Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rusiya 120 min azərbaycanlını ölkədən çıxaracaq


Rusiya hökuməti MDB ölkələrindən olan, federasiya ərazisində qanunsuz yaşayan və işləyən qeyri-leqal miqrantlardan iyunun 15-nə qədər ölkəni tərk etmələrini tələb edib. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, belələrinin sayı 1 milyondan çoxdur. Onlardan 120 mini Azərbaycan vətəndaşıdır.
Görəsən, 120 min azərbaycanlının vətənə qayıtması ölkəmizdə sosial-iqtisadi vəziyyətə necə təsir edəcək? Onları işlə təmin etmək mümkün olacaqmı? Belə bir vəziyyətdə soydaşlarımız və Azərbaycan dövləti hansı addımları atmalıdır?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü Rüfət Quliyev “Press Klub”a açıqlamasında Rusiyanın tələbənin normal olduğunu bildirdi:
“Rusiya müstəqil dövlətdir və ölkəsində miqrantların qeyri-rəsmi yolla deyil, rəsmi olaraq yaşaması və işləməsini tələb edir. Rusiya bunun üçün miqrantlara kifayət qədər vaxt verib. Həm də, bu tələb yalnız MDB ölkələrindən olanlara deyil, bütün miqrantlara aid olunacaq. Məntiqlə, belə də olmalıdır. Rusiyada qeyri-qanuni yaşayıb, işləyən kifayət qədər miqrantlar var. Hansı ölkə qeyri-qanuni miqrantların olmasını istəyər? Ən çox cinayət törədən şəxslər də elə məhz qeyri-qanuni yaşayan miqrantlardır. Hətta onların ölkəsinə qayıtmaq üçün vəsaitləri belə olmur, bu halda istənilən yola əl atırlar”.
Amma deputatın fikrincə, Rusiya öz işini miqrantsız qura bilməyəcək:
“Mən Rusiyada çox olmuşam. Orada iaşə obyektlərinin təxminən 75-85 faizi qeyri-ruslar tərəfindən yaradılıb, idarə olunur. Həmin sahələrdə azərbaycanlı investorlar, menecmentlər də var. Rusiya hökuməti işlərin hamısını qanuni etmək istəyir. Həm də, iş qanuni olduqda, onu idarə etmək də asan olur. Amma real olaraq baxsaq, iyunun 15-nə qədər hamını ölkədən çıxarmaq qeyri-mümkün görünür. Bu proses ən azı bir il çəkəcək”.
Quliyev 120 min azərbaycanlı miqrantın ölkəmizə qayıtması nəticəsində heç bir problemin yaranmayacağını vurğuladı:
“Bu gün ölkəmizdə kiçik və orta sahibkarlıq üçün kifayət qədər şərait yaradılıb. Azərbaycan hökuməti bu sahəni daha çox qabardıb ki, insanlar gedib regionlarda işləsinlər, kənd təsərrüfatı sahəsində fabrik və zavodların açılmasına şərait yaransın. Düşünürəm ki, onların qayıtması ölkədə böyük bir problem yaratmayacaq. Onu da qeyd edim ki, həmin insanların çoxu öz işini yaxşı bilən insanlardır. Bu gün kənd təsərrüfatımızın peşəkarlara – aqronom, baytar və digər mütəxəssislərə ehtiyacı var”.
Miqrasiya məsələləri üzrə hüquqşünas Asima Nəsirli “Press Klub”a şərhində qeyd etdi ki,başqa ölkələrdə yaşamaq və işləmək istəyən Azərbaycan Respublikasının vətəndaşları bunu leqallaşdırmalıdır:
“Pandemiyaya görə bütün ölkələrdə işsizlik səviyyəsi artıb. Rusiyada da belədir. Rusiyanın çox güman ki, qanunsuz yaşayan vətəndaşları geri göndərmək istəyi onların əmək bazarında yaranacaq iş yerlərinə öz əhalisini cəlb etmək niyyətindən qaynaqlanır. Bundan əlavə, qanunsuz yaşayanlar dövlət üçün yükdür. Onlar bir tərəfdən qanunsuz işləyərək dövlətə vergi, tibbi sığorta haqqı ödəmirlər, digər tərəfdən, xəstələndikdə (məsələn, COVİD-ə yoluxma) dövlət onların müalicəsinə pul xərcləməli olur”.
Hüquqşünas hesab edir ki, Rusiya ərazisində yaşamaq üçün hüquqi əsası olmayan şəxslər könüllü geri qayıtsalar, yaxşıdır:
“Əks halda, məcburi çıxarılacaqlar, üstəgəl Rusiya Federasiyası ərazisinə girişlərinə qadağa qoyulacaq. Qayıtmağa pulu olmayan, qanunsuz yaşayan şəxslər Beynəlxalq Miqrasiya Təşkilatından kömək istəyə bilərlər. Hazırda Rusiyada da krizisdir. Miqrantlar hətta kirayə haqlarını belə ödəyə bilmirlər. Hər yerdə belədir, amma  kirayə məsələsi mülki-hüquqi məsələdir, bizim ölkəmizdə də vətəndaşlar ödəyə bilmirlər. Ona görə, bu, başqa dövlətin üstünə qoyulası öhdəlik deyil, ancaq yardımlarla, qarşılıqlı razılaşma ilə, bu da yoxdursa, məhkəmə ilə həll olunası məsələdir”.
REAL Hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli “Press Klub”a şərhində hazırda Rusiyada təxminən 7 milyona yaxın qeyri-rəsmi miqrantın yaşadığını söylədi:
“Bunların çoxu ukraynalılardır. Orada qeyri-rəsmi yaşayan ukraynalıların sayı 1,8-2 milyona yaxındır. Bu qərar daha çox ukraynalılara görə verilib. Onların ölkələrinə geri qayıtmaları Ukraynada sosial və işsizliklə bağlı vəziyyəti gərginləşdirəcək, daxili siyasətdə çaxnaşmaların yaranmasına səbəb olacaq. Əslində hədəf budur”.
İqtisadçının sözlərinə görə, bu tələb bizə də təsirsiz ötüşməyəcək:
“Çünki 120-130 minə yaxın azərbaycanlı var ki, onlar da Rusiyada qeyri-leqal yaşayır və işləyirlər. Söhbət leqal yaşayanlardan getmir. Orada 700 minə yaxın vətəndaşlığı olan azərbaycanlı da var. Onlar üçün heç bir problem yaranmayacaq. Əgər qeyri-leqal yaşayan və işləyənlərin hamısı ölkəyə geri qayıdacaqsa, təbii ki, bu, ölkənin əmək bazarında çox böyük gərginliyə səbəb olacaq. Çünki onsuz da ölkədə işsizliklə bağlı ciddi problemlər var. Düşünürəm ki, əgər bu, baş verəcəksə, Azərbaycan buna günü bu gündən hazırlaşmalıdır. Azərbaycanda əmək bazarının yaxşılaşdırılması üçün yeni iş yerlərinin yaradılması, rəqabətli mühitin artırılması, kiçik və orta sahibkarlığa dəstək üçün böyük proqramlar qəbul olunmalıdır ki, əmək bazarı bu gün həm ölkənin daxilində işsizləri işlə təmin edə bilsin, həm də miqrantlar ölkəyə qayıdacaqsa, onların da əmək bazarında özlərinə yer tapmasına şərait yaradılsın”.
Cəfərli deyir ki, Rusiyanın zaman-zaman istifadə etdiyi bu kimi şantajlardan yaxa qutarmaq lazımdır:
“Bunun ən yaxşı yolu ölkə daxilində iqtisadiyyatın çoxşaxəli modelə keçidi, rəqabətli mühitin, normal idarəetmənin yaradılması, vergi-gömrük siyasətinin dəyişməsidir. Miqrantlar gəlsə də, gəlməsə də, bu problemlər aradan qalxmalı idi. Əgər onlar indi gələcəklərsə, dövlət daha ciddi şəkildə bu işlərlə məşğul olmalıdır”.

pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10