Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ilə müharibə, Balkanlarda üsyan - TARİX


Osmanlının qürub çağı, İtaliya ilə müharibə, Balkanlarda üsyan - TARİX
16 oktyabr 2024 20:15 (UTC +04:00)

Osmanlının qürub çağı, İtaliya

XX əsrin əvvəlləri üçün öz hərbi qüdrətinin qürub çağını yaşayan Osmanlı İmperiyası bununla belə Afrika, Asiya və Avropa qitələrində geniş ərazilərə malik idi. 

İmperiyanın zəif durumundan xəbərdar olan İtaliya bundan istifadə edərək Afrikanın şimalında – müasir Liviya ərazisini ələ keçirməyi planlaşdırırdı. Müharibəyə başlamaq üçün bəhanə də tapılır – İtaliya Osmanlı qüvvələrinin Liviyada yerləşdirilməsinin öz milli təhlükəsizliyi üçün təhdid olduğunu bəhanə edərək müharibəyə başlayır. 

Lent.az tarixdə İtaliya-Türkiyə Müharibəsi (İtaliyada "Liviya müharibəsi", Türkiyədə isə "Tripolitan müharibəsi" kimi də tanınır) adı alan hərbi əməliyyatlar barədə yazını təqdim edir.

29 sentyabr 1911-ci ildən 18 oktyabr 1912-ci ilə qədər (386 gün) davam edən müharibə nəticəsində İtaliya Osmanlı İmperiyasının Tripolitaniya və Kirenaika bölgələrini, müasir Liviyanın ərazisini, həmçinin Rodos adasını və Kiçik Asiya yaxınlığındakı yunan dilli Dodekanes arxipelaqını ələ keçirdi.

Bu müharibəni miqyasına görə Birinci Dünya Müharibəsi ilə müqayisə etmək mümkün olmasa da, Balkan dövlətlərində millətçiliyi alovlandırdığı üçün tətik rolunu oynayırdı. İtalyanların Osmanlı ordusunun nizamsız kütlələrini necə asanlıqla məğlub etdiklərini görən Balkan Liqasının üzvləri İtaliya-Türkiyə müharibəsi bitməmiş Türkiyəyə hücum etdilər. İtaliya-Türkiyə müharibəsində dünya texnoloji tərəqqinin imkanlarını da gördü: ilk aviasiya kəşfiyyatı, ilk aviasiya bombardumanı məhz bu müharibədə tətbiq olundu.

1911-ci il noyabrın 1-də dünyada ilk bombardman həyata keçirildi. İtaliya təyyarəsi Liviyada türk dəstəsinə bomba atdı.

Müharibənin səbəblərinə gəlincə, İtaliya yeni yaranmış bir güc olaraq yeni bazarlar axtarır və kiçik müstəmləkə mülklərini genişləndirməyə çalışırdı. Buna görə də italyanlar 19-cu əsrin sonundan Liviyanı işğal etmək üçün diplomatik, 20-ci əsrin əvvəllərindən isə hərbi hazırlıq görməyə başladılar. Liviya İtaliya əhalisinə mineral ehtiyatlarla zəngin, yaxşı suvarılan ölkə kimi görünürdü və İtaliya siyasətçilərinə Liviyanın cəmi 4 min türk əsgərinin müdafiə etdiyi məlum idi. İtalyanlar Liviyaya gələcək işğalı "hərbi gəzinti” kimi təsvir edirdilər.

1900-cü ildə İtaliya Tripoli və Kirenaikanı tutmaq üçün Fransanın razılığını aldı. Fransız mətbuatının rüşvətlə ələ alan italyanlar Fransanın bu mövqeyi tutmasına nail oldular. 1909-cu ildə İtaliyanın Rakkonici şəhərində Rusiyadan da eyni razılıq əldə edildi. İtaliyalı siyasətçilər ümid edirdilər ki, Almaniya və Avstriya-Macarıstan da onlara qarşı çıxmayacaq və isti münasibətlər olduqları Türkiyənin maraqlarına xəyanət edəcəklər.

Liviyanı işğal etmək üçün əməliyyatı hazırlamaq üçün çox vaxt olmasına baxmayaraq, İtaliya ordusu müharibəyə əsasən hazırlıqsız idi. İtaliya donanması 28 sentyabrda Tripoli şəhəri yaxınlığında peyda olsa da, yalnız oktyabrın 3-də şəhəri bombardman etməyə başladı. Şəhər 1500 dənizçi tərəfindən ələ keçirildi. Türklər münaqişənin həlli üçün daha bir təklif göndərdilər, lakin italyanlar bunu rədd etdilər. Sonra Osmanlı Türkiyəsi ərazisini müdafiə etmək qərarına gəldi.

İki qoşun arasında ilk toqquşma oktyabrın 10-da baş verdi. 20.000 əsgərdən ibarət italyan kontingenti Homs, Tobruk (14 oktyabr), Derna (17 oktyabr), Benqazi (21 oktyabr) və sahil vahələrini fəth etmək üçün kifayət edir.

İtalyan qoşunlarının ilk ciddi problemi oktyabrın 23-də Tripoli yaxınlığındakı kiçik bir dəstənin onları tələyə salmasından sonra baş verdi. İtalyanlar türk əsgərləri tərəfindən dəstəklənən daha mobil ərəb süvariləri ilə mühasirəyə salınmışdı. Döyüşdə italyan korpusu demək olar ki, tamamilə məhv edildi.

Nəticədə, İtaliya Liviyadakı korpusu 100.000 əsgərə qədər artırdı. Onlara qarşı 20.000 ərəb və 8.000 türk hərbçisindən ibarət qüvvə var idi. 1911-ci il oktyabrın 23-də Tripoli yaxınlığında şiddətli döyüşlər zamanı italyanlar ilk dəfə təyyarələrdən düşmən mövqelərini müəyyən etmək və artilleriya atəşini tənzimləmək üçün istifadə etdilər. Bu hərbi aviasiya tarixində ilk kəşfiyyat uçuşu idi.

Bir neçə gün sonra italyanlar təyyarəni bombardmançı kimi də istifadə edirlər. 1 noyabr 1911-ci ildə leytenant Culio Cavotti Tagira və Ain Zara vahələrində türk mövqelərinə 4,4 funt (1,8 kq) ağırlığında 4 Cipelli qumbarası atdı.

Müharibənin sonuna qədər italyanlar artıq hazır dağıdıcı elementlərlə təchiz edilmiş 10 kiloqramlıq bombalardan istifadə edirdilər.

Müharibə getdikcə səngərə, mövqe savaşına çevrilirdi. 4 dekabr 1911-ci ildə qısa bir bombardmandan sonra Tobruk şəhərinə enən İtalyan qoşunları sahili tutdu və zəif müqavimətlə qarşılaşaraq içəriyə doğru irəlilədilər.

Az sayda türk əsgəri və Liviya, Tunis, Əlcəzair və Misirdən gələn könüllüləri nizami qüvvəyə çevirən 30 yaşlı Osmanlı Ordusunun kapitanı Mustafa Kamal dekabrın 22-də əks-hücumuna başlayır və Tobruk döyüşü onun qələbəsi ilə başa çatır.

5 noyabr 1911-ci il tarixli fərmanla İtaliya Liviyada öz hakimiyyətini elan edir, baxmayaraq ki, İtaliya hökuməti Tripoli istisna olmaqla, ölkənin yalnız yerli qüvvələrin mühasirəsində olan bəzi sahilyanı hissələrini idarə edirdi. İtaliya hakimiyyəti yerli liviyalılara qarşı reqressiv tədbirlərə əl atır.

Bununla belə, İtaliya tam dəniz üstünlüyünə malik idi. Xüsusilə 24 fevral 1912-ci ildə Beyrut döyüşündə türk gəmilərinin məhv edilməsindən sonra bu üstünlük şəksiz oldu. İtaliya1912-ci ilin aprelindən avqustun əvvəlinə qədər Liviya sahillərinin demək olar ki, bütün 2000 km-lik hissəsinə nəzarəti genişləndirə bildi. Bu da azmış kimi, İtaliya digər Avropa dövlətlərinin də razılığı ilə Egey dənizində Türkiyənin sahibliyinə qarşı hərbi əməliyyatlara başlayır.

İtaliya Liviya müharibəsini bitirməyə çalışırdı. Müharibə gözləniləndən çox uzun sürmüşdü. İtaliya Dodekanes adalarını da işğal edir, lakin bu Avstriya-Macarıstanın narazılığı ilə qarşılanır. 

Osmanlı İmperiyasının bütün gücünü Liviyanın müdafiəsinə yönəldiyi məqamda, 1912-ci ilin avqustunda Albaniya və Makedoniyada türklərə qarşı üsyan başlayır. Sentyabrda Bolqarıstan, Serbiya və Yunanıstan İtaliyaya qarşı müharibədə onun çətinliklərindən istifadə edərək, Osmanlı imperiyasına qarşı ordularını döyüşə hazır vəziyyətə gətirir. Oktyabrın 8-də Monteneqro Türkiyəyə müharibə elan edir. Beləliklə, Birinci Dünya Müharibəsinin başlanmasını daha da yaxınlaşdıran Balkan müharibələri başlayır.

Artıq vəziyyətin kirtik həddə çatdığını görən Osmanlı İmperiyası İtaliya ilə sülhə və Liviyadan əlini üzməyə razı olur. 1912-ci il oktyabrın 15-də Ouşidə (İsveçrə) ilkin məxfi sülh müqaviləsi, 1912-ci il oktyabrın 18-də saat 16:45-də Lozannada rəsmi sülh müqaviləsi imzalandı.

Müqavilənin şərtləri formal olaraq Osmanlı İmperiyasının müharibənin əvvəlində tələb etdiyi şərtlərə bərabər idi. Tripolitaniya və Kirenaikaya yalnız Sultan tərəfindən seçilən valinin hakimiyyəti altında muxtar status verilirdi. Liviya əhalisinə muxtariyyət “hədiyyə edən” türk sultanı öz qoşunlarını onun ərazisindən çıxarmağa da söz verdi. İtaliya qoşunlarını Dodekanes adalarından çıxarmağa söz verdi. İlkin olaraq İtaliya ordusu üçün ayda ayrılan 30 milyon lirə əvəzinə bu “hərbi gəzinti” gözləniləndən xeyli uzun müddət ərzində ayda 80 milyon lirəyə başa gəldi. Bu, ölkədə iqtisadi tarazlığın pozulmasına səbəb oldu.

Liviyaya gəlincə, İtaliyanın onun üzərindəki nəzarəti 1920-ci illərin sonuna qədər effektiv deyildi. İtalyan generalları Pytro Badoqlio və Rodolfo Qraziani Liviya xalqına qarşı amansız və qanlı repressiyalarla nəticələnən yürüşlərdən sonra İtaliyanın bölgədə hakimiyyəti bərqərar oldu.

Dodekanes adaları Birinci Dünya Müharibəsi başlaması səbəbindən İtaliyanın nəzarəti altında qaldı. Sevr müqaviləsinə əsasən, Kiçik Asiyanın cənub-qərbində geniş təsir zonasının təmin edilməsi müqabilində adaların əksəriyyəti (Rodos istisna olmaqla) Yunanıstana verilməli idi. Lakin Yunan-Türk müharibəsində yunanların məğlubiyyəti bu müqaviləni etibarsız etdi. Lozanna konfransına əsasən, 1947-ci ildə Dodekanes adaları Yunanıstanın nəzarətinə verildi. Türkiyənin Liviya və Dodekanes adalarına olan hüquqlarından imtina etməsi Lozanna Sülh Müqaviləsində (1923) qeyd edildi.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10