Düz əlli il geri qalmışıq

Hökumət alternativ enerjidən istifadəyə niyə isti yanaşmır?
 
Alternativ enerji ölkələrin gələcəyidir, lakin bəzi dövlətlər bunu günümüzün nailiyyətinə çevirməyə nail olub. İnkişaf etmiş ölkələr bərpa olunan enerji mənbələri vasitəsilə enerjiyə olan asılılığını azaltmağa çalışır.
 
Məsələn, Finlandiyada günəşli günlərin sayı az olsa da, sıfır enerjili çoxmərtəbəli binalar tikilməkdə davam edir. Belə binalara işlətdikləri qədər elektrik enerjisi istehsal edirlər. Yay aylarında evlər artıq qalan enerjini enerji şirkətlərinə satır. Finlər buna yeni tikinti materialları və texnologiyalarının istifadəsi sayəsində nail ola biliblər.
 
Əmlak eksperti Rəşad Əliyev deyib ki, tədricən ölkəmizin köhnə tikinti formalarından uzaqlaşması və dünyanın bir çox ölkəsində populyarlaşan yeni variantları nəzərdən keçirməsi lazımdır: “Avropada enerjiyə qənaət edən evlərə böyük tələbat var. Belə evlər həm ətraf mühitə uyğun, həm də qənaətcildir. Vətəndaşların tələbləri və zamanın tələbi, istər-istəməz tikinti formasına təsir edir və başqa yanaşmalar formalaşdırır”.

“Azərbaycanda kommunal xidmətlər Avropaya nisbətən daha ucuz olduğuna, xüsusən qaz və elektrik enerjisinə sahib olmasına baxmayaraq, məsələn, qazın qiyməti artanda istehlakçıların bu mavi yanacağın daha çox istifadə olunduğu həyət evlərinə marağı xeyli azaldı. Kommunal xidmətlərin qiyməti artırılarsa, yeni alternativ texnologiyalar həyatımıza daha sürətli daxil olacaq. Bu, onsuz da olacaq, amma əsas sual məhz nə vaxt olacağı ilə bağlıdır. Yaxın gələcəkdə, fikrimcə, bizdə hər şey olduğu kimi qalacaq”, - Əliyev bildirib.
 
Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev hesab edir ki, bu məsələ ilə bağlı ölkənin qanunvericilik bazası qaydasındadır. “Ancaq bu tip mənzillərin inşasına maraq oyatmaq üçün güzəştli maliyyələşdirmə lazımdır. Yeni binalarda alternativ enerji mənbələrinin məcburi istifadəsi məsələsini qaldırmaq üçün inzibati tədbirlərə də ehtiyac var”, - o, açıqlamasında qeyd edib.
 
Həmsöhbətimizin fikrincə, Günəş enerjisindən istifadə edən evlərə, xüsusilə dağlıq bölgələrdə və Abşeronda tələbat olacaq: “Ətraf mühit üçün bu cür enerji mənbələri faydalıdır, lakin ölkəmizdə hələ ki, bu sektoru qazanclı adlandırmaq olmaz. Günəş panelləri və batareyaları çox bahadır. Bu cür panellər istehsal edən Sumqayıt zavodunda köhnəlmiş texnologiyalardan istifadə olunur, yəni hər şeyin xaricdən alınması lazımdır. Günəş paneli özünü beş il müddətinə ödəyir, istismar müddəti isə cəmi 15 ildir. Üstəlik, hələ də bu cür avadanlıqların texniki xidməti barədə də düşünmək lazımdır. Mən hələ kadr məsələsini demirəm”.
 
“Kiçik miqdarda Günəş enerjisindən istifadə çox baha başa gəlir, odur ki, burada əsas məsələ işin miqyasıdır. Məsələn, İspaniyada və bəzi digər ölkələrdə həm dövlət, həm də özəl kapitalın payçısı olduğu Günəş stansiyaları var. Bizim də bu sahədə biznes ilə dövlət arasında sıx əməkdaşlığa ehtiyacımız var. Bu arada, dövlətimiz daha çox su elektrik stansiyalarından elektrik enerjisi almağa, yəni su enerjisindən istifadəyə güvənir. Nədənsə külək və günəş enerjisinə maraq çox azdır, baxmayaraq ki, ölkədə hər ikisi kifayət qədər mövcuddur”, - Ağayev yekunlaşdırıb.
 
Növbəti müsahibimiz, iqtisadçı-ekspert Natiq Cəfərli əmindir ki, Azərbaycan alternativ enerjinin inkişafı üçün ideal olan nadir ölkələrdən biridir: “Ancaq qanunvericilik bazamız zəifdir və hökumət bu sahəni dəstəkləmək üçün heç bir addım atmır. Artıq 4 milyon ailənin faizsiz kreditlər və subsidiyalar sayəsində alternativ enerjidən istifadə proqramına qoşulduğu Türkiyədən nümunə götürməyə dəyər. Bu insanlar nəinki elektrik enerjisi üçün pul ödəmirlər, həm də dövlətə və ya müvafiq şirkətlərə sataraq pul qazanırlar. Bu ölkədə fəaliyyət göstərən və alternativ enerji ilə əlaqəli xidmətlər göstərən bir çox firma var”.
 
“Azərbaycanda bu cür addımlar yoxdur, baxmayaraq ki, xüsusilə bölgələrdə onlara böyük ehtiyac var. Ucuz kommunal xidmət haqlarının alternativ enerjinin yayılmasına mane olması fikri kökündən yanlışdır. Məsələn, Çili dövlətini götürsək, orada elektrik enerjisi Azərbaycandan ucuzdur, lakin alternativ enerji sahəsi yaxşı inkişaf edib. İşlər o qədər yaxşı gedir ki, əhaliyə elektrik enerjisi pulsuz verilməyə başlanıldı”, - mütəxəssis bildirib.
 
İqtisadçının fikrincə, ölkəmizdə kommunal xidmətlər baha olmasa da, ən ucuz deyil: “Azərbaycanda elektrik enerjisi üçün orta hesab 25 manatdır və yayda kondisionerlərin tez-tez istifadə olunduğunu nəzərə alsaq, bu məbləğ ayda 50-60 manata çatır. İnsanlar üçün üç il ərzində qaytaracaqları faizsiz krediti götürmələri, daha sonra əslində ömrünün sonuna qədər elektrik enerjisi ödəməmələri üçün lazımı şərait yaradılsa, daha faydalı olardı”.
 
“İndi uzunömürlü yeni texnologiyalar var, xüsusi nano boyalar var, bunun sayəsində Günəş panellərinə ehtiyac yox olur. Əvvəllər bir kilovat Günəş enerjisinin dəyəri 30-40 sent idisə, indi cəmi 1.5 sentdir. Azərbaycan inkişaf etmiş ölkələrin yeni texnologiyalarının istifadəsindən 50 il geri qalır və bu məsafə təcili olaraq azaldılmalıdır”, - Cəfərli əlavə edib.

ayna.az
Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

ELİT TELECOM

  • 10:46
  • 13 086

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter