Sosioloq: “Dəbdəbəli mərasimlərdə toy sahiblərindən çox restoran sahibləri qazanırdı”
Restorator: “500 nəfər çağırmarıq, 200 nəfər çağırarıq, amma ənənəni davam etdirmiş olarıq”
Pandemiyanın ilkin vaxtlarında insanlar karantinin tezliklə bitəcəyinə ümidli idilər. Toylarını təxirə salsalar da, tezliklə hər şeyin əvvəlki kimi olacağına və məclislərə icazə veriləcəyinə daha inamlı idilər. Görünür, prosesin uzun çəkməsi insanların səbrini və ümidini əlindən alıb. Buna görə də vəziyyətdən çıxış yolu kimi görünən variantla – yaxın beş-on nəfərin şahidliyi ilə nikaha daxil olmaqla razılaşmayanlar çıxış yolunu gizlin məclis qurmaqda görürlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məclis təşkil edənlərlə profilaktik söhbətlər zamanı məlum olur ki, qaydalara əməl etməyən şəxslər bunu onunla əsaslandırırlar ki, restoran və kafelərin fəaliyyətinə icazə var: “Ancaq unudurlar ki, bu icazələr kütləvi tədbirlərin – toy, nişan və digər tədbirlərin keçirilməsinə şamil edilmir. Pandemiya şəraitində hər bir şəxsə qayda və tələblərə əməl etməyi tövsiyə edirik”.
Ötən günlərdə Nizami rayonunda karantin qaydalarını pozaraq toy məclisinin keçirildiyi aşkarlanmışdı. İlkin araşdırmalardan məlum olmuşdu ki, mərasimin aparıcısı aktiv koronavirus xəstəsi imiş. Daha belə bir mərasimin Xətai rayonunda da təşkil olunduğu ilə bağlı görüntülər yayılmışdı.
Yayılan görüntülər insanlar tərəfindən müzakirə olunarkən məlum oldu ki, bu cür məclislərin keçirilməsi birmənalı qarşılanmır. Kimi toy etmək istəyənlərə şans yaratmayanları günahlandırır, kimi də karantin qaydalarına məhəl qoymadan məclis təşkil edənləri vətəndaş olaraq məsuliyyətsizlikdə qınayır. Bəs belə vəziyyətdə nə etmək olar, çıxış yolu nədədir?
Mövzu ilə bağlı danışan sosioloq Əhməd Qəşəmoğlu çıxış yolunu toyların modelini dəyişməkdə görür: “Uzun müddətdir ki, bu barədə danışarkən toyların modelinin dəyişdirilməli olduğunu söyləyirəm. İndiki toy adətləri ilə biz toy mafiyasının əlində qalmışıq. Onlar imkan vermir ki, biz başqa bir modelə keçid edək. Lakin başa düşülməlidir ki, pandemiyaya qədər olan toylar daha olmayacaq. İndiki durumda isə toy mafiyası bununla barışa bilmir. Onları düşündürən odur ki, necə edək, əvvəlki dövrə qayıdaq, əvvəlki kimi pul götürə bilək. Bu isə mümkün deyil, olmayacaq. Çünki bu virus yer üzündə hər yerə yayılıb. Bunun nə vaxt səngiyəcəyini, azalacağını heç kim deyə bilmir. Mən hesab edirəm ki, bu, heç azalmayacaq da. Çox təəssüf ki, bir virusdan sonra başqa biri ortaya çıxacaq. Peyvənd etdirən insanlara belə, deyilir ki, tam rahat olmayın. Bundan əlavə peyvənd etdirənlərin özləri belə, daşıyıcı kimi başqalarını yoluxdura bilər. Ona görə də biz tamamilə başqa bir toy modelinə keçməliyik”.
Mütəxəssis nəzərdə tutduğu toy modelinin, əslində bizdə əvvəldən olduğunu söyləyib: “50 yaşından yuxarı adamlardan soruşsanız, onlar xatırlayar. Vaxtilə kənd yerlərində toylar payızda edilirdi. Bu proses məhsullar yığılandan havalar soyuyana qədər davam edirdi. Həmin toylar 3 gün olurdu. Bu toylarda rəqs meydançasında rəqs edən qonaqlar toyu şənləndirir, çıxıb gedirdilər. Heç kim yemək məclisi düzəltmirdi. Ancaq başqa kəndlərdən, rayonlardan gələnlərə heç kimin görmədiyi bir yerdə yemək verirdilər. Həmin toylar kifayət qədər təntənəli keçirdi və hər kəs də öz toyundan razı qalırdı. İndi də bu haqda düşünmək lazımdır. Toyların dayanması hər kəsin işini çətinliyə salıb. Bir tərəfdən şadlıq sarayının işçiləri, digər tərəfdən şou-biznes əhli hay-haray salıb ki, dolana bilmirik. Əslində düz də deyirlər. Eyni zamanda da gənclər istəyir ki, toyları təntənəli, yaddaqalan olsun. Biz onlara deyə bilmərik ki, gedin xəlvət evlənin və ya get qızı götür, gəl evə. Bu da düzgün deyil. Vəziyyətdən çıxış yolu var”.
Sosioloq çıxış yolunu köhnə toy modellərinə dönməkdə görür: “Şadlıq saraylarının çoxunun açıq havada toy təşkil etmək imkanı var. Vaxtilə kəndlərdə keçirilən o toyları may ayından başalayaraq havalar soyuyanacan indi də keçirə bilərik. Toyu açıq havada elə təşkil etmək olar ki, karantin qaydalarına da əməl edilmiş olunsun. İnsanların rəqs meydançasında rəqs etməsi, şənlənməsi üçün şərait yaratmaq mümkündür. Qonaqlar çox olacağı təqdirdə də, onları hissə-hissə dəvət etmək olar. Onsuz da yemək məclisi yoxdursa, qonaqlar bir saatdan, saat yarımdan artıq məclisdə ləngiyən deyillər”.
Həmsöhbətimiz toy etməyib, vəziyyətin əvvəlki vaxta dönəcəyini gözləyənlərdən də danışıb: “Toy etməyənlər bunu həm pandemiya şəraitinə görə etmirlər ki, xəstəlik yayılır, həm də valideynlər istəyirlər ki, illərdir toylara gedib yazıldıqları pulları camaatdan geri yığa bilsinlər. Amma dediyimiz kimi toy modelinə keçid etsək, valideynlər də qonaqlara dəvətnamə göndərəcək, onlar da gəlib pullarını yazılacaqlar. İndi kimsə gəlib pul yazılıb gedə bilər, kimsə də rəqs edər, şənlənər. Beləcə mövcud problem həll olunmuş olur”.
Qəşəmoğlu deyib ki, toy edənlərlə qonaqların problemi həll olunur, bircə şadlıq sarayı sahiblərindən başqa: “Belə olacağı təqdirdə şadlıq sarayı rəhbərləri dilxor olurlar. Əslində, o böyük toylarda toy sahibi elə də bir şey qazanmırdı, qazanan restoran sahibləri olurdu. Toy sahibi desə də ki, “mən 5-6 cür yeməklə qonaqlarımı yola sala bilərəm”, amma restoran sahibləri deyirdi ki, “yox, bizim təqdim etdiyimiz menyu belədir, istəyirsən razılaş, istəmirsən də yox”. Qalan yeməkləri də soyuducuya yığıb təkrar süfrəyə verirdilər. Dəfələrlə şahidi olmuşam ki, məsələn, menyuda spirtli içki və s. olmasını istəməyiblər, amma restoran bildirib ki, “yox, biz bunu süfrəyə qoyacağıq”. Süfrəyə də qoyulanlar yeyildi-yeyilmədi, içildi-içilmədi, hesaba daxil edilirdi”.
“Koronavirus pandemiyasının yaxşı tərəfi o ola bilər ki, bizi bu toy mafiyasının əlindən xilas etsin. O zaman normal toy edə biləcəyik. İndiki halda toylarımızı dediyim formada təşkil edə bilərik. Lap toyda karantin qaydalarına əməl edilib-edilməməsinə nəzarət edən bir-iki polis əməkdaşı da ola bilər. Hamı da bilər ki, qaydalara əməl etmək lazımdır, əks halda cərimələnəcək. Lakin biz bunu etmirik. Primitiv yanaşırıq ki, köhnə toylar olmaz. Əlbəttə ki, olmaz. Dövran bunu qadağan edib. Olmazsa, bəs yenisini düşünən niyə yoxdur? Əgər uyğun idarələr bununla maraqlansa, sözügedən toy modelini təfərrüatları ilə işləyib təqdim edə bilərəm”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Restorator Şakir Bağırov da deyib ki, mövcud vəziyyət toy məclisləri ilə bağlı xoşagəlməz məqamları yaxşılaşdırmaq üçün bir köməkdir: “Biz bu əsnada toy məclislərinin təşkilində elə bir düzəliş edə bilərik ki, həm toy edənlər razı qalar, həm də bundan qazananlar. Bizdə toy bir az da borcdur. Pul yazılmaq ənənəsi var. İndi deyirlər ki, 40-50 nəfərlə toy edək. Bu, bizə yad bir şeydir. Elə valideyn var ki, illərdir toylara gedir, bircə övladı var və ona toy edib borcunu yığmaq istəyir. İllərdir ki, təşkil olunan toylara yüzlərlə qonaq dəvət edilirdi. Bəzən gələn qonaq heç bəy-gəlinin adını bilmirdi”.
“Önəmli məqamlardan biri də bu idi ki, yeməklərin keyfiyyəti diqqətdən kənar qalırdı. Bir çox hallarda çeşid-çeşid yeməklərin çoxu əl dəymədən süfrədə qalırdı. Mən tərəfdarıyam ki, toylarımızıda milli mətbəximizə üstünlük verilsin, amma bunu görə bilmirdim. Qiymətlər də baha idi. Müğənnilər yarım saatı 2-3 minə oxuyurdular. İndi bu vəziyyət bir fürsətdir ki, toylarımız barədə düşünək, müzakirə edib kiminsə narazı olmayacağı bir qərara gələk. İnsanlar arasında təbliğini aparaq, israfçılığın qarşısını da almış olarıq, keyfiyyətə də nəzarət edə bilərik”, - deyə ekspert bildirib.
“Bu pandemiya onsuz da olacaq, amma toy da bizim ənənəmizdir, qalmalıdır, “olmaz” deməklə olmur. Yemək zalları ilə rəqs zallarını ayırmaqla, toy saatını və qonaq sayını azaltmaqla bir yol tapmaq olar. Hesab edirəm, necə ki, başqa yerlərə daxil olanların temperaturu yoxlanılır, əlləri spirtlənir, eləcə də toya gələnlərin temperatoru yoxlanılaraq məclisə daxil ola bilər. İndi 500 nəfər çağırmarıq, 200 nəfər çağırarıq, hər halda ənənəni də davam etdirmiş olarıq”, - deyə Bağırov fikrini yekunlaşdırıb.
ayna.az