Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ənənəvi təhsil bu il də bərpa olunmayacaq?


“Ən qısa müddət ərzində ölkə üzrə ənənəvi təhsilin bərpasına nail olmaq istəyirik”.
Bunu təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, qısamüddətli dövr üçün təhsilin distant formaya keçirilməsi sağlamlığımız və təhsilin keyfiyyəti üçün ən düzgün qərar idi: “Yaxın zamanda biz də ənənəvi təhsil sisteminə keçməyin tərəfdarıyıq, lakin prioritet olan məsələ yenə də insanların sağlamlığıdır. Ortamüddətli perspektiv üçün biz tamamilə ənənəvi qaydada təhsil prosesinə qayıtmağı hədəfləyirik. Bu isə növbəti tədris ilinin başlaması ilə mümkün ola bilər”.
Nazir qeyd edib ki, 2021-2022-ci tədris ilində tamamilə ənənəvi tədrisə keçid etməyə ümid bəsləyir və cəmiyyət vaksinasiyadan keçməklə təhsildə normallaşmaya dəstək ola bilər.
Lakin ölkə hazırda koronavirusun yayılmasında növbəti dalğanı yaşayır. Yoluxma sayı artır. Vaksinasiyanın tempi də ürəkaçan deyil. Bu səbəblə, növbəti tədris ilinin əvvəlində də ənənəvi tədrisi bərpa etməyin mümkün olmayacağı barədə gümanlar var.
Təhsil eksperti Qoşqar Məhərrəmov “Press Klub”a açıqlamasında gələcəyi proqnozlaşdırmağın çətin olduğunu bildirdi:
“Həm valideynləri, həm də müəllimləri bu mövzuda təmkinli olmağa çağırıram. Vaksini kəşf edənlərin özləri belə onun nə dərəcədə effektiv olduğunu dəqiq bilmir. Peyvəndin təsirli olacağını ehtimal etsək, o zaman məktəblər ənənəvi təhsil formasına qayıda bilər. Əgər peyvəndləmə ciddi təsir etməsə və statistika yuxarı qalxmağa davam etsə, məktəblərin açılmasından danışmaq çətinləşəcək”.
Ekspert sentyabrda məktəblərin açılacağı barədə indidən qəti fikir söyləməyin çətin olduğunu vurğuladı:
“Sadəcə, proqnoz verə bilərik ki, statistika, yoluxma halları azalarsa, hər yer kimi, məktəblər də normal vəziyyətinə qayıda bilər. Əgər statistika azalmasa, hamıya məlumdur ki, məktəblərin fəaliyyəti dayandırılacaq. Çünki xəstəxanaların tutumu həmin xəstə sayını saxlaya biləcək səviyyədə deyil”.
Pediatr Aytən İsmayılzadə isə qeyd etdi ki, növbəti tədris ilində ənənəvi təhsilə qayıtmaya bilərik:
“Əgər peyvənd effektiv olmasa, kütləvi peyvəndləmə baş tutmasa və virus mutasiyaya uğrayıb, təkrar-təkrar insanları xəstələndirsə, yenidən eyni vəziyyət olacaq”.
Həkim dərslərin keyfiyyətinin onsuz da aşağı olduğunu söylədi:
“Necə olacağı da bəllidir, savadsız nəsil yetişəcək. Gərək yay tətili anlayışı olmasın”.

pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10