Daha bir masallılı yazarı, gənc xanım Zeynəb Şahı sizə təqdim edirik. Masallı şəhərində anadan olub, burada təhsil alıb, hazırda valideynləri ilə birgə Bakıda yaşayır. İlk qələm təcrübələridir. İrad tutmağa tələsməyin. Təqdim etdiyim hekayəsində zərif duyğuları dəyərləndirməyə çalışın. Uğurlar, Zeynəb xanım.
İki saniyənin sehri
İki saniyə hər insan ömründə çox qısa bir zamandır. Elə mənim üçün də. Lakin həyatımda iki saniyəlik bir parça var ki, mənim onu ömrümün heç saatına, gününə, hətta illərinə dəyişmərəm. Bu 2 saniyə mənim üçün heykəlləşib. Elə heykəl ki... varlığımdakı hər şeydən uca da dayanır. İçimdəki bu heykəlin önünə xəyalən tər çiçəklər qoyur, bu heykəlin önündə hər gün kövrəlir, hər gün duruluşar, sanki hər gün eyni, sevdalı bir aləmə qovuşuram.
Mətləbə keçim. Bu iki saniyənin tarixcəsini danışım.
Aylardan dekabr, günlərdən çərşənbə axşamı idi. Saat ona qalırdı. Hava qaralmış, soyuq küləklər ətrafı əsir almışdı. Avtobusdaydıq... mən və rəfiqələrim. Dayanacağa çatdıq və avtobusdan düşdük. İşıqforda qırmızı işıq yanmadığı üçün keçidə tərəf üz tutduq. Yenicə keçidə düşmüşdük ki, səni gördüm. Beş-altı nəfərdən ibarət, bir qrup gəncin arasından, gözlərim səni gördü, baxışlarım səni seçti. Sanki ətrafda hər şey qeybə çəkildi-təkcə sən qaldın, bir də sənəə tuşlanmış baxışlarım.
Dostlarınla birlikdə, başqa bir dostunun gəlişini gözləyirdin. Nə təsadüf ki, o dostun bizimlə eyni avtobusdan düşmüşdü və bir addım qabağımızda irəliləyirdi. Dostunu gördükdə bütün dostların onu sevinclə qarşıladı, sən isə bir addım kənarda, yəni ki, olduğun yerdə dayanmışdın və sadəcə gülümsəyirdin. Ah!.. o gülümsəmən. Qaranlığı aydınladacaq gücə malik olan gülümsəmən.
Qara rəngli dəri pencək və eyni rəngli cins şalvar geyinmişdin. Soyuq hava üçün heç də uyğun bir seçim deyildi. Üşüdüyün hər halından bəlli idi. Əllərini mənim kimi pencəyinin ciblərinə gizlətmişdin ki, sanki soyuq hava gəlib onları tapa bilməsin. Bir anlıq mənə baxdın... Gözlərimi gözlərindən qaçırtdım. Sənə tərəf baxmamağa çalışdım.
Amma 2 saniyə! 2 saniyəlik, qısa bir zamanda gözlərim gözlərinə təmas etdi. Sanki bütün ruhumu iş\al etdin.
İçində sevinclər, kədərlər və hətta uçurumlar gizlətdiyin o qara gözlərinə, cəmi 2 saniyə baxdım. Gəlib yanından keçdim və pilləkənlərə doğru irəlilədim. Arxaya dönüb gözlərinə yenidən baxamağa cəsarətim çatmadı. Çünki, gözlərindəki uçurumlardan düşməkdən qorxdum! Bəli qorxdum, cənab! Səni sevməkdən, sənə bağlanmaqdan, gözlərinə uzun-uzun baxıb əriməkdən qorxdum. Buna görə də arxaya dönüb baxmadan getdim.
Mən getdiyimi düşündüm, cənab. Lakin, gözlərim gözlərində, sevgim ürəyində, duyğularım səndə, düşüncələrim sən olan məkanda qaldı. Mən yarım qaldım, yarım isə səndə qaldı...
Gəlsəm əgər o keçidə, yenə orda olarsanmı? Baxışlarını mənə yenə layiq görərsənmi? Gülüşünü seyr etməyə icazə verərsənmi? Mənə yenidən sadəcə 2 saniyə bəxş edərsənmi?
Bir gün, hər kəsin yaşayacağı və yenidən yaşamağı arzulayacağı iki saniyəsi olacaqdır!
Zeynəb Şah