Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Video. Masallı nur üzlü ağsaqqalını itirdi-Hacı Həsən Abdullayev, 5 mayda, axşam saatlarında, 82 yaşında həyatla vidalaşdı.


Təkcə qohumumuz, dostumuz deyildi ki, can sirdaşımız, alicənab ağsaqqalımız, sanki rayonda ağır-ləngər addımlarla dolaşan bir NUR HEYKƏLİ idi.

Ən çətin anlarda belə həzin zarafatlarından qalmazdı. Soruşanda ki, Hacı, necəsən? Deyərdi ki, necə olacam, Silinmə Aktımız yazılıb, qalıb  son məntəqəyə verilməyimiz.

Onunla  5-10 dəqiqə söhbət edən kənar adam da ayrılan kimi etiraf edirdi ki, nə qədər kübar, alicənab, təpədən dırnağa saflıqdan yoğrulmuş bir adamdır.

Yaxşılığı elə edərdi ki, bəzən yaxşılıq olunan adam illərlə bunu bilməzdi.

Bir dəfə işim çox müşkülə düşmüşdü. Heç cür alınmırdı. Qəfildən bir adam gəlib bir neçəyə dəqiqəyə  həmin işi yoluna qoydu.  3 il sonra Hacı ilə bir məclisdə olanda bu adamı orada gördüm. Dedim, Hacı, o vaxt mənə yaxşılıq edən adam bu idi. Özünə məxsus şirinliklə gülümsəyib, dedi ki, elə bilirsən, bu adam ora elə belə gəlmişdi? Onu rayonlardan birindən gətirdik ki, işi sahmana salsın.

Hacı Həsən yeganə insan idi ki, özümü ömür boyu borclu bilirdim və bilirəm

Yeganə adam idi ki, ona “yox” deyə bilmirdim.

Cəmi bir dəfə məni ərklə möhkəm danladı. Bir tanınmış var idi, mən də bir-iki dəfə onu tənqid etmişdim. Bu şəxs də onunla çox yaxın idi. Ən kəskin yazdığım vaxtların söhbətidir. Dedi ki, sənə  bu vaxta qədər deməmişəm ki, bu adamdan yaz, ya yazma. Amma filankəsin adını bir də tənqid etdiklərin arasında görsəm, sənlə bir dəfəlik küsəcəyəm.

Elə oldu ki, yenə həmin şəxs hədəfə gəldi. Mövzu elə idi ki, onun da adı oradan keçməli idi. Bir yazıya baxdım, bir Hacının sözünü xatırladım; yazım necə yazım, yazmayım necə yazım? Nəhayət, ortaq yol  tutub qeyd etdim ki, burada bir nəfərin də adın çəkməliyəm, amma onu elə adam tapşırıb ki, deyə bilmirəm.

Həmin yazı çap olunandan sonra mənə   tənə ilə baxıb, “nə pis adamsan” dedi. Doğrudan,   bu yazılar sənə bütün dostdan, qohumdan da  əzizdir, dəyərlidir.  

Çox barışdırıcı, sülh tərəfdarı idi. Lakin heç vaxt bu yumşaqlığı yaltaqlığa endirməzdi. Çox nadir hallarda əsəbiləşərdi, lakin bu qəzəbi kinə,  ədavətə çevirməzdi 

Onu hamı özünün doğması, əzizindən əzizi sayırdı. Öz qardaşı, bacısı olmasa da, onu qardaş kimi sevənlər çox idi.

Qəribə taleyi var idi. O, anasının boyunda olanda atasını hərbi xidmətə aparıblar və atası ilk hərbi xidmət illərini İranda keçirib. Onlar İrandan “eşalonla”  Azərbaycandan, Yardımlı yolu ilə Masallıdan keçəndə artıq dünyaya gələn, qundaqda olan 3-4 aylıq Həsəni atasına göstəriblər. Atası onu görsə də, o,  demək olar ki, atasını görməyib. Reyhan xala onu çox zillətlə böyüdüb, anasına  həmişə İnqə deyərdə, hətta baş daşına da  adı belə yazıldı. Anası 13 ildir ki, rəhmətə gedib, lakin bu illərdə elə cümə axşamı olmur ki, anasının, “İnqası”nın məzarına baş çəkməsin. Sonuncu ziyarəti isə ölümündən bir gün öncə oldu.

Hacı Həsən orta məktəbi medalla, Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib, 30 yaşında Masallı Mərkəzi Xəstəxanasının  rəhbəri, Baş həkimi olub, 10 il bu vəzifədə çalışıb. O vaxtkı rayon prokurorunun onun   atası ilə bağlı xoşagəlməz ifadəsinə etiraz olaraq sərt cavabına görə vəzifə ilə vidalaşıb. 4 övladından 2-si orta  və ali məktəbi medalla bitirib.

Sözün həqiqi mənasında bir Nur, bir Barış heykəli idi Hacı Həsən. Heç vaxt tərifi sevmədi, səlahiyyətlilər qarşısında boyun əyməzdi.

Çox uzaq görən. Adam tanıyan idi. Hakimiyyət tərifçisi olmadığı üçün heç vaxt tədbirlərə çağrılmazdı. Titulsuz ağsaqqal idi. 80 yaşı tamam olan belə heç bir rəsmi qurum ona bir fəxri fərmanı da qıymadı.

Əsil Allah adamı idi. Şəhərdə elə hüzr olmazdı ki, xüsusən də, kasıb insan rəhmətə gedəndə o qapıya baş çəkməsin.

Hamının dərdinə şərik olsa da, öz dərdini dilə gətirməzdi

Ofisimə çox adam gəlib gedir. Hacı da tez tez mənə başa çəkdiyi üçün onlarla söhbətləşərdi. Elə adam olmadı ki, onunla söhbətdən həzz qalmasın.

Nə yazım ki, onun nur dolu ömrünü tam mənzərəsi təsvir edim.

Əsil nümunə idin. Yoxluğun bizi çox göynədəcək. Sanki arxamızdan bir Dağ uçdu

O bütün mənalarda yaxşıların axıra qalmışı, necə deyərlər, yaxşıların yaxşısı idi. Son dəfə ölümündən bir gün öncə görüşdük. Ağrıları var idi. Amma Yenə dilə gətirmirdi. Son vaxtlar birgə yoldaşlıq etdiyi dostları ilə növbəti hüzr məslisinə yollandı.

İndi o anları yada salıb N. Həsənzadənin N. Hikmətin  ölümünə yazdığı misraları xatırladım:

Mən bilsəydim

Son gedişin olacaqdı 

Qucaqlardım o gün səni

Qollarımın arasında saxlayardım.

Gözlərimin bu ağında, qarasında saxlayardım.

Sən ölmədin!

Aman Nazim.

Gör, dilimə nələr gəlir.

Yox, yazmaram.

Sözün dalı kədər gəlir.

Hacı Həsənlə  2 il öncə aldığım kiçik müsahibəni yazıya əlavə edirəm.

 

https://cenub.az/11523-masallnn-titulsuz-asaqqalnn-n-nurlu-kiisinin-80-yan-kimlr-tbrik-etmdi.html

P.S. Bu gün, mayın 6-da səhər saat 10-da Hacı Həsən Abdullayev Masallıdakı Təpə qəbristanlığında torpağa tapşırılacaq..

Cenub.az. Zahir Əmənov

 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10