Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Salam Sarvandan yeni silsilə: “Sən hər dəfə paltarını dəyişəndə...”


Tanınmış şair Salam Sarvanın “Boy sırasıyla rəqs” şeirini təqdim edirik.
Boy sırasıyla rəqs
1.
İnsan vücudunun təkamülünü göstərən şəkildə
qədd dikələ-dikələ gedir.
Sıranın sol ucundakı meymun
sağ ucundakı insanın dalınca düşüb.
2.
Kafedə ikimizik...
Kürəyi pəncərəyə tərəf oturduğundan
tez-tez dönüb arxaya baxır.
Bəşərin dilsiz vaxtlarının aramıza girmiş sükutunu pozuram:
Fransızlarla ingilislərin mühairbəsi nə qədər çəkib?
Yüz il.
Bəs Tanqoda rəqqasənin başını qəfildən geri döndərməyi?
Bir saniyənin neçədəbiri.
3.
Zahirən maraqsızdı.
Saçları solğundu, düzümsüzdü, daraqsızdı.
Makiajsız olduğundan üzündəki çopurlar gözə soxulur.
Dişləri siqaretdən saralıb.
Dodağı bir tərəfdən aşağıya doğru əyridi.
Bu tablonu tamamlayacaq bircə şey çatmır:
yanağa pinticəsinə dağılan göz yaşı.
O isə hey gülür, hey gülür.
4.
Gülüşü kobuddu.
Təsəlli naminə bu qabalığa bir məna düşünürəm:
qaval daşı kimi səslənən bu qəhqəhədən
nə yonub-düzəltmək olar axı?
göy gurultusu?
şəlalə şırıltısı?
dörd ünsür arasında qırılmış əlaqənin şaqqıltısı?
Bu fikirdəykən barmağıma dəyir
əlimdəki daşyonan çəkic.
Mən dişimi dişimə sıxıram,
o isə yenidən qəhqəhə çəkir.
5.
Üzümə baxanda baxışlarını xəsis-xəsis nazildir:
sanki qapının ağzına sel kimi yığılan Gün işığını
açar deşiyindən damcı-damcı salır otağa.
Mənsə onun bu halını görüb düşünürəm:
azadlıq – dərk olunmuş zərurətsə,
deməli azadlıq yoxdu,
sadəcə, dərk olunmuş zərurət var...
6.
Sonra onu içindəki zümzümənin ritmi altında
rəqsə dəvət eləyirəm.
Ayağa qalxıb, üzbəüz dayanır.
Lap yaxından baxanda elə bilirəm,
üzündəki qüsurlar cırmaq yerləridi.
Və birdən o mənə tanış gəlməyə başlayır
uşaqlıq yaddaşımdan:
kəndimizdə ancaq qocalar öləndə fəryad qoparıb
üzünü cıran Tamamzər xala?
Sən kimsən, a bala?
Mən on yaşında oyuncaq tapançasını gicgahına dirəyib
intihar eləmək istəyən həmin oğlanam.
7.
Barmaqları ucuna qalxanda boyumuz bərabərləşir.
Başdan-ayağa süzürəm onu:
yazı taxtasının silgisi kimi
canına illərin ötəri yazılarını çəkmiş bir bədən.
Tale yox, məhz qəzavü-qədər.
İndiyəcən ruhuna eşq elan olunmamış fani.
Sevgiyə möhtac... nə? nə? nə?
Məsələn, sevgiyə möhtac su ilanı.
8.
O isə içimdəki senarinin filmini çəkir gözləriylə:
boy sırasıyla düzülmüş sovet əsirləri...
ən hündürünün və ən gödəyinin arasında
yerbəyer olmuş qalanları.
Qalanları – sadəcə iki nöqtəni birləşdirən xətt.
9.
Sonra barmaqlarının ucundan adi duruşuna enməyə başlayır.
Kirpikləri ilə həmahəng olan bu eniş on il çəkir.
Nəhayət, gözlərinin yumulmasından bilirəm:
hərəkət bitdi.
Və dərhal çıxıb gedir.
Arxasınca baxıram.
Kürəyi pəncərəyə tərəf yeridiyindən
qəfildən başını geri döndərib arxaya baxır tez-tez.
Diksinirəm: vay-vaay...
heç demə, bayaq mən onu
rəqsdən adi həyata dəvət eləmişəm.
10.
Ey uca dağlar və ey dəniz səviyyəsi,
onun sevilməyə nəyi çatmayıb indiyəcən?
Bircə bu bəraət bəs deyildimi:
əsas odur, solmuş güllərdən pis qoxu gəlmir.
11.
O vaxtlar tam azad deyildim mən:
mənəvi tarazlıqçün dosta-qohuma,
maddi tarazlıqçün işə bağlıydım.
Hərəkətin məğzi tamamlanmır əsaya söykənib gəzərkən.
Əsl azadlıq əşyalarla, adamlarla
bağlar qırılandan sonra gələcəkdi.
Məsələn, nə vaxt ki o öləcəkdi.
12.
Və onun ölümünü gözləməyə başlayıram...
Ayda bir məktub yazır.
Amma heç birini açmıram:
onsuz da bircə söz yazıla bilərdi hər məktubunda:
mən sağam.
13.
Günlərin birində...
Səhər idmanında qolum yuxarı qalxmır.
Naharda tikə keçmir boğazımdan.
Gecə qıvrılıram yatağımda –
naməlum kişi meyitini tanımağa gələn adamların
əlləriylə o üz-bu üzə çevrilirəm.
14.
Birtəhər yataqdan qalxıb diz üstə çökürəm.
Məktublarını qarşıma töküb bir-bir açıram.
Hamısında bircə söz yazılıb: mən ölmüşəm.
Boğazımı qəhər tutur.
Bayırda külək əsir –
dəni samandan dəqiqliklə ayıran külək...
15.
Həmin gün qaraçı qiyafəsində bir arvad girmişdi kafeyə.
Üzərlik kimi tüstülənən gözlərini otaqda fırladıb ona zilləmişdi:
əlini ver falına baxım...
Bir anlıq tərəddüddən sonra əlini falçıya uzadarkən
yerimdən dikəlib əlindən öpmüşdüm.
Falçı barmaqlarını həmin öpüşün yerində
gəzdirəndən sonra demişdi:
qızım, sən hər dəfə paltarını dəyişəndə
yaralarının sarğısını dəyişirsən sanki.
17.
Vəssalam? Elə bu?
Bəs bu qızın gələcəyindən heç nə deməyəcəksən?
Mən falçı deyiləm axı, oğlum –
mən Patriarxın bir vaxtlar dəli kimi sevdiyi
Manuela Sançesəm...



kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10