Prezident Konstitusiyanı dəyişməyə çalışır: bunun arxasında hansı məqsədlər dayanır?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Türkiyənin hazırkı Konstitusiyası tamamilə mənasını itirib. “CNN Türk” xəbər verir ki, o, bu barədə Konstitusiyanın dəyişdirilməsinə həsr olunmuş kitabın ön sözündə yazıb.
Ölkə başçısının sözlərinə görə, yeni Konstitusiya liberal olmalı və cəmiyyətin bütün təbəqələrinin maraqlarını əks etdirməlidir: “Keçən müddət ərzində hazırkı Konstitusiyaya dəyişikliklər edilsə də, sətirlər arasında hələ də dövlət çevrilişinin izləri var. Baxmayaraq ki, zamanla mətndə dəyişikliklər edilib. Türkiyə regionda və dünyada dövlət çevrilişindən sonra qəbul edilən belə bir Konstitusiyaya layiq deyil”.
Türkiyənin hazırkı əsas qanunu hərbi çevrilişdən iki il sonra, 7 noyabr 1982-ci ildə qəbul edilib. Türkiyənin mövcud hökuməti “çevriliş konstitusiyası” adlandırılan Konstitusiyanı “sivil konstitusiyaya” dəyişməyi qarşısına məqsəd qoyub.
Ölkənin ana yasasının yenilənməsi zərurətindən danışan Ərdoğan qeyd edib ki, hazırkı sənədlə ölkə irəli gedə bilməz: “Ölkənin əsas qanunu sosial müqavilədir. 1921 və 1924-cü il konstitusiyalarını istisna etsək, bütün konstitusiyalarımız qəyyumların göstərişi ilə yazılıb və xalqın üzərinə qoyulub. Bu, 1980-ci il hərbi çevrilişi nəticəsində ortaya çıxan hazırkı Konstitusiyadan xilas kimi zəruridir”.
Türkiyə Prezidenti deyib ki, yenilənmiş sənəd mülki vətəndaşlar tərəfindən yaradılan əhatəli və liberal Konstitusiya olmalıdır. Qeyd edək ki, Konstitusiyaya dəyişikliklərin təsdiq edilməsi deputatların səsverməsi ilə qəbul edilir - o, səslərin beşdə üçü ilə dəstəklənməlidir.
Ərdoğan ilk dəfə deyil ki, ölkə Konstitusiyasının dəyişdirilməsini təklif edir. O, yenidən bütün siyasi qüvvələri bu işə fəal qoşulmağa çağırıb. Dövlət başçısı 2023-cü ildə keçiriləcək prezident seçkiləri zamanı da Ana Yasanı dəyişdirəcəyinə dair vədlər verib.
Türkiyənin hazırkı Konstitusiyası sonuncu dəfə 2017-ci ildə dəyişdirilib. Sonra Ərdoğan müvəffəqiyyətlə düzəlişlərə nail olub, nəticədə ölkə prezident respublikasına çevrilib.
Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən təsdiq edilən ilk Konstitusiya 1921-ci ildə qəbul edilib. 3 ildən sonra ölkənin əsas qanununun yeni variantı qəbul edilib, vaxtaşırı düzəlişlərlə 36 il müddətində - 1961-ci ilə qədər qüvvədə olub. 1960-cı ildə Türkiyədə dövlət çevrilişi baş verib, 1924-cü il Konstitusiyası ləğv edilib, yenisi isə cəmi bir ildən sonra qəbul olunub.
1982-ci ildə ümumxalq səsverməsi ilə, həmçinin hərbi çevrilişdən sonra qəbul edilmiş Respublikanın Dördüncü Konstitusiyası da bir neçə dəfə dəyişdirilib, lakin hələ də qüvvədədir.
Türkiyə cəmiyyətində bu haqda nə düşünürlər? Vətəndaşlar bu tədbirləri zəruri hesab edirmi? Ərdoğan özü Konstitusiyaya konkret hansı dəyişiklikləri istərdi?
AYNA mövzunu tanınmış ekspertlərlə müzakirə edib.
Türkiyəli politoloq, tarix elmləri namizədi, Yaxın Şərq üzrə ekspert, Moskva Dövlət Linqvistika Universitetinin xarici regionşünaslıq kafedrasının dosenti Mehmet İkbal Durre:
“Hesab edirəm ki, Türkiyənin yeni Konstitusiyası dövlətin və cəmiyyətin inkişafına, demokratikləşməsinə xidmət etməlidir. Bu, həm də ölkədə məhkəmə sisteminin müstəqilliyinə gətirib çıxarmalıdır ki, bu da Türkiyə dövlət sisteminə təkcə öz vətəndaşları tərəfindən deyil, eləcə də beynəlxalq qurumlar tərəfindən inamı artıracaq və bu da öz növbəsində ölkə iqtisadiyyatının investisiya cəlbediciliyini artıracaq. Mən hesab edirəm ki, yeni Konstitusiya ölkənin demokratikləşməsi çərçivəsində kürd probleminin həllinə də töhfə verməlidir”.
Azərbaycanlı beynəlxalq əlaqələr üzrə ekspert, Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin (Türkiyə) rəhbəri Ramiyə Məmmədova:
“Konstitusiyaya dəyişikliklərin edilməsi mövzusu uzun müddətdir müzakirə olunur. Prezidentin özü və hakim partiyanın yüksək vəzifəli şəxsləri, müxtəlif nazirlər, hökumət rəsmiləri bu barədə dəfələrlə danışıblar.
İlk növbədə deyilir ki, Konstitusiyanın ilk üç əsas maddəsi dəyişdirilməlidir. Orada dövlətçilik formasından, respublikanın xüsusiyyətlərindən, dövlətin bütövlüyündən danışılır. Onlar çoxdan, hətta Atatürkün dövründən qəbul edilib və heç vaxt dəyişməyib. Üstəlik, bu maddələr Türkiyə tərəfindən müstəqil şəkildə qəbul edilməyib. Yeri gəlmişkən, Konstitusiyanın bu maddələri ilə bağlı sonrakı mübahisələr və fikir ayrılıqları bir neçə dəfə Türkiyədə hərbi çevrilişlərə səbəb olub.
Ərdoğanın 20 ildir davam edən hakimiyyəti, yəqin ki, Qərb və qərbyönlü qüvvələr tərəfindən devrilməmiş yeganə gücdür. Ona görə də Ərdoğan Türkiyənin parlamentli respublikadan prezident respublikasına çevrilməsi ilə bağlı qərar qəbul edildikdən sonra daim təkrar edir ki, hazırkı Konstitusiya Qərbin diktəsi ilə yazılıb və nəticədə üçüncü qüvvələr hər zaman təşkilatlanma, bir növ qiyam qaldırmaq imkanı əldə ediblər.
Və idarəetmə formasının dəyişməsindən sonra dövlətçiliyin mahiyyəti dəyişməsə də, siyasi partiyaların statusu dəyişdi, ümumilikdə ölkədə ümumi siyasi vəziyyət dəyişdi. Yəni, Ərdoğanın komandası elə bir vəziyyət yaratmağa yönəlib ki, bir daha Türkiyədə çevrilişlər olmasın.
Hazırkı Konstitusiyada müəyyən məsələlərlə bağlı bir qədər qeyri-müəyyən, anlaşılmayan ifadələr var ki, müxalifət partiyaları hökumətin müəyyən hərəkətlərinə müraciət etmək istəyəndə bundan məmnunluqla yararlanır. Üstəlik, hətta terror təşkilatı PKK-ya dəstək verən kürd tərəfdarı partiya da Konstitusiyaya istinad edir.
Ona görə də əsas qanuna dəyişiklik etmək lazımdır - o, ölkənin gələcək təhlükəsizliyinə uyğun olmalıdır. Nə üçüncü ölkələr, nə də daxili qüvvələr vəziyyəti öz mülahizələri ilə manipulyasiya edə bilməlidir. Prezidentin danışdığı budur.
Ərdoğan hesab edir ki, bu yaxınlarda 100 illiyini qeyd edən Türkiyə Cümhuriyyəti üçün 3 çevriliş kifayət edər. Və o, əksər parlamentariləri inandırmağa çalışır ki, Konstitusiyaya təcili dəyişikliklərə ehtiyac var. Ərdoğan müxalifət partiyalarının liderləri ilə də bu haqda danışır. Çünki bu məsələlər tamamilə respublikanın bütün sakinləri üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Bu fikirlə ümumi razılıq, konsensus olmalıdır”.