Dünən, oktyabrın 15-də, 15 yaşlı masallılı gəncin İspaniyanın Barselona şəhərindəki “Marcet” futbol Akademiyasına transfer edilməsi cənubla bağlı saytların əsas xəbərlərindən birinə çevrilib.
Düzdür, bəziləri xəbəri ilk yayan “ölkə.az” saytının və onu yetişdirən Masallı Futbol Klubunun rəhbəri Mirələm Həşimovun adını çəkməsə də, fakt faktlığında qalır – 15 yaşlı futbolçumuzun sorağı çox şöhrətli məkanlardan gəlir. Özü də bu futbol xəbəri o vaxt yayıldı ki, Azərbaycanın futbol komandaları Bakıda 1:3, İngiltərədə 7:0 uduza-uduza “tarix” yazırdı.
Qəhrəmanımız Kiçibəyov Əli Fariz oğlu Masallının ucqar kəndlərindən biri, stadionu olmayan, məktəbi bərbad gündə olan Tatyanoba kəndində anadan olub. Valideyni Fariz kişi gah kiçik bizneslə, gah təsərrüfatla məşğul olur. Sonra isə Əlinin istedadını görüb Mirələm Həşimovun rəhbərlik etdiyi “Masallı” Futbol klubuna cəlb ediblər.
Onu da xatırladaq ki, Mirələm Həşimov vaxtı ilə şöhrəti bütün ölkəyə yayılan, son vaxtlar isə çox çətin durumunu yaşayan Masallının uşaq futbolunun inkişafı üçün əsil fədakarlıq edir. Məhz onun səyi nəticəsində onlarla gənc futbolçu kəşf olunub. (Bu barədə “ Masallı futbolu, haradadır?” yazısında ətraflı bəhs etmişik. https://cenub.az/15794-masalli-futbolu-haradadir.html )
Bir daha xatırladaq ki, Əli Kiçibəyov nəinki Masallıda, eləcə də Cənub bölgəsində ilk gəncdir ki, bu uğuru qazanıb.
Klubun rəhbəri Mirələm Həşimov cenub.az-a onu da bildirib ki, bu gənc, klubumuz haqqında sosial şəbəkədən məlumat alıb, sonra bir neçə həmkəndlisi isə kluba gəlib. İlk vaxtlardan özünü bacarıqlı idmançı kimi göstərib. 12, 13,14 yaş qruplarında 4 il məşq edib.(İlk məşqçisi Bəxtiyar Mehrəliyevdir) Biz onun istedadlı olduğunu görüb, eləcə də aşağı liqada çıxış edən Masallının onun imkanları üçün çox balaca olduğunu nəzərə alıb, onu yüksək liqada uğurla çıxış edən Tovuzun “Turan” komandasının Futbol Akademiyasına yolladıq. Seçim mərhələsindən sonra o, Bakıya dəvət olundu.
M. Həşimov onu bldirilir ki, ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Akademiyası ilə İspaniyanın Barselona şəhərində yerləşən "Marcet" Futbol Akademiyası arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, 2008-2009-cu il təvəllüdlü 51futbolçu arasında aparılmış seçimlərin nəticəsində məlum olub.
“Marcet” Futbol Akademiyasının məşqçiləri Rivero Karlos Arias və Ragel Marmol Felipe iyunun 30-dan iyulun 2-dək Bakı Olimpiya Stadionunda ASTA-nın təklif etdiyi futbolçuları sınaqdan keçiriblər.
15 futbolçu Barselonaya yollanaraq 4 il ərzində ASTA-nın maliyyə dəstəyi ilə “Marcet”də təlim keçəcəklər. Uşaqlar səfərdən öncə 2 aya yaxın hazırlıq prosesində ispan dilini də öyrəniblər.
Bütün maliyyə xərcləri- viza, təyyarə biletləri, il ərazində 2 dəfə doğma yurda gəlib-getmək, qidalanma... hər şey həmin təşkilatın hesabınadır.
Yeniyetmə idmançıların “Marcet” Futbol Akademiyasında təlimlərə cəlb edilməsi ASTA-nın prezidenti Rafael Bünyatovun təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, sözügedən transfer Masallı tarixində ilk dəfə həyata keçən hadisə kimi yadda qalıb.
Onu da xatırladaq ki, hazırda cənub bölgəsində -Astarada, Lənkəranda, Masallıda, Cəlilabadda futbol stadionları bərbad vəziyyətdədir. Hansı ki, bu stadionlarda ölkənin ən məşhur klublarında çalışan Toral Bayramov, Nəriman Axundzadı kimi futbolçular yetişib.
Sözümüzün canı odur ki, normal şərait yaransa, onlarla gənc futbolçumuz böyük futbol dünyasına ayaq aça bilər.
Zahir Əmənov. Əsmər Əlizadə. Cenub.az