Facebook səhifəmdə bir xanım arabir də olsa, maraqlı statuslar paylaşırdı. Əslində bunlara təkcə status demək insafsızlıq olardı;yəni, bəzi qüsurları olsa da esse adlandırmaq daha məqsədəuyğun sayılardı. Kimliyi ilə maraqlandım. Məlum oldu ki, Masallı şəhər 1 saylı tam orta məktəbində dərs dediyim şagirdiimdir.
Artıq tələbədir. Qərbi Kaspi Universitetinin Mühasibatlıq fakültəsinin 2-ci kurs tələbəsidir.
Hümanitar sahədə təhsili olmasa da, Səma Qasımova yazılarında olduqca səmimi, şablondan, nimdaş düşüncədən uzaq, gah zərif, gah hər şeydən incik deyimləri var. Hiss edirsən ki, özünə sığmır, fərqli düşünür, fərqli münasibətlər gözləyir və sair.
Masallının Səmasının (Qasımovanın) səması çox aydındır. İnanıram, zaman keçdigcə bu səma daha da durulacaq. Arzum isə odur ki, Səmanın yaradıcılıq səması heç vaxt tutqun, çiskinli, buludlu olmasın.
Səhvlərimlə sev məni
Elə davran ki, səndən nələrisə gizlətməyə məcbur qalmayım.
Mənim ruhumu incitmə, nə olar...
Xəyanət etmə mənə.
Yox, yox. Xəyanət deyərkən başqa birini nəzərdə tutma, gücsüz anlarımı bir gün vurma üzümə...
Elə davran ki, ailəsi, lap heç kəsi yox kimi sənə sığına bilim.
Dincliyimi səndə tapım.
Günahlarımdan utanmayım bu qədər.
Içimdə gizli saxladığım, hər kəsdən gizlətdiyim səhvlərimi
səninlə bölüşmək üçün mənə şans ver.
Şans ver ki, yanında uşaqlaşım.
Şans ver ki, yanında ağlamaqdan, əslində nə qədər zəif
olduğumu etiraf etməkdən çəkinməyim.
Yorğunam mən, gör bunu, nə olar.
Mən demədən əvvəl hiss et,
sənə ehtiyacım olan anları...
İnamlı bax həmişə.
Gözlərimi qaçırmayım səndən.
Bax, belə anlarda özüm öz içimdə itmək istəyirəm
Bəzən o qədər yorğun oluram ki, bezib hər şeyi öz axarına buraxmaq istəyirəm.
Qollarımı iki yana açıb Səmaya baxaraq, hara getdiyindən, xəyalların, duyğuların məni hara apardığından xəbərsiz kimi sahilsiz bir dəryanın ləpələrinə qoşulub su axınının üzərində süzülmək,
sadəcə o anki rahatlığı istəyirəm;
başqa heç nə,
Bir dəfə belə "çox sağ ol" deməyən insanlar üçün əlimdən gələni etməkdən çox yoruluram.
Onları düşünməkdən, güldürməyə çalışmaqdan, ya da dəstək olmaqdan,
tək olmadıqlarını onlara dəfələrlə xatırladıb sonunda ən yalnız insana çevrilməkdən bezirəm artıq; ağrı çəkmək, ağlamaq, bütün günümü qəm dünyasında keçirmək istəmirəm daha.
Bəzən isə ən yaxşısı olmadığımı bilə-bilə, özüm üçün hər şeyin ən yaxşısını istəyirəm.
Bəzən bayırda, bir yerdə varlığından xəbərsiz olduğum hansısa birinin məni hər halımla, bütün qırıq, zaman içində aşınmış, zədələnmiş, azalmış, hətta yoxa çıxmış yanlarımla birlikdə qəbul edəcəyinə inanmaq istəyirəm.
Amma bilirəm ki, yoxdu, orada heç kim yoxdur, orada hər əlində bir "şərt" kərpici tutan ustalar var.
Orada ruhumu yontalamaq istəyən heykəltəraşlar var.
Orada hər şey var, amma mən yoxam.
Bax, belə anlarda özüm öz içimdə itmək istəyirəm
Sevdik dərk etmədilər,
əzizlədik, başa duşmədilər
Məni heç kəs olduğum kimi sevə bilməz; kaş sevə bilsə.
Qəribədir, bir zamanlar həyatımızdakı ən böyük boşluğu dolduranlar, sonralar həyatımı sonsuz bir boşluğa buraxan oldular.
Sevdik dərk etmədilər, əzizlədik, başa duşmədilər.
Dəfələrlə danişdiq, yenə başa duşmədilər.
Sonra susduq, bəlkə sussaq, başa duşərlər dedik.
Daha çox danişsaq, qəlblərini qiracagdiq, bilirdik. Çünki bir yerdən sonra, heç nəyi içinə ata bilmir insan siğmayanda daşır bir qaynar qazan kimi insan.
Daşmayaq deyə, dirəndik, sonra bir yol olsun qarşımızda; hara dirənirsə dirənsin dedik… və nəhayət getdik.
Qarşiya baxa-baxa baxışlarımızı, ümidlərimizı, xəyallarımızı… buraxdıq geridə, urəyimizi söküb atdiq.
Yenə başa duşmədilər; qorxduq sandılar, bu döyüşü məğlub başa vurduq düşündülər.
Ancaq itirdiyimiz şey təkcə hisslərimiz idi, buna da peşiman edənlər bir gün peşiman olduqlarinda başa düşəcəklər. Çünki gəldiklərində heç bir şeyi buraxdiqlari kimi tapmayacaqlar.
Səma Qasmova. Masallı şəhəri. Cenub.az.