Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ded Xasanın qan düşməninin hərbi cani olan bacıoğlusu – Karapetyanın əli Qarabağın ilk şəhidlərinin qanına batıb


“İgid oğul dayısına oxşayar” deyiblər. Amma təkcə igid oğul yox, bəzən qatil, cani oğullar da dayılarına oxşayırlar. General Karapetyan kimi. Hətta Karapetyan dayısına o qədər çox oxşamaq istəyib ki, qondarma “Dağlıq Qarabağ respublikası”nın müdafiə nazirinin müavini “vəzifə”sində işləyəndə “qanuni oğru” olan doğma dayısının, Rudik Oqanovun adı ilə özünə təxəllüs də götürüb – Oqanovski. Bəli, ermənilərin Dağlıq Qarabağda qurduqları “hökumət”in üzvlərindən başqa heç nə gözləmək olmaz.
Qeyd edək ki, Rudik Oqanov 1946-cı ildə Bakıda anadan olub. Ailənin beş oğlundan üçü “qanuni oğru” titulunu qazanıb. Kriminal karyera pillələrini sürətlə qalxan Rudik Oqanov gənc yaşlarından Rusiyada fəaliyyət göstərən erməni mafiyalarından birinə başçılıq edib. “General Rudik Bakinski” adı ilə tanınan Oqanovun 1990-cı illərin əvvəllərindən digər tanınmış “qanuni oğru” Ded Xasanla ərazilərə nəzarətlə bağlı mübarizəsi başlanıb. Mübarizə Ded Xasanın qələbəsi ilə sona çatıb. 1999-cu ildə Oqanov Mineralnıe Vodı şəhərindən təyyarə ilə Moskvaya uçub. Təyyarənin enişindən sonra o, öz tanışı ilə yaxınlıqdakı kafelərin birinə girib, masa arxasına keçməyə macal tapmayan Oqanovun bədəninə altı nəfər 40 güllə “yeridib”. Bununla da general Rudik Bakinskinin kriminal imperiyasına son qoyulub. Bu hadisə Samvel Karapetyanın yaddaşında qara izlər buraxıb və o, dayısının xatirəsini yaşatmaq üçün onun soyadını özünə təxəllüs götürüb.
maxresdefault.jpg (67 KB)
1962-ci ildə Xankəndi şəhərində anadan olan Samvel Karapetyan Dağlıq Qarabağ hadisələri başlayanda erməni hərəkatının fəal üzvlərindən biri olub. “Siyasi proseslərdən daha çox, silahlanma prosesinə diqqət yetirmək lazımdır” söyləyən Karapetyan Dağlıq Qarabağdan, xüsislə də Xankəndi şəhərindən azərbaycanlıların yalnız silah yolu ilə çıxarılmasının mümkün olduğunu bildirib.
Samvel Karapetyan Dağlıq Qarabağda ilk silahlı dəstələrin yaradıcılarından biri olub. 1988-ci ilin fevral ayının 22-də ətraf rayonlardan Ağdamın mərkəzinə toplaşan azərbaycanlılar Əsgərana doğru yürüş edəndə Samvel Karapetyan 200 nəfər yaraqlısı ilə hücum əməliyyatı hazırlayıb. Azərbaycanlılara ilk güllə atan da məhz onlar olub. Qarabağın ilk şəhidləri olan Əli və Bəxtiyar Samvel Karapetyan və onun cinayətkar dəstəsinin üzvləri tərəfindən qətlə yetiriliblər.
загружено.jpg (52 KB)
Karapetyanın cinayətkar silahlı dəstəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin azərbaycanlılar yaşayan kəndlərində görünməmiş vəhşiliklər törədərək yerli sakinləri doğma yurdlarından didərgin salıblar. Karapetyan qısa müddətdə 18 yaşayış məntəqəsini, həmin dövrdə silahsız və köməksiz azərbaycanlıların qurduqları 37 müdafiə məntəqəsini silahlı hücumlarla dağıdaraq vilayətdə etnik təmizləmə siyasəti həyata keçirib.
1992-ci ildən Samvel Karapetyan qondarma “DQR”-in müdafiə ordusunun Xankəndi alayına başçılıq edib. Daha sonra o, qondarma “DQR”-in müdafiə ordusu komandanının müavini və “DQR” müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.
Serj Sarkisyanın himayəsi altında olan Karapetyan məhz onun dəstəyi ilə qondarma respublikada yüksək imtiyazlara sahib olub. “DQR”-in hərbi və siyasi elitasında təmsil olunan Samvel Karapetyan “general” rütbəsini də məhz Sarkisyanın təşəbbüsü ilə alıb. Daha sonra ona qondarma respublikanın ən ali mükafatı “Artsax qəhrəmanı” adı da verilib.
280px-Samvel_Karapetyan_(commander).jpg (66 KB)
Samvel Karapetyan Sarkisyanın ona göstərdiyi qayğını cavabsız qoymayıb. Belə ki, 2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərində Levon Ter-Petrosyanın tərəfdarları tərəfindən Serj Sarkisyanın qələbəsi tanınmayanda martın 1-də İrəvanın Azadlıq meydanında etiraz aksiyaları başlanıb. Sarkisyan üçün bu çətin ərəfədə Karapetyan öz “yardım”ını əsirgəməyib.
Aksiyalar qanlı hadisələrlə yekunlaşıb. Etirazçılara silahlı müqavimət göstərilib, qarşıdurma nəticəsində 10 nəfər ölüb və 230 nəfər yaralanıb. Qeyd edək ki, aksiya təşkilatçılarından biri də Ermənistanın bugünkü baş naziri Nikol Paşinyan olub. Paşinyan hakimiyyətə gəldikdən sonra mart hadisələri ilə bağlı istintaq yenidən başlanıb. İstintaq materiallarında Samvel Karapetyanın da adı keçir və qeyd olunur ki, həmin hadisələr ərəfəsində Karapetyan 20 nəfər peşəkar döyüşçü ilə Xankəndi şəhərindən İrəvana gəlib. Onlar Baqramyan prospektində yerləşən prezident iqamətgahının zirzəmisində yerləşdiriliblər.
загружено (4).jpg (48 KB)
Şahidlərin ifadəsinə görə, Serj Sarkisyan dəfələrlə həmin zirzəmidə Karapetyanla görüşlər keçirib. Həmçinin istintaq materiallarında aksiya iştirakçılarına atəş açanların məhz Xankəndidən gələn döyüşçülərin olması da öz əksini tapıb. Samvel Karapetyan istintaqa verdiyi ifadələrdə ona qarşı qaldırılan iddiaları rədd edib. Amma bu “rədd” ifadələrinə baxmayaraq, Karapetyanın həbsi labüd görünür. Ermənistandakı məğlubiyyət ab-havası hələ ki bu məsələni bir az təxirə salıb.
загружено (1).jpg (74 KB)
Ümumiyyətlə Ermənistanın 44 günlük Qarabağ savaşındakı məğlubiyyəti çox məsələləri yarımçıq qoyub. O cümlədən Karapetyanın hərbi və siyasi fəaliyyitini də. Son illər qondarma respublikanın “Azadlıq döyüşçüləri” ittifaqına və “DQR”-in futbol federasiyasına rəhbərlik edən Karapetyan yəqin ki, indi kim və hansı statusda olduğunu heç özü də anlamır. Və çox yəqin ki, “general”ı daha çox ağrıdan birinci Qarabağ savaşında Kəlbəcər döyüşlərində aldığı yaradır. Kəlbəcərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi, ermənilərin miskin şəkildə untazlarını qucaqlayıb həmin əraziləri tərk etməsi səhnəsi Karapetyanın qaysaq bağlamış yarasına duz basmağa bərabərdir.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10