Kateqoriyalar
Analitika
Əsas Qanunun tələbinə görə seçkinin təyin olunması tarixi artıq arxada qalıb...
01 Noyabr 2024
Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 23 dekabr 2019-cu ildə keçirilib. Bu isə o deməkdir ki, artıq seçkilərin üzərindən 5 il keçib və yeni seçkilərin keçirilmə müddəti yaxınlaşıb. Amma bununla bağlı nə səs var, nə də səmir.
Seçki Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq, Azərbaycanda seçkilər səsvermə gününə ən azı 60 gün qalmış təyin edilir və bu barədə məlumat rəsmi mətbuatda dərc olunur. Bələdiyyə seçkilərini, Seçki Məcəlləsinin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası təyin edir.
Təqvim hesabı ilə dekabrın 23-nə 60 gündən az qalır. Hətta bu gün təyin edilsə belə, seçki bu ilin son günü, yaxud gələn ilin ilk günü keçirilməli olacaq. Belə çıxır ki, 2024-cü ildə bələdiyyə seçkiləri keçirilməyəcək? Seçkinin hələ də təyin olunmaması Bakıda keçiriləcək COP29 tədbiri ilə bağlı ola bilərmi? Səbəb nə olur-olsun, bütün hallarda, bu, Konstitusiyanın tələbinin pozulması deyilmi? Siyasi partiyalar və seçki hüququ ilə məşğul olan hüquqşünaslar nə fikirdədir?
REAL Partiyasının sədri Natiq Cəfərli Pressklub.az-a açıqlamasında deyib ki, bu məsələ siyasi partiya olaraq onları da maraqlandırır: “Düzdür, bizim qərarvermə mexanizmlərinə təsir imkanlarımız yoxdur. Amma zaman keçir, bələdiyyə seçkiləri ilə bağlı hansı planın olduğunu və bu məsələni necə həll edəcəkləri ilə bağlı ipuclarını görmürük. Bununla bağlı rəsmi açıqlama da verilmir. Əslində bələdiyyə seçkilərinin nə zaman olacağı ilə bağlı açıqlama veriləsi tarixlər keçib. Ən azı, 10-12 gün bundan qabaq elan olunmalı idi. Açığı, bizim üçün də çox qaranlıq və təəccüblü məsələdir. Bununla bağlı hansısa rəsmi açıqlamanı biz də gözləyirik".
Hüquqşünas Fuad Ağayev isə saytımıza açıqlamasında qeyd edib ki, Seçki Məcəlləsinin 8.1-ci maddəsinə əsasən seçkilərin təyin edilməsi haqqında qərar səsvermə gününə azı 60 gün qalmış dərc edilir: "Nəzərə alaq ki, sonuncu bələdiyyə seçkiləri 23 dekabr 2019-cu ildə keçirilib və bu ilin 23 dekabrında bu müddət bitməlidir. Seçkilərin təyin edilməsi ilə bağlı qərar ən azı 10 gün bundan əvvəl dərc edilməli idi. Amma bu barədə heç bir məlumat və izahat verilmir. Seçki Məcəlləsinin 213.1-ci maddəsinə uyğun olaraq, bələdiyyələrə seçkilərin təyin edilməsi səlahiyyəti Mərkəzi Seçki Komissiyasına məxsusdur. Seçkiləri təyin etməməklə MSK öz funksional vəzifələrini pozmuş olur".
Hüquqşünas deyir ki, yaranmış vəziyyətlə bağlı müvafiq izahatı MSK sədri Məzahir Pənahov verə bilər. Bununla bağlı müxtəlif versiyalar ola bilər.
Bu bir faktdır ki, yarandıqları gündən indiyə kimi bələdiyyələr, başqa dövlətlərdən fərqli olaraq, Azərbaycan cəmiyyətində siyasi, iqtisadi və sosial çəkiyə malik deyillər. Yerli icra hakimiyyəti orqanları bələdiyyələrdən qat-qat artıq siyasi çəkiyə və real səlahiyyətlərə malikdir. Avropa və başqa inkişaf etmiş ölkələr bir yana, heç Türkiyədəki bələdiyyələrlə də Azərbaycandakı bələdiyyələri müqayisə etmək mümkün deyil. O baxımdan, real siyasi və inzibati münasibətlər, bələdiyyələrin funksionallığı, keçirilən seçkilərin demokratikliyi mübahisə mövzusu ola bilər. Lakin seçkinin keçirilməsi vaxtı kimi konstitusion tələbin yerinə yetirilməməsi kifayət qədər ciddi məsələdir.
Bütün suallar MSK-ya yönəlir. Qurumun mətbuat xidmətindən isə “Report”a bildirilib ki, bu günə - noyabrın 1-nə iclas təyin edilməyib.
Sadə təqvim hesabı ilə bu o deməkdir ki, bələdiyyə seçkisi qaldı 2025-ci ilə...
Burla