Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu zarafat ağrını-acını boğa bilməzdi – Milan Kundera yazır...


Milan Kunderanın “İtirilmiş Qərb və ya Mərkəzi Avropanın faciəsi” essesini təqdim edirik.
1956-cı ilin noyabrında, iş otağı artilleriya atəşi ilə yerlə-yeksan edilməmişdən bir az əvvəl, Macarıstan Xəbər Agentliyinin direktoru rusların Budapeştə soxulması barədə dünyaya ümidsizliklə dolu müraciət göndərdi.
Mətn bu sözlərlə bitirdi:
    ”Biz Macarıstan və Avropa uğrunda ölürük”.
Bu sözlər hansı mənaya gəlirdi? Şübhəsiz ki, bu rus tanklarının Macarıstana və bu yolla Avropaya təhdidi demək idi. Bəs bu təhdidin Avropaya nə aidiyyatı vardı? Məgər rus tanklarının macar sərhədlərini aşıb qərbə istiqamətlənmək niyyəti vardı? Əsla, yox. Macarıstan Xəbər Agentliyinin direktoru hesab edirdi ki, Macarıstana hücum etməklə ruslar Avropaya hücum edib. O, Macarıstanın Avropanın bir hissəsi kimi qalması uğrunda ölməyə hazır idi.
Lakin bu ibarəli sözlərin mənası, zənnimcə, aydın olsa da, hələ də bizdə müəmma oyadır. Həqiqətən də, istər Fransada, istərsə də Amerikada adətən belə hesab edilir ki, yadellilərin ölkə ərazisinə soxulması Macarıstanın və ya Avropanın varlığına yox, mövcud siyasi rejimin varlığına təhlükə yaradır. Nə Amerikada, nə də Fransada heç kim düşünmür ki, bu təhdid məhz Macarıstan dövlətinədir və yəqin heç kim başa düşmədi ki, ölümün üzünə baxan bir macar niyə Avropaya müraciət edir. Məgər kommunist əsarətinə qarşı çıxış edən Soljenitsin fundamental dəyərlər məcmusu kimi Avropayamı müraciət edirdi? Yox. ”Vətən və Avropa naminə ölümə getmək” – bu nə Moskvada, nə də Leninqradda heç kimin ağlına belə gəlməz. Ancaq Budapeştdə və Varşavada məhz belə düşünəcəklər.
Bəs onda macarlar, çexlər, polyaklar üçün Avropa nə deməkdir? Min illər boyu bu xalqlar özülü Roma xristianlığına söykənən Avropaya mənsub olublar. Onların tarixi biləvasitə Avropa ilə bağlıdır. ”Avropa” onlar üçün coğrafi ərazidən çox, mənəvi məfhum olmaqla yanaşı, “Qərb” sözünün sinonimidir. Və əgər Macarıstan Avropanın bir hissəsi olmaqdan məhrum olunursa, elə o andan Qərbin də bir hissəsi olmur, deməli, öz tarixi keçmişindən, taleyindən məhrum edilir və öz mahiyyətini itirir.
Atlantik okeandan Ural dağlarınadək uzanan “Cografi Avropa” binayi-qədimdən hər biri müstəqil inkişaf edən iki hissəyə bölünüb: onlardan biri antik Roma və katolik kilsəsi ilə biləvasitə qırılmaz zəncirlərlə bağlı olub, digəri isə Bizans və provoslav kilsəsindən. 1945-ci ildən sonra bu iki Avropa arasındakı sərhəd bir neçə yüz kilometr qərbə tərəf yerini dəyişdi və günlərin birində özünü daim Qərbə aid edən bir neçə millət artıq şərqdə olduqlarını dərk etdilər. Nəticədə müharibədən sonra Avropanın üç hissəsində müxtəlif şərait yarandı: Qərbi Avropa, Şərqi Avropa və mədəniyyəti Qərbə aid olsa da, siyasi rejiminə görə Şərqə aid olan daha təzadlı, coğrafi baxımdan mərkəzdə yerləşən hissə –Mərkəzi Avropa.
Mənim Mərkəzi Avropa adlandırdığım hissədəki mövcud təzadlar son otuz beş ildə baş verən dramatik hadisələrin nədən məhz bu ərazidə baş verməsinə aydınlıq gətirməyə imkan yaradır: 1956-cı ilin böyük macar üsyanı və onun qırğınla qana boyanması, 1968-ci ilin Praqa baharı və Çexoslavakiyanın zəbt edilməsi, 1956, 1968, 1970-ci illər və Polşadakı son hadisələr (Müstəqillik hərəkatı nəzərdə tutulur – tərcüməçidən). “Coğrafi Avropada” – Qərbi və ya Şərqi – baş verən heç bir hadisə öz dramatizmi, tarixə göstərdiyi nüfuz və əhəmiyyətinə görə Mərkəzi Avropa dövlətlərində baş verən üsyanlarla müqayisəyə belə gələ bilməz. Hər bir üsyan demək olar ki, bütün əhali tərəfindən dəstəkləndi və rusların köməyi olmadan heç bir rejim hakimiyyətdə üç saatdan artıq davam gətirə bilməzdi. Artıq etiraf etməliyik ki, Praqada və ya Varşavada baş verənlər mahiyyət etibarı ilə Şərqi Avropa ilə Sovet bloku və ya kommunizm arasındakı faciənin təzahürü deyil. Bu, ümumilikdə Qərbin faciəsidir – onu təhdid edirlər, onu sıxışdırırlar, beyinlərə təsir göstərməyə çalışırlar, o isə əzmlə öz mahiyyətini qoruyur.
Xalqın, yaxud sivilizasiyanın özünüdərki və şüuru bizim “mədəniyyət” adlandırdığımız məfhumda cəmlənir. Və bu şüur məhv olmaq təhlükəsi ilə təhdid olunursa, bu halda mədəni həyatın səmərəliliyi (intensivliyi) müvafiq olaraq artır, o daha böyük əhəmiyyət kəsb etməyə başlayır, nəticədə milləti, xalqı birləşdirən həyati vacib dəyərə çevrilir. Məhz bu səbəbdən Avropada baş verən kütləvi ixtişaşlarla müqayisədə, Mərkəzi Avropa üsyanları zamanı mədəni ənənələr və müasirlərin bədii yaradıcılığı əhəmiyyətli, həlledici məna kəsb edibdir.
Məhz macar yazıçıları romantik şair Şandor Petöfinin şərəfinə adlandırılmış dərnəkdə birləşərək rejimi güclü tənqid atəşinə tutaraq 1956-cı ilin partlayışına zəmin yaratdılar. Məhz teatrın, kinonun, bədii ədəbiyyatın, fəlsəfənin təsiri 1968-ci ilin Praqa Baharı ilə nəticələndi. Romantik şair Adam Mitskeviçin pyesinə qoyulan qadağa 1968-ci ildə məhşur polşalı tələbələrin üsyanına səbəb oldu. Mədəniyyətin və həyatın, yaradıcılığın və xalq hərəkatının məsud ittifaqı o dövrdə yaşamış hər bir kəsi Mərkəzi Avropa üsyanlarına məftun edən özünəməxsus cazibədarlıq bəxş etmişdi.
Mənə deyə bilərlər ki, doğrudur, Mərkəzi Avropa ölkələri təhlükəyə məruz qalmış özünəməxsusluqlarını qoruyurdular, lakin bu heç də istisna kimi dəyərləndirilməməlidir. Rusiya özü də belə vəziyyətdədir. O da özünəməxsusluğunu itirə bilər. Mübahisə etməyəcəyəm, əlbəttə, millətləri öz kökündən ayıran Rusiya deyil, kommunizmdir. Rus xalqı özü bunun ilk qurbanıdır. Rus dilinin sovet imperiyasındakı digər xalqların dillərini sıxışdırıb boğmağının səbəbi hamını “ruslaşdırmaq” deyil, sadəcə olaraq sovet bürokratiyası millilikdən uzaq, antimilli, millilikdən üstün olmaqla, bu ölkələri vahid şəklə salmağa ehtiyac duyur. Mən bu məntiqi başa düşürəm. Mən hətta rusların sevimli vətənlərini iyrənc kommunizmlə eyniləşdirmək təhlükəsindən qorxduqlarını da başa düşürəm. Lakin iki dünya müharibəsi arasında, qısa zaman istisna olmaqla, iki yüz il ərzində Rusiya tərəfindən işğal olunan və amansızca ruslaşma siyasətinə məruz qalmış polşalıları da başa düşmək vacibdir. Qərbin şərq sərhəddi olan Mərkəzi Avropada rus əzəmətindən qaynaqlanan təhlükəyə polşalılar kimi hamı xüsusən həssasdır.
XIX əsrin çex siyasi dairələrinin tipik nümayəndəsi və görkəmli tarixçi Frantişek Palatskiy 1848-ci ildə Frankfurtun inqilabi parlamentinə ünvanlanmış və sonralar geniş yayılmış məktub yazmışdı. Bu məktubda o, Habsburqlar imperiyasının uzunmüddətli varlığına Rusiyaya qarşı yeganə sipər olması ilə bəraət qazandırır və bildirir ki, “Rusiya elə bir dövlətdir ki, hətta bu gün müdhiş gücə sahib olsa da, yenə onu artırmaqla məşğuldur və istənilən avropa dövləti üçün yenilməz qüvvəyə çevrilib”. Palatskiy xəbərdar edirdi: Rusiya “ümumdünya monarxiyasına” çevrilmək istəyir, dünyaya ağalıq etmək niyyətindədir. Palatskiy yazırdı: “Rusiya ümumdünya monarxiyası yaratsa, nəhəng, ağlasığmaz fəlakətə, müqayisə edilməz və hüdudsuz bədbəxtliyə çevriləcək.” Palatskinin fikrincə, Mərkəzi Avropa güclü dövlətin himayəsi altında hər biri öz fərdiliyini qoruyan, bir-birinə hörmətlə yanaşan bərabərhüquqlu xalqların ailəsinə çevrilməlidir.
Bu, sonacan həyata keçirilməyən arzu hələ də öz cazibədarlığını və qüvvəsini itirməyib. Mərkəzi Avropa daim çalışıb ki, çox da böyük olmayan minimal ərazidə maksimum müxtəlifliyə nail olmaqla, bütöv Avropada olduğu kimi, çeşidli mədəniyyətləri cəmləşdirib balaca fövqəl-Avropaya çevrilsin. Buna görə də, tam əksinə, maksimal ərazidə minimum rəngarənglik prinsipi ilə qurulmuş Rusiyanı görəndə necə dəhşətə gəlməsinlər? Monolit, mərkəzləşdirilmiş, imperiyaya daxil olan millətləri (ukraynalıları, belorusları, litvalıları, latviyalıları və digərlərini) vahid rus millətinə (və ya özlərinin dediyi kimi, “vahid sovet xalqına) çevirməyə tuşlanmış Rusiyadan rəngarənglik şövqü ilə yoğrulmuş Mərkəzi Avropa üçün yad və yabançı nə ola bilər?
Yaxşı bəs görəsən kommunizm rus tarixinin inkarı, yoxsa real icrasıdır? Şübhəsiz ki, həm inkarı (məsələn, rusların dindarlığını inkar etməsi), həm də real icrasıdır (mərkəz-yönümlü təmayüllərin yaradılması və imperiya meylləri).
Rusiyada əsasən birinci aspekti – ənənələrin qırılmasını daha vacib sayırlar. Əsarətdə olan ölkələrsə daha çox ikinci aspektə –kommunizmin varisliyinə üstünlük verirlər.
Bəlkə mən Rusiyanı Avropaya qarşı qoymaqda ədalətsizlik edirəm? Məgər Avropa bu gün qərbə-şərqə bölünsə də, antik Yunan və yəhudi-xristian fəlsəfəsinin varisi olmaqla, keçmişdəki kimi vahid birlik deyilmi? Əlbəttə, belədir. Hətta bütün XIX əsr boyu Avropaya məftun olmuş Rusiya oraya can atırdı. Rilke iddia edirdi ki, Rusiya onun mənəvi vətənidir və əzəmətli rus romanları ümumavropa mədəni irsinin ayrılmaz hissəsi olmaqla hamımıza böyük təsir göstəriblər. Doğrudan da belədir. O dövrdə iki Avropanın mədəni yaxınlığı gözəl və unudulmaz xatirələrdir. Lakin bu da acı həqiqətdir ki, kommunizm Rusiyada köhnə anti-qərb fobiyaları oyatdı və kobudcasına Avropaya qarşı yönəltdi.
Lakin mənim düşüncələrimin mövzusu Rusiya deyil və mən bu barədə xüsusi biliklərə malik deyiləm, qorxuram ki, onun saysız-hesabsız problemləri arasında itib-bataram. Mən sadəcə bir daha qeyd etmək istəyirəm ki, Rusiya sadəcə Avropaya aid dövlət olsa da, Qərbin şərq sərhədlərində yerləşən xüsusi mədəniyyətdir, fərqli mədəniyyətdir.
Özünün “Doğma Avropa” əsərində Çeslav Miloş yazır:
“XVI və XVII əsrlərdə polşalılar ruslarla bütün sərhəd boyu müharibələr aparıblar. Doğrusu, ruslar heç kəsi xüsusi maraqlandırmırdı… Bu müharibələrdə polşalılar şərqdə yaşayış olmayan geniş, boş sahələrlə üzləşdilər və bu onlarda Rusiya barədə dünyanın axırı təsəvvürü yaratdı.”
Kazimir Brandıs “Varşava gündəliyi”ndə bir polşalı yazıçının Anna Axmatova ilə görüşməsi barədə yazır. Polşalı şikayət edir ki, onun bütün əsərlərinə qadağa qoyulub.
Axmatova onun sözünü kəsir:
– Siz həbsdə olmusuz?
– Yox.
– Yəqin ki, sizi Yazıçılar İttifaqından xaric ediblər?
– Yox!
Axmatova təəccübünü gizlədə bilməyib:
– Bəs onda nədən şikayət edirsiz?
Brandıs qeyd edir:
“Bu əsil rus təsəllisidir. Rusiyada baş verənlərdən sonra onları heç nə qorxutmur. Lakin bu məntiq bizim üçün məqbul sayılmır. Rusiyanın taleyi bizlər üçün yaddır, biz buna cavabdeh deyilik. O bizi əzir, iztirab verir, lakin bizim taleyimiz başqadır. Bunu rus ədəbiyyatı barədə də deyə bilərəm. O məni qorxudur. Hətta indi Qoqolun bəzi əsərləri, Saltıkov-Şedrinin bütün qələmə aldıqları məni sarsıdır, lərzəyə salır. Düzünə qalsa, onların dünyasını tanımaq, hətta onun varlığını belə duymaq istəməzdim.”

Brandısın mülahizələri, əlbəttə ki, Qoqolun əhəmiyyətini inkar etmir, əksinə onun əsərlərində əks olunan dünyanın yaratdığı dəhşəti biruzə verir. Bu dünya, kifayət qədər aralı məsafədən müşahidə etmək şərti ilə, bizi məftun və cəzb edir. Lakin oraya daxil olan kimi başa düşürsən ki, bu nə qədər bizə yaddır. Doğrusu, bizim dünyamızdan pis olduğunu iddia edə bilmərəm, lakin o başqadır, fərqlidir: Rusiyada bədbəxtliyin miqyası (böyükdür), məkanın obrazı (o qədər böyükdür ki, hətta millətlər itə bilir), zaman hissi (yavaş və səbrli) başqadır, gülmək, yaşamaq və ölmək tərzi fərqlidir. Məhz buna görə Mərkəzi Avropa ölkələri əmindirlər: 1945-ci ildən sonra baş vermiş hadisələr təkcə siyasi faciə deyil, onların mədəniyyətinə hücum və təhdiddir. Buna görə də onların müqavimətlərinin özülündə fərdi mahiyyətlərini və dolayısıyla qərbə aid olduqlarını qorumaq uğrunda mübarizə durur.
Artıq Rusiya əsarəti altında olan dövlətlərin siyasi rejimləri barədə heç bir illuziya qalmamışdır. Lakin biz onların yaşadığı faciəni unuduruq: Qərbin siyasi xəritəsində bu dövlətlər yoxdur. Bəs nədən onların “qeyb olması” diqqətdən yayındı? Hesab edirik ki, səbəb elə Mərkəzi Avropadadır. Polyakların, çexlərin, slovakların, macarların tarixi coşqulu və qarmaqarışıqlıqla zəngin olub. Böyük avropa dövlətlərindən fərqli olaraq, bunlarda dövlətçilik ənənələri zəif və dayanaqsız olub. Rusiya və Almaniya arasında sıxışmış Mərkəzi Avropa xalqları bütün qüvvələrini bir millət kimi sağ qalmağa, ana dillərini qorumağa sərf ediblər. Onlar heç vaxt Avropa cəmiyyətində mövqe sahibi olmayıb və Qərbin daim qəribə, başa düşülməyən dillərlə pərdələnmiş naməlum, dayanıqsız hissəsi olublar. Avstriya imperiyasının Mərkəzi Avropanı vahid, güclü bir dövlətə çevirmək imkanı var idi. Lakin təəssüf ki, alman millətçiliyi avstriyalılara Mərkəzi Avropa missiyasının icrasına mane oldu. Onlar bərabərhüquqlu millətlər federasiyasını yarada bilmədi və bu, bütün Avropanın faciəsinə çevrildi. Vəziyyətlərindən narazı olan Mərkəzi Avropa xalqları 1918-ci ildə imperiyanı daxildən dağıtdılar. Heç ağıllarından da keçmədi ki, imperiya pis olsa da, onu əvəz edəcək heç nə yoxdur. Birinci dünya müharibəsindən sonra Mərkəzi Avropa kiçik, zəif dövlətlərə bölündü. Məhz zəiflik səbəbindən əvvəlcə Hitler, sonra da Stalin tərəfindən fəth olundular. Yəqin ki, elə bu hadisələri xatırlayan avropalılar Mərkəzi Avropaya fəlakət mənbəyi kimi baxırlar. Düzünə qalsa, düşünürəm ki, Mərkəzi Avropanın səhvi “slavyan dünyası ideologiyası” ilə bağlıdır. Mən bilərəkdən “ideologiya” sözünü işlədirəm. Çünki bu XIX əsrdə düşünülmüş siyasi uydurmadır. Çexlərin (öz elitalarının xəbərdarlığına rəğmən) uşaqsayağı “slavyan ideologiyası”nı bayraq kimi yelləmək xoşlarına gəlirdi, bu yolla alman təcavüzündən müdafiə olunacağını düşünürdülər. Ruslar da həmçinin böyük məmnuniyyətlə bundan imperiya planlarına bəraət qazandırmaq niyyətində idilər. ”Ruslar özlərinə aid hər şeyi slavyan adlandırırlar ki, sonradan slavyanlara aid olanı rus adlandırsınlar” – bu sözləri çex yazıçısı Karel Qavliçek 1844-cü ildə həmvətənlərinin Rusiyaya heyranlığının yaratdığı təhlükələrdən bəhs edən əsərində yazmışdı. Bu sözlərə məhəl qoyan olmadı, çünki çexlər min illlər boyu ruslarla biləvasitə təmasda olmayıblar. Oxşar ümumi dil birliyinə mənsub olsalar da, çexlərlə ruslar heç vaxt eyni dünyanın, tarixin, mədəniyyətin hissəsi olmayıblar. Polyaklarla rusların münasibətini ancaq “ölüm, ya qalım” kimi dəyərləndirmək olar.
Polşa əsilli yazıçı Cozef Konradı və əsərlərini “rus ruhu” kimi dəyərləndirəndə o, əsəbləşirdi. Təqribən altmış il əvvəl o yazırdı: “İnsan hüquqlarına yüksək hörmətlə yanaşan və mənəvi dəyərlər çərçivəsinə sadiq cəngavər xarakterli polşalıya ədəbiyyat aləmində “slavyan ruhu” adlandırılan məfhumdan daha yad, yabançı ola biləcək başqa şey yoxdur”. Mən onu gözəl başa düşürəm. Mən də vaxtaşırı adıma qoşulan boş və dumanlı mülahizələr yığını olan məzmunsuz “slavyan ruhu” kimi mənasız şey tanımıram. Buna baxmayaraq, “slavyan dünyası” ideyası tarixi mənbələrdə özünə yer elədi. Və Avropanın 1945-ci ildə bölünməsi, guya mövcud slavyan dünyasının birləşməsi (doğrusu biçarə macarlar və rumınların dilləri slavyan olmasa da, bu xırdalıqlara görə narahat olmağa dəyməz) demək olar ki, vəziyyətdən təbii çıxış yolu kimi qarşılandı. Deməli, günah elə Mərkəzi Avropanın özündədir ki, Qərb onu itirdiyini hiss etmədi? Əlbəttə, belə demək olmaz. XX əsrin əvvəllərində siyasi baxımdan zəif olsa da, Mərkəzi Avropa böyük, bəlkə də, ən əzəmətli mədəniyyətə malik idi. Dünyaya Freyd və Maler kimi şəxsiyyətləri bəxş etmiş Vyananın əhəmiyyətini hamı qəbul etsə də, bu əhəmiyyət və orijinallıq Mərkəzi Avropanın digər şəhər və ölkələrində çağlayan yaradıcılıq mühitinin təsirindən qaynaqlanıb. Atonal sistemi Şönberq məktəbi yaratsa da, iyirminci əsrin dahi musiqiçilərindən biri olan, əslən macar Bela Bartok tonallıq prinsipinə əsaslanan musiqinin mümkün həddini müəyyənləşdirdi. Praqalı yazıçılar Kafka və Haşekin romanları Vyanalı yazıçılar Müzil və Broxun əsərləri ilə harmonik vəhdət yaratdılar. 1918-ci ildən sonra qeyri-almandilli ölkələrdə bədii yaradıcılıq geniş vüsət aldı. Dünya Praqa linqvist dərnəyi və onların strukturalizmdə əldə etdikləri nailiyyətlərlə tanış oldu. Polşada Vitold Qombroviç, Bruno Şults və Stanislav Vitkeviç dahi üçlüyü öz dövrlərini qabaqlayaraq, 50-ci illərdə avropada geniş vüsət almış modernizmin, xüsusən də absurd teatrının təməlini qoydular. Belə bir sual ortaya çıxır: bu geniş ərazini əhatə edən mədəni sıçrayış bəsit təsadüfdürmü? Bəlkə səbəb qədim ənənədə və birgə keçmişdədir? Başqa sözlə desək, həqiqətənmi Mərkəzi Avropa müstəqil tarixə malik vahid mədəni varlıqdır? Və əgər bu varlıq mövcuddursa, onun sərhədləri harada qurtarır? Bu sərhədləri dəqiq müəyyənləşdirməyə lüzum yoxdur. Mərkəzi Avropa dövlət deyil, bu özünəməxsus mədəniyyət və ya taledir. Onun sərhədləri ancaq xəyallardadır və tarixi şəraitdən asılı olaraq yerini dəyişir. Məsələn, XIV əsrin ortalarında Praqada yerləşən Karlov Universitetinə dövrün intellektualları (təkcə müəllimlər yox, tələbələr də) hər biri öz ana dilini qoruyan çoxmilləti cəmiyyətin nümayəndələri kimi, çexlərdən, avstriyalılardan, bavariyalılardan, saksoniyalılardan, polyaklardan, litvalılardan, macarlardan və rumınlardan ibarət olmaqla, bir yerə yığılmışdılar. Əslində elə Karlov Universitetinin təsiri ilə dini islahatçı Yan Qusun rektorluğu dövründə Tövrat və İncilin rumın, macar dillərinə ilk tərcümələri nəşr olunmuşdu. Sonralar qusçuların müharibəsi, bütün Avropaya böyük təsir göstərmiş Matiaş Korvin dövründə macar renessansı, üç müstəqil dövlətin – Bohemiya, Macarıstan və Avstriyanın birləşməsindən yaranan Habsburq imperiyası, türklərlə müharibə, XVII əsrin əks-islahatları baş verdi. Bu dövrlər ərzində Avropanın mədəni həyatında Zalsburqdan Vilnüsə qədər geniş sahəni əhatə edən ərazidə barokko üsulu geniş vüsət aldı. Avropa xəritəsində iki əks-istiqamətli qütb yarandı: barokkolu Mərkəzi Avropa (irrasionalizmə əsaslanan, rəngkarlığa, heykəltəraşlığa, xüsusən də musiqiyə üstünlük verən) və klassik Fransa (rasionalizmə əsaslanan, ədəbiyyata və fəlsəfəyə üstünlük verən).
Bir çoxları məhz barokko dövrünü Mərkəzi Avropa musiqisinin püxtələşərək Haydndan Şönberqə və Listdən Bartoka qədər, son dərəcə gözəl sıçrayışının əsası sayır və bütövlükdə qitənin musiqi sahəsində əldə edilmiş nailiyyətlərin təmərküzləşməsinin təzahürü kimi dəyərləndirirlər.
XIX əsrdə milli dövlət yaratmaq uğrunda apardıqları mübarizə müxtəlif xalqları (polyakları, macarları, çexləri, slovakları, xorvatları, sloveniyalıları, rumınları, yəhudiləri) bir-birinə qarşı qoydu. Buna baxmayaraq, onların hamısı – əlaqələri itirmiş, eqoist, təcrid olunmuş – ekzistensial sınaqlardan, olum və ya ölüm seçimindən, daha böyük etnosun tərkibində özünəməxsusluğunu qorumaq və ya assilimlasiyaya uğramaq təhlükəsindən keçdilər. Hətta imperiyanın aparıcı milləti olsalar da, avstriyalılar daha iri Almaniya tərəfindən həzmolunma təhlükəsi ilə üzləşdi. Yəhudilər də bu təhlükələrdən sığortalanmamışdılar. Məhz Mərkəzi Avropada yaranmış sionizm onların assimilyasiyasına qarşı seçim idi. XX əsr Avstriya imperiyasının süqutunun, rus işğalının və Mərkəzi Avropa dövlətlərinin vaxtaşırı sürəkli üsyanlarının şahidi oldu.
Beləliklə, Mərkəzi Avropa siyasi kordonlarla məhdudlaşdırıla və müəyyənləşdirilə bilməz, lakin ümumi tale, xatirələr, müsibətlər, döyüşlər və ənənələr bir-birinə bağlı olan bu xalqları xəyallarda yaradılmış mücərrəd sərhədlərlə çərçivələnmiş ərazidə yenə yaxınlaşdırır.
Ziqmund Freydin valideynləri Polşada doğulsalar da, onun uşaqlıq illəri Moraviyada, bugünkü Çexoslovakiyada keçib. Edmund Husserl ilə Qustav Maler də burada böyüyüblər. Vyanalı yazıçı Yozef Rotun da əsli Polşadandır. Görkəmli çex şairi Yulius Zeyer Praqada almandilli ailədə doğulsa da, şeirlərini çex dilində yazmağı seçmişdi. Bunun əksinə, Herman Kafkanın ana dili çex dili idi, oğlu Frans isə almanca yazırdı. 1956-cı il macar üsyanının aparıcı şəxslərindən olan Tibor Derinin ailəsində almanca və macarca danışılırdı. Gözəl romanlar müəllifi və mənim dostum Danila Kişin dünyaya göz açdığı ailədə macar və serb dillərində danışılırdı. Göründüyü kimi, hər bir dövlətin görkəmli şəxsiyyətlərin taleyində qəribə qarışıqlıq müşahidə olunur. Yuxarıda adları çəkilənlərin hamısı yəhudidir. Dünyanın heç bir hissəsi burada olduğu kimi yəhudi ruhunun təsirinə meyilli deyildi. Hər yerdə həm özgə, həm də özününkü olan, milli ixtilaflardan yüksəyə qalxmış yəhudilər iyirminci əsrdə Mərkəzi Avropanı birləşdirən başlıca amil oldular, həm intelektual sement, həm də mənəvi birliyin yaradıcısı kimi. Elə buna görə də yəhudi irsi mənim üçün dəyərlidir və mən onu sanki özümə aid olduğu üçün ehtiras və nostalji hissləri ilə tutub buraxmaq istəmirəm. Yəhudilərin mənim üçün dəyərli olmaqlarının bir başqa səbəbəbi də var. Onların taleyi Mərkəzi Avropanın aqibətinin təzahürü, onun simvoluna çevrilməsidir. Əslində axı Mərkəzi Avropa nədir? Müəmmalı sərhədləri ilə Rusiya ilə Almaniya arasında sıxışmış, kiçik xalqlarla məskunlaşmış ərazi. Bunu xüsusi vurğulayıram: kiçik xalqlar. Əslində bəs yəhudilər kiçik xalq deyillər par excellence? Onlar kiçik xalqlar arasında yeganə xalqdır ki, imperiyaların və tarixin acı sınaqlarından özünəməxsusluğunu qoruyaraq keçə biliblər.
Əslində kiçik xalq nə deməkdir? Mənim öz tərifim var – bu elə bir xalqdır ki, istənilən vaxt onun varlığı təhdidə məruz qala bilər və onlar bunu gözəl başa düşürlər. Fransızlar, ingilislər, ruslar millətlərinin varlığı barədə narahat olmaya bilərlər. Onların himnlərində əzəmət və əbədiyyat vəsf olunur. Polşalıların himni isə əksinə bu sözlərlə başlayır: “Polşa hələ məhv olmayıb…”
Mərkəzi Avropa kiçik xalqlar ailəsi olaraq dünyaya fərqli baxır. Bu baxış tarixə dərin inamsızlıqdan qaynaqlanır. Hegelin və Marksın ilahiləşdirdiyi Tarix taleləri həll edən qüvvələrin hərəkətinin təzahürü, istilaların əksidir. Mərkəzi Avropa xalqları işğalçı deyillər. Onlar Avropa tarixinin ayrılmaz hissələri olsalar da, məzlum və autsayderdirlər.
Tarixə bəslədikləri ayıq münasibət onların mədəniyyətlərinin, müdrikliklərinin, şöhrət və əzəmətə təbəssümlə yanaşan “ironiya ruhu”nun mənbəyidir. ”Unutmayın, tarixi keçmişimizə qarşı dayanıqlı olmağımız bugünkü tariximizə müqavimət göstərə biləcəyimizə zəmin yaradır” – Vitold Qombroviçin bu sözlərini mən Mərkəzi Avropanın girişinə yazardım.
“Hələ də yaşayan” bu kiçik xalqların məkanı bütöv Avropanın zəif nöqtəsidir. Çünki daim qüdrətini artıran iri dövlətlərin mövcud olduğu müasir dünyada avropanın digər xalqları kiçik xalqa çevrilə və Mərkəzi Avropa xalqlarının aqibətini yaşaya bilərlər. Bu baxımdan Mərkəzi Avropanın aqibəti bütün Avropa üçün örnək ola bilər və bu səbəbdən onun mədəniyyəti xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün Mərkəzi Avropa yazıçılarının dahi romanlarını oxumaq kifayətdir: Herman Broxun “Lunatiklər” əsərində tarix idealların davamlı tənəzzülüdür, Robert Muzilin “Özəlliksiz adam” əsərində eyforiyaya qapılmış və sonun yaxınlaşdığını hiss etməyən cəmiyyət qələmə alınıb, Yaroslav Haşek “İgid əsgər Şveykin sərgüzəştləri” romanında azad qalmağın yeganə yolunu özünü səfeh kimi aparmaqda görür, Kafka tarix bitəndən sonra keçmişini, yaddaşını itirmiş dünyanın yaranacağını qabaqcadan xəbərdar verir. İyirminci əsrdə Mərkəzi Avropada yaradılmış bütün dahiyanə əsərlər avropa mədəniyyətinin mümkün ölümü barədə sürəkli düşüncələrdir.
Bu gün doğma mühitindən uzaqlaşmış, təsadüfən müstəqil qalmış Avstriya istisna olmaqla, Rusiya bütün Mərkəzi Avropanı ram etmişdir. Bu səbəbdən bu dövlətlər özünəməxsusluğunu və əhəmiyyətini tam itiriblər. Şübhəsiz Mərkəzi Avropa mədəniyyət ocağının itirilməsi qərb sivilizasiyası üçün ən vacib hadisədir. Məhz bu səbəbdən mən sualımı təkrarlayıram: bu hadisə necə nəzərə çarpmadan baş verdi?
Sualın cavabı çox sadədir. Avropanın bu itkini hiss etməməsinin səbəbi ondadır ki, artıq öz birliyini vahid mədəni birlik kimi dəyərləndirmir. Həqiqətən Avropanın birliyi nədən qaynaqlanırdı? Orta əsrlərdə ümumi dini ayinlərdən. Orta əsrlər tanrısının “Deus absconditius”a çevrilmiş Yeni Dövrdə din yerini mədəniyyətə verdi və artıq mədəniyyət Avropa sivilizasiyasının özünü dərk edib avropa kimi müəyyənləşdirməsində yüksək dəyərlərin daşıyıcısı rolunu oynamağa başladı. Göründüyü kimi, yaşadığımız yüzillikdə orta əsrləri Yeni Zamandan ayırdığı kimi daha bir əhəmiyyətli hadisə baş vermişdir. Qədimdə olduğu kimi, tanrı öz yerini necə mədəniyyətə təslim etdisə, mədəniyyət də öz yerini güzəşt etdi. Lakin nəyə və kimə? Hansı yüksək dəyərlər Avropanı birləşdirə bilər? Texniki nailiyyətlər? Ümumi bazar? Kütləvi informasiya vasitələri? Dahi şairlərin yerini jurnalistlərmi tutacaq? Bəlkə siyasət? Onda hansı yöndə? Sağçılıq və ya solçuluq? Görəsən hamı tərəfindən qəbul olunan, sağçıların və solçuların boşboğazlığından üstün, sadə olduğu qədər etinasızlıqdan uzaq ideal mövcuddurmu? Başqa xalqın fikir, məslək və əqidəsinə hörmətlə yanaşmaq, dözümlülük ideal ola bilərmi? Və əgər bu dözümlülüyün arxasında yaradıcı fəallıq və dərin ideyalar olmasa, o məzmunsuz və mənasız bir şeyə çevrilməzmi? Mədəniyyətin sanki ağır yükdən azad olmağa nişanə kimi öz yerini güzəşt etməsi elə bizlərin də azadlığı deməkdir? Bəlkə “Deus absconditius” geri qayıdacaq və yaranmış boşluğu dolduracaq? Doğrusu bilmirəm. Mənim bu suallara cavabım yoxdur. Bildiyim odur ki, mədəniyyət bizimlə vidalaşdı.
Frans Verfel ömrünün üçdə birini Praqada, digər hissəsini Vyanada, sonuncu – üçüncü hissəsini mühacirətdə, əvvəlcə Fransada, sonra Amerikada keçirdi. Bu tipik, səciyyəvi Mərkəzi Avropalının tərcümeyi-halıdır. 1937-ci ildə Frans Verfel Malerin dul qadını, sonralar ona həyat yoldaşı olmuş məhşur Alma ilə Parisə gəlir. Millətlər Liqasının nəznində İntellektual Əməkdaşlıq Cəmiyyəti onu “Ədəbiyyatın gələcəyi” adlı konfransa dəvət etmişdi. O öz çıxışında təkcə hitlerizmin əleyhinə deyil, ümumilikdə totalitar təhdidləri, ideologiya və mətbuatın acizliyini tənqid atəşinə tutdu. Mədəniyyəti dağılma təhlükəsi ilə üzləşmiş dünyanı bu təhdidlərdən qorumaq və hifz etmək üçün, onun fikrincə, Şair və Mütəfəkkirlərin Ümumdünya Akademiyasını (Weltakademie der Dicher und Denker) yaratmaq lazımdır. Bu akademiyanın üzvləri heç bir halda dövlət tərəfindən təyin oluna bilməz. Hər bir üzvlüyə iddiaçının yaradıcılığı seçim üçün göstərici ola bilər. Akademiyada iyirmi dörd nəfərdən qırx nəfərədək dünyanın tutarlı söz sahibləri, yazıçılar olmalıdır. Onların məqsədi siyasətdən, təbliğatdan uzaq “dünyanın ifrat siyasiliyə və barbarlığa yuvarlanmasının” qarşısını almaq olsun.
Bu təklif nəinki qəbul olunmadı, hətta gülüşlə qarşılandı. Əlbəttə, bu sadəlövhlükdür. İfrat sadəlövhlük. Başdan ayağa siyasiləşmiş dünyada, yazıçı və mütəfəkkirlərin siyasi baxımdan müxtəlif düşərgələrdə olduğu dövrdə müstəqil akademiya yaratmaq qeyri-mümkündür. Ən yaxşı halda o nəcib ürəklərin ittifaqına çevrilə bilərdi.
Ancaq bu təklif məni hər dəfə düşüncələrə qərq edir, bu, mənasını itirmiş dünyada təkrar-təkrar mənəvi oriyentirlərin müəyyənləşdirmək ehtiyacından xəbər verir. Bu mədəniyyətin pıçıltıya çevrilmiş səsini eşitmək istəyidir.
Yaddaşımda oyanmış bu xatirələr mənə acı bir itkini xatırlatdı. Çexiyalı filosof dostlarımdan birinin evində polis axtarış apararkən onun min səhifəlik əlyazmadakı əsərini müsadirə etmişdi. Bu hadisədən bir müddət sonra Praqanın küçələri ilə birgə gəzintiyə çıxmışdıq. Baş verənləri o zarafata çevirmək istəyirdi: ariflər üçün yazılmış mətndən polis nə başa düşə bilər? Lakin bu zarafat ağrını-acını boğa bilməzdi: on il ərzində yazılmış bu əlyazma həmişəlik itirilmişdi, axı o yeganə nüsxə idi. Biz xaricə açıq məktubla müraciət edib bu müsadirə ilə bağlı qalmaqal yaratmaq niyyətində idik. Biz əmin idik ki, bu məktubu dövlət xadimi və ya qurumlarına deyil, bütün Avropanın tanıdığı, siyasətdən üstdə duran, mübaliğəsiz mənəvi dəyərlərin daşıyıcısı, böyük mədəni xadimə göndərmək lazımdır. Bəs bu kim ola bilər? Qəflətən başa düşdük ki, belə adam yoxdur. Əlbəttə, görkəmli rəssamlar, yazarlar və musiqiçilər mövcud idi, lakin cəmiyyət artıq onları nə bütöv Avropa ruhunun təcəssümü, nə də mənəvi dəyərlərinin daşıyıcısı kimi nüfuz sahibi hesab etmirdi. Yüksək dəyərlərin çiçəklənəndiyi mədəniyyət səltənəti artıq mövcud deyildi. Birlikdə mənim yaşadığım Köhnə Şəhərdə yerləşən meydana tərəf addımlayır və sarsıdıcı tənhalıq, boşluq hiss edirdik. Mədəniyyətin tədricən qeyb olduğu boş Avropa mühiti.
Mərkəzi Avropa dövlətləri Qərbin tərkibində son dəfə 1918-ci ildən 1938-ci ilədək olan dövrdə daxil olublar. Müvafiq olaraq onların təsəvvürlərindəki Qərb artıq mövcud deyil. Qərb artıq mədəniyyətlə vidalaşıb. Bunları nəzərə alıb mühüm bir şeyi vurğulamaq istəyirəm: Mərkəzi Avropa dövlətlərində baş vermiş üsyanları nə qəzetlər, nə radio və ya televizor, yəni kütləvi informasiya vasitələri yetişdirməyib. Onları hazırlayan, formalaşdıran və hərəkətə gətirən romanlar, poeziya, teatr, kino, tarixşünaslıq, ədəbiyyatşünaslıq, komediyalar, fəlsəfi müzakirələr, yəni mədəniyyət olmuşdur. Bu gün qərbə aid etdiyimiz fransız və ya amerikalı üçün gündəlik həyatın ayrılmaz hissəsi olan kütləvi informasiya vasitələrinin bu hadisələrlə heç bir əlaqəsi yoxdur. (KİV və televiziya tam dövlət nəzarətində idi)
Elə buna görə də Rusiya Çexoslovakiyanı zəbt edəndən sonra çexlərin mədəniyyətini məhv etmək üçün hər üsula əl atdı. Rusiya bununla üç məqsədə nail olmaq istəyirdi: əvvəla müxalifətin bünövrəsini məhv etsin, ikincisi millətlərarası birliyi dağıtmaqla gələcəkdə çexləri rus mədəniyətində həzm etsin, üçüncüsü Yeni Dövrü, mədəniyyətin ali dəyər olduğu dövrü zor tətbiq etməklə bitirsin. Sonuncu, zənnimcə, daha böyük əhəmiyyət kəsb edir. Mahiyyət etibarı ilə rus totalitar mədəniyyəti dörd yüz il bundan əvvəl Yeni Zamanın ilk çağında yaranan müasir qərb mədəniyyətinin inkarı deməkdir. Bu mədəniyyətin əsas meyarı istənilən iddianı şübhə altına alan düşünən şəxsiyyətdir və bu nadir şəxsiyyəti vəsf edən bədii sənət əsərləridir. Rus işğalı Çexoslovakiyanı “postmədəniyyət” erasına düçar etdi, onu rus ordusu və hər yeri əhatə edən dövlət televiziyasının qarşısında aciz etdi.
Rus işğalının faciəli nəticələrindən sarsılmış halda mən Fransaya gəldim və buradakı dostlarıma çex mədəniyyətinin tarimar olmasını çatdırmaq istədim: “Təsəvvür edin, bütün dövri ədəbi-bədii nəşrlər ləğv edilib və bağlanıb. Belə hal hətta Hitler işğalı zamanı baş verməmişdi.” Dostlarım mənə səbrlə və səbəbini sonra öyrəndiyim pəjmürdə halda qulaq asdılar. Çexoslavakiyada bütün dövrü mətbuatın bağlandığını bütün xalq bilirdi və bu hadisənin acı nəticələrini ürək ağrısı ilə təsəvvür edirdi. Lakin Fransa və ya İngiltərədə tənqidi dövrü mətbuat birdən yoxa çıxsa idi, bunu, naşirlərin özü də daxil olmaqla, heç kim hiss etməzdi. Parisin özündə belə ziyalı məclislərində ədəbiyyatda baş verən yeniliklər yox, televiziyada göstərilənlər müzakirə olunur. Çünki mədəniyyət artıq buraları tərk edib. Mədəniyyətin itirilməsi Praqada fəlakət, faciə, şok kimi dəyərləndirilirdisə, Parisdə buna adi, bəsit, vacib olmayan, diqqət çəkməyən hadisə kimi yanaşırdılar.
Avstriya-Macar imperiyasının süqutundan sonra Mərkəzi Avropa az qala divarlarını itirdi. Məgər yəhudi xalqını xəritədən silən Osvensimdən sonra avropa ruhunu itirmədimi? 1945-ci ildə Avropadan qoparılandan sonra o mövcuddurmu? Əlbəttə, yaradıcılıq aktivliyi və üsyanlar göstərir ki, o, “hələ ölməyib”. Əgər yaşamaq sevdiklərimizin gözlərində mövcud olmaqdırsa, onda Mərkəzi Avropa artıq yoxdur. Sevimli Avropanın gözündə Mərkəzi Avropa Sovet imperiyasından başqa bir şey deyil.
Əslində, təəcüblənməyə səbəb yoxdur. Siyasi sistem baxımından Mərkəzi Avropa Şərqə aiddir, mədəniyyət baxımından Qərbə. Lakin müasir Avropa mədəni özünəməxsusluğunu itirir, bu səbəbdən o Mərkəzi Avropanı sırf siyasi rejim kimi dəyərləndirir. Başqa sözlə desək, Mərkəzi Avropanı yalnız Şərqi Avropa qismində görür. Bu isə o deməkdir ki, Mərkəzi Avropa təkcə böyük əzazil qonşusu ilə deyil, həmçinin mədəniyyət əsrini arxada qoymuş zamanla mübarizə aparmalıdır.Elə bu səbəbdən Mərkəzi Avropa üsyanlarında konservatizm və arxaik çalarlar nəzərə çarpır: onlar fədakarcasına mədəniyyətin, Yeni Dövrün ab-havasın bərpa etmək istəyirlər. Çünki mədəni dəyərləri qoruyan bu dünyada, bu dövrdə Mərkəzi Avropa özünəməxsusluğunu qoruyub saxlaya, olduğu kimi qala bilər.
Beləliklə, Mərkəzi Avropanın həqiqi faciəsi bundadır ki, o Rusiya deyil, Avropadır. Bu Avropa elə yüksək dəyərlər məcmusudur ki, onun naminə Macar Xəbərlər Agentliyinin direktoru həyatını qurban verməyə hazır idi və həqiqətən də verdi. Dəmir pərdənin arxasında olan bu insan heç təsəvvür belə edə bilməzdi ki, artıq zəmanə dəyişib, Avropanın özündə artıq Avropa dəyər kimi qiymətləndirilmir. O heç güman belə etməzdi ki, xaricə göndərdiyi çağırış dəbdən düşmüş, köhnəlmiş görünəcək və onu başa düşməyəcəklər.
“The New York Review of Books”, Aprel, 1984

Kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10