Azərbaycan Mərkəzi Bankına (MB) yeni inzibati binanın inşa olunması üçün verilən tender elanı ölkədə ciddi rezonans doğurub. Çünki söhbət bu məqsədlə 218 milyon avro – 450 milyon manatdan artıq vəsaitin nəzərdə tutulmasından gedir. 37 mərtəbəli binanın tikinti sahəsi 33 200 m2, ümumi mərtəbə sahəsi 67 926 m2, hündürlüyü 160 metr olacaq. Yeni binada xəzinə mərkəzi, texniki qurğular və avtodayanacaqdan ibarət zirzəmi məntəqələri, konfrans və təlim obyektləri, kitabxana, restoran, o cümlədən bayır landşaftı ilə birlikdə ofis sahələri olacaq. Tikinti müddəti layihələndirmə mərhələsi də daxil olmaqla, müqavilənin qüvvəyə minməsindən sonra 36 aydır.
Ekspertlər bildirirlər ki, binanın tikintisi dövlət büdcəsi hesabına deyil, MB-ın öz ehtiyatları hesabına həyata keçiriləcək. Bank ötən illə bağlı hesabatında 6 milyard 258 milyon dollar valyutaya malik olduğunu bəyan edib.
Pandemiyanın iqtisadiyyatı iflic etdiyi, sosial-iqtisadi çətinliklərin artdığı, müharibədə külli miqdarda vəsaitlər xərcləyən, habelə azad edilmiş rayonların yenidən qurulmasını prioritet elan edən ölkədə 450 milyon manata bina tikintisi sərt tənqid hədəfinə çevrilib. Mərkəzi Bankın hədsiz israfçılığı son günlər medianın, ekspertlərin və sosial şəbəkə istifadəçilərinin qınaqlarına məruz qalır.
Azərbaycanda dövlət qurumlarına çox bahalı binalarının tikilməsi son illər ənənəyə çevrilib. Neft bumu dövründə layihələndirilən bu tikintilərə çəkilən xərclər milyard dollarla ölçülür. Məsələn, SOCAR-ın yeni inzibati binasının (“SOCAR Tower”) tikintisinə 414 milyon 237 min dollar xərclənib. Bu barədə layihənin podratçısı olan “Tekfen” şirkəti məlumat yayıb. Qeyd edək ki, “SOCAR Tower” Cənubi Koreyanın “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası əsasında inşa olunub. Tikinti işlərinə 2010-cu ildə başlanıb, təxminən 5 il ərzində başa çatıb.
“Azərsu” ASC də neft gəlirlərindən bəhrələnən qurumlar arasındadır. Tikintisinə 2013-cü ildə başlanan inzibatı binaya ümumilikdə 150 milyon manata yaxın vəsait xərclənib. Bu şirkətin ümumi zərəri 7 milyard manatdan artıqdır. Onun əksəri büdcə hesabına silinib, yaxud daxili borclar sırasında silinmək növbəsini gözləyir.
Dövlət Neft Fondu da inzibatı bina tikdirməklə sanki SOCAR-la yarışa girib. 2009-cu ildə təkcə binanın layihə-smetasının hazırlanması üçün ABŞ-ın AECOM şirkətinə 14 milyon manat ödənildiyi bildirilib. Amma sonradan layihə smetasının “İnter Art Etudes” tərəfindən hazırlandığı göstərilib. Layihənin icrası üzrə baş podratçı Belçikanın “N.V. Besix S.A.” şirkəti seçilib. İlkin qiymətləndirmələrdə ümumi sahəsi 13 min kv. metr olan 23 mərtəbəli binanın 84.916 milyon avroya başa gəməsi nəzərdə tutulub. Bu isə hər 1 kv. metrin tikintisinin 6538 avro təşkil etməsi deməkdir. Halbuki Bakının ən bahalı yerində tikintinin 1 kvadrat metri 1500 AZN-dən aşağı qiymətə başa gəlir. 2010-cu ildə binanın tikintisi üçün büdəcədən daha 25 miyon manat vəsait ayrılıb.
İqtisadçı, iş adamı Nazim Bəydəmirli “Press Klub”a şərhində bildirdi ki, Mərkəzi Bank Konstitusiya ilə üzərinə düşən öhdəliyi – pul-kredit siyasətini doğru-düzgün həyata keçirmir. “Doğrudur, bu məsələ təkcə onun günahı deyil, hökumət əslində müstəqil olmalı olan bu quruma ciddi təsir edir. Hətta onu mənfi tendensiyalara səbəb olan addımlar atmağa vadar edir. 2015-ci ildə qəbul edilən süni devalvasiya qərarı da bu qəbildən idi. Baxmayaraq ki, əhali bu qərara görə Mərkəzi Bankı qınadı, amma devalvasiya hökumətin qərarı idi. Tədiiyə balansı müsbət olduğu halda manatın dəyər itirməsi absurd idi, Mərkəzi Bank bu addımı atmaqla milyonlarla vətəndaşımızın sosial vəziyyətini pisləşdirdi”,- deyə ekspert vurğuladı.
Bəydəmirli hesab edir ki, ölkədə kredit faizlərinin hədsiz yüksək olması da MB-ın apardığı pul-kredit siyasətinin nəticəsidir:
“Çünki Bank nəzarətində olan vəsaitləri kommersiya banklarına vermir. Yaxud kredit faizləri ilə bağlı bank sahibi olan oliqarxlara təzyiq göstərə bilmir. Kommersiya banklarına söz demək mümkün deyil, onların arxasında güclər dayanır. Amma buna görə də Mərkəzi Bankı qınamaq lazımdır”.
İqtisadçının sözlərinə görə, Mərkəzi Bankın özünün gəlirləri var və onun hesabına fəaliyyətini yaxşılaşdıra, yeni bina tikdirə bilər:
“Yeri gəlmişkən, bina üçün ayrılan torpaq sahəsi Heydər Əliyev prospektində, Neft Fondunun binası ilə yanbayandır. Bu Fond da gərəksiz, əsassız xərcləmələr edərək özünə çox bahalı bina tikdirib. Biz Mərkəzi Bankın və Neft Fondunun vəsaitləri hesabına varlı ölkə kimi görünürük. Amma ölkədə kredit faizləri əlçatan deyil. Aqrar sektorda və digər sahələrdə sahibkarlar aşağı faizlə uzunmüddətli kreditlər ala bilmirlər. Vəsaitlər müxtəlif oliqarxların holdinqlərinə, şirkətlərinə xidmət edir”.