Ərçivan Astara rayonunun yaşayış məntəqələrindən biridir. 12 dekabr 2012-ci il tarixindən qəsəbə statusu daşıyan Ərçivan (talış dilində Arçun adlanır) Astara şəhərindən 10 km şimal-şərqdə, Ərçivan çayının sahilində, Bakı-Astara şose yolunun üstündə yerləşir.
Ərçivan qəsəbəsi ölkəmizin iri və qədim yaşayış məntəqələrindən sayılır. 10 min nəfər əhalinin yaşadığı Ərçivan qəsəbəsində bir neçə tarix və mədəniyyət abidəsi qeydə alınmışdır ki, bu abidələr də qəsəbənin uzaq keçmişindən soraq verir.
Ərçivanla bağlı tarixi və eyni zamanda maraqlı faktlardan biri Şah İsmayıl Xətainin burada olmasıdır. Bu fakt bir çox mənbələrdə də öz əksini tapmışdır.
Tarixə nəzər saldıqda məlum olur ki, Şeyx Heydərin oğlu, Səfəvi dövlətinin banisi olacaq İsmayıl Ağqoyunlu hökmdarı Rüstəm padşahın təqiblərindən qorunmaq üçün 6 il Lahicanda yaşamış, 1499-cu ilin avqustunda 13 yaşında tərəfdarlarının müşayiəti ilə Lahicanı tərk edib Astaranın Ərçivan kəndinə (2012-ci ildən qəsəbə - İ.Ş.) gəlmiş, 1499-1500-ci ilin qışını burada keçirmiş və 1500-ci ilin yazında Ərçivanı tərk edib Göyçə gölünün cənub sahilinə getmişdir (Azərbaycan tarixi. I cild.B., 1994, səh. 399).
Zeynalabidin Əli Əbdu bəyin (1515-1580) 1570-ci ildə fars dilində yazdığı “Təkmilatül-əxbar” kitabına istinad edən tarix elmləri doktoru Oqtay Əfəndiyev yazır: “İsmayıl və onun dəstələri hicri 905 (1499-1500)-ci ilin qışını Xəzər dənizi yaxınlığında, Astara ərazisindəki Ərcüvan (Ərçivan – İ.Ş.) adlı yerdə keçirmişdilər. Onlar burada Azərbaycanın cənub hissəsindən olan Səfəvi tərəfdarlarına qoşula, birləşmək üçün vaxt qazandırmaq məqsədilə dayanmışdılar. Qızılbaş rəhbərlərinin müşavirəsində Kiçik Asiyaya-Ərzincana hərəkət etmək qərarı verildi. Qızılbaş rəhbərləri belə hesab edirdilər ki, İsmayıl orada Kiçik Asiya və Suriyada olan tərəfdarlarına yaxın olacaqdır. Onlar İsmayılın yürüşündən xəbər tutub onun bayrağı altına toplanacaqlar. 1500-ci ilin yazında İsmayıl Ərcüvandan Araz çayının şimalındakı dağlıq rayona, Göyçə gölünün cənub sahillərinə doğru hərəkət etdi. İbrahim Əminin verdiyi məlumata görə, bu vilayətdə İsmayılın qoşunları tərkibində ərəşli və zülqədərli tayfaları çıxış edirdilər” (Azərbaycan Səfəvilər dövləti. B., 1993, səh. 39).
Səidəli Kazımbəyoğlu 1869-cu ildə fars dilində yazdığı “Cəvahirnameyi-Lənkəran” əsərində (digər adları “Cəvahirnameyi-Talış” və “Səidiyyə”dir) Şah İsmayılın 1499-1500-cu ilin qışını konkret olaraq Ərçivanın “Gəzəndə dəşt” (indi “Gəzəndaş” adlanır – İ.Ş.) çölündə, məkanında keçirdiyini qeyd etmişdir (“Səidiyyə”. B., 2005, səh. 114).
Şah İsmayıl Xətainin Ərçivanda 1499-cu ildə tikildiyi güman edilən Məhəmməd Hənəfiyyə məscidini ziyarət etməsi və burada namaz qılması ilə bağlı iddianın olması da onun məhz 1499-1500-cü ilin qışını Ərçivanda keçirməsi ilə bağlıdır.
İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi