Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Xallıcallı Su Hövzəsinin davası hələ nə qədər "su" aparacaq?(2-ci hissə)


1-ci hissə


http://cenub.az/iqtisadiyyat/874-masalli-xallicalida-kimi-ve-niye-mehkemelere-veribler.html


2-ci hissə

“Heydər Əliyev Fondu"na 40 min manat ödəmişəm” deyən, nə dərəcədə

haqlıdır?


2012-ci ildə Qəzənfər Ağayev Masallını tərk edəndən sonra bu Su Hövzəsi necə deyərlər sahibsiz qaldı. Bir tərəfdən də Nazirlər Kabinetinin belə su hövzələrinə qadağa barədə 2011-ci il sərəncamı. (Bu barədə bir az sonra)



Su hövzəsinə hazırda həmin kənd sakini Hacı Vidadi Quliyev sahib durub.

Doğru-yalan, daşdan keçən sənədlər hazırlayıb, bütün mətbuata da hay salır, mətbuat konfransı keçirir ki, sahibkar kimi hüquqlarım pozulur, mənə təzyiq edilir və sair.

Vidadi Quliyevin əlində hansı sənədlər var?

"Gündəmxəbər" qəzeti Vidadi Quliyev hüquqlarını qorumaq məqsədi ilə yazır:

“1932-ci ildən fəaliyyət göstərən 61,42 ha sututarını ilk öncə icarəyə götürür. Bir qədər vaxt keçdikdən sonra o, qəbul olunmuş Dövlət Proqramına əsasən Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılması üçün lazımi sənədlərlə, qanuni proseduralarla Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkil üzrə Auksion Mərkəzinin Cəlilabad 15 saylı Torpaq müsabiqə və hərrac komissiyasının 16 fevral 2016-cı il tarixdə keçirdiyi hərracda iştirak edir və hərracın qalibi olur.

Hərrac sahibkarın başına “bəla” olur.

Əldə edilən rəsmi sənədlərin varlığı məhz söylədiklərimizi tam sübut etməyə əsas verir.

Belə ki, keçirilən hərrac zamanı Vidadi Quliyevə Hərrac komissiyası tərəfindən AM seriyalı 001977 saylı Şəhadətnamə də verilir.

O düz 6 il bundan əvvəl 150 min manat vəsait hesabına balıq gölü yaratsa da, təkcə balıqların yemlənməsinə 67 min xərcləsə də və hər il Qarğalıq bələdiyyəsinin büdcəsinə müəyyən ödəmələr ödəsə də, bu gün onun üz-üzə qaldığı problemlər daha dözülməz həddə çatıb.


Baş verən problemlərin kökündə isə 3 il əvvəl abadlaşdırma və Heydər Əliyev Fonduna köçürmə məqsədi üçün ondan alınmış 40 min manat pulun varlığı və ödənmiş pulla bağlı Vidadi Quliyevin bir müddət bundan əvvəl qəbz istəməsi olur.

...Vidadi Quliyevə bildirilir ki, 20 gün ərzində istifadə etdiyi sahəyə görə mülki qanunvericiliyə uyğun olaraq kənd bələdiyyəsi ilə müqavilə bağlamalısan. Amma dəfələrlə onun aidiyyatı üzrə müraciət etməsinə baxmayaraq Qarğalıq bələdiyyəsinin rəhbərliyi heç bir əsas gətirmədən Vidadi Quliyevlə müqavilə bağlamır.

...Belə olanda sahibkar aidiyyatı qurumlara davamlı müraciət ünvanlayır, nəticədə icra hakimiyyəti tərəfindən bələdiyyə rəhbərliyinə müqavilə bağlamaq tapşırığı verilir. Bağlanmış müqavilə sənədinə əsasən sahibkarın Kapital Banka lazımi miqdarda rüsum ödəməsi çox keçmir ki, onun üçün əməlli-başlı problem yaradır.


Hətta sədrdən bələdiyyəyə məxsus möhür və ştampı da alır. ”
Göründüyü kimi sənədlər olduqca etibarlı görünür.


Bəs bu sahədə qanunlar, sərəncamlar nə deyir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.03.2011 ci il tarixli 17/1028 - 25/10/31 nömrəli tapşırığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş Milli Təhlükəsizlik Nazirliyinin 11.03.2011-ci il tarixli 055-NK - saylı məktubunda qeyd olunan (Respublikanın müxtəlif rayonlarında əkinəyararlı və heyvandarlığın inkişafı perspektivli torpaq sahələrinin təyinatının qanunsuz olaraq dəyişdirilərək balıq yetişdirilməsi məqsədilə süni göllərin yaradılması barədə) məlumatların araşdırılması məqsədi ilə Ətraf Mühitin Mühafizəsi Departamentində komissiya yaradılmış və göstərilənlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Rayon Şöbələrinin aidiyyatı bələdiyyələrin nümayəndələrin iştirakı ilə yerində araşdırılmışdır.

Araşdırmalar zamanı Balakən, Zaqatala, Qəbələ, Oğuz, Masallı, Lənkəran, Astara inzibati rayonlarının ərazisində ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən balıq yetişdirilməsi məqsədi ilə ümumi sahəsi 2602.48 hektar olan 258 sünu gölün yaradıldığı müəyyənləşdirilib.

...Təqdim olunan sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, regionlarda balıq yetişdirilməsi üçün süni göllər əsasən 1988-2008-ci illərdə yaradılmışdır.

Müəyyən edilmişdir ki, süni göllər əksər hallarda təyinatı və kateqoriyası dəyişdirilmədən əkinəyararlı, örüş və biçənək, pay torpağı və həyətyanı sahə kimi verilmiş torpaq sahələrində yaradılmış və qazıntı zamanı torpağın üst münbit qatının korlanması faktlarına yol verilmişdir”.

Təqdim olunan sənəddə daha sonra bu sahədə digər əyintilər sadalanır.

Azərbaycan Nazirlər Kabineti bu araşdırmaların nəticəsində 1 ay sonra,

aprel ayında aşağıdakı sərəncamı verir:


Azərbaycan Nazirlər Kabinetinin 2011-ci il tarixli sərəncamı var. Həmin sərəncamda deyilir:

Azərbaycan Respublikasının Baş naziri (d/0 – 17/1028-25/10/31)- 22. 04. 2011-ci il

Masallı Rayon İcra

Hakimiyyətinin Başçısına

Rayon və şəhərlərin İnzibati ərazilərində torpaq qanunvericiliyinin tələblərinin pozulması kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılmış süni göllərin ləğv edilməsi, üst qatı korlanmış torpaqların bərpa edilməsi və qanunsuzluğa şərait yaratmış vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə təxirəsalınmaz tədbirlər görəsiniz və nəticəsi barədə Nazirlər Kabinetinə məlumat verəsiniz.

H. Bağırova,
İ. Abbassova,
Q. Məmmədova

Gələcəkdə belə hallara yol verilməməsi üçün nəzarəti gücləndirəsiniz və vaxtaşırı olaraq yerlərdə monitorinq aparılmasını təmin edəsiniz.

Z. Qaralova

Xahiş edirəm, məsələ ilə əlaqədar təqdim edilmiş sənədlərdəki faktlara hüquqi qiymət verilməsi barədə zəruri tədbirlər görəsiniz.

N. Mustafayevə, R. Əsədova, İ Əlizadəyə

Artur Rasi-zadə


Bütün bunlar o deməkdir ki, belə su hovuzları alqı-satqı predmeti ola bilməz, konkret şəxslərə satıla bilməz.

Bunlar kənd təsərrüfatına yararlı torpaqlardır. Onların üst, münbit qatı korlana bilməz.


Bəs bu su hövzəsinə məxsus və ətrafdakı torpaqlar necə hərraca

çıxarılıb? Yaxud hərracda dayısına və bacısı oğluna qalib gələn sahibkar.




Masallı İcra Hakimiyyəti Başçısının Qarğalıq kəndi üzrə Ərazi nümayəndəsi Sübhan Zalıyev:- Öncə bildirim ki, Qarğalıq bələdiyyəsinin o vaxtki sədri Yalçın Zalıyev heç bir bələdiyyə üzvü ilə məsləhətləşmədən, təkbaşına qərar verərək, həmin sututarını hərraca çıxarmışdır.

Hərracda (16 fevral 2017) isə ona rəqib kimi bacısı oğlu Şamxal Abdullayev, dayısı Əlikram İsmiyev iştirak edib, Hacı Vidadi burada dayısı və bacısı oğluna “qalib” gəlib.

Bu hərraca görə 62 hektara yaxın torpağı olan sututarına ilkin qiymət 1800 olsa da guya o 3 min manatla qalib olub. Yəni, torpağın 1 hektarı təxminən 50 manata düşüb.

Sabahı günü - 17 fevral 2017-də isə o, müqavilə bağlamadan həmin 3 min manatı Qarğalıq bələdiyyəsinin hesabına keçirib.

Bu köçürmə qanunsuz olduğu üçün Qarğalıq bələdiyyəsi təqdimat verib, həmin pulu bankdan rayon poçtuna keçirərək ona qaytarmaq istəsələr də V. Quliyev pulu qəbul etməyib. Hazırda həmin pul poçtun “qara kassa” adlanan yerində saxlanılır.

S. Zalıyev daha sonra bildirdi ki, bu olaydan kənd sakinləri xəbər tutduqdan sonra, fevralın 17-də kənd bələdiyyəsi təcili iclas çağırıb və bələdiyyə sədrinin təkbaşına verdiyi qərarı ləğv ediblər.

Bələdiyyə üzvləri
İlkin Qənbərov, Nəcəf Ağayev, Kəmalə Ağayeva, Xatirə Məmmədova, Təranə Xəmmədova, Xəzər Nuriyev, Rəsmiyyə Rəhimova, Rəşad Bəhmənli yekdilliklə bildirib ki, bu hərracla bağlı bələdiyyə şurasının qərarından xəbərləri yoxdur.

Onu da bildirim ki, bundan 4 gün öncə, 13 fevral 2017-ci il tarixdə Yalçın Zalıyev özü ərizə verərək bələdiyyə sədrliyindən çıxmış, 2014-ci ildə bu bələdiyyəyə sədr seçilmiş Kəmalə Ağayeva yenidən sədr seçilmişdir.

Bütün bunlardan sonra Qarğalıq bələdiyyəsi Ədliyyə Nazirliyinə bu barədə müraciət etmiş, nazirliyin Lənkəran bölməsi bu məsələni yerində araşdırmış, saxtalaşdırılmış sənədlər Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilmişdir.


Korrupsiyaya Qarşı Mübarizə İdarəsi isə olayı hərtərəfli araşdırdıqdan sonra, bununla bağlı Cinayət Məcəlləsinin 208 və 310-cu maddələri ilə cinayət işi açaraq Masallı rayon məhkəməsinə müraciət etmişdir. Bu il avqustun 7-də keçirilən məhkəmə iclasından sonra məhkəmə növbəti iclası avqustun 16-da keçirtməyi nəzərdə tutmuşdur.

Bundan əlavə 11 sentyabr 2017-ci ildə Şirvan İqtisad məhkəməsi Xallıcallı su hövzəsi barədə hərrac komissiyasının qərarının ləğvi üçün bələdiyyənin iddiasına baxacaq.


Vidadi Quliyev guya "Heydər Əliyev Fondu"na 40 min manat ödəyib, lakin çek almaması barədə deyilənlər isə olduqca qeyri-ciddi söhbətlərdir. Bu pul kimə verilib, harada verilib və s. bilinmir.

Bu adamlar indi xeyriyyəçilikdən danışırlar. Halbuki, 2010-11-ci illərdə yaxın qohumu Qafil İsmayılovun başına haqq sözü dediyi üçün min oyun açdılar. Onların xeyriyyəçiliyi bir yana kəndə etdikləri pisliklər saysızdır.


Sübhan Zalıyev:- Bu məsələ o qədər çözələnib ki, hər şeyi detalları ilə sadalamağa məcburuq. Öncə deyim ki, Nazirlər Kabineti 2011-ci ildə belə süni göllərin ləğvi barədə sərəncam verib.

İkincisi, belə süni göllərdən istifadə üçün ən azı 4 təşkilatın, FHN-in, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin. Kənd Təsərrüfatı Nazirliyinin, Su-Meliorasiya Səhmdar Cəmiyyətinin razılığı olmalıdır. Lakin heç biri yoxdur.


Vidadi Quliyev hər yerdə özünü sahibkar kimi təqdim edir, xərclədiklərini sadalayır. Bəs niyə demir ki, bu 10 ildə neçə manat icarə haqqı, vergiyə, sığortaya digər əlaqədar təşkilatlara nə qədər pul ödəyib. Özünün etiraf etdiyi 16 nəfər işçi ilə əmək müqaviləsi bağlayıbmı, onlara rəsmi əmək haqqı veribmi və sair?

80 hektarlıq su hövzəsinin ətrafı 100-ə yaxın elektrik dirəklərinə asılmış fənərlərlə axşamlar çıraqban olur. Heç yerdə işıq, qaz olmayanda burada işıq da olur, qaz da. Lakin onların texniki şərtlərinin olması, FHN səyyar çadırının da bura necə gəlib çıxması çox şübhəlidir.

Biz qarşı tərəfin də fikrini öyrənmək istərdik. Hacı Vidadi ilə telefon vasitəsi ilə əlaqə saxladıq. Kef-əhval tutduq. Olayla bağlı onun da fikirlərini öyrənmək üçün avqustun 11-i, saat 18-00-da ofisimizdə görüşməyi razılaşsaq da, həmin vaxtdan sonra xeyli gözləsək də, o gəlmədi, telefonuna da zəng çatmadı.

Bəs Xallıcallıdakı Su Hövzəsinin taleyini nə gözləyir?

Sübhan Zalıyev bildirir ki, son vaxtlar əkin-biçinə insanlar daha çox can atır. Suya daha çox ehtiyac yaranıb. Qədirli və Eminli kənd sakinləri də bu su hövzəsindən istifadə edir.

Məqsədimiz də zəbt olunmuş torpaqları azad edib, 20 hektar sututarı kənd sakinlərinin sərəncamına vermək, su imkanlarından ərazidəki bütün kəndlərin istifadə etməsinə, qalan 60 hektar torpaq sahəsindən isə bütün əhalinin faydalanmasına şərait yaratmaqdır.

Redaksiyadan: Bu olayla bağlı redaksiyaya bir-birindən fərqli xeyli məlumatlar daxil olur. Kimi deyir, dava pul davasıdır, kimi deyir, Vidadi Quliyev son prezident seçkilərində “Milyonerlər ittifaqı” nın burada təmsilçisi olub, yaxud icra başçısı ilə ciddi ixtilafda olan Abıyevlərin sifarişi ilə işləyir və sair. Lakin bütün bu məsələlər barədə əlimizdə ciddi sübutlar olmadığından hələ ki, qəti fikir deyə bilmərik və araşdırmalarımızı davam etdiririk.



Zahir Əmənov, Abdul Əsgərli bu kəndin ən gənc çobanı ilə

davalı Su Hövzəsinin kənarında


Amma bir şey bəllidir ki, hazırda içində minlərlə balıq olan Xallıcallı Su Hövzəsinin suyu məhsullar buradan yığılıb-götürüldükdən sonra qurudulması nəzərdə tutulsa da yəqin ki, bu iş hələ çox “su” aparacaq.

Yəyqin ki, son söz məhkəmələrin olacaq.

Bütün hallarda qarşı tərəfi, eləcə də bu işdə maraqlı olan bütün şəxsləri dinləməyə, saytda onlara yer ayırmağa hazırıq.

Zahir Əmənov







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10