Yaxud, əsasən seyidlərin dəfn olunduğu qəbiristanlıq
“Masallıda.az” saytının redaktoru Faiq Hüseynzadənin təqdimatında

Türbə adından da göründüyü kimi Seyidağa adlı şəxsin adını daşıyır. Baba Seyidağanın tam adı və kimliyi barədə dəqiq məlumat olmasa da, Seyidağa adını daşıması onun seyid, peyğəmbər nəslindən olmasının göstəricisidir. Eyni zamanda Seyidağa adının qarşısında “baba” sözünün yazılması onun böyük ruhani alimi, təriqət başçısı olduğunu söyləməyə əsas verir. Tarix elmləri doktoru Məşədixanım Nemət Azərbaycan pirləri kitabında yazır: “ərəbcə "şeyx", "həzrət", farsca "pir", azərbaycanca "baba", "ağa" sözləri orta əsrlərdə müsəlman ölkələrində ləqəb olub və bu adlar böyük ruhani alimlərə, təriqət başçılarına verilib”
Görünür Baba Seyidağa da böyük ruhani alim kimi dini təbliğ eləmək üçün orta əsrlərdə bu əraziyə gəlmiş, Mahmudavarda yaşamış və burada vəfat etmiş, qəbri müqəddəsləşdirilərək ziyarətgaha çevrilmişdir.
Tarixçi Musarza Mirzəyev “Mənim Masallım” kitabında Baba Seyidağa üçün qoyulmuş başdaşının orta əsrlərə aid olduğunu və üzərində günəş təsvirinin həkk edildiyini yazır.
Seyid Miri Musa oğlu Əliyev (1927-1991) şəxsi vəsaiti hesabına Baba Seyidağanın qəbri üstündə qırmızı kərpicdən türbə tikdirmiş, ocağa gedən yolu təmir etmiş və yolun üstündəki çayın üzərindən körpü saldırmışdır.
Bölgəmizin “Baba”ları

Baba Seyidağa türbəsi Masallı rayonunun tanınmış dini-tarixi abidələrindən biridir. Buraya müxtəlif yerlərdən ziyarətə gələnlər olur. Türbə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci iltarixli 132 saylı qərarına əsasən 4904 invertar sayı ilə XVI əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. Həmçinin Türbənin yerləşdiyi Baba Seyidağa qəbiristanlığı da orta əsrlərə aid edilərək yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmışdır.
“Baba” adı Mahmudavar sakinlərinə çox bağlı olduğu üçün buradakı tanınmış istirahət mərkəzini də “Baba bulağı” adlandırıblar.
Ötən ilin yay aylarında bu ziyarətgahın tarixindən bəhs edən qısa rolik hazırladım. Roliki izləmək üçün link burda:
Qeyd: Təqdim etdiyim yazıda tarixçi-etnoqraf Musarza Mirzəyevin “Mənim Masallım”, “Mahmudavar” və tədqiqtçı-tarixçi İldırım Şükürzadənin “Lənkəran Bölgəsinin Tarixi-Memarlıq Abdiləri” kitablarından mənbə kimi istifadə etmişəm.