Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

BÖLGƏMİZİN YAZARLARI - 12-ci yazı. FİKRƏT BAXIŞ (Masallı)


 Təb gəldi, elə bil cismə can gəlib,
 İçimə istilik, həyəcan gəlib,
 Fikrət bu dünyaya lüt-üryan gəlib,
 Özünü şeirə bürüyüb gedər.

                                           Fikrət Baxış

 

 

BÖLGƏMİZİN YAZARLARI

 

Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə fəaliyyət göstərirdi. 

Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Məmmədhüseyn Əliyev, Mir Haşım Talışlı, Vaqif Hüseynov, Ayaz Vəfalı, Məmməd Kazım və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi. 

XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi. 

         Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.

Bu vaxta qədər Xanəli Ağayevin (Masallı), Ruhiyyə Abbaszadənin (Cəlilabad), Xanlar Həmidin (Lerik), Ziya Dilsuzun (Lənkəran), Rəna Əlisaqızının (Masallı), Şahid Astaralının (Astara), İqbal Nəhmətin (Yardımlı), Əlövsət Tahirlinin (Cəlilabad), Təbrizə Pünhanın (Astara), Rafiq Məmmədin (Masallı)  şeirlərini, Meyxoş Abdullahın (Cəlilabad) hekayələrini sizə təqdim etmişik.

Linklər burada: 

Xanəli Toloş

Ruqiyyə Abbaszadə

Xanlar Həmid

Ziya Dilsuz

Rəna Əlisaqızı

Şahid Astaralı

İqbal Nəhmət

Əlövsət Tahirli

Təbrizə Pünhan

Rafiq Məmməd

Meyxoş Abdullah

 

Bu silsilədən növbəti  qonağımız şair  Fikrət Baxışdır (Masallı).

 


Fikrət Baxış (Baxışov Fikrət Əlizaman oğlu) 1985-ci il may ayının 20-də Masallı rayonunun Hacıtəpə kəndində anadan olub. 2006-cı ildə BDU-nun fizika fakültəsini bitirmişdir. Tələbəlik illərində Universitetin Ədəbiyyat dərnəyinin fəal üzvlərindən biri olmuşdur. İlk şeirləri toplu  şəklində 2000-ci illərdən başlayaraq "Xəmsə", “Azad qələm”, “Haqqın sədası”, “Talisman” qəzetlərində, “Şəfəq”, “Məşəl” jurnallarında və digər mətbu orqanlarında çap olunur. 

Hazırda ədəbi sahədən uzaq bir mühitdə çalışmasına baxmayaraq, yeni şeirləri internet məkanında yayılmaqdadır.

                                                         

ŞANLI VƏTƏN

Əminəm ki, elə bir gün gələcək,
 Elə bir vədə çatıb an olacaq,
 Ulduzum parlayacaq, Ay güləcək,
 Üçrəngli dalğalanıb şan olacaq!

Düşmənə dağ çəkəcəkdir ərimiz,
 Olacaqdır sinəmiz səngərimiz,
 Keçəcəkdir hüdudun əsgərimiz,
 Hərə bir adda qəhrəman olacaq!

Zərbilə döndərərik dağı düzə,
 Bu gücü bil Vətənim verdi bizə.
 Yağı min-min gələ də üstümüzə,
 Yenə də dəf olacaq, yan olacaq!

Vətənindir sinəsi meydanımız,
 Dalğalan, bir kərə, ey qalxanımız.
 Sənin uğrunda fədadır canımız,
 Səndən ötrü tökülən qan olacaq!

Baxdıqca bayrağım üstə hilala,
 Dəyişir rəngi, dönür haldan hala.
 Qoymarıq bir daşı daş üstə qala,
 Düşmənin torpağı viran olacaq!

Əbədi məhv olacaqdır yağımız,
 Qarabağda qurular növrağımız.
 Şuşada sancılacaq bayrağımız,
 Vətənim bağı-Gülüstan olacaq!

Təbrizdə eşqlə ürəklər dolacaq,
 Düşmənim xar olacaqdır, solacaq.
 İkisi birləşəcək, bir olacaq,
 Araz əvvəlki kimi xan olacaq!

Bunu həm Şəhriyarın ruhu duyar,
 Daha o, şadlıq içərsində uyar.
 Yaşa məsud, yaşa, ey Şanlı Diyar,
 Bir bütöv Azəribaycan olacaq!

YENƏ ÇAŞIB TƏBİƏTİM

 

Yenə çaşıb təbiətim,

Payız gəlib yay yerinə.

Günəş baxır yetim-yetim,

Gecə-gecə Ay yerinə.

 

Toyuğu cücə dəyişib,

Xoruzu beçə dəyişib,

Gündüzü gecə dəyişib, 

Həftə olub ay yerinə.

 

Buza yıxılan qoçaqlar, 

İndi yıxılmadan ağlar. 

Tay-keş geyən o uşaqlar,

Keşi geyir tay yerinə.

 

Bu istidir, yoxsa sərin?

Çaşdım düşündükcə dərin.

Aylar da səhv salıb yerin,

Noyabrdı May yerinə.

 

Nağıl deyil gopla yatır,

Laykları topla, yatır,

Replə yatır, popla yatır,

O Ana “lay-lay” yerinə.

 

Şəkərimə duzu atıb,

Qurd ağzına quzu atıb,

Çayımıza buzu atıb,

Verir isti çay yerinə.

 

Göydə quşum dron olub,

"Mənim" sözü bron olub,

Həyat elektron olub,

Ödəməkdi pay yerinə.

 

С арабскими шейхами

Жизнь лучше всехами, 

Наибольшее грехами, 

Нас ждет ад, рай yerinə!

 

Gülnazı böyüt ərə ver,

Yəni igid Sərvərə ver,.

Al bu zəri zərgərə ver,

Aman qoyma zay yerinə!

24.05.2022 

 

ƏLİDƏN QALIB

 

Qarşımdadır qələm, varaq,

Bir az zərbi-məsəl yazaq.

Əlinin başında papaq,

O məhşur Vəlidən qalıb.

 

Yuxunu de axar suya,

Yerin qulağı var duya.

Misal da var boş quyuya

Daş atmaq dəlidən qalıb.

 

İgid ol, əzaba qatlan,

Hoha aldın, dağ-dağ atlan.

Hürmək itdən, şıllaq atdan,

Sovurmaq zəlidən qalıb.

 

Yaxşılıqla pisi unut,

Havanın da halalın ut.

Kimsəsizin əlindən tut,

Əl tutmaq Əlidən qalıb.

22.08.2017

 

ELƏMƏ

Daşı atdım gölə ki, sus daha, "qur-qur" eləmə,
 Daş oyuncaq deyil ha, sanma oyundur, eləmə.

Nədi zəngulə vurub aləmi yığdın başına,
 Əşi, bəm də oxuma, istəmirik, şur eləmə.

Kor edərdik bizə kim ki baxa barmaq arası,
 Bizi dırnaq arası aləmə məşhur eləmə.

Gəzdiyin el, bu oba öz ata yurdumdu mənim,
 Oturub başda, a zalım, bizə "dur-dur" eləmə.

Bacarırsansa, çağır sülhə bəşər övladın,
 Gər alınmırsa, kənardan baxaraq, "vur" eləmə.

Niyyətin xoşdusa, gəl, əks ola, getsən yaxşı,
 Səni göndərmək üçün insanı məcbur eləmə.

Cavabı üç olacaqsa, beşin üstündə birin,
 Belə bir yerdə əzizim, nədi düstur, eləmə.

Sən də ey qarə bulud, tök ətəyindən bu suyu,
 Ya da yağmırsan əgər, boş yerə gur-gur eləmə.

Fikrəta, sözlə dedin, vurdu qulaq ardına o,
 Bəlkə saznan deyəsən, "bəsdi, dayan, dur, eləmə".

 

KİMİYƏM
 

Zaman durub sən gedəni,
Nə ölü, nə sağ kimiyəm.
Həsrət elə sıxıb məni,
 Bükülmüş varaq kimiyəm.

 Fikir bir idi, yüz olub,
 Düz əyri, əyri düz olub,
 Gecələrim gündüz olub,
 Yatsam da, oyaq kimiyəm.

 Dağ dağılar döyə-döyə,
 Gerçək olar, deyə-deyə,
 Çomaq mənə dəyə-dəyə,
 Çobanlıq çomaq kimiyəm.

 Hər il ömürdən yaş atır,
 Gah qurumuş, gah yaş atır.
 Gəlib gedən bir daş atır,
 Yol kənarı bağ kimiyəm.

 Qalıb bağlana-bağlana,
 Bişir buğlana-buğlana,
 Ürək dağlana-dağlana,
 Neçə-neçə dağ kimiyəm.

 Hər sözü deyən olmuşam,
 Özümü öyən olmuşam,
 Yaman küsəyən olmusam,
 Elə bil uşaq kimiyəm.

GEDƏR

Çalış ki, ipini buraxma əldən,
 Yoxsa zaman səni sürüyüb gedər.
 Canı əsirgəmə obadan, eldən,
 Onsuz da torpaqda çürüyüb gedər.

Ürək danışanda söz nəyə lazım,
 Nahaqqı görməyən göz nəyə lazım,
 Yayın ortasında buz nəyə lazım,
 Bir az tez, bir az gec əriyib gedər.

Küləyi boş yerə əsməyə qoyma,
 Yersiz bir gülü də əzməyə qoyma,
 Amandı, bəxtini küsməyə qoyma,
 Ona yetişəndə yürüyüb gedər.

Hazıra nazirlik, əməyə nə var,
 Özgə bişirdiyin yeməyə nə var,
 Dildə "mənəm, mənəm" deməyə nə var,
 Əməldə lal olar, kiriyib gedər.

Hər kəsə bir ömür ayırıb Tanrı,
 Kimi qış yaşadı, kimi baharı,
 Vədə ki yetişdi, əcələ sarı
 Hərə ayağıyla yeriyib gedər.

Təb gəldi, elə bil cismə can gəlib,
 İçimə istilik, həyəcan gəlib,
 Fikrət bu dünyaya lüt-üryan gəlib,
 Özünü şeirə bürüyüb gedər.

12.12.2016

                   Cenub.az saytı üçün tərtib edən Əlizaman Baxış

 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10