Futbol bir dünyadır, milyonlarla azarkeş-sakini olan, yaşıl meydançalarda öz sakinlərinə fərqli hisslər yaşadan bir dünya. Amma bu dünyada təkcə qələbə sevinci, məğlubiyyət məyusluğu yaşanmır, bəzən əyləncə saydığımız furbol faciələrə də səbəb olur...
Futbol tarixində ən böyük faciələrdən biri də 32 il bundan əvvəl bu gün, 1989-cu ilin 15 aprel tarixində baş verib. Həmin gün İngiltərənin Seffild şəhərindəki “Hillsboro” stadionunda “Nottinqem Forest” komandası ilə “Liverpul” komandası arasında İngiltərə Federasiya Kubokunun yarımfinal oyunu keçirilib.
Matç saat 15.00-a təyin edilib. Yollarda təmir işlərinin getdiyini əvvəlcədən bilən “Liverpul” azarkeşləri oyunun saat vaxtını dəyişməyi xahiş etsələr də, səlahiyyətlilər bu xahişi nəzərə almayıblar. Bunun nəticəsi olaraq oyuna bir neçə dəqiqə qalmış stadionun girişindəki turniketlərin qarşısında tıxaclar səbəbindən oyuna gecikənlərin sıxlığı yaranıb.
Azarkeşlər özləri yaranmış sıxlığı nizama, normal növbə düzülüşünə sala bilməyiblər. Polisin müdaxiləsi də heç bir nəticə verməyib. Dəqiqələr ərzində turniketlərin qarşısında azarkeşlərin yıxılmaları, əzilmələri, zədə almaları müşahidə olunub. Ərazinin ictimai asayişini qoruyan polis bölməsinin rəisi Devid Dakenfild heç bir çıxış yolu tapmayanda, azarkeşlərə müraciət edərək kimin bileti olduğunu soruşub. Əllərini qaldırıb biletlərini göstərən azarkeşlərin say çoxluğunu görən Dakenfild heç bir turniket və maneələri olmayan çıxış darvazalarının açılmasını əmr edib. Minlərlə azarkeş bilet yoxlanışı olmadan tamaşaçı tribunalarına üz tutublar. Əslində bu tribunalarda bir dənə də boş oturacaq olmayıb. Bununla da tribunalarda elə bir sıxlıq yaranıb ki, əvvəlcədən yerini tutmuş azarkeşlər arxadan sıxılaraq aşağıya doqru yuvarlanıblar.
Stadionda əvvəlcədən təhlükəsizliyin təmin edilməsi, azarkeşlərin və kənar şəxslərin yaşıl meydançaya daxil olmaması üçün tribunalarla yaşıl meydança arasında dəmir torlar quraşdırılıb. Yaranmış sıxlıq nəticəsində azarkeşlər bu dəmir maneələrə sıxışdırılıb, nəticədə qabaq oturacaqlarda əyləşənlər ölüm təhlükəsi ilə üzləşiblər.
Matçın 6-cı dəqiqəsində hakim oyunu saxlayıb. Bir çox tribunaların qarşısında dəmir maneələr tab gətirməyərək aşıb. Azarkeşlərin bir qismi təhlükədən qorunmaq üçün yaşıl müydançaya axışıblar.
Yaranmış sıxlıq nəticəsində ayaqlar altında qalan və dəmir torlara sıxılan azarkeşlərdən 96 nəfəri ölüb, 766 nəfər azarkeş isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Vaxtında təcili tibbi yardım maşınlarını stadionun ərazisinə buraxılsaydı, bəlkə də qurbanların sayı az olardı. Hansısa səbəblərdən polis stadiona yalnız bir həkim briqadası buraxıb. Sonradan bu çaşqınlıq nəticəsində verilmiş qərar kimi izah edilib.
Hadisədən üç gün sonra Britaniyanın ən populyar qəzetlərindən biri olan “The Sun” qəzeti “Həqiqət” başlığı altında yazı dərc edib. Redaksiya bu yazıda “Liverpul” azarkeşlərini ittiham edib:
“Azarkeşlərin həlak olmasında sərxoş “Liverpul” azarkeşləri gühnahkardırlar. Məhz onların boş oturacağı olmayan tribunalara doluşması bu faciəyə səbəb olub. Onlar qarışıqlıqdan istifadə edərək polislərin və yanğınsöndürənlərin üstünə idrar ediblər, sıxlıqdan boğulan azarkeşlərə süni nəfəs verən polisləri döyüblər, ölən və huşunu itirən azarkeşlərin ciblərini soyublar...”
Bu yazı böyük qalmaqala səbəb olub. İstintaq zamanı qəzetdə yazılan faktların heç biri öz təstiqini tapmasa da, redaksiya üzr istəməkdən, təkzib verməkdən imtina edib. Bu imtinadan sonra “Liverpul” azarkeşləri bu günə qədər də həmin qəzeti almaqdan imtina ediblər.
Rəsmi istintaq faciənin günahkarlarını müəyyənləşdirməyə çox da cəhd etməyib. İstintaq materiallarının yekununda səthi olaraq polisin xidməti məsuliyyətsizliyi qeyd olunub və bildirilib ki, oyuna geçikən təxminən 5 minə yaxın azarkeş stadiona buraxılmasaydı, yaxud növbəli şəkildə turniketlərdən keçsəydilər, hadisələr bu məcraya yönəlməzdi.
Polislər bu səthi ittihamla da razılaşmayıblar və istintaq qrupuna rəsmi məktub göndərərək vurğulayıblar ki, əgər oyun öncəsi gecikmiş azarkeşləri içəri buraxılmasaydılar, stadionun girişində daha böyük faciə yaşanacaqdı, qurbanların sayı isə bir neçə dəfə artıq olacaqdı.
“Hillsboro faciəsi” kimi tarixə düşən “Nottinqem Forest” komandası ilə “Liverpul” arasında faciə ilə nəticələnən matç uzun illər müzakirə və araşdırma mövzusuna çevrilib. Ayrı-ayrı istintaq qruplarının apardığı işlər 400 cildə yaxın material həcmində olsa da konkret olaraq heç kim ciddi cəzalandırılmayıb.
Ən maraqlı məqam isə odur ki, bu illər ərzində hadisə ilə bağlı həqiqəti üzə çıxarmaq üçün istintaq qruplarına, ekspertlərə, vəkillərə və bu işə cəlb olunan digər şəxslərə 63 milyon funt sterlinq xərclənib.
İlham Cəmiloğlu, Musavat.com