Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

12 fevral 1988: qanlı müharibəyə start verildiyi gün – Azərbaycanın 2-ci şəxsi Xankəndidən necə qovulub...


12 fevral Dağlıq Qarabağdakı separatçı rejim üçün “xüsusi” gün sayılır. Məhz 1988-ci ilin bu günündə Xankəndi şəhərində millətçi ermənilərin ərazi iddiası açıq şəkildə bəyan edilib.
Həmin gün Xankəndi şəhər partiya komitəsində şəhər fəallarının yığıncağı keçirilib. 1940, 1950, 1960-cı illərdə millətçi ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tabeliyinə verilməsini vilayətin iqtisadi cəhətdən inkişafı ilə “əsaslandırırdılarsa”, sözün gedən iclada fərqli fikirlər səsləndirilib. Bu dəfə onlar vilayətdə erməni əhalinin Azərbaycan rəhbərliyi tərəfindən sıxışdırılması, onıara daim təzyiq göstərilməsi, vilayətin sosial-iqtisadi vəziyyətinin acınacaqlı olması kimi heç bir əsası olmayan fikirlərlə çıxış ediblər.
Yığıncaqda Azərbaycan KP MK-nın ikinci katibi Vasili Konovalov və Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin müdiri Məhəmməd Əsədov da iştirak edib.
Məcrasından çıxan yığıncağı Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci katibi Boris Gevorkov da sakitləşdirə bilməyib. Erməni fəalların çıxışlarına isə Xankəndi şəhər partiya komitəsinin birinci katibi Zaven Movsesyan lazımi şərait yaradıb.
big_1362462199_6337531.jpg (203 KB)
Həmin ərəfədə vilayət hələ 1987-ci ilin sonlarında Xankəndidə fəaliyyət göstərən müəssisələrin direktorlar şurası (gizli yaradılıbmış) tərəfindən idarə olunub. Bu şuraya Xankəndi tikinti materialları kombinatının direktoru Arkadi Manuçarov, aqrar-sənaye kombinatının direktoru Henrix Poqosyan, Xankəndi ipək kombinatının partiya təşkilatının sədri Robert Koçaryan, “avtokolon” müəssisəsinin rəisi Maksim Mirzoyan və s. daxil olublar.
İclasda Məhəmməd Əsədovun erməni millətçilərinə sərt təpkisi yığıncaq iştirakçılarını daha da qıcıqlandırıb. İclasın gedişi zamanı Zaven Movsesyan akt zalını tərk edərək kabinetindən Kremllə əlaqə saxlayıb. O, Mixail Qorbaçovun köməkçisi ilə danışaraq bildirib ki, Xankəndi şəhərinə ezam olunan Azərbaycanın rəhbər işçiləri, Konovalov və Əsədov vilayətdə milli münaqişələri daha da qızışdırırlar.
1462811915_13119772_1155740127811952_9130597499268591425_o.jpg (181 KB)
Erməni millətçilərinin iclasdakı əsas tələbi sessiya keçirərək vilayətin Ermənistanın tərkibinə verilməsini müzakirəyə çıxarmaq olub. Onlar əks təqdirdə davamlı mitinqlərin və nümayişlərin başlanacağını bildiriblər.
Eyni məqsədlə və eyni tələblə ilk olaraq keçmiş Hadrutda və Əsgəranda da rayon fəallarının iclası keçirilib. Bu yığıncıqlardan sonra Xankəndi şəhərində olduğu kimi kütləvi mitinqlər başlanıb.
Maraqlı məqamlardan biri odur ki, Xankəndi fəallarının iclasında Zaven Movsesyanın Kremllə telefon danışığından 20-30 dəqiqə sonra Vasili Konovalov şəhərin birinci katibinin kabinetində telefona çağırılıb. Ona Məhəmməd Əsədovla birlikdə şəhəri tərk etmək barədə göstəriş veriblər. Zəng Bakıdan, Mərkəzi Komitədən gəlib.
1462811654_13147715_1155740774478554_4020520606768881689_o.jpg (171 KB)
Sonralar Vasili Konovalov öz xatirələrində bu haqda yazıb:
“Biz fevralın 11-də Xankəndi şəhərinə ezam olunmuşduq. İki gün ərzində mənə iki dəfə zəng olundu ki, Xankəndini tərk edim. Birinci dəfə İrəvandan Qarabağ hərəkatının başçılarından biri olan İqor Muradyan mehmanxanaya zəng vurdu. Fikrini qısa və konkret bildirdi: “Şəhəri təcili tərk edin”. İkinci dəfə isə məni yığıncağın gedişatı zamanı Xankəndinin birinci katibi Zaven Movsesyanın kabinetinə çağırdılar. Eyni sözlər təkrar olundu. Mən onda bildim ki, bu münaqişə dərin köklərə gedəcək. Təsəvvür edin ki, İrəvandan heç bir səlahiyyətə malik olmayan bir şəxs Azərbaycan KP MK-nın ikinci katibinə zəng vurur və ona göstəriş verir...”
stepanakert-mitinq-1988.jpg (128 KB)
Bəli, danılmaz faktdır ki, fevral hadisələrində Azərbaycan rəhbərliyi Dağlıq Qarabağda ev sahibi kimi hadisələrə müdaxilə edə bilməyib. Bəlkə də etmək istəyiblər, amma siyasi gücləri, iradələri, Moskvadan asılılıqları buna imkan verməyib.
Bunun nəticəsi olaraq fevralın 13-də, hələ SSRİ-nin mövcud olduğu, sovet rejiminin hökm sürdüyü bir vaxtda Xankəndi şəhərində ermənilərin kütləvi və davamlı mitinqləri, nümayişləri başlanıb. Xankəndi şəhərinə silahlar daşınıb, silahlı dəstələr yaradılıb.
1980-ci illərin erməni “qəhrəmanları” 30 illik bir dövrdə 12 fevral tarixi haqqında “qürurla” danışıblar. Bu tarixi özünəqayıdış və dirçəliş günü kimi təqdim ediblər, məhz böyük “qələbələrin” bu tarixdən başlandığını söylyiblər.
TASS_295723.jpg (127 KB)
Ancaq uzağı görməyən, amma uzağa getmək istəyən ermənilər indi susmağa məcbur olublar. 44 günlük müharibə millətçi ermənilər üçün elə bir dərs olub ki, indi onlar yaddaşlarını belə çözələyib keçmişlərini xatırlaya bilmirlər. Azərbaycanın mirvari şəhəri olan Xankəndidə Azərbaycan bayrağı dalğalananda isə bütün dünya Ermənistanın hansı vəziyyətə düşməsinə şahidlik edəcək. O gün uzaqda deyil...
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10