Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanın “tropik incisi” – Cənub zonasının iqtisadi inkişaf perspektivləri






Azərbaycan Respublikası XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş verdi. 

1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırıldı. Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açılmış oldu. 


Hazırda regionların iqtisadi potensialına uyğun olaraq, istər aqrar, istərsə də sənaye istiqamətində bir çox işlər görülür. Uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabət qabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır. 

Ölkəmizin ən məhsuldar və kənd təsərrüfat məhsullarının müxtəlifliyi ilə seçilən regionlarından biri də Cənub zonasıdır. Azərbaycanda istehsal olunan çayın 99%-ə qədəri, tərəvəz-bostan məhsullarının yarıdan çoxu bu zonanın payına düşür. İnzibati olaraq Lənkəran-Astara İqtisadi-Coğrafi Rayonuna daxil olan bu regionun tərkibinə Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı inzibati rayonları daxildir. 


İqtisadi rayonda rütubətli subtropik iqlim, məhsuldar torpaqlar, su və əmək ehtiyatları kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar yaradır. Kənd təsərrüfatında faraş tərəvəzçilik, kartofçuluq, üzümçülük, taxılçılıq üstünlük təşkil edir. Bu iqtisadi rayon mühüm sitrus meyvəçiliyi ilə tanınır. Sahilboyu balıq ovlanır. Sənaye sahələri kənd təsərrüfatı xammallarının emalı əsasında inkişaf etmiş bitkiçilik və balıqçılıq məhsullarının emalına əsaslanır. 

Yeyinti sənayesində balıq emalı, çay, meyvə-tərəvəz konservi və şərab istehsalı mühüm yer tutur, ət, süd, pendir, çörəkbişirmə müəssisələri fəaliyyət göstərir. Bakı-Astara dəmir və avtomobil yolları yük və sərnişinlərin daşınmasında, həmçinin Azərbaycanın İran və Türkiyə ilə iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Lənkəranda müasir tələblərə uyğun hava limanı fəaliyyət göstərir. Gözəl landşaft, isti və soyuq mineral sular, əlverişli iqlim şəraiti və inkişaf etmiş nəqliyyat şəbəkəsi rayonda kurort və turizm təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradır.

Regionun relyef olaraq düzən əraziyə malik olan Masallı, Cəlilabad, Lənkəran kimi rayonlarında genişmiqayaslı düyü, çəltik, çay plantasiyaları mövcuddur. Lənkəranda becərilən çayın şöhrəti demək olar ki, bütün dünyada məşhurdur. 


Astara, Lerik kimi dağ və meşələrin çox olduğu yerlərdə isə sitrus meyvələrinin əkini üstünlük təşkil edir. Bu iqtisadi rayonda (xüsusən Lerikdə) arıçılıq da olduqca geniş yayılıb. Lerik və Astara rayonlarının əraziləri bu kənd təsərrüfatı sahəsinin inkişafı üçün əlverişli mühitə malikdir. Cəlilabad və Masallı rayonlarında son illər yüksək məhsuldarlığın əldə olunduğu kartof və çiyələk əkini aparılır. Lənkəran və Astarada balıqçılıqla bağlı vətəgələr və bir çox müəssisələr istifadəyə verilib. 

İqtisadi rayonun ərazisindən keçən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Bakı-Astara yolu bu regionun sosial-iqtisadi inkişafında ciddi töhfələr verir. Bu yol vasitəsi ilə regionda yetişdirilən kənd təsərrüfatı məhsulları paytaxtda və Rusiya bazarlarına aparılır. 

Bu kimi faktorları nəzərə aldıqda, cənub zonası ölkə iqtisadiyyatı üçün olduqca önəmə malik regionların başında gəlir. Son illər olaraq Lənkəran-Astara İqtisadi-Coğrafi Rayonuna edilən iqtisadi və sosial investisiyalar və bu istiqamətdə əldə olunmuş uğurlar sözügedən regionun Azərbaycan iqtisadiyyatı üçün nə dərəcədə önəmli olduğunu bir daha sübut edir. 

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.  







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10