Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Qorxaqcasına müdrik addım” – Nə Çin ABŞ-la müharibəyə hazırdır, nə ABŞ Çinlə


Rusiyalı analitik: “Çin Rusiyadan fərqli olaraq, öz ayağına güllə atmaq niyyətində deyil”

Dünyadakı geosiyasi turbulentlik kontekstində Çinin real fövqəldövlət kimi rolu artır. Vaşinqton bunu başa düşür və “Rusiya təhlükəsi” ilə paralel olaraq “Çin təhlükəsi” məsələsini də həll etməyə çalışır.

Əksər analitiklər, eləcə də bir sıra Qərb KİV-ləri Ukrayna böhranı fonunda Pekinin Tayvan məsələsini də həll edəcəyini, lakin Nensi Pelosinin səfəri, eləcə də Co Baydenin Tayvana 1 milyard dollarlıq silah satmaq qərarı barədə yazır. Məlum olub ki, Çin ABŞ ilə qarşıdurmaya getməmək üçün “qorxaqcasına müdrik addım” atıb.

Buna baxmayaraq, Vaşinqton Tayvan məsələsində Pekinə təzyiq göstərməkdən əl çəkmir və Sakit okean regionunda hərbi iştirakını artırır, həmçinin Rusiya ilə iqtisadi əlaqələrə nəzarəti gücləndirir.

“Pekin Rusiya ilə münasibətlərə görə öz iqtisadiyyatını riskə atmaq niyyətində deyil. Bir çox rusiyalı tədqiqatçıların, siyasətçilərin və jurnalistlərin “Çin bizə kömək edəcək...” ümidləri boş sözdən başqa bir şey deyil”, – rusiyalı analitik Yevgeni Qamerman AYNA-ya şərhində bildirib.

Ekspertin fikrincə, iki dərəcəli sanksiyalara məruz qalmamaq üçün ən böyük Çin şirkətləri Rusiyadakı bizneslərini ya tamamilə ixtisar edir, ya da riskləri cüzi olacaq həcmdə minimuma endirirlər.

“Xüsusən, “Huawei” şəbəkə avadanlığının tədarükü üçün müqavilələr bağlamağı dayandırdı, bəzi bölmələrini bağladı və bəzi işçilərini ixtisar etdi. “Xiaomi”, ZTE, “Lenovo” da eyni yolla getdi. Çin bankları Rusiyadan malların alınması üzrə əməliyyatlara xidmət göstərməyi dayandırıb. Asiya İnfrastruktur İnvestisiya Bankı isə Rusiya və Belarus (bankın əsas səhmdarı Çindir) ilə bağlı bütün əməliyyatları dayandırıb”, - analitik əlavə edib.

Onun sözlərinə görə, bunlarla yanaşı, Çin Rusiyadan neft və qaz alışını artırmağa davam edir: “Lakin Çinə verilən qazın qiyməti Almaniyaya verilən qazın qiymətindən dəfələrlə aşağıdır. Moskva ciddi bir alternativ olmadığı üçün böyük endirimlə ticarət etməli olur. Çin mövcud vəziyyətdən maksimum iqtisadi faydanı götürəcək, lakin özünü riskə ataraq kiməsə kömək etməyəcək”.

Pekin və Vaşinqton arasında mümkün münaqişədən danışan ekspert bildirib ki, ABŞ bütün bu hekayədə özünü çox güclü və bacarıqlı strateq kimi göstərib.

“Dövlət Departamenti çörəyi qulağının dibinə yemir. Fevral ayından etibarən dünyanın demək olar ki, bütün kütləvi informasiya vasitələri Rusiyanın Ukraynadakı addımlarından sonra Moskvanın siyasətindən ruhlanan Çinin Tayvan problemini güc yolu ilə həll etməyə çalışacağı barədə məlumatlar yayırdılar. Və belə bir gündəmi təklif edən Qərb mediası idi. Pelosinin Tayvana səfəri tortun üzərindəki şam oldu. Tamamilə zərif, silahsız, onlardan istifadə ilə bağlı hədə-qorxu gəlmədən 82 yaşlı qadını adaya göndərməklə Vaşinqton vəziyyətin hakiminin kim olduğunu göstərdi”, - deyə rusiyalı politoloq söyləyib.

Qamerman fikrinə belə davam edir: “Beynəlxalq münasibətlər mütəxəssisləri tərəfindən çox sevilən “şahmat dili”ndə danışsaq, Pekin hər hansı bir cavab hərəkəti mövqeyinizin pisləşməsinə səbəb olan, “zugzwang” vəziyyətinə salındı. Rusiyadan fərqli olaraq, Çin özünün ayağına atəş açmaq niyyətində deyil. Pekin iqtisadi mövqeyini zəiflətməyəcək, öz inkişafını və rifahını təhlükə altına atmayacaq. Belə çıxır ki, ilkin səs-küylü bəyanatları ilə ÇXR rəhbərliyi sadəcə olaraq simasını qorumağa çalışırmış. Və bu təhdidlərin ardınca heç bir davam olmadı və arxasınca ola da  bilməzdi. Çin əlbəttə ki, ABŞ-la birbaşa münaqişəyə hazır deyil, amma vacib olan odur ki, ABŞ da Çinlə birbaşa münaqişəyə hazır deyil. Və burada kartları kimin və necə qarışdırdığı və ya fiqurları düzənləməsi (şahmat terminologiyasına qayıtsaq) böyük əhəmiyyət kəsb edir”.

Müəllif: Nicat Hacıyev






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10