SSRİ liderləri arasında Leonid Brejnev ən “yumşaq” xarakterli baş katib kimi yadda qalıb. Əslində isə Brejnev heç də, göründüyü kimi, mülayim siyasətçi olmayıb. Xüsusilə öz komandasının formalaşmasında, kadr seçimində, birincilik kürsüsünün saxlanılmasında Brejnevin sərt üzü özünü büruzə verib. Onun 18 illik hakimiyyəti dövründə Kremldən siyasi intriqalar, çəkişmələr, qruplaşmalar əskik olmayıb və bütün bu “mübarizə”lərdən Brejnev qalib çıxaraq ömrünün son gününə qədər Mərkəzi Komitədə yaratdığı “Ukrayna klanı”nı qoruya bilib.
Ümumiyyətlə, Brejnevin baş katib olduğu dövrdə Mərkəzi Komitə rəhbərliyinə təyinat məsələsinə son dərəcə ciddi və həssaslıqla yanaşılıb. Kiminsə yüksək vəzifəyə namizədliyini Brejnevlə müzakirə etmək, razılaşdırmaq müşkül bir məsələyə çevrilib. Amma bu baxımdan Mixail Qorbaçovun bəxti gətirib.
Qorbaçov Stavropolun birinci katibi olanda, o, Brejnev üçün bir o qədər də perspektivli partiya işçisi sayılmayıb. Bir neçə dəfə Mixail Suslov və Yuri Andropov Qorbaçovun Moskvaya gətirilməsini, Mərkəzi Komitədə vəzifəyə təyin olunmasını Brejnevə təklif etsələr də, baş katib bu təklifləri qəbul etməyib. Təbii ki, bu da səbəbsiz olmayıb. Brejnevlə Andropovun münasibətlərinin görünən tərəfi xoş olsa da, Brejnev DTK sədrini həmişə ciddi nəzarətdə saxlayıb və elə düşünüb ki, Andropov gələcəkdə baş katib kürsüsünə sahib olmaq üçün ona qarşı ən ciddi rəqiblərdən birinə çevrilə bilər. Elə bu məqsədlə də o, ən yaxın adamlarını, ailə dostlarını, Georgi Tsinyevi və Semyon Sviqunu Andropova müavin təyin edərək onun fəaliyyətini “çərçivə”yə salıb.
Bu baxımdan Andropovun Qorbaçovu Kremlə gətirmək arzusunu da Brejnev “qruplaşma” kimi qiymətləndirib.
Suslovun Qorbaçova dəstək verməsi Brejnevin ürəyincə olmasa da, baç katib bu məsələdə güzəştə getməyə məcbur qalıb.
Kremldə qeyri-rəsmi kadr müzakirələrinin birində Brejnev Qorbaçovun Stavropolda qalmasını məqsədəuyğun sayıb. Baş katib onu “qoyunların şahı” adlandıraraq Qorbaçovu “qoyunçuluq imperiyası”nın rəhbərliyində dövlətə daha çox xeyir verəcəyini bildirib. “Qoyunçuluq imperiyası” terminini də ilk dəfə Brejnev “kəşf” edib. Belə ki, həmin dövrdə SSRİ-də qoyunçuluq Stavropolda inkişaf edib, yun tədarükünün 27 faizi Stavropolun payına düşüb.
Sonralar Qorbaçov öz xatirələrində bu məsələyə də yer verib:
“Kənd təsərrüfatı sahəsində Stavropol diyarı bütün SSRİ-də ən yüksək göstəricilərə nail olurdu. Qoyunçuluğun inkişafında, yun tədarükündə ən böyük faizlər müvafiq cədvəllərdə Stavropol diyarının qrafasında əks olunurdu...”
Qorbaçov gələcək karyerası üçün təkcə bu göstəricilərlə işini bitmiş hesab etməyib. Mərkəzlə daha yaxın əlaqələr yaratmaq üçün o, Stavropol diyarının kurort şəhərlərinə istirahətə gələn Kreml məmurlarının lazımınca qulluğunda dayanıb. Elə Andropovla yaxın münasibətləri də məhz belə başlayıb. Sonralar özü də bunu etiraf edib:
“Mənim Yuri Andropovla yaxın münasibətlərim heç kimə sirr deyil. O cümlədən mənim siyasi karyeramda Andropovun rolu da məxfi bir məsələ deyil. Bizim münasibətlərimiz hələ Stavropolun birinci katibi olduğum dövrlərdən başlayıb. Andropov öz məzuniyyətlərini çox vaxt bizim bölgədə keçirirdi. Mən bundan istifadə edib onunla yaxından tanış oldum. Sonralar bu tanışlıq ailə müstəvisinə keçdi, ailə dostluğuna çevrildi. Digər yüksəkçinli Kreml məmurları da Kislovodsk, Yessentuki, Jeleznovodsk, Mineralnı Vodı kimi məşhur kurort şəhərlərində istirahət edir, müalicə alırdılar. Bu kurort şəhərləri Stavropol diyarının ərazisində yerləşirdi və mən birinci katib kimi onların qayğısına qalmağı özümə borc sayırdım...”
Beləliklə, Qorbaçov öz “borc”unu yerinə yetirərək özünə Kremldə yer tutmağı bacarıb. 1978-ci ildə Mərkəzi Komitənin kənd təsərrüfatı üzrə katibi Fyodr Kulakov vəfat edəndə Qorbaçov üçün Moskva şansı açılıb. “Qoyunların şahı” bu şansı əldən verməyib. Məhz həmin ərəfədə Andropov Kislovodskda istirahətdə olub. Qorbaçov onunla görüşərək Mərkəzi Komitəyə katib təyinatı ilə bağlı xahişini bildirib. Andropov bu təyinata nail olacığını vəd edib.
1978-ci ilin sentyabrın 18-də Brejnev qatarla Moskvadan Bakıya yola düşüb. Andropov baş katiblə əlaqə yaradaraq onun Mineralnı Vodı şəhərində bir neçə saatlıq dayanmasını xahiş edib. Sentyabrın 19-da Brejnevi Andropov və Qorbaçov Minerlnı Vodı stansiyasında qarşılayıblar. Brejnevi müşayiət edənlərin arasında Konstantin Çernenko da olub. Dördlüyün görüşü Qorbaçovun xeyrinə bitib. Həmin görüşdə Brejnevdən onun Mərkəzi Komitənin kənd təsərrüfatı üzrə katibi vəzifəsinə təyin olunmasının razılığı alınıb. Brejnevin bu təyinata razılığının səbəblərindən biri də o olub ki, Qorbaçovla Aleksy Kosıginin arasında soyuq münasibətlər hökm sürüb. Hökumət islahatlarının bir çox məqamlarında Qorbaçovla Kosıginin ciddi fikir ayrılıqları olub.
Bu görüş SSRİ tarixinə qeyri-rəsmi olaraq “dörd baş katibin görüşü” kimi düşüb. Brejnev, Andropov, Çernenko, Qorbaçov ayrı-ayrı dövrlərdə SSRİ-nin baş katibi olublar. Məhz bu görüş “qoyunlarının şahı”nın - Mixail Qorbaçovun baş katib kürsüsünə gedən yolunun startı olub.
İlham Cəmiloğlu, Musavat.com