Ehtimal etmək olar ki, bu, müharibənin nətciələrindən narazı qalan Rusiya hərbi-siyasi rəhbərliyindəki qüvvələrin mövqeyidir
Yazıya 10 noyabr gecəsi baş verənləri bir az xatırlatmaqla başlayacağam. Bu, bu gün baş verənləri başa düşmək baxımından çox vacibdir. Beləliklə, Ermənistanın Baş naziri və Azərbaycan ilə Rusiyanın prezidentləri ortaq bir bəyanat imzaladılar. Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılması və bölgəyə bir Rusiya sülhməramlı kontingenti gətirilməsi barədə razılığa gəldilər.
Bu anlaşmanın üçüncü abzasında deyilir: “Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının bir sülhməramlı kontingenti - 1960 silahlı şəxsi heyəti, 90 zirehli avtomobil, 380 ədəd avtomobil və personal daşıyıcısı xüsusi texnika yerləşdirlir”.
Bəyanatın bu bəndində deyilən hər şeyi diqqətlə xatırlayaq.
İndi isə Azərbaycanın Qarabağ bölgəsinə səfərə gələn Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakovun təzəcə dediyi sözlərə diqqət edək. Yeri gəlmişkən, o, Qarabağa Bakıdan deyil, Ermənistan ərazisindən gəldi. Azərbaycan tərəfinin bir neçə dəfə Qarabağa Ermənistandan keçməmək kimi ədalətli bir tələb səsləndirməsi fonunda bu keçid çox əhəmiyyətli bir ştrixdir.
Daha irəli gedək. Buqakov sülhməramlılar üçün 250 yerlik növbəti blok-modul şəhərciyin Xankəndidə açılış və yerləşmə mərasimində iştirak etdi. Dərhal qeyd edirəm ki, 10 noyabr tarixli açıqlamada Rusiya sülhməramlıları üçün ayrı bir qəsəbə barədə heç bir söhbət getməyib.
Ancaq maraqlı yalnız bu deyil. “Bu gün 25 belə qəsəbənin avadanlıqlarını tamamlayırıq, istismara vermə və tənzimləmə işləri davam edir. 5 aprel tarixindən gec olmayaraq onlar da istismara veriləcək, yəni bütün sülhməramlılarımız təchiz ediləcək”, - deyə ordu generalı bildirdi.
Və onun verdiyi rəqəmlər insanı düşündürməyə bilmir. Axı, hər biri 250 yerlik 25 blok-modul şəhərciyi təchiz edilərsə, məlum olur ki, Rusiya sülhməramlılarının ümumi sayının ən azı 6250 nəfər səviyyəsinə çatdırılması planlaşdırılır. Orada dayanan sülhməramlılara xidmət etməli olan personalı da nəzərə alsaq, onda bu rəqəm daha da böyüyür. Hər halda, onlarsız da artıq biz 10 noyabr üçtərəfli bəyanatında xatırlanan 1960 sülhməramlıdan bir neçə dəfə çox olan 6250 rəqəmini bilərik.
Rusiyanın Gümrüdəki hərbi bazasında, təxminən 5000 rus hərbçisinin xidmət etdiyini xatırlamaq yerinə düşərdi. Yəni belə çıxır ki, Gümrüdəkindən daha çox Rusiya hərbçisinin Dağlıq Qarabağa yerləşdirilməsi planlaşdırılır? Bəli, Ermənistan Rusiya bölmələrinin Dağlıq Qarabağa daha yaxın ərazilərə köçürülməsində maraqlıdır. Onlar bunu dəfələrlə çox açıq şəkildə bildiriblər. Ancaq Azərbaycan buna razılıq verməyib. Dağlıq Qarabağ da Azərbaycandır. Və bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin açıq şəkildə etiraf etdi.
Bəs baş verənlərin fonunda biz hansı mənzərənin şahidi oluruq? Rusiya Prezidenti Vladimir Putinin imza atdığı bəyanata Rusiya açıq şəkildə məhəl qoymur? Rusiya tərəfinin bu cür hərəkətləri həm də Azərbaycan əsgərlərinin qanı bahasına azad edilmiş ölkəmizin ərazilərində Rusiya Federasiyasının real hərbi bazasının yaradılması planlarının olduğu əminliyinə gətirib çıxarır. Azərbaycan buna öz razılığını vermədi. Və verə də bilməzdi, çünki Azərbaycan Konstitusiyası başqa bir dövlətin hərbi bazasının ölkənin ərazisində yerləşdirilməsini qadağan edir.
Üstəlik, ölkəmiz 2011-ci ilin may ayından bu yana, dünyanın 120 dövlətini hərbi bloklara qatılmamaq prinsipi ilə birləşdirən, beynəlxalq bir təşkilat olan Qoşulmama Hərəkatının üzvüdür. Qeyd etmək vacibdir ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi onların statusu ətraflı müəyyən edilmədən baş verdi.
Milli Məclis onların statuslarını və mandatlarını dəqiqləşdirməli, mövcudluqlarının məqsədəuyğunluğunu müzakirə etməli, buna icazə verməli və ya verməməli idi. Təəssüf ki, sonunda tamamilə fərqli bir şey gördük. O zaman baş verən proseslərin müvəqqəti seytnot səbəbindən olması tamamilə mümkündür. Bu üçtərəfli bəyanatın hansı şərtlər altında imzalandığını hamımız xatırlayırıq. Əslində, bu, müharibənin gedişində baş verdi.
Ancaq müharibənin bitməsindən altı ay keçib. Və nə görürük? Marginal da olsalar, Rusiyanın müxtəlif siyasətçiləri tərəfindən, Rusiyanın daim ərazilərinin genişləndirilməsinin zəruriliyi barədə səslənən açıqlamalar görürük. Məsələn, birləşmiş “Ədalətli Rusiya - Vətənpərvərlər - Həqiqət Naminə” Partiyasının mərkəzi aparatı rəhbərinin müavini Nikolay Noviçkov açıq şəkildə bildirdi ki, “Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi başlayanda partiyanın nümayəndələri tanınmamış respublikanın sakinlərə müraciət etdilər... Münaqişəni birdəfəlik həll etməyin yeganə yolu Rusiyaya birləşmələridir. Başqa yol yoxdur, qalan hər şey simulyakrdır”.
Rusiya siyasi səhnəsinin necə olduğunu, Kremldə razılaşdırılmamış heç bir, özü də belə nəhəng miqyasda özfəliyyətə icazə verilmədiyini bildiyimiz üçün, ehtimal etmək olar ki, Rusiyanın, hətta üçüncü dərəcəli siyasətçilərinin dili ilə də olsa, yuxarıda deyilənlər Rusiya Federasiyasının müharibənin nətciələrindən narazı qalan hərbi və siyasi rəhbərliyindəki qüvvələrin mövqeyidir.
Və sonra, əvvəllər “DQR” adlanan, heç kim tərəfindən tanınmayan balaca bir sahədə rus dili rəsmi dil olaraq tanındı. Nə üçün? Ermənistanın özündə belə bir şey olmadığını və əksinə, məktəblərdə rus dilinin praktik olaraq öyrənilmədiyini nəzərə alaraq, buna ehtiyac nə idi? Başqa hansı xəbərləri eşidəcəyik? Onların arasında Qarabağ sakinlərinə Rusiya pasportlarının paylanması barədə xəbərlər olacaqmı? Suallar, suallar və yenə də suallar.
Rəsmi Bakı isə 10 noyabr bəyanatında imzalanan bəndlərə riayət edilməsini tələb edərək, bu sualları Rusiya tərəfinin qarşısına qoymaq məcburiyyətindədir. Çünki artıq Azərbaycan ictimaiyyətində Rusiya tərəfinə ünvanlanan çoxlu suallar toplanıb. Üstəlik, hamımız Dağlıq Qarabağın Rusiya Federasiyasının informasiya məkanında nə qədər yer tutmasını çox aydın müşahidə edirik. Əvvəllər heç vaxt belə olmayıb...
ayna.az