Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabad Məşğulluq Mərkəzində aldanan vətəndaş nazirdən kömək istədi...


Cəlilabad rayon sakini Əsədullayev Rauf Səxavət oğlu rayon Məşğulluq Mərkəzində aldandığını bildirib.
O, redaksiyamıza ünvanladığı şikayətində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən kömək istəyib:
“İşsiz olduğum üçün Cəlilabad rayon Məşğulluq Mərkəzinə müraciət etdim və “Dost iş” mərkəzində qeydiyyata alındım. Bütün bunları idarəylə vətəndaşlar arasında vasitəçilik edən Əlifağa adlı şəxs həyata keçirdi. Mənə dedilər ki, kartın bizdə qalmalıdır və sənə sosial yardım veriləcək. Sonra isə mənə 190 manat birdəfəlik ödəmə düşmədi və bunu məşğuluqda yoxlatdırarkən məlum oldu ki, 2019-cu ilin aprelin işə girmişəm və dekabr ayında adıma stop qoyulub. Bundan sonra öyrəndim ki, 10 ay adıma olan kartın pulunu rayonun Petrovka kənd sakini Əlifağa adlı adam alıb. Mənim kartım Əlifağada olub. Onu da deyim ki, bu cür saxtakarlıqlar etdiyi üçün bir müddət əvvəl onu həbs etmişdilər və sonra azadlığa çıxdı”.
R.Əsədullayev problemiylə bağlı nazir Sahil Babayevə şikayət edib:
“Hazırda mənim kartım həmin adamdadır. Ümumilikdə isə dörd ay 180, altı ay isə 250 manat pulum həmin şəxs tərəfindən mənimsənilib. Mən cənab nazir Sahil Babayevdən xahiş edirəm ki, bu məsələnin araşdırılması üçün mənə köməklik etsin. Hazırda yaxınım rayon sakini Abışov Pərviz Eldar oğlunun da kartı Əlifağa adlı şəxsdədir”.
Redaksiyadan: Əməkdaşımız Əlifağa adlı şəxsin mobil telefonuna zəng vursa da telefonu bağlı olub.
Qeyd edək ki, hələ 2019-cu ilin yanvar ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri ilə Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Mehdi Abasov Mərkəzin baş məsləhətçisi Hafis Allahyarov və qeyriləri ilə əlbir olaraq, müxtəlif vədlər verərək işsiz və işaxtaran şəxslərdən ümumilikdə 7.400 manat məbləğində rüşvət almalarına, habelə eyni məqsədlə 1 nəfər rayon sakinindən 1.000 manat rüşvət almağa cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.




Milliyol.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10