Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

BÖLGƏMİZİN YAZARLARI - 20-ci yazı. Hacı İsrafil Hüseynzadə (Masallı)



 

                    Sözun də bogazı tutulub indi,

Daha əvvəlki tək avazı yoxdur.

Ucuz ədviyyatdan tamı itibdi,

Yaddaşa nə yazaq, bir yazı yoxdur?! 

                              HACI İSRAFİL HÜSEYNZADƏ

 

 

BÖLGƏMİZİN YAZARLARI

 

Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə fəaliyyət göstərirdi. 

Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Məmmədhüseyn Əliyev, Mir Haşım Talışlı, Vaqif Hüseynov, Ayaz Vəfalı, Məmməd Kazım, Böyükxan Pərviz, Abbasağa Azərtürk, Azad Talışoğlu və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi. 

XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi. 

          Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.

Bu vaxta qədər Xanəli Ağayevin (Masallı), Ruhiyyə Abbaszadənin (Cəlilabad), Xanlar Həmidin (Lerik), Ziya Dilsuzun (Lənkəran), Rəna Əlisaqızının (Masallı), Şahid Astaralının (Astara), İqbal Nəhmətin (Yardımlı), Əlövsət Tahirlinin (Cəlilabad), Təbrizə Pünhanın (Astara), Rafiq Məmmədin (Masallı)  şeirlərini, Meyxoş Abdullahın (Cəlilabad) hekayələrini,

 Fikrət Baxışın (Masallı), Arif Fərzəlinin (Masallı), Eldar İlqaroğlunun (Lənkəran), Qədiməli Əhmədin (Lerik), Məmməd Əvəzoğlunun (Masallı), Rarmiz Titayevin (Lerik), Əfrahim Abbasın (Cəlilabad), Nurməmməd Ağanın (Masallı) şeirlərini sizə təqdim etmişik.

 

Linklər burada: 


 

Xanəli Toloş

Ruqiyyə Abbaszadə

Xanlar Həmid

Ziya Dilsuz

Rəna Əlisaqızı

Şahid Astaralı

İqbal Nəhmət

Əlövsət Tahirli

Təbrizə Pünhan

Rafiq Məmməd

Meyxoş Abdullah

Fikrət Baxış

Arif Fərzəli

Eldar İlqaroğlu

Qədiməli Əhməd

Məmməd Əvəzoğlu

Ramiz Titayev

Əfarahim Abbas

Nurməmməd Ağa


 

 

Bu silsilədən növbəti  qonağımız şair  Hacı İsrafil Hüseynzadədir (Masallı).

 

 


 

Hacı İsrafil Təhməz oğlu Hüseynzadə 1950-ci ildə Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki   Universitetini) inşaat fakültəsini bitirərək inşaatçı-mühəndis ixtisası ilə əmək fəaliyyətinə başlamışdır. Sovet dönəmində mühəndis vəzifəsindən başlayaraq, müxtəlif idarə və müəssisələrdə işləmişdir. Azərbaycan müstəqillik qazanandan sonra isə Dövklət Əmlak Komitəsində Baş mütəxəssis, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində Dövlət Əmək Müfəttişi vəzifəsində çalışmışdır. 

Hacı İsrafil hal-hazırda “Viləşçay” Tikinti Kompaniyasına rəhbərlik edir. O, eyni zamanda “VKC” növləri üzrə Respublika Karate-Do Federasiyasının Fəxri Prezidenti, Azərbaycan “Ziyalı Ocağı” İctimai Birliyinin sədr müavinidir. 

Hacı İsrafil Hüseynzadə gənclik illərindən bədii yaradıcıllıqla da məşğul olub. Respublikanın müxtəlif qəzet və jurnallarında şeir və digər bədii yazıları nəşr olunub. “Duyğuların qanadında” və “Cənnətin bənzəri öz Vətənimdir” adlı iki şerlər kitabında müxtəlif mövzulara aid yazdığı şeirlər toplanmışdır. 

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. Prezident Təqaüdçüsüdür.

 

                    ***

Elə sırtılıbdı haqsızlıq indi,

Gülür üzümüzə hər addımbaşı.

Nə həya edəndi, nə çəkinəndi,

Tökmür ətəyindən ton yarım daşı.

                    ***

 

                    ***

Cox istərəm ömür keçə,

Haqq-ədalət olan yerdə.

Yüz il də bir ilə dəyməz,

Bu səadət itən yerdə.

 

Qoy lap insan kasıb olsun,

Təki haqqı nəsib olsun.

Adam necə salim olsun?

Şər-ədavət gulən yerdə.

 

İsrafil, xam xəyaldasan,

Məgər, sən haqq dunyadasan?

Nə qoyub, nə axtarırsan?

Xeyir- bərəkət gedən yerdə.

 

Füzuli babama müraciət

 

Ey olan söz mulkunun sultanı,həm şahı, babam!

Söz aləmində sözun, həm də ki, Allahı babam!

 

Necə sən yaratmısan, məktəbi-irfaniliyi?

Cəhalət dövru idi, olmusan çox dahi, babam!

 

Belə bir dərin elmə, sən necə vaqif olmusan?

Sirr deyilsə ac bizə, varsa bir izahı, babam!

 

Sən qəzəl şairisən, şeiriyyatın banisisən,

Sevgi maçəran olub, bilmişəm Vallahi, babam!

 

Dərya elmin var ikən, eşqdə xətasız ötmədin,

Kiçik olmur böyüyün, etdiyi qəbahı, babam!

 

Bilirəm, eşq üzündən, xeyli bəlalar çəkmisən,

Bizdən gizli olsa da, xalidir İlahi, babam!

 

Başına gələnləri yazmısan Qeysin adına,

Bu sayaq gunahlardan böyükdür siyahı, babam!

 

Kimə etdin vəsiyyət, o varisdən yazmamısan,

Kim verər kəffarəsin, yuyar bu günahı, babam?

 

Eşq aləmində İsi, naşı deyil, arif olub,

Qeysi Məcnun etmisən, tutar səni ahı, babam!

 

QƏZƏL

 

Məzluma zülm eyləyən kim deyib ki, dilşad olar?

Xof içində yaşayan bil ki, daim naşad olar.

 

Sanma abad olacaq zülm üstündə xeymən sənin,

Zülm ilə abad olan, zülm ilə də bərbad olar.

 

Sel kimi gəlsə də var, kim bilir olar qismətin?

Mərhəmətin oldu gər, qismətin də o ad olar.

 

Qansa zalım anlayar, zülmə çox da dözməz insan,

Qorxu düşər canına, çünki bilər, çihad olar.

 

Hər kimi qul etsə nəfs, zülmü seçər, qan-qan deyər,

Nəfsinə qul olanlar, İsi, çətin azad olar!

2018

 

EY GÜL

 

Bir lal baxışın sehrə salır hər kəsi, ey gül,

Vallah, diri qoymaz o baxış bir kəsi, ey gül.

 

Hər kim ki, görur hüsnünü, bilmir ki, nə etsin,

Gözlər alışır, dildə donur kəlməsi, ey gül.

 

Saysız yaraşıq Tanrı verib sərvinə layiq,

Şaddır o könül, varsa əgər bircəsi, ey gül.

 

Aşiqlərini lal eləyibdir qəmər hüsnün,

Susmuş dili, gülmür üzü, gəlmir səsi, ey gül.

 

Meysiz İsi məstdir baxaraq hüsnünə daim,

Qorxur ki, olar məstliyin aludəsi, ey gul.

1997

 

BU ZƏFƏR

 

İpə-sapa yatmayanda duşmənin,

Duşun necə olmaq olar muzəffər.

Necə aldı öz payını ermənin?

Şirindən də şirin oldu bu zəfər.

 

Söz qanmadı insanlıqdan bixəbər,

Ordusunu daim etdi səfərbər.

Sülhü qoydu, qana susdu bu kafər,

Mənə daha şirin oldu bu zəfər.

 

Bu bədbəxtin aglı getdi keçmişə,

Qələbəyə ümid etdi həmişə.

Düşünmədi, nahaq girir döyüşə,

Döyüş ilə şirin oldu bu zəfər.

2021

 

PAY SƏNƏ

 

Girmək istəyirdin mənim qəlbimə,

Açdım qapısını taybatay sənə.

Özgə var yox idi, verəydim yenə,

Verdiyim az idi, ay Gunay, sənə?

 

Qəlbimə girmədin, bilmədim niyə,

Tərəddud eylədin qəlbə girməyə.

Bax onda sən məni saldın şubhəyə,

Hayıf, vaxtım getdi bir yaz-yay sənə.

 

Sən heç düşündünmü qabaqda qış var?

Soyuq havalarda qapı baglanar.

Onsuz soyuq keçdi o sənli anlar,

Vermişdim qəlbimi altı ay sənə.

 

Keçib aylar, illər indi gəlmisən,

Məni sevdiyini bəyan edirsən.

Mənim bir qəlbim var, sən geçikmisən,

Çox deyil, birini verim pay sənə!

1974. 

 

YEVLAXA ÇATMAZ

Xankəndi, Xoçalı, Əsgəran, Agdam,

Qayıt o yolu sən, duşunmə yadam.

Bərdəni keçdinsə, utanma, qadam,

Yevlaxda qonaq ol, adına baxmaz,

Nə Paris,nə London Yevlaxa catmaz.

 

Ay yetim, anladın Türkündür bu el?!

Hər gəl-gəl deyənə baglama sən bel.

Himayə axtatıb sən gəzmə vey-vel!

Türkün bir işi var, yetimə qıymaz,

Bu orus-morusdu, Yevlaxa çatmaz.

 

Erməni olanda nə olar, ol da!

Yaşamaq fikrin var, öl burda, qal da.

Etdiyin qələtin qisası var da,

Onu da almışıq, Türk sözun danmaz,

Mərdlikdə Amerkan Yevlaxa çatmaz.

 

DÜNYA

Xəlq edildik biz hec nədən,

İstəmədik çox şey səndən.

Sənə qonaq biz gələndən,

İncitdin min fəndlə, dünya.

 

Düzdür, dəvət almamışdıq,

O səbəbdən aglamışdıq.

Çaga ikən anlamışdıq,

Ömür keçər qəmlə, dünya.

 

Sənin də bil, məhvərin var,

Tanrı səbri bir vaxt daşar.

Sənə də bir xəta qoşar,

Az et bizə həmlə, dunya.

 

Aparmadın özünü tox,

Bəndəsini incitdin çox.

Bir az sən də Allahdan qorx,

Çəkər hesab sənlə, dunya.

 

Səndə nə çox tamah varmış,

Olanımız sənə qalmış.

Gözün yenə də doymamış,

Batarsan bu nəfslə, dunya.

 

İsrafilin ömru keçdi,

Səndən heç nə ummur, gecdi.

Gələn nəslə az ver dərdi,

Səni sevsin şəstlə, dunya.

2023-çu il

 

 

Misri çal, Misri çal, şad edər bizi

 

Bəsdir, sən ağladın, yanıg Kərəmi!

Ağlayıb, ağlatma bu qədər bizi,

Daşıya bilmirik bir belə qəmi,

Göynədib sızlatma hər səhər bizi!

 

Kim öldü, kim qaldı, həmişə sazsan,

Bu gün yaxın ikən, sabah uzaqsan.

Çünki el dolaşan ulu ozansan,

Dərdlərə dərd qatma, o üzər bizi.

 

Daşıyıb nisgili sən eldən elə,

Yanıb avazından dönürük külə.

Sən elə agla ki, duşməyək dilə,

Yayırsan nisgili, yad əzir bizi,

Misri çal, Misri çal, şad edir bizi.

 

                              Cənub.az saytı üçün tərtib etdi Əlizaman Baxış






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10