərt karantinlərə gedilir, əhaliyə və kiçik sahibkarlara müavinətlər verilir, modul tipli yeni xəstəxanalar inşa edilir, ən böyük xəstəxanalar yenilənərək, koronaviruslu xəstələrin müalicəsinə ayrılır, bütün müalicə məsrəfləri büdcədən ödənilir. Xaricdən həkimlər gətirilir (məsələn, Kuba, İtaliya), dərman təchizatı fasiləsiz təmin edilir, təcili yardım sistemi təkmilləşdirilir və səfərbər olunur, səhiyyə sistemi tamamilə pandemiya ilə mübarizə üçün yenidən modelləşdirilir. Avropanın bir sıra ölkələrində yaxın dostlarımız, yazarlarımız, aktiv əlaqə saxladığımız oxucularımız, bəzi əməkdaşlarımızn övladları yaşayırlar. Böyük Britaniyada, Çexiyada, Almaniyada, İsveçdə, İsveçrədə, ABŞ-da, Kanadada, Polşada, Macarıstanda yaşayan bu cür mötəbər və birbaşa mənbələrdən əldə edilən məlumatlarda birmənalı olaraq vurğulanır ki, qeyd olunan Avropa-Amerika ölkələrinin heç birində koronaviuslu xəstələrə dövlət Azərbaycanda olduğu qədər dəstək vermir, PULSUZ dərmanlarla təchiz etmir, xəstəxanalara isə ən ağır, çıxılmaz durumda, ölüm ayağında olanları yerləşdirir...
Azərbaycan dövlətinin bunca əməyinin qarşılığında ortada olan bir xoşagəlməz fakt var. Açıq yazaq: bır sıra səhiyyə ocaqlarında çalışan tibb personalı və həkimlər bir cinayətkar şəbəkə yaradıblar! Bu şəbəkə koronavirus pandemiyasından istifadə edərək, cinayət xarakterli əməllərlə məşğuldur.

Musavat.com-un əldə etdiyi çoxsaylı məlumatlardan ortaya çıxan mənzərə belədir: Səhiyyə sisteminin içində oluşan gizli bir şəbəkə pandemiyanın tüğyan etdiyi zamanlarda (indi də həmin zamandır) ixtisaslaşmış xəstəxanalardakı məhdud yerləri rüşvət müqabilində ağır xəstələrin yaxınlarına satırlar! Xəstələr çox olduğu üçün, önəmli və daha modern xəstəxanalarda, modul tipli müəssisələrdə yer məhdudiyyəti yaranır. Məhz bu şəraitdən istifadə edən həkimlər (və başqa personal) nisbətən ağır xəstəsi olan ailələrə rüşvət müqabilində yer düzəldə biləcəklərini söləyirlər. Bu barədə redaksiyamız dəfələrlə şikayətlər alıb. Hətta bir vətəndaş özünə tanış olan müxbirlərimizdən birinə təklif etmişdi ki, onun yaxınından 4 min manat rüşvət istənilir. Mümkündürmü, o jurnalist olduğunu bildirib, həmin həkimdən xahiş etsin ki, rüşvətin qiymətini 2 min manata endirsin...
Bu cür möhtəkirlik edən cinayət şəbəkəsinə xəstəxana həkimlərindən başqa təcili yardım personalının bəzi üzvləri də daxildirlər. Onlar çağırışa gedərkən gözlərinə imkanlı dəyən ailələrə özləri təklif edirlər ki, filan qədər müqabilində sizin xəstəni filan xəstəxanaya yerləşdirə bilərik. Daha yaxşı şəraiti olan xəstəxanalar təbii ki, daha yüksək qiymətə satılır.

Bundan başqa, koronavirusun müalicəsində istifadə olunan bahalı dərmanların möhtəkirliklə satışı prosesi də bu şəbəkə vasitəsi ilə həyata keçirilir. Hansı ki, həmin dərmanları dövlət valyuta ilə alaraq, ölkəyə gətirir və vətəndaşımızın müalicəsi üçün tam təmənnasız olaraq, istifadəyə buraxır. Cinayətkar şəbəkənin üzvləri həmin dərmanları ixtisaslaşmış xəstəxanalardan oğurlayaraq, istifadəsinə “qənaət” edərək, əl altından satışa çıxarırlar.

Bütün bunlar isə dövlətin zəhmətini və imicini zədələyir, gördüyü böyük və əvəzsiz fəaliyyətinə kölgə düşürür. Üstəlik, vətəndaşımızın ailə büdcəsinə zərər vurur. Bütün bu əməllər, şəbəkələşmə ciddi bir cinayətdir!

Azərbaycan dövləti artıq neçə ildir ki, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparır. Onun nəticələrini isə hər birimiz görürük. “Maskalı oğlan”ın yaxaladığı yüsək ranqlı məmurlar və onların ifşası prosesi bir faktı ortaya qoydu: Azərbaycan dövləti, onun Prezidenti korrupsiya və rüşvət cinayətlərinə qarşı dözümsüz və amansızdır!

Ümid edirik ki, səhiyyə sistemi daxilində yuvalanmış və haqqında söhbət açdığımız cinayətkar şəbəkəyə münasibətdə də eyni rəftarı görəcəyik. Dövlətin koronavirus pandemiyasına qarşı apardığı az qala qüsursuz mübarizə proqramını ləkələyən, gözdən salan və vətəndaşımızın sağlığını risk altına alan bu şəbəkə ifşa olunmalı, cəzalanmalı və görk üçün digər rüşvətxor məmurlar kimi, ictimai qınağa çıxardılmalıdır.

Biz buna inanırıq.
Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10