1-ci hissə
“Heydər Əliyev Fondu"na 40 min manat ödəmişəm” deyən, nə dərəcədə
haqlıdır?
haqlıdır?
Masallı rayonunun Qarğalıq Ərazi Vahidində yerləşən Xallıcallı kəndindəki, artıq taleyi məhkəmə müstəvisinə çıxan Su Hövzəsi (bura eyni zamanda su anbarı, sututar və sair də adlanır) ilə bağlı onlarla sualın cavabına kimlər və necə aydınlıq gətirəcək?
Xallıcallı kəndi haqqında qısa məlumat.
Bu kənd Masallı Rayonunun Muğan Ərazisində, rayon mərkəzindən 11 kilometr aralı, Qarğalıq Ərazi vahidinə daxil bir neçə kənddən biridir. 8000 nəfərə yaxın əhalisi, 496 hektar torpaq sahəsi var. Adambaşına 0,42 hektar payıbəlli torpaq düşür.
Hələ sovet dönəmində buradakı Su hövzəsi fəaliyyətdə olub.
Bu su hövzəsi 85 il öncə, 1932-ci ildə yaradılıb.
Xallıcallıdakı Su Hövzəsi
Yerli sakinlər deyir ki, bura 120 hektarlıq sahədir, onun da 90 hektarı sudur. Rəsmi rəqəmlərdə isə bildirilir ki, bu Su Hövzəsi 20 hektar ərazini əhatə edir, sonra da 60 hektar artırılaraq 80 hektara çatdırılıb.
10 ildən çox yaşı olan dava
Sovet hökuməti dağılandan sonra qonşu kəndlərin əkin sahəsini su ilə təmin etməli olan bu Su Hövzəsi uğrunda əsl dava başladı. Bələdiyyə mülkiyyəti sayılan bu torpaqlar bir qrup şəxsin qazanc yerinə çevrildi.
Yerli sakinlər nəinki bu sərvətdən yararlana bilmədi, əksinə, bu yerin ucbatından bir sıra problemlərlə üzləşdi.
2010-ci il. 20 avqust. “Cənub xəbərləri” qəzetində gedən yazı.
Kənd sakini, o vaxt 41 yaşı olan, 2-ci qrup əlil, şəhid qardaşı Qafil İsmayılov un dilindən “Cənub xəbərləri” qəzetində manşet yazı kimi təqdim olunan 1 səhifəlik məqalədə qeyd olunurdu ki, bu su hövzəsi rayon rəhbərliyinin himayəsi ilə bir qrup şəxs tərəfindən zəbt edilir.
Su Hövzəsinə hər dəfə 100 minə yaxın kiçik balıqlar buraxılır. Və ildə 2 dəfə bu bəndin suyu boşaldılır və buradan 90-95 ton balıq götürülür, su hövzəsindən hər il yarım milyona yaxın qazanc əldə edilir, lakin bu sərvətdən ağır vəziyyətdə yaşayan yerli sakinlərə pay düşmür.
Su Hövzəsinin yaratdığı problemlər
Şəhid qardaşı Qafil İsmayılovun dediklərindən: “...Əvvəlllər Viləş çayının suyu kəndin kənarından keçirdi və bu suyun bir hissəsi su anbarına, bir hissəsi isə arxlar vasitəsi ilə kəndə gəlirdi. Biz də həmin su vasitəsi ilə mal-qaranı sulayır, pal-paltar yuyur, digər təmizlik işləri aparırdıq.”
Qafil İsmayılov daha sonra bildirir ki, su hövzəsi zəbt olunandan Viləş çayından bura gələn bütün sular bu balıqçılıq hovuzuna verilir.
Daha sonra balıqlara verilmiş yemdən çirklənmiş həmin su kəndə buraxılır.
“Su elə hala düşür ki, onu heç heyvanlar da içə bilmir. Bu sudan paltar yumaq və digər texniki işlər üçün də istifadə etmək olmur.”
Şikayətçi daha sonra qeyd edir ki, su hövzəsinin ətrafında 30 hektar sahə örüş yeri olsa da, bura nəzarətə götürülüb, 3 silahlı gözətçinin qorxusundan bura heç kim girə bilmir.
Kənd sakinləri şikayətlərində qeyd edirdilər ki, bu su hövzəsinə görə bir sıra adamların payıbəlli torpağı da əldən çıxıb.
Yaxud, ildə 2 dəfə hovuzun suyunun buraxılması nəticəsində əkin-biçinimiz suyun altında qalıb məhv olur.
Bir məqama da diqqət yetirmək maraqlı olardı.
Bu ərazidə çoxlu lığ, qamış, pizə, dala və sair yabanı bitkilər bitir.
Həmin bitkilərdən nəinki Xallıcallı, eləcə də qonşu Sərçuvar, Musaküçə, Xıl və sair kəndlərin də sakinləri istifadə edərək həsir, zənbil, tərəzi, papaq hazırlayır - həm çörək pulu qazanır, həm də qədim el sənətimizi də yaşadırdılar.
Bu torpaqları zəbt etdikdən sonra yerli sakinlər həmin yabanı bitkilərə də əl uzada bilmirlər.
İşbazlar həmin şəxslərdən gününə 100 manat tələb edib, sonra sahəyə buraxırlar.
(red- Hazırda həmin yabanı bitkiləri məhv edib, onlarla insanı çörək pulundan məhrum edərək o ərazini də su hövzəsinə qataraq onu daha da genişləndiriblər)
Şikayətçi bütün bu işlərdə Masallı rayonunun o vaxtkı icra başçısı Qəzənfər Ağayev i, yerli ərazi nümayəndəsi ni, əvvəlki bələdiyyə sədri Telman Quliyev i (Vidadi Quliyevin qardaşı) günahlandırırdı.
Onu da xatırladaq ki, həmin vaxt bu su hövzəsinə Telman Quliyev rəhbərlik edirdi, indi isə ora qardaşı Vidadi Quliyev sahiblik edir.
5 min tirajla çap olunan qəzetdə dərc edilən bu yazı geniş rezonans doğursa da, su hövzəsinə rəhbərlik edənlər o vaxt yazıdakı kəskin iradları təkzib etmək gücündə olmadılar.
Su hövzəsinin indiki taleyinə keçməzdən əvvəl onu da bildirək ki, şikayətçi, şəhid qardaşı Qafil İsmayılov şərlənərək həmin şikayətlərinə görə 3 il həbs edildi, bir çox şəxslər təzyiqlərlə üzləşdi.
Baş Prokurora şikayətdən sonra şantajçılardan bəzisi cəzalandı.
Ardı var...