Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əsl səbəbi bilinməyən aviaqəza – Suxumiyə uçan təyyarədə iki erməni məmurunu kim məhv edib?


22 mart 1925-ci ildə Tiflis yaxınlığında “Junker F.13” sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi rəsmi olaraq “yanğın nəticəsində bədbəxt hadisə” göstərilsə də, çoxları buna şübhə ilə yanaşıb. O cümlədən Kreml üçün də bu rəsmi məlumat inandırıcı görünməyib.
Təyyarədə cəmisi beş nəfər olub, iki nəfər təyyarə heyətinin üzvü (Şpil və Saqaradze) və üç nəfər sərnişin. Sərnişinlər tanınmış şəxslər olduğundan qəzanın baş vermə səbəbinin fərqli olduğu düşünülüb. Belə ki, həmin gün Tiflis-Suxumi reysini icra edən təyyarədə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının Xalq Komissarları Soveti sədrinin müavini, SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü Aleksandr Myasnikov (Myasnikyan, milliyətcə erməni), Zaqafqaziya Fövqəladə Komissiyasının (ÇK) sədri Solomon Moqilevski və Zaqafqaziya fəhlə-kəndli inspeksiyası komissarının müavini Georgi Atarbekov (milliyyətcə erməni) uçublar.
Təyyarə günorta saatlarında havaya qalxaraq Suxumiyə istiqamət alıb. 15 dəqiqədən sonra Tiflis aeroportuna məlumat daxil olub ki, təyyarə göydə alışıb. Təyyarənin göydə alışma səhnəsini görən şahidlər ifadələrində göstəriblər ki, təyyarə havada alışmağa başlayanda iki nəfər tullanıb, bir neçə saniyədən sonra isə təyyarə yerə çırpılıb. Qəza nəticəsində təyyarədə olan beş nəfərin hamısı həlak olub.
Alexander_Myasnikyan_(2).jpg (65 KB)
                                                                     Aleksandr Myasnikov
Təyyarənin hansı şəraitdə qəzaya uğraması araşdırılanda rəsmi rəydə göstərilib ki, sərnişinlərdən kimsə söndürülməmiş kibriti təyyarənin döşəməsinə atıb və bunun nəticəsində salonda yanğın baş verib. Rəydə o da vurğulanıb ki, təyyarənin heç bir texniki nasazlığı olmayıb.
Bu rəy və göstərilən səbəb Kremli, o çümlədən İosif Stalini qane etməyib. O, həmin dövrdə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının birinci katibi Serqo Orconikidzeyə məktub ünvanlayıb, təkrar araşdırma aparılmasını tələb edib. Məktubda bu sətirlər də öz əksini tapıb:
“Əldə olunan bəzi məlumatlara görə, Myasnikovun, Moqilevskinin və Atarbekovun həlak olması təsadüfi deyil, qəza qəsdən törədilib. Moqilevski və Atarbekov iki çekisti güllələdiyinə görə onlardan qisas alınıb, Myasnikov isə erməni olduğuna görə öldürülüb. Yeni araşdırmaların aparılmasını vacib sayıram...”
Железный_Геворк.jpg (59 KB)
                                                                    Georqi Atarbekov
Orconikidze Stalinin göstərişindən sonra Moskvadan da mütəxəssilər dəvət etməklə yeni araşdırmalara başlayıb. Araşdırmalar nəticəsində belə bir ilkin rəyə gəlinib ki, Stalinin ehtimal etdiyi qisasdan heç bir söhbət gedə bilməz.
Təyyarə qəzası ilə bağlı ortaya digər versiyalar da çıxıb. Həmin versiyaların birinə görə, qəza Lavrenti Beriyanın əli ilə törədilib. Həmin vaxt Beriya Soloman Moqilevskinin müavini vəzifəsində işləyib. Beriyanın üçlüyü aradan götürmək planı səbəbsiz olmayıb. Georgi Atarbekov inqilabi hərəkatlar zamanı Bakı ilə sıx əlaqədə olduğundan və bir müddət Bakıda yaşadığından Azərbaycanda gedən proseslərə, o cümlədən Lavrenti Beriyanın qaranlıq keçmişinə yaxından bələd olub. O, bu haqda Myasnikovu və Moqilevskini də məlumatlandırıb.
3-6.jpg (52 KB)
                                                              Solomon Mogilevski
Beriya yaxşı anlayıb ki, bütün bunlar onun gələcək karyerasında problemlər yaradacaq, əngəllər törədəcək. Məhz bu səbəbdən də o, son çıxış yolu kimi üçlüyün aradan götürülməsini planlaşdırıb. Araşdırmaçılar Lavrenti Beriyanın hansı xislətə malik olduğunu və mövcud vəziyyəti nəzərə alaraq bu versiyanın inandırıcı olduğunu bildiriblər.
Bu versiya ilə bağlı daha bir fakt ondan ibarətdir ki, təyyarə qəzasından bir neçə gün sonra Beriya Moskvada Stalinlə görüşüb. Həmin görüşdə o, Stalinə Moqilevskinin və Atarbekovun Zaqafqaziyada tətbiq etdikləri haqlı-haqsız cəza tədbirləri haqqında ətraflı məlumat verib, bildirib ki, onların yerli əhaliyə, xasusilə də Gürcüstanda insanlara qarşı amansız mövqedə dayanıblar. Beriya Stalini inandırmağa çalışıb ki, bu cür münasibət yerli əhali ilə “ÇK” arasında kəskin qarşıdurmaya səbəb olacaq və bu qarşıdurma o həddə çatacaq ki, onun qarşısını almaq mümkün olmayacaq.
Təyyarə qəzası ilə bağlı araşdırmalara heç bir nəticə yeni nəticə əldə olunmadan qısa müddətdən sonra son qoyulub.
320455.jpg (54 KB)
                                                                 Beriya
Bir tərəfdən Lavrenti Beriyanın təsiri, digər tərəfdən isə dəfn mərasimində Lev Trotskinin alovlu nitqi və bu nitqi ilə həlak olan hər üç nəfərlə siyasi məsələlərdə də həmfikir olduğunu bir daha təsdiqləməsi Stalini bu məsələnin dərindən araşdırlması fikrindən daşındırıb. Bəlkə də Trotskinin tərəfdarlarının aradan götürülməsi Stalinin ürəyincə olub.
Lavrenti Beriya isə təyyarə qəzasından çox keçməmiş öz “şef”inin, Soloman Moqilevskinin vəzifəsini tutub, onun kreslosunda əyləşib.
Göründüyü kimi, “hər şeyə qadir” Beriya bu statusu “NKVD” başçısı olanda qazanmayıb. O, hələ çox-çox əvvəllərdən də hər şeyə qadir olub.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10