Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Məni döyüb yanan ocağın üstünə atdılar...” - 26 gün erməni əsirliyində...


Bir neçə gün sonra Xocalı faciəsinin 29-ci ildönümü qeyd olunacaq.
 
H.Quliyev o anları Moderator.az-a belə nəql edib:
 
“Mən 1966-cı ildə Xocalıda anadan olmuşam. Onda 26 yaşım var idi, ermənilər artıq Xocalını atəşə tutmağa başlamışdılar. Ona görə də mən də Milli Qəhrəman Tofiq Hüseynovun rəhbərlik etdiyi tabora qoşuldum. Daha sonra onun göstərişi ilə post komandiri təyin edildim. Fevralın 25-dən 26-na keçən gecə atışma başladı. Onda mən də gəlib ailəmi tapdım, onlar anamgildə idi. Ermənilər guya insanların çıxması üçün koridor yaratmışdılar və ordan çıxmalı idik. Əslində isə adamları orda qırırdılar. Ona görə də meşə tərəfə üz tutduq. Qarqar çayına çatanda əkiz uşaqlarımı götürüb çayı keçdim. Bir az irəliləmişdik ki, atışma başladı və bizdən öndə gedən camaat ermənilərin pusqusuna düşdü”. 
 
“Təslim olmadım və bu mənə ölümdən betər olardı...”
 
“Düşmən hər tərəfdə pusqu qurmuşdu və hamını da qıdırdılar ki, Xocalı faciəsinin bir nəfər də şahidi olmasın. Biz də ermənilərin mühasirəsinə düşdük və silahı yerə qoyun dedilər. Təslim olmadım və bu mənə ölümdən betər olardı. Ona görə qayanın arxasına keçdim. Yanımda olan Məmməd kişini isə ermənilər vurdular və o, qayadan aşağı yuvarlandı.  Mən qayanın arxasından bizə atəş açan üç ermənidən birini vurdum. Mən də özümü qayadan atdım və yerə düşən  kimi bir az huşsuz vəziyyətdə qaldım və daha sonra özümə gəlib meşə tərəfə getdim. Bir az getmişdim ki, yanıma mərmi düşdü və məni onun valnası tulladı. Yerə düşdükdən sonra huşumu itirdim. Özümə gəldikdən sonra yerimək istəsəm də, mümkün olmadı. Ayaqlarıma qəlpələr dəymişdi”. 
 
“Hərbçi olduğum üçün məni döyməyə başladılar...”
 

 
“Bir də baxdım ki, artıq gecdi, hər tərəfim ermənilərdi. Hərbçi olduğum üçün məni döyməyə başladılar. Nə qədər fəhləyəm desəm də, inanmadılar. Çünki əynimdə hərbi forma var idi. Bizi donuz fermasına salmışdılar. Orda məni ölümünə döyüb yanan ocağın üstünə atmışdılar. Ermənilər elə bilib ki, artıq ölmüşəm, amma qayınatamgil məni ordan götürüb yanan gödəkcələrimi əynimdən çıxarıblar”. 
 
“Məni dəyişməyə gətirəndə artıq ölümcül vəziyyətdə idim...”
 
“26 gün mənə olmazın işgəncələrin verdilər. Barmaqlarım, iki çiynim sınmışdı. Sadəcə idmanla məşğul olduğum üçün bədənim bütün bu işgəncələrə dözmüşdü və ölməmişdim. Donuz fermasında yerdə taqətsiz vəziyyətdə qalmışdım. Elə oldu ki, məni dəyişmək üçün ora adamlar gəldi. Dedilər ki, Hüseynağa kimdir? Cavab verməyə taqətim olmadı. Yanımda olan adamlar dedilər ki, Hüseynağa burdadır. Məni dəyişməyə gətirəndə artıq ölümcül vəziyyətdə idim. Qollarıma girib məni qaytardılar. Daha sonra xəstəxanaya yerləşdirildim və uzun müddət müalicələrdən sonra özümə gəldim. Amma indi də səhhətimdə ciddi problemlər var”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10