Masallılı gənc şairə Asiya Ağazadənin şeirləri
Masallının yaradıcı qadınları az deyil. Biz imkan olduqca onları sizə təqdim edirik. İqtisadçı alimimiz, türk dünyasının dəyərli şairə xanımı Rəsmiyyə Sabir qızını (Ərkivan qəsəbəsi) yəqin ki, çoxlarınız tanıyır. Bizim təqdimatımızda tərcüməçi xanım Aybəniz Cavadzadənin (Boradigah qəsəbəsi), Rəna Qədiyevənin (Viləş kəndi), Səma Qasımovanın (Masallı şəhəri) yaradıcılığı ilə oxucular ətraflı tanış olublar. Bu yaxınlarda isə gənc yazar Zeynəb Şahı (Masallı şəhəri) sizə təqdim edəcəyik. Bu günki qonağımız isə Asya Ağazadə (Viləş kəndi) imzası ilə yazan gənc müəllimə - şair Əfsanə Ağayevadır.
Kiçik təqdimatdan sonra onun olduqca kövrək və həzin şeirləri ilə tanış ola bilərsiniz.
Ağayeva Əfsanə Məhəmməd qızı 1982-ci ildə Rusiyanın Saratov şəhərində müəllim ailəsində anadan olmuşdur. İlk təhsilini Kalinovka (indi Viləş) kənd məktəbinin rus sektorunda almış, sonradan elə həmin məktəbdə müəllim kimi fəaliyyətə başlamışdır.
Hal-hazırda S.Hacıyev adına Viləş kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyir. Peşəsini çox sevir.
İki övlad anasıdır. Yaşamaq, yaşatmaq çabası onların işıqlı gələcəyi üçündür.
Zamanının çox hissəsi məktəbə, şagirdlərinə, evdə övladlarına sərf olunur, amma bununla yanaşı sevdiyi işlərə də zaman ayırır.
Mütaliə etməyi, şeir oxumağı, şeir dinləməyi çox sevir və arada öz dili ilə desək, bir az da “cızma-qara” da edir. Bu aralar səhhəti ilə bağlı olaraq ruh halı həssas olduğu üçün şeirləri bədbin ruhda olsa da, bir gün sağalıb xoş əhvallı, nikbin şeirlər də yazacağına ümid edir.
Ümidlərim göynəyir sol yanımda.
Ümidlərim göynəyir sol yanımda,
Üzür məni dünənimin ağrısı.
Soyuq adam, nə olar, qal yanımda,
Bircə kərə yaram sənlə ağrısın.
Bilirəm ki, sənlə ağrım həfiflər,
Yaram qasnaq tutar, azalar sızı
Gəlsən əgər, şeir olub hərflər,
Büsat qurub, bitirərlər bu yası.
Ümidlərim göynəyir sol yanımda,
Dünənimi silib, mənə sabah yazginən.
Mənə yeni ümid doğur, nə olar?
Ümidsizlik...
Ona qəbir qazginən.
Doğur məni sevda ilə, eşq ilə...
Yoğur məni səadət mayasında.
Alınmayır?
Nə olar ki... məşq elə...
Yaşat məni inamın sayasında...
Dünənimlə ayrılmayır yollarım,
Üzür məni, əzir məni, öldürür...
Bax, yanıma yenə düşüb qollarım...
Kölgələrdir işığımı söndürür.
Soyuq adam, ümidlərim göynəyir...
Bir "keçər" de, et yarama bir dəva.
Ümid səndən əlac umur, yalvarır
Ölür...
Ölüm...
Ondan qaçır binəva.
Deyirsən ki, soyuq adam neyləsin,
Öz-özünə yetməyirsə istisi...
Ümidimin göynəyən sol yanı da
Göynəməz ki, yetər könlün istəsin...
Soyuqluğun dağların qar vüqarı,
Varlığınla isidirsən məni sən.
Səndə sönür məni yaxan atəşlər,
Sən sənmisən, yoxsa elə mənmisən?
Mən istiyəm, sən soyuqsan-nə sirdir?
Dünya kimi təzadlarla tamıq biz.
Soyuq adam, bax aynaya, görürsən?
İki vücud, bir ruh, bir adamıq biz...
Ümidlərim göynəyir sol yanımda,
Ümidimə qanad gərək, bilirsən.
Soyuq adam, nə olar, qal yanımda,
Qanad olaq-biri mən, o biri sən.
Gözlərimdə gülən adam.
Gözlərimdə gülən adam,
Gözlərimə heç baxdınmı?
Heç gördünmü öz-özünü gözlərimin qarasında?
Sənə doğma, yoxsa yadam?
Heç varammı?
Bəlkə yoxam?!
Axtar məni unutduğun o "yoxların" sırasında.
Düşündünmü görən məni?
Cavabını aradınmı,
Məni yoran sualların.
Məni yoran sualların
Səni yorması mümkünmü?
O sualların içində
Mən başımı itirmişəm.
Gözlərimdə gülən adam,
Gözlərimə baxsan əgər,
Görərsən ki, sənə səndən və özümdən
Bəlkə də cavabsız olan
Neçə sual gətirmişəm.
Gözlərimdə gülən adam,
Tapmısanmı heç özünü bircə kərə baxışımda?
Sənlə dolu nəzərimi görməməyin necə acı...
Və qəribə...
Bəlkə də qəribə deyil.
Könlüm eşqinin möhtacı,
Amma ki sən...
Yaşayırsan bəlkə ömrü
Salıb mənsiz bir qəlibə.
Amma ki sən...
Mən olmusan, yox olmusan kipriklərim arasında.
Səni məndə əritmişəm.
Və qəlbimin olmayacaq duasında.
Gözlərimdə gülən adam,
Həyatımda yoxluğunla
Ölüm fərmanı yazmısan öz-özünə.
Bilirsənmi?
Mən eşqimin cəlladına aşiq ikən,
Sən eşqimin qatilini görürsənmi?
Bax, üzünə...
Gözlərimdə gülən qədər
Ümidimdə ölən adam...
Dəfn olunub şeirlərin misrasında,
Yuyularaq gözlərimin yağışında,
Sən yenidən dirilirsən
Sənə aşiq gözlərimin qorasında.
Gözlərimdə gülən adam,
Gözlərimdə öz-özünü seçə bilsən
Bil ki...
Mən bir ömür aramışam
Səni sənsiz küçələrdə, guşələrdə.
Səni tapa bilməmişəm mən bir ömür
Heç bir kəsdə.
Əl çatmaz meyar olmusan adamlarda, kişilərdə.
Gözlərimdə gülən adam,
Mən səni çox aramışam ürəyimin
Sağalmayan, qaysaq tutan yarasında.
İçimdə sual olmusan,
Cavabı olmayan sual:
-Görən sənin hekayənin yazılmışam harasında?
Gözlərimdə gülən adam.
Ümidlərdə ölən adam.
•Bir gün mən olmasam.
Bir gün mən olmasam...
Düşündünmü heç,
Dünya gözlərinə necə görünər?
Görəsən dəyişər rəngi ömrünün?
Görəsən gündüzün gecə görünər?
Ya... heç xatırlayıb, anmazsan məni...
Adım çəkiləndə üzülməzsən də...
Məni duymamışdın sənə gələndə,
Bəlkə gedişimi hiss etməzsən də.
Bir gün mən olmasam...
Nələr dəyişər
heç mənli olmayan ömründə sənin?
Bəlkə də ağlına gəlsəm, dəyişər
Ruhunun əhvalı - çoxalar qəmin.
Yoxluğum duyular bəlkə içində...
Sarı simin olub dillənərəm də...
Payızda xəzanın olub susaram,
Qışına qar olub ələnərəm də...
Bir gün mən olmasam öz içindəcə
Qürbətə düşərsən, qəribsəyərsən.
Bir gün mən olmasam...
Bir ümiddir də...
Bəlkə də... yanına mən istəyərsən.
•Mənim əvəzimə də yaşa.
Payızdır...
Amma nə sən əvvəlki sənsən,
Nə mən əvvəlki mən.
Dəyişdik, adamım, çox dəyişdik.
Sənin gözlərinə qəm hopdu,
Mənim canıma ölüm.
Sən yüklərindən yoruldun,
Mən insanlarımı yormaqdan.
Sənin öhdəliklərin artdı,
Mənim qorxularım.
Dəyişdik, adamım, çox dəyişdik.
Payızdır...
Dağlara darıxmağı unudub ruhum,
Öz içimdə böyütdüyüm dağlarım var indi.
Dənizmi?...
İçimdə qopan fırtınaları bir görsən...
Meşələr də ovutmur daha,
Çəmənlər açmır könlümü...
Ölümün kölgəsi ilə sevilmir həyat.
Sevilə bilmir...
Sən sev payızı, adamım,
Gözəl sev, dərin sev,
Mənim əvəzimə də sev.
Sən yaşa, adamım.
Uzun yaşa, məsud yaşa.
Mənim əvəzimə də yaşa.
•Məni xatırla desəm.
Məni xatırla desəm...
Gözlərini yumaraq xəyala dal bir anlıq:
Yaşıl çəmən içində güllü donlu qız düşün.
Əlləri çiçək dolu, gözləri yalqız düşün.
Pərişan saçlarında oynayanda küləklər
İncəcik əllərində dilə gəlir ləçəklər:
"Sevir! Sevməyir!",-deyə.
O, inanır sevgiyə.
Məni xatırla desəm...
Mavi səmaya baxıb, gəz buludlarda məni.
Bax, o çərpələng var ha...fəzaya doğru uçur,
O mənim xəyalımdır, nağıllara yol açır.
O nağılda sən igid, mən zindanda pəri qız,
Yenə saçı pərişan, yenə gözləri yalqız.
Səni gözlər köməyə...
O, inanır sevgiyə!
Məni xatırla desəm...
Gözlərimdəki niskil heç düşməsin yadına,
Xatırla gülüşümü, məni ancaq şən düşün.
Çılğın, şıltaq, sevimli... bir az da qəşəng düşün.
Gülümsəyən xəyalım yenə sənə yar olsun,
"Sevirəm" pıçıldasın, saçlarına toxunsun
dönüb sərin küləyə.
O, inanır sevgiyə...
•Qarmaqarışığam, dost.
Qarmaqarışığam, dost
İçim xaraba yeri:
Uçuq-salxaq xəyallar,
Qırılmış ümidlər var.
Ağlımda dəli sual:
-Görəsən, axı niyə
Pislər qalib gələndə,
Məğlub olur yaxşılar?
İçindəki səsini
Duyursansa, Tanrının,
Vicdanına yenilmək
Xoşdursa, ruhuna, bil,
Qədərinə yazılan
Nə ömür payı, nə bəxt
Asan olmayacaqdır.
Sənin kimi insanlar
Zəmanə üçün deyil.
Səni ağrıdacaqdır
Artıq söz, artıq əda...
Cılız-cılız fikirlər,
Xofu bəy, özü gəda,
Alçaq insanlar sənin
Ruhunu əzəcəklər.
Sən onların qəlbinin qarasına üzülər,
Onlar qaraltdıqları hər günə güləcəklər.
Qarmaqarışığam, dost,
İçim sönməyən atəş.
Yanıram hər günümə-
Hədər etdiyim üçün.
Özümü qınayıram;
Qırmadım zəncirləri...
Məhbus etdim ruhumu-
Ölüm yoluxdu cana...
İndi ruhum can çəkir...
Çox gec getdiyim üçün.
•Şəhid xəbəri.
Şəhid xəbəri gəldi...
Dedilər: - Vətən sağ olsun!
Amin!,- dedi duyanlar...
Düşdüyü torpaq sevindi,
Qalxdığı göylər güldü...
Üçrəngli bayraq
Ruhuna səcdəyə gəldi.
Amma...
Bir ocağın külü sovruldu,
Bir ananın ruhu qovruldu,
Bir atanın əyildi qəddi,
Bir qadının...
Yamanca dərddir...
Öldü ümidi.
Amma ən ağırı...
Ən ağrılısı...
Məsum körpənin
Gözündə görünən ağrı-acısı...
Vətən sağ olsun da...
Gəl, ona anlat,
Gəl, ona anlat ki...
Daha sağ deyil onun atası...