Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

98 il öncə yaranan, 70 yaşına çatmayan “qırmızı” ölkə - 30 dekabr SSRİ-nin “ad günü”dür- Tarixi faktlar


 
30 dekabr 1922-ci ildə SSRİ adlı yeni bir ölkə dünya xəritəsində öz konturlarını çəkdi. Müharibələrdən qalib çıxsa da, atom ölkəsinə çevrilsə də, vətəndaşı ilk olaraq kosmosu fəth etsə də, bu “qırmızı” ölkənin ömrü uzun olmadı, heç 70 yaşına çata bilmədi.

1945-ci ildə sona çatan İkinci dünya müharibəsindən sonra dünyanın güc dövlətlərindən birinə çevrilən qalib SSRİ bu müharibədən 45 il sonra süquta uğradı.

Bəzilərinin nostalji hislərlə xatırladığı, bəzilərinin isə yaddaşında çürük ideologiyalı, qırmızı şüarlı, pafoslu bir ölkə kimi həkk olunan SSRİ haqqında nələri bilirik?

SSRİ-nin əhalisi 1989-cu ildə 293 milyon, ərazisi 22 milyon 400 min kvadrat kilometr olub. Planetin quru hissəsinin altıda bir hissəsi məhz SSRİ-nin payına düşüb.

SSRİ sərhədlərinin uzunluğu 60 min kilometrə çatıb və 14 dövlətlə sərhəd qonşusu olub.
Georgi Malenkovun bir neçə aylıq müvəqqəti hakimiyyətini nəzərə almasaq, 70 illik mövcudluğu dövründə ölkəyə 7 nəfər rəhbərlik edib: Vladimir İliç Lenin, İosif Stalin, Nikita Xruşov, Leonid İliç Brejnev, Yuri Andropov, Konstantin Çernenko, Mixail Qorbaçov.
SSSR-300x224.jpg (56 KB)

Alman faşizminə qarşı müharibədə qalib çıxan SSRİ böyük iqtisadi və canlı itkilərə məruz qalsa da müharibədən sonrakı illərdə bütün sahələr üzrə sürətlə inkişaf edib.
Dünyada ilk Atom Elektrik Stansiyası 1954-cü ildə SSRİ-də inşa edilib.
Kosmosun ilk dəfə fəth olunması da SSRİ-nin ən böyük uğurlarından biri olub. Bu ilkə 12 aprel 1961-ci ildə Yuri Qaqarin imza atıb.

SSRİ-də 81 ali təhsil ocağı fəaliyyət göstərib. 1988-ci ilin statistikasına görə bu təhsil ocaqlarında 691 min tələbə təhsil alıb.
Dövlət təltifləri baxımından ölkə öz vətəndaşlarından “səxavətini” əsirgəməyib. Fərqlənənlərin təltifləri üçün ölkədə 20 adda orden, 55 adda medal, 19 fəxri ad təsis edilib.
70 il ərzində SSRİ-də 1006 nəfər “SSRİ Xalq artisti” adını alıb. Qeyd edək ki, bu ad 1936-cı ildə təsis edilib.
ordena-sssr.jpg (122 KB)

SSRİ dövründə 12 min 777 nəfər Sovet İttifaqı Qəhrəmanı adını alıb. Onlardan 95 nəfəri qadın, 40 nəfəri xarici ölkələrin vətəndaşları olub.

Sovet İttifaqı Marşalı rütbəsi 22 sentyabr 1935-ci ildə təsis edilib. Bu rütbəni SSRİ-də 41 nəfər daşıyıb (qoşun növləri üzrə marşallar nəzərdə tutulmur). 41 nəfərdən 36-sı peşəkar hərbçi, 5-i siyasi xadim olub. SSRİ-də sonuncu marşal rütbəsi 28 aprel 1990-cı ildə Dmitri Yazova təqdim edilib.

SSRİ idman sahəsində də böyük nailiyyətlər əldə edib. Sovet idmançıları 18 dəfə iştirak etdikləri olimpiya oyunlarında 473 qızıl, 376 gümüş, 355 bürünc medalı qazanıblar ki, bu göstərici ilə onlar Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdə qərarlaşıblar.

Elm sahəsinin göstəricisi kimi 70 ildə SSRİ-dən 12 nəfər Nobel mükafatının laureatı olub.
Bir çox ölkələrdə olduğu kimi sovetlər birliyində də “SSRİ-nin fəxri vətəndaşı” titulu olub. Bu ad yalnız iki nəfərə verilib; İqor Kurçatova və Lavrenti Beriyaya.

SSRİ dövründə ölkə vətəndaşları kinoya böyük maraq göstəriblər. Ənənəvi sovet növbələri kinoteatrların kassalarının qarşısında da müşahidə olunub. SSRİ-nin kino istehsalında ən çox tamaşaçı auditoriyası qazanan film isə “20-ci əsrin dəniz quldurları” olub.

Bu filmi 88 milyon tamaşaçı izləyib. SSRİ-də ilk dəfə metro 15 may 1935-ci ildə Moskvada açılıb. Daha sonra 1955-ci ildə Leninqradda, 1960-cı ildə Kiyevdə, 1966-cı ildə Tiflisdə, 1967-ci ildə Bakıda, 1975-ci ildə Xarkovda, 1977-ci ildə Daşkənddə, 1981-ci ildə İrəvanda, 1984-cü ildə Minskdə, 1985-ci ildə Qorkidə, 1986-cı ildə Novosibirskdə, 1987-ci ildə Kuybışevdə də metro istifadəyə verilib.

Ölkədə əsasən 7 bayram dövlət səviyyəsində qeyd olunub: 1 yanvar - Yeni il, 23 fevral - Sovet ordusu və hərbi-dəniz donanması günü, 8 mart - Beynəlxalq Qadınlar bayramı, 12 aprel - Kosmonavtika günü, 1 may - Dünya zəhmətkeşlərinin həmrəyliyi günü, 9 may - Qələbə günü, 7 oktyabr -Konstitusiya günü, 7 noyabr - Böyük Oktyabr Sosialist İnqilabı günü.
krylatye-frazy-rodom-iz-sssr-1250x824.jpg (75 KB)

Mövcudluğu dövründə SSRİ-də cəmisi bir dəfə referendum keçirilib.17 mart 1991-ci ildə keçirilən referendumda SSRİ-nin saxlanılması məsələsi qoyulub. Referendumda səs vermək hüququ olan 185 milyon 600 min nəfərdən 148 milyon 500 min nəfər iştirak edib. Onlardan 113 milyon 500 min nəfəri SSRİ-nin saxlanılmasına “hə” cavabı verib. Bu “hə”lər də SSRİ-nin süqutunun qarşısını ala bilməyib.
25 dekabr 1991-ci ildə SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov istefası ilə bağlı televiziya ilə xalqa müraciət etdikdən sonra saat 19-38 dəqiqədə Kreml üzərindəki SSRİ-nin bayrağı endirilib.
26 dekabr 1991-cı ildə isə SSRİ Ali Soveti Müstəqil Dövlətlər Birliyinin yaradılması ilə əlaqədar SSRİ-nin mövcudluğuna xitam verilməsi barədə bəyannamə qəbul edib.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10