Kəndlərimizdə eyni müəllim
Hazırda Azərbaycanda yaşanan əsas problemlərdən biri də kəndlərdə savadlı müəllimlərin olmamasıdır. Hətta o vəziyyət yaranır ki, bir müəllim bir neçə fəndən dərs demək məcburiyyətində qalır. Bu, kəndlərdə yaşayan savadlı şagirdlərin yox, oradakı məktəblərdən üz döndərən müəllimlərin problemidir.
Lent.az-ın əməkdaşı sizə bu yazıda sözügedən problemdən söz açacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata əsasən, son 3 ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 2 mindən artıq vakant yerə seçim edilmir. Sözügüdən vakant yerlərinin əksəriyyəti ucqar rayonlarda olan məktəblərdir.
- Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
- Prokurorluqda işləmək üçün nə etmək lazımdır? - Heydər Məmmədovdan AÇIQLAMA
- FHN-in təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir-VİDEO
Deməli praktika göstərir ki, imtahan verən müəllimlərdən yüksək bal toplayanlar Bakı şəhərində, daha az bal toplayanlar isə bölgələrdə fəaliyyətə başlayır və ya bölgələrdəki vakant yerlərini seçən şəxslər sonradan həmin iş yerindən imtina edir. Sanki kəndlərdə yaşayan uşaqların bilik qazanmağa ehtiyacı yoxmuş kimi…
Bəs oxumaq eşqi ilə yanıb-tutuşan bu uşaqlara kim bilik öyrətməlidir? Şəhərdə yaşayan uşaqlar həkim olmaq istəyir, kənddəkilər yox?
Ən acınacaqlısı isə odur ki, vaxtilə özləri ucqar rayonlarda min bir əziyyətlə təhsil alıb müəllim olanlar indi öz qınını bəyənmirlər.
Bəs müəllimlərimizin iri şəhərlərə axın etməsinin səbəbi nədir? Niyə kənddəki məktəblərdə dərs keçmək istəyənlərin sayı günü-gündən azalır?
Təhsil eksperti Kamran Əsədov mövzunu Lent.az-a şərh edib.
Ekspert müəllimliyə namizədlərin daha çox paytaxt və böyük şəhərlərdə işləməyə üstünlük verməsinin əsas səbəbləri arasında iqtisadi, sosial və peşəkar amillər olduğunu qeyd edib:
“Böyük şəhərlərdə müəllimlərin daha yaxşı əməkhaqqı və sosial şərait əldə etmələri, habelə peşəkar inkişaf imkanlarının daha geniş olması onları bu bölgələrə cəlb edir. Eyni zamanda, böyük şəhərlərdə olan məktəblərdə tədris mühiti, texniki imkanlar, infrastruktura çıxış və müasir təlim metodlarına uyğunlaşma baxımından daha yaxşı imkanlar təqdim edir. Bu, müəllimlərə daha yaxşı tədris şəraiti, daha az çətinliklər və daha yüksək əməkhaqqı təklif etdiyindən onlar paytaxtı və böyük şəhərləri üstün tuturlar”.
Onun sözlərinə görə, bölgələrdə, xüsusən ucqar kəndlərdə müəllimlərin yerləşməsi çətinliklərlə müşahidə olunur:
“Bu bölgələrdə infrastruktur çatışmazlığı və şəraitsiz məktəb binaları tədris prosesini daha da çətinləşdirir. Şəhərlərlə müqayisədə bölgə məktəblərində müəllimlərin peşəkar inkişafı üçün seminarlar, kurslar və treninqlər təşkil etmək çətindir. Bu da həmin məktəblərdə tədris səviyyəsini aşağı salır və müəllimlərin daha böyük şəhərlərdə işə üstünlük verməsinə səbəb olur”.
Kamran Əsədov bu vəziyyəti həll etmək üçün bir neçə yanaşma irəli sürüb:
“Birinci addım olaraq, bölgələrdə çalışan müəllimlər üçün maliyyə və sosial güzəştlər təmin edilə bilər.
İkinci yanaşma isə bölgələrdə təhsil infrastrukturunun təkmilləşdirilməsidir. Məktəblərin texniki avadanlıqla təmin edilməsi, müəllimlər üçün peşəkar inkişaf proqramlarının genişləndirilməsi və bölgələrdə müasir tədris metodlarının tətbiqi müəllimlərin bölgələrdə işə marağını artıracaqdır”.
Ləman SƏRRAF