Nə işi var, nə gücü var, nə pulu,
Nə qazı var, nə suyu var, nə yolu.
Qışda şaxta vurur, yazında dolu,
Ona görə kənd boşalır, qadası!
Ülvi Aydın
BÖLGƏMİZİN YAZARLARI
Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirinrəhbərliyi ilə fəaliyyət göstərirdi.
Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Məmmədhüseyn Əliyev, Mir Haşım Talışlı, Vaqif Hüseynov, Ayaz Vəfalı, Məmməd Kazım, Böyükxan Pərviz, Abbasağa Azərtürk, Azad Talışoğlu və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi.
XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi.
Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.
Bu vaxta qədər Xanəli Ağayevin (Masallı), Ruhiyyə Abbaszadənin (Cəlilabad), Xanlar Həmidin (Lerik), Ziya Dilsuzun (Lənkəran), Rəna Əlisaqızının (Masallı), Şahid Cövziyevin (Astara), İqbal Nəhmətin (Yardımlı), Əlövsət Tahirlinin (Cəlilabad),Təbrizə Pünhanın (Astara), Rafiq Məmmədin (Masallı) şeirlərini, Meyxoş Abdullahın (Cəlilabad) hekayələrini,
Fikrət Baxışın (Masallı), Arif Fərzəlinin (Masallı), Eldar İlqaroğlunun (Lənkəran), Qədiməli Əhmədin (Lerik), Məmməd Əvəzoğlunun (Masallı), Rarmiz Titayevin (Lerik), Əfrahim Abbasın (Cəlilabad), Nurməmməd Ağanın (Masallı), Hacı İsrafil Hüseynzadənin şeirlərini sizə təqdim etmişik.
Linklər burada:
Ziya Dilsuz
Rəna Əlisaqızı
Şahid Astaralı
İqbal Nəhmət
Əlövsət Tahirli
Təbrizə Pünhan
Rafiq Məmməd
Meyxoş Abdullah
Fikrət Baxış
Arif Fərzəli
Eldar İlqaroğlu
Qədiməli Əhməd
Məmməd Əvəzoğlu
Ramiz Titayev
Əfarahim Abbas
Nurməmməd Ağa
Hacı İsrafil Nüseynzadə
Bu silsilədən növbəti qonağımız Ülvi Aydındır(Yardımlı).
Qarayev Ülvi Əzizağa oğlu (Ülvi Aydın) 1993-cü ildə Yardımlı rayonunun Zevin kəndində anadan olub. Uşaq yaşlarından yaradıcılıqla məşğuldur. Şeirləri "Zirvə", "Haqqın sədası","Atribut", “Yardımlının səsi" qəzetlərində, "Sözün İşığı", "Mütərcim" və "Göyərçin" jurnallarında və "Yeni Uğur" poeziya antologiyasında çap olunmuşdur. “Yazarlar” jurnalının Yardımlı bölgə müxbiridir.
Neynirəm ki mən?
Sevincli günümdə tək qalacamsa,
Sazımda "Dilqəmi" tək çalacamsa,
Qəmli xəyallara tək dalacamsa,
Qohumu, qardaşı neynirəm ki mən?
Baharım çevrilib qış olacaqsa,
Qönçəykən arzular tez solacaqsa,
Qəm-qüssə içimdə yurd salacaqsa,
Həmdəmi, sirdaşı neynirəm ki, mən!
Heç nəyi qəlbinə salma, ay Ülvi,
Bulud tək boşalıb dolma, ay Ülvi,
Bu qədər xamxəyal olma, ay Ülvi.
Ağrıyacaq başı neynirəm ki, mən!
Sən ruhumda ovunan
Hicran yeli aramızdan yol etdi,
Qoxumuza həsrət olub qalmışıq.
Sən də mənə, mən də sənə uzağıq,
İndi daha ayrı canlar olmuşuq.
Yadındamı, görüş yeri, o gecə?
Bir-birinə bərk yapışdı əlimiz.
Canım sənə qurban olsun deyirdik,
Gözəl sözə həsrət qalıb dilimiz.
Sən yad evdə, yad ocaqda, yad əldə
Olandan mən, bəxtiqara gəzirəm.
Hərdən düşür keçən günlər yadıma,
Həyatımdan, lap özümdən bezirəm.
Ayrı saldı bizi tale yolları,
Zalım dünya səni mənə çox gördü.
Ünvanına həsr etdiyim şeirlər,
Misrasında ağrılara yer verdi.
Doğmalıqdan uzaq düşən təsəllim!
Kədərimsən, gəl ruhumla ovudum.
Ülvi səni gözlərinə köçürmüş,
Ölənəcən çətin səni unudum...
YARDIMLI ŞƏHİDLƏRİ..
Vətənin harayına, səsinə səs verdiniz,
Düşmənlərdən alınsın, azad olsun yurdumuz,
Deyə, yağı düşməni qovladınız, qırdınız,
Yardımlı şəhidləri.!
Kim nə deyər sizdəki, o dözümə təpərə,
Güc göstərib düşmənə, qalib gəldiniz şərə.
Qanla imza atdınız bu uğura, zəfərə,
Yardımlı şəhidləri!
Şimşək kimi çaxdınız, yandırdınız, yandınız,
Qanla sərhəd boyunca bayraqları sancdınız.
Şəhid olsanız da siz, qəbul oldu andınız,
Yardımlı Şəhidləri!
Səcdənizdə xalqımız, sizə rəhmət diləyir,
Yandıqca ürəkləri, inildəyir, inləyir.
Məzarınız önündə Ülvi Aydın baş əyir,
Yardımlı Şəhidləri
QADASI
Ustad Sakit İlkinin “Kəndçi kənddən niyə qaçır,
Nə işi var, nə gücü var, nə pulu,
Nə qazı var, nə suyu var, nə yolu.
Qışda şaxta vurur, yazında dolu,
Ona görə kənd boşalır, qadası!
Mərci, noxud heç ödəmir mayasın,
Yel aparır əsəndə ot tayasın.
Yazıq kəndçi necə dözsün dayansın?!
Ona görə kənd boşalır, qadası!
Qiymətindən ucuz çölə atılır,
Mal-qaralar nisyələrə satılır.
Halal-haram bir-birinə qatılır,
Ona görə kənd boşalır, qadası!
Kənd üçün Ülvinin bağrı göynəyir,
Kasıbçılıq üzün qara eyləyir.
Atam mənə:"Qaç, günə çıx", - söyləyir,
Ona görə kənd boşalır, qadası!
Cenub.az üçün tərtib etdi Əlizaman Baxış