Günel Mehrinin Gəncə bombardmanı zamanı uçqunlar altından Azərbaycan bayrağını çıxaran gəncəli Xəyyamla bağlı yazısını təqdim edirik.
Möhtəşəm 44 gün yaşadıq. Rəngli-rəngli, dolu-dolu, birlik-bərabərlik içində. Heç tanımadığımız insanlar bircə günə dillərə dastan oldu. Ətrafımızda dolaşan, sakit, sıradan bildiyimiz bəzi dost-tanışlar bizi necə mat qoydu. Bir də baxdıq, kinolarda gördüyümüz qəhrəmanlar yalan, əsl qəhrəmanlar illərlə böyrümüzdə imiş, xəbərimiz yox.
Sən demə, bir qığılcım lazım imiş, içimizdəki əjdahaların oyanıb od yağdırmasına, beynimizdəki Qarabağ vulkanının püskürməsinə...
Məncə, sözün hər bir mənasında möhtəşəm yaşadıq bu 44 günü. 30 ilə yaxın zaman kəsiyində ünümüzün yetmədiyi uzaq-uzaq diyarlara Qarabağ həqiqətlərimiz 44 günə çatdı, yayıldı, əks-səda verdi.
Dünya bizi danışdı. Xarici kanalların ən reytinqli verilişlərində gündəm olduq. Kimi müzakirə, kimi mühakimə etdi... Bu 44 gündə hormonlarımız qaynayıb daşdı. Eyni anda ağlayıb-güldük. Yüngülləşib havalara uçduq, dalınca da gərginləşdik.
Gərginləşib-gərginləşib, sonra da şadyanalıq etdik.
Bəlkə yuxu kimi, Hiçkokun filmləri kimi idi, amma hamısı həqiqi idi və ən yeni tariximizin real mənzərəsini cizgiləyirdi. Dünyanı mat qoyan bu həqiqətin məkanı - Azərbaycan, doğum tarixi - 27 sentyabr 2020-ci il, adı isə Böyük Vətən Müharibəsi idi.
Bəlkə də qlobusu qarşısına qoyub barmağıyla fırladan bir əcnəbi üçün Azərbaycan boyda kiçik bir ərazidə Vətən Savaşının böyük olması absurd səslənə bilər. Amma bilən bilir ki, bu savaş bizim üçün nə qədər böyük oldu.
Fikir verdinizsə, çoxlu “Danışan şəkillər” yarandı bu 44 gündə. Evlərimizin qonağı oldu, telefonlarımızın əsas bəzəyi. Söhbətlərimizin məğzinə çevrildi bu danışan fotoların susqun qəhrəmanları. Bir də ayıldıq ki, ön cəbhə kimi arxa cəbhədə də Vətən fədailəri yetişib bu sehrli zaman kəsiyində.
Adbaad axtardıq onları, düşdük izlərinə. Baxdıq ki, İlahi, hər şəklin arxasında nə qədər maraqlı bir əhvalat var. Bəlkə faciəvi, bəlkə qanımızı donduracaq qədər ağrılı, amma maraqlı...
Mən bu geniş müqəddimədən sonra bu 44 gündə dilə-ağıza düşən həmin fotolardan birinin qəhərəmanını tanıtmaq istəyirəm.
Gəncəli Xəyyam Eyyubovu.
O Xəyyamı ki, bircə gecənin içində bütün Azərbaycan tanıdı. Təsadüfən çəkilmiş fotosu sərhədlər aşdı. Milyonların marağına, təəccübünə səbəb oldu. Bəlkə də kimlərsə mövzudan xəbərdardır, kimlərsə deyil gəncəli Xəyyamın bayraq sevgisindən. Elə isə icazə verək özü nəql etsin əhvalatı. Olduğu kimi. Nə artıq, nə əksik...
- Müharibə təzə başlamışdı. Oktyabrın 4-ü idi. Qəfil uğultu yayıldı şəhərdə. Bir də eşitdik ki, Əziz Əliyev küçəsini bombalayıblar. Qaçdım getdim hadisə yerinə. Hamı yığışmışdı ora. Zərər çəkənlərə hərə bacardığı kimi yardım edirdi. Danışırdılar ki, ermənilərin əməlidir. Raket atıblar. Özü də dinc sakinlərin yaşadığı əraziyə. Böyüklü-kiçikli hamı çaşqınlıq içində idi. Açığı, o günədək belə bir halla qarşılaşacağımıza inanmazdıq. Bilmirdik nə baş verir, niyə baş verir. Axı Gəncə müharibə zonası deyildi. Həm də ancaq dinc əhalinin yaşadığı bir şəhərdir. Ordan birbaş gəldim evimizə. Biz bina evində yaşayırdıq. Əli Nəzmi küçəsində yerləşirdi. Qədim bina idi: ikimərtəbəli. Binanın üstündə yazıldığı tarixə görə 1903-cü ildə inşa edilib. 11 ailə yaşayırdı orda. Altında da sığınacaq kimi zirzəmisi vardı. İçimə nəsə dolmuşdu ki, bu raket məsələsi bir də təkrarlana bilər. Ona görə, qonşuları xəbərdar edib zirzəmiyə yığdım. Öz ailəm və bir qonşunun ailəsi hələ bizim mətbəxdə yır-yığış edirdilər. Mən də küçədə evin qabağında dayanmışdım. Birdən həmin uğultunu yenə eşitdim. Başımı qaldırmağımla raketin evin damına düşməyi eyni anda oldu. İllərdir yaşadığım ev gözümün qabağında çökürdü. Zərbədən müvazinətimi itirdim. Yüngül xəsarət almışdım. Hər yeri tüstü və kəskin barıt qoxusu bürümüşdü. Tez özümü toparladım. Evə tərəf üz tutdum. Birtəhər uçqunların arasından ailəmi tapdım. Hamısı çığırışırdı. Bir onu gördüm ki, qızım Zəhranın başı qan içindədir. 11 aylıq uşaq ağrıdan dayanmadan ağlayırdı.
Tez qucağıma alıb çıxartdım binadan. Evdəkilər də dalımca gəldi. Onda gördüm, qonşunun uşağı Emil də yaralanıb. Tez uşaqları qaçırtdıq xəstəxanaya. Təcili əməliyyata götürdülər qızımı. Başına sarğı qoymuşdular tənziflə. O vəziyyətdə fotosunu çəkdilər. Sonra gördüm, Gəncə hadisəsi ilə bağlı yazılarda Zəhranın fotosu da gedib. Həmin gün getsin, gəlməsin. Çox ağır anlar yaşadıq. Sözlə təsvir etmək olmur. İndi də o ərazini görəndə təsirlənirəm. Amma həmin gün uşaq əməliyyatdan çıxandan sonra həkim dedi ki, təcili dəyişək paltarları lazımdı. Uşağın bütün paltarları evdə qalmışdı.
Elə canımızı götürüb çıxmışdıq. Ona görə evə qayıtmalı oldum. Evin qabağı polislə, jurnalistlə doluydu. Jurnalistlərin çoxu da başqa dildə danışırdı. Polislər binaya girişi qadağan etmişdilər. Uçqun təhlükəsi var idi deyə. Birtəhər gözlərindən yayınıb evə qaçdım. İlahi, ev necə yad gəlirdi. Altı üstünə çevrilmişdi. Tanımaq olmurdu. Bayaq çaşqınlıqdan fikir verməmişdim. Uuçqunların arasından uşağa lazım olan əşyaları tapdım. O vaxt uçqunların altında qalan bayrağımı gördüm. Ürəyim razı olmadı bayrağın burda qalmasına. Köksümə sıxıb tələsik binadan çıxdım. Çünki orda olduğum hər an təhlükəli idi. Orda olan foto-müxbirlərdən biri fotomu necə çəkib, vallah, heç bilməmişəm.
Gəldim xəstəxanaya, uşağın dəyişəyini verdim. Üstündən bir-iki gün keçdi. Dost-tanış başladı zəng vurmağa ki, bəs sən sosial şəbəkələrdə, efirdə məşhurlaşmısan. Hamı səndən danışır. Hətta Rusiya telekanallarından birində sənin fotonu göstəriblər. Mat qaldım. Dedim, uşağa qarışıb başım. Nə efirdən xəbərim var, nə sosial şəbəkədən. Nə məsələdir ki? Dedilər, sən bayraqla uçan evindən çıxanda fotoqrafın biri şəklini çəkib yayıb. Hamı ona görə sənin bayraq sevgindən, qəhrəman olmağından danışır... Düzü, o bayrağı götürüb çıxanda ağlıma da gəlməzdi ki, bunun fotosu yayıla, məşhurlaşam. Nə bilim... Məncə, mən içimdən gələn kimi hərəkət eləmişəm. Əgər bunu kimsə qəhrəmanlıq sayırsa, nə gözəl. Bayrağımı sevirəm. Çünki bayraq elə Vətənimin bir parçasıdır. Bayraq mənim üçün o qədər əzizdir ki, bombalanmış evimdən onu götürüb çıxardım. İnşallah bu bayraq daim başımızın üstündə dalğalanar və xoş günlərimizə şahidlik edər.
Xəyyam danışdıqca fikrən həmin günə uçuram. Beynimin ekranında hər şey birbəbir canlanır. Efirdən gördüyüm Gəncə kadrlarıyla montaj olunub birləşir. Uçqunların arasıyla bayraq əlində qaçan həyəcanlı Xəyyamı, həmin anı şaqqaşaq əbədiləşdirən fotoqrafları görürəm. Gəncəlilər üçün təşviş keçirən Bakını görürəm.
Xatirimə gəlir ki, həmin günlərdə Qarabağ Gəncə idi. Gəncə Azərbaycan idi. Çünki bütün Azərbaycanın qəlbi Gəncəylə bir vururdu. Söhbətimiz yekunlaşır.
Və bu qısa tanışlıq zaman bir məqamın fərqinə varıram ki, qəhrəmanım hələ də səksəkədədir, həm də hər səsə reaksiya verəcək qədər. Yaşadıqlarından sonra bu hal nə qədər də təbiidir.
Deyir, qulağımdan getmir o bomba səslərinin uğultusu, yaralı uşaqların ağlaması. Haqlıdır Xəyyam. Həm də yerdən göyə qədər. Kim olsa, unutmaz, unuda bilməz.
Deyirəm, Xəyyam, kaş bütün bunları yaşamayaydın. Nə biz səni axtaraydıq, nə sən bu intervüləri vermək məcburiyyətində qalaydın. Çünki hər dəfə sual verildikcə o məşum günün yaşatdıqlarına qayıdırsan.
Bir ata ürəyi üçün bu, çox ağırdır, bilirəm. Amma bir həqiqət var ki, qismətdən qaçmaq olmur. Demək, sənin qismətində olan bu imiş: İkinci Qarabağ savaşının arxa cəbhədəki qəhrəmanlarından birinə çevrilmək!
Allah bir də elə qadalı günlər qismət etməsin, gəncəli qardaşım!
Bir gün qarşılaşsaq da, şad mövzularda qarşılaşaq.
kulis