Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qədim Masallı (1-ci yazı) Bölgəmiz eramızın əvvəlindən Səfəvilər dövrünə qədər


Arxeoloyi abidələr. Masallı rayonunun ərazisində insanların ilkin məskunlaşması tarixi qədimdir. Rayonun ərazisindən  aşkar edilmiş daş, tunc və dəmir  dövrlərinə aid  müxtəlif maddi-mədəniyyət nümunələri qədim dövr tariximizi araşdırmaq üçün cox qiymətlidir. 
Masallı ərazisi 168 qədim abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar məskənidir. 
Bunlardan 51-i tarix - memarlıq, 
70-i arxeoloji, qalanları isə XX əsr abidələridir. 


Həvəskar fransız arxeoloqlar Talışda

Masallı tarixinin  yazıya qədərki dövrünü öyrənmək üçün  arxeoloyi tədqiqatlar hələ XIX əsrin sonlarında həvəskar fransız arxeoloqu Jak De Morqan və qardaşı Henri Morqan tərəfindən başlanmışdır.
 1889-1891-ci illərdə mühəndis De Morqanın rəhbərliyi ilə fransız arxeoloji missiyası İran və Azərbaycan ərazisinə gəlmişdir. De Morqan bu zaman ərzində İranın şimal-qərb rayonlarında, Xəzərin sahillərində, Talış xanlığında olmuş və arxeoloji qazıntılar aparmışdır.
 O, 1889-cu Astaranın, Lerikin, Masallının müxtəlif dağ kəndlərinə qədər olan ərazidə ən qədim abidələri, tarixi eksponatları, bir sözlə, bütün maddi mədəniyyət nümunələrini Fransaya yola salır. Qeyd etmək lazımdır ki, onun Azərbaycandan apardığı həmin nümünələr, son tunc, erkən dəmir dövründən 17-ci əsrə qədər olan dövrü əhatə edir. 

K.Şaffer və qardaşı Henri ilə birlikdə

1890-cı ildə isə tədqiqatcı  K.Şaffer və qardaşı Henri ilə birlikdə Talış dağlarının ətəyindəkı kəndlərin ərazisində 300-ə yaxın  nəhəng qəbirləri (bu qəbirlər çəkisi 5-6 tondan ağır böyük daşlardan hazırlanıb, daşlar şaquli vəziyyətdə yerə basdırılıb və hər iki tərəfi bağlıdır. Onların üstünə böyük sal daşlar qoyulub) yerli əhaliyə qazdıraraq, qiyməti milyonlarla ölçülən tarixi abidələri Parisin Sen-Jermen muzeyinə göndərmişdir. Bunların arasında bəzək əşyaları, silahlar, məişət əşyaları, keramika nümunələri vardır. 

 F. Mahmudovun tədqiqatları

 1970 –ci ildə arxeoloq  F.Mahmudov rayonun Hişkədərə kəndindəki “Məhi“ və “Kuəhi”adlandırılan  ərazisində tədqiqat işləri zamanı əl çapacağı, qaşov, daş baltalar, həvəng, Mirzəgül məhəlləsindən isə e.ə.III minilliyə aid tunc bıçaq, xəncər və qılınclar aşkar etmişdir. Həmçinin Əhlioba məhəlləsindən tapılmış fil sümüyü, maral buynuzuna əsasən bu heyvanların bölgədə yaşamasını göstərmişdir. Arxeoloq həmçinin Mahmudavar kəndində qazıntılar zamanı e.ə.IX-VIII əsrlərə aid edilən tunc dəstəkli qılınclar, Çaxırlı kəndində tunc dövrünə aid kurqan aşkar etmişdir.

   Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin tədqiqi ekspedisiyası

1985-ci ildə Azərbaycan EA-nin Tarix İnstitutu Cənub bölgəsini arxeoloji cəhətdən öyrənmək üçün  Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin tədqiqi ekspedisiyası yaradır.
 1989-cu ildə Əmirtürbə kəndində Masallı tarixi üçün qiymətli olan  torpaq qəbir aşkar edilmişdir. Alimlərin fikrincə uzunluğu 4 m., eni 1,8 m.olan bu torpaq qəbir e.ə.III-II minilliyə aiddir.
     2004-2007-ci illərdə  AMEA  Arxeologiya və Etnoqrafiya İnstitutunun Paleolit arxeoloyi ekspedisiyası professor Ə.Cəfərovun  rəhbərliyi ilə Ərkivan qəsəbəsi və Viləş çayı sahillərində arxeoloyi qazıntı işləri aparmışdır. 
Xüsusilə ərazisinin Viləş çayı terraslarından tapılmış əmək alətlərinin texniki və tipoloji xüsusiyyətlərinə əsasən onların üst paleolit dövrünə aid olduğunu söyləmək olar. 
Ərkivandakı tapıntılar
Ərkivan ərazisindən ust paleolit mədəniyyətinə aid olan daş məmulatlar aşkar olunmuşdur. Aşkar edilmiş maddi mədəniyyət nümunələri Masallı ərazisində qədim insanların 15-20 min il bundan əvvəl yaşamağa başladıqlarını söyləməyə imkan verir.
  Yerüstü əlaməti olmayan abidələr Masallı  ərazisində çox geniş yayılıb. Onların əksəriyyəti təsərrüfat işləri zamanı ortaya çıxır. 
2015-ci ildə  rayonun Seybətin kəndi ərazisində kanalizasiya və qaz xətti çəkilərkən küp qəbirlər nekropolu aşkar edilmişdi. Aşkar edilən abidə Masallı rayonunun  arxeoloyi xəritəsinə salınmışdı. 

 Qızılağacın Həzi təpəsi    
Qızılağacın Həzi təpəsi adlandırılan ərazisində aşkar edilmış kurqanları  neolit və eneolit dövrlərinə aid edirlər. 
    Masallı ərazisində Eneolit və Tunc dövrlərinə aid “Qala təpə”, “Balaca təpə”, “Nadir təpə”, “Qaratikan təpə”, “Yekə təpə”,”Güllü təpə” kurqanlarında, o cümlədən, orta əsrlərə aid qəbiristanlıqlarda arxeoloji qazıntı işləri aparılmışdır. 
Neolit dövrünə aid əl çapacağı, oraq dişləri, bıçaqlar,və qaşovlar rayonun Tatyan kəndinin “Bobyrum”adlanan hissəsindən tapılmışdır. Kəndin “İskəndər təpəsi” və “Köhnə qışlaq” məntəqəsindən son tunc vəerkən dəmir dövrünə aid xəncərlər, ikiağızlı, şişuclu qılınclar, baltalar və bəzək əşyaları da tapılmışdır.
”Qoşabuta”,”Osyo təpə” kurqanları və ”Sığə çolə”qalası Kolatan kəndində, Qız qalası Qəriblər kəndində  yerləşir.

Masallını Muğan mədəniyyəti    
Masallının qədim tarixinin müəyyən hissəsi Muğan mədəniyyəti ilə bağlıdır. Muğan mədəniyyəti - son tunc - erkən dəmir dövrü (e.ə. II minilliyin ikinci yarısı - e.ə. I minilliyin əvvəlləri) arxeoloji mədəniyyətdir. Bu mədəniyyət nümunələri Azərbaycanda Muğan çölündə və Talış dağlarında aşkar edilmişdir. 
Muğan mədəniyyəti üçün sümükləri qıvrılmış və ya dartılmış halda daş qutularda və ya torpaq qəbirlərdə dəfnetmə səciyyəvidir. Həm tək, həm də qrup qəbirləri əmək alətləri, silah və bəzəklərlə müşayiət olunur. 
Muğan mədəniyyətini yaradan tayfalar maldarlıq, əkinçilik və ola bilsin ki, həm də balıqçılıqla məşğul olurdular. Əmək alətləri və silahlar tuncdan və dəmirdən hazırlanırdı, xüsusilə səciyyəvi olanlar isə dəstəyi haşiyəli tunc və dəmir qılınc ilə tunc xəncərlər idi. Gil qablar da müxtəlifliyinə görə seçilir. Zəngin və ya kasıb qəbir əşyaları nəsli icmanın dağılması prosesini və bu tayfalarda əmlak bərabərsizliyinin meydana gəlməsini göstərir.Muğan mədəniyyətinin Cənubi Qafqazın digər rayonlarının və qədim Şərq ölkələrinin mədəniyyəti ilə əlaqələri aşkar edilmişdir. 
Miyankü, Ərkivan, Qızılavar, Qodman kəndlərindən daşdan yonulmuş qəbirüstü  Qoç fiqurları, üzərində müxtəlif işarələr işlənmiş (çərxi-fələk, nəbati, həndəsi və s.) baş  daşları, qırmızı və bişmiş kərpiclərlə ucaldılmiş qala və bürclər öz əzəmətini saxlamaqdadır.Masallının Siğdaş kəndində yerləşən Mirsəlim türbəsi və burakadakı başdaşı orta əsrlərə aiddir.

 Masallı antik dövrdə 
Masallı ərazisi qədim Manna  dövlətlərinin ən mühüm ərazilərində biri olmuşdur.Manna dövləti  e.ə.III-II minillikdə yaşamış 
lullubilərin, 
kutilərin, 
hurrilərin və digər tayfaların varisi olmuşdu.
E.ə IX əsrdə tarix səhnəsinə çıxmış Manna dövlətinin yerləşdiyi coğrafi mövqe burada əhalinin əkinçilik və maldarlıqla məşğul olması üçün əlverişli idi. 
Bölgədə  e.ə I minilliyin ortalarında atçılığın inkişafı  Mannada olduğu kimi arxeoloyi qazıntılarla müəyyən edilib.
Muğanda və Ərkivanda tapilmış əhliləşmiş at sümükləri bunu bir daha təsdiqləyir
.E.ə. 328-ci ildə Makedoniylı İsgəndər Atropatı Midiyanın satrapı təyin edir. Makedoniylı İsgəndərin ölümündən sonra Atropat Midiyanın  müstəqil hakiminə çevrilir.Atropatenanın ərazisi müasir Azərbaycan Respublikasının cənub vilayətlərini də əhatə etdiyindən, Masallı ərazisinin  də bu dövlətin tərkibində olması heç şübhəsizdir.

    Orta əsrlər dövrü.
227-ci ildə Atropatena dövləti Sasanilər tərəfindən işğal edildi.
Kaspiana adlandırılan   Kürün Arazla birləşdikdən sonra Xəzərə qədərki hissəsini cənubda-indiki Salyan və Muğan düzlərində yerləşirdiəhatə edən bu əyalət Arazdan şimalda yaranmış Albaniya dövlətinin tərkibində olmuşdur. 
İndi Şimali Azərbaycana aid bu bölgə qədimdə Midiyaya, sonra isə Atropatenaya məxsus olmuşdur. 
Bu əyalət uzun müddət xristian dinini yaymaq istəyən Roma ilə  atəşpərəstlik dinini yaymaq istəyən Sasani dövləti arasında mübarizə meydanı olmuşdur.

Masallı Ərəb işğalı dövründə
VII əsrin 30-40-cı illərindən Azərbaycan ərəb işğalına məruz qalır. 
642-cü ildə Muğana hücum etmiş ərəb qoşunu ilə muğanlılar arasında müqavilə bağlandı və yerli əhali islam dinini qəbul etdi. 
Yadelli əsarətinə və yerli feodalların ağalığına qarşı Xürrəmilər hərəkatı (778-838) baş verən zaman Ərkivan qalası da onların əsas dayaq məntəqələrindən və mübarizə mərkəzlərindən birinə çevrilir. 
IX əsrin II yarısında Xılafətdə siyasi hakimiyyətin zəifləməsindən istifadə edən Sacilər  Azərbaycanda ilk vahid müstəqil dövlət yaradırlar. 

Rəvvadilərin Masallının Muğan ərazisini ələ keçirməsi
Sacilərdən sonra Salarilər və Rəvvadilər dövlət yaratdılar. Rəvvadi hakimi Məmlan Vəhsudan  Muğan düzünü ələ keçirmək üçün  Muğan əmiri ilə Masallının şimal-şərqində döyüşə girir və onu məğlub edib Muğanı ələ keçirir. 
Dövrünün tanınmış şairi Qətran Təbrizi “Əbünəsr Məmlan ibn Vəhüstanın mədhi”əsərində bu qanlı döyüş haqqında məlumat verir.
XI əsrdə Səlcuqlar Cənubu Qafqazı işğal edirlər. Masallı ərazisində  səlcuqlar dönəmi  bağlı çoxlu pul nişanları aşkar edilmişdir.
 1974-cü ildə rayonun Xırmandalı kəndində XII əsrə aid Mosul Atabəylərinin (İraq Səlcuq sultanları) adına zərb edilmış mis sikkələr tapılmışdır. Ümumi şəkisi 18 qram olan bu mis sikkələrin üzərində  Mosul Atabəylər dövlətinin sultanının rəsmi zərb olunmuşdur.
   Monqol hücumları
XIII əsrdən başlayaraq Azərbaycan monqol hücumlarına məruz qalır.
Hülaki (Elxani) hökmüdarları Muğanda və işğal etdikləri ərazilərdə hakimiyyətlərini möhkəmləndirmək üçün  dayaq mənəqələri yaradırdılar. 
 Teymurilərin hökmranlığı
Teymuri Əbu Səid və Ağqoyunlu Uzun Həsən arasında Muğanda döyüşü

XIV-XV əsrlərdə bölgədə Teymurilər hökmüranlıq etmişlər.
1468-ci ildə Teymuri Əbu Səid və Ağqoyunlu Uzun Həsən arasında Muğanda döyüş baş verir. Görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov qeyd edir kı, Mahmudabad, Qızılağac və Muğan arasında baş vermiş döyüşdə Əbu Səid məğlub edilir və Teymurilərin hökmüranlığına son qoyulur.
Bölgəyə nəzarət Ağqoyunlu dövlətinin ixtiyarına keçir.
1-ci hissənin sonu.
Mürüvvət Abbasov, tarix üzrə fəlsəfə doktoru

Bölgə Səfəvilrə dövründə
Bölgə 1501-1736-cı illər ərzində Səfəvilər dövlətinin tərkibində olmuşdur.
Səfəvilər Atabəylər (Eldənizlər) zamanı onların yanında xüsusi hörmətə malik olmuş Şeyx Səfiəddinin (1252-1334) nəsilidəndir. 
Onun 1274-1281-ci illərdə  Ərkivan kəndində yaşadığını qeyd edirlər. Şeyx Səfiəddinin həmin illərdə inşa etdiyi Şah Səfi bilağı bu gün də ziyarətgah kimi qalmaqdadır. 
Tarixi mənbələrin verdiyi məlumata əsasən Şah İsmayıl Xətai 1501-ci ildə Təbrizdən qayıdarkən Ərkivanda qalıb dincəlmiş və Şeyx Səfi bulağında su içmişdir. 

Bölgə  rus işğalı dövründə
  1722-ci ildə Rusiya imperatoru I Pyotr Xəzəryanı əyalətlərin işğalına başlayır. Qızılağacda, Lənkəranda, Astarada qalalar tikilir.
I Pyotr Ərkivanı və Qızılağacı Rusiya dövlət xadimlərindən Kerç ləqəbi ilə tanınan Bernard Aleksandroviçə hədiyyə edir.
Bu diyar 1722-1732-ci illərdə Rusiya imperiyasının tərkibində olmuşdur.

Masallı Nadir şahın dövründə

   Masallı ərazisi 1736-1747-ci illərdə Nadir şah Əfşarın hakimiyyəti altında olmuşdur. 
Nadir şahın dövründə ərazinin mərkəzi Qızılağac kəndi, sonra Astara olmaqla hakimliklərə bölünmüşdü. 
Ərazi Şirvan bəylərbəyliyinin mahalı statusunda idi. Şahın ağır verğı siyasəti yerli əhalinin narazılığına səbəb olurdu.
Nadir şahın hakimiyyətinin zəiflədiyi dövrdə Qızlağaclı Musa xan öz rəqiblərini məğlub edərək hakimiyyəti ələ alır.
Mərkəzi Qızılağacdan Astaraya köçürür. Limir-Butəsər, Lənkəran, Zuvand, Uluf Mirənkuh, Drıq, Dəştvənd, Muğan Ucarud, Ağtam (Ağdam), Bilharud,həmçinin Qala-bazar (indikı Masallı), Alvadı, Banbaşı Musa xana tabe idi.
Musa xandan sonra Şirazlı İbrahim xan mahal hakimi təyin olunmuşdu.
 Onun şərabxorluğundan  istifadə edən vergitoplayanı və qaynı Seyid Mir Abbas hakimi oldu. 
Onun oğlu Seyid Camaləddin (Qara xan) Nadir şah Əfşara döyüşlərdə xüsusi xidmət göstərdiyi üçün şah ona nəsilliklə ötürülən xan titulu verdi.
1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Cəmaləddin Qara xan Lənkəran xanlığında (Talış xanlığı) irsi hakimiyyətə sahib olur. 
Lənkəran xanlığı (Talış xanlığı)
  şərqdən Xəzər dənizi, qərbdən Ərdəbil, 
şimal-qərbdən Qaradağ (indiki İran ərazisi),  cənubdan  Gilan,  
şimaldan  Salyan, Cavad 
(sonradan Salyan xanlığı Şamaxı xanlığına birləşdirilmiş, Cavad xanlığı isə Şamaxı  və Qarabağ xanlıqları arasında bölüşdürülmüşdür) xanlıqları ilə həmsərhəd idi. 
Xanlığın mərkəzi əvvəl Astara, sonra isə Lənkəran şəhəri olmuşdur. 
 Qara xanın oğlu Mirmustafa xanın dövründə onu paralel olaraq Talış xanlığı da adlandırırdılar. 
Amma o müstəqil olmadığı, ayrıca xütbə oxutmadığı, pul buraxmadığı və Qacarlar sülaləsinə tabe olduğu üçün rəsmən Talış xanlığı kimi tanınmırdı. 
Amma Mirmustafa xan nəhayət Qacar sülaləsinə qarşı açıq mübarizəyə qalxdı və hakimliyin adın Talış xanlığı adlandırdı.
 Qacar qoşunları hücum etdikdə xan yaxınları ilə birlikdə Sara adasına sığındı. O, birləşmək və himayəsinə keçmək üçün yenidən Rusiyaya müraciət  elədi. İranla döyüşən rus qoşunları artıq Azərbaycan ərazisində idi. 
Aslandüzdə rus qoşunları Fətəli xana qalib gəlib, irəlilədilər. Beləcə, Lənkəran qalası 1812-ci il dekabrın 31-dən 01 yanvara keçən gecə çar Rusiyasının qoşunları tərəfindən  sonuncu istehkam olaraq mühasirəyə alındı.
 Rusların odlu silahı çox idi. Buna görə də qala darmadağın edildi. Bu zaman 17 min dinc əhali, 4 min əsgər həlak oldu

Rusiya və qacarlar arasında mübarizə dövründə
   XIX əsrin əvvəllərində Rusiya ilə Qacarlar arasında Cənubi Qafqaz uğrunda mübarizə 1804-1813-cü illəri əhatə edən müharibə ilə nəticələnir.Qanlı döyüşlər Masallı ərazisində də getmişdir.1812-ci ilin dekabrında Ərkivan qalası general P.S.Kotlyarevskinin başçılığıilə rus qoşunu tərəfindən tutuldu.Ərkivanın alınmasını yüksək qiymətləndirən çar hökuməti generala iki min çervon rubl mükafat vermişdir. İşğaldan sonra xanlığın ərazisində rus idarəçiliyinə qarşı narazılıqlar baş verirdi.1814-də xanlıq faktiki olaraq komendantların ixtiyarına keçdi.Mayor     M.S.İlinski hərbi komendant oldu, 1826-cı ildə isə tamam ləğv edildi.  Şimali Azərbaycanın ərazisində Bakı,Quba, Şəki, Şirvan, Qarabağ əyalətləri ilə yanaşı Lənkəran (Talış) əyaləti də yaradıldı. Lənkəran (Talış) əyaləti mərkəzi Şuşa şəhəri olan “Müsəlman əyalətləri rəisliyi” dairəsinə tabe edildi.
    Talış xanları sülaləsinin banisi səfəvilər sülaləsindən olan əslən ərdəbilli Seyid Abbas, xanlığın banisi isə Cəmaləddin xandır (1747-1786). Cəmaləddin xan qara olduğundan daha çox Qara xan kimi tanınmışdır. 
Xanlıq 79 il, 1747-1826-cı illərdə mövcud olmuşdur. Lənkəran xanlığı  xan tərəfindən idarə olunur və inzibati cəhətdən mahallara bölünürdü. Tarixi mənbələrdə Talış xanlığının gah 6, gah 10, gah da 11 mahaldan ibarət olması faktlarına rast gəlirik. Eyni zamanda mahalların adlarında da fərqlilik vardır. 
Xanlıq haqqında əsas mənbə  Səidəli Kazımbəyoğlunun  1869-cu ildə fars dilində yazmış oldiğu “Cavahirnameyi-Lənkəran”  və  Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun 1882-1883-cü illərdə yazmış olduğu  “Əxbarnamə”  əsərləridir
. “Cavahirnameyi-Lənkəran”  kitabında xanlığın mahallarının sayı 11 – Astara, Çayiçi Lənkəran, Dırığ (Derığ), Dəştvənd, Əsalim, Qorqanrud, Muğan, Uluf, Ucarud, Vilgic və Zuvand (səh.28), 
“Əxbarnamə”də isə 10 – Astara, Alar, Adınabazar, Çayiçi, Drığ, Ərkivan, Xanbili, Lənkəran, Səfidəşt və Zuvand ( səh.158) qeyd olunur.

Dəştivənd mahalı
    Mənbələrdə Dəştvənd mahalı bəzən Ərkivan da  adlandırılır.  Dəştvənd mahalı Boradigahdan (Masallı r.-da qəsəbə) Göytəpəyə qədər olan əraziləri əhatə etmişdir. Boradigah özü mahalın tərkibində olmamışdır. Dəştvənd mahalı Şərqdən Xəzər dənizinə, 
qərbdən isə indiki Ucarud ərazisinin Masallıya yaxın olan kəndlərinə qədər ərazisini, 
şimaldan Muğan, 
cənubdan isə Uluf mahalları ilə həmsərhəd olmuşdur. Muğan  mahalı xanlığın Muğan ərazisinin müəyyən hissəsini, indiki Cəlilabad rayonunun Alar və Adınabazarın  bir qismini, o cümlədən Göytəpə şəhəri, Privolnoye, Qarazəncir və digər yaşayış məntəqələrini əhatə etmişdir. 
Səfəvi hökmdarı Sultan Hüseyn tərəfindən verilən bir fərmandan bəlli olur ki, 1703-cü ildə Lənkəran şəhəri də daxil olmaqla Muğanı vaxtıilə Abbasqulu xan (Mir Abbas) idarə etmişdir. 
Uluf mahalı Lənkəran şəhərinin qədim sərhəddi olan Ləkər körpüsündən (Girdəni kəndi) başlayaraq Bədəlan kəndinə (Masallı r.) qədər uzanmışdır. Həmin vaxtlar Masallının indiki Hişgədərə, Miyankü, Terkoba, Qəzvinova, Şatıroba, Mahmudavar, Mololon, Rudakənar kəndləri Uruf mahalının tərkibində olmuşdur.
Cənubdan Çayiçi Lənkəran, şimaldan isə Dəştvənd mahalları ilə həmsərhəd olmuşdur. Mahalın eni isə Xəzər dənizindən Dırığ (Derığ)  indiki---- mahalına qədər olmuşdur. 
İndiki Lənkəran və Masallı rayonlarının bir sıra yaşayış məntəqələri Girdəni, Havzava, Veravul, Vilvan, Cil, Separadi, Mahmudavar, Boradigah, Bədəlan və b. Uluf mahalının tərkibində olmuşlar.
   Mahallar inzibati cəhətdən  şəhər və kəndlərə bölünürdülər. 
Xanlığın idarəetmə sistemi irsilik prinsipinə əsaslanırdı. 
 Xanlıq xan,
 mahallar naiblər,
şəhərlər kələntər və qalabəyi,
 kəndlər isə yüzbaşı və kəndxudalar tərəfindən idarə olunurdu. 
Bəs məhkəmə, qazilər----
Xanlığın idarəetmə sistemində çalışanlar maaş almırdılar. Onların xidməti xəzinə üçün toplanan vergi hesabına ödənilirdi. 
    Çar Rusiyası Azərbaycanın şimal torpaqlarını işğal etdikdən sonra özünə dayaq yaratmaq məqsədi ilə rusları buraya köçürməyə başladı. Rusların Cənubi Qafqaza köçürülməsi haqqında hökumət sərəncamı 1830-cu il oktyabrın 20-də verildi. 
Ruslar Masallıda
Ruslar Masallının təkcə Kalinovka (Viləş kənd ) kəndində məskunlaşmışlar.
 Kənd 1840 (1843)-cı ildə salınmış və çar I Nikolayın (1825-1855) şərəfinə Nikolayevka adlandırılmışdır.
 1946-cı ildə isə Nikolayevka kəndinin adı dəyişdirilərək Sovet dövlət və partiya xadimi Mixail İvanoviç Kalininin (1875-1946) şərəfinə Kalinovka adlandırılmışdır. 
Bir müddət Ərkivan da daxil əksər kəndlər Nikoloyevkadakı   pristavlığa tabe olmuşdur. 
Masallılar 1931-ci il Lənkəran üsyanında    
1831-ci ildə  Mir Həsən xanin rəhbərlik etdiyi Lənkəran üsyanında Dəştvənd və Muğandan da çoxsaylı silahlı üsyançının vuruşduğu məlumdur.
Üsyanda Bədəlan və Kolatan kəndlərindən olan tüfəngçilər mərdliklə döyüşmüşdülər. 
Çar I Nikolay 1840-cı il aprelin 10-da Cənubi Qafqazda inzibati və məhkəmə islahatı haqqında qanun verdi. Bu qanunla komendant idarə-üsulu, əyalətlər ləğv edilir, quberniyalar və onların nəzdində mahallar qəzalara, qəzalar polis nahiyələrinə (dairə), polis nahiyələri isə kənd cəmiyyətlərinə bölünürdü. 
Masallının da daxil olduğu Lənkəran qəzası müxtəlif illərdə Xəzər (Kaspi ) vilayətinin (1841-1846), Şamaxı (1846-1859) və Bakı (1859-1917) quberniyalarının tərkibində olmuşdur. 
Qəzanın mərkəzi Lənkəran şəhəri idi. 
Qəza Səbican, Lənkəran, Ərkivan məntəqələrindən  və Muğan pristavlığından ibarət idi.
 Burada qəza idarəşi sistemi fəaliyyət göstərirdi. Qafqaz təqviminin (1917 məlumatına görə, qəzanın ərazisi 
4726,88 kv.verst idi. 
Lənkəran qəzasında 185 518 nəfər əhali yaşayırdı.
 Qəzanın təsərrüfat həyatında taxılçılıq, çəltikçilik, balıqçılıq əsas yer tuturdu.
 Lənkəran qəzası 1840-cı il aprelin 10-da yaradılmış və 1929 (1930)-cu ilə qədər mövcud olmuşdur. Qəza  general-qubernator  tərəfindən idarə olunurdu.
     Lənkəran qəzası 1840-1917-ci illərdə 5 polis nahiyəsinə bölünmüşdür. Qəzanın polis nahiyələri aşağıdakılar idi: 
1.Lənkəran – mərkəz Lənkəran.
2. Astara – mərkəz Astara.
3. Zuvand (Vərgədüz- indiki Yardımlı rayonu da buraya daxil idi) – Lerik.
4. Ərkivan – Nikolayevka (Kalinovka, indiki Viləşkənd).
5. Sebican – Prişib (Göytəpə).
     Polis nahiyələri pristav tərəfindən idarə olunurdu. Polis nahiyələri özlüyündə kənd cəmiyyətlərinə bölünürdülər.
 Masallıda Boradigah, Qızılağac, Xırmandalı, Musakücə kənd cəmiyyətləri fəaliyyətdə udi. 
Kənd cəmiyyətləri özündə bir neçə kəndi birləşdirirdi. 
Ərkivan polis nahiyəsinə daxil olan Boradigah kənd (1966-cı ildən qəsəbə) cəmiyyəti  Boradigah, Mahmudavar, Miyanku, Hişkədərə, Türkoba, Tüklə kəndlərini əhatə edirdi. 
Kənd cəmiyyətləri  kəndxudalar tərəfindən idarə olunurdu. Rus işğalı nə qədər ağır olsa da, mədəniyyətin və təsərrüfatın inkışafına müsbət təsir etmişdir. 
Mayılov qardaşları Masallıda
İşğaldan sonra yeni təsərrüfat və emal sahələrinin  fəaliyyətəi başladı. Bakı milyonçusu, ”kürü kralı” kimi tanınan ”Mayılov qardaşları” kommersiya şirkətinin təsisçilərindən olan Danil Mayılov Rusiya imperatoru II Aleksandrın (1855-1881) 1860-cı il sərəncamı ilə mülk olaraq onlara verilmiş Xırmandalı kəndinin Xəzər dənizi sahilində balıq vətəgəsinin əsasını qoydular. 1917-ci ilə kimi tam gücü ilə işləyən bu vətəgə balıq ovlanması və emalı ilə məşğul olan və öz dövrünün istehsal gücünə görə seçilən çox mükəmməl kapitalist müəssisəsi olmuşdur. Nəzərə alsaq ki, Azərbaycanda fabrik-zavod istehsalı XIX əsrin ortalarında meydana gəlmişdir, onda Mayılovun Xırmandalıda fəaliyyətə başlayan balıq emalı şirkətini Azərbaycanın ilkin kapitalist istehsal müəssisələri sırasına aid etmək olar.
Masallının Çaxırlı kəndində mülkədar Ter-Stepanovun düyü emal müəssəsi
Çaxırlı kəndindən mülkədar Ter-Stepanovun düyü emal müəssəsi də 1889-cu ildə Tiflisdə keçırılən kənd təsərrüfatı və sənaye məsullarının Qafqaz sərgisinin qalıbi olmuşdur.
   
1917-ci il Fevral inqilabından sonra Rusiyada Müvəqqəti hökumət yaradıldı. Müvəqqəti hökumətin Lənkəran qəzasında da orqanları yaradılmışdır. 
Polis nahiyələrinin polis dairələrinə çevrilməsi
1917-1929-cu illərdə qəzalar, o cümlədən Lənkəran qəzası polis nahiyələri deyil, dairələrə bölünmüşdü. 
Qeyd olunan dövrdə Lənkəran qəzası Lənkəran şəhəri, Sara (Sarı) adası və 9 dairədən (Astara, Astraxanbazar, Boradigah, Vərgədüz, Lerik, Masallı, Mistan, Prişib, Şürük) ibarət idi. 
Masallının rayona çevrilməsi
   1930-cu ildə qəza və mahallar ləğv edilərək əvəzində ölkə üzrə rayonlar  yaradılmışdır. Lənkəran qəzasının yerində 1930-cu il avqustun 8-də Astara, Astraxanbazar (1967-ci ildən Cəlilabad), Lənkəran, Masallı, Zuvand (1938-ci ildən Lerik) və Vərgədüz (1938-ci ildən Yardımlı) rayonları yaradılmışdır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10