İllər keçdikcə daha aydın bəlli olur ki, əksər bəlalarımızın kökü təhsildədir. Ali məktəbə qəbul olunan şəxslərin bir çoxu təhsil haqqını ödəyə bilmir, ailə çıxılmaz duruma düşür, hətta bu səbəbdən intihar edənlərə təsadüf edir. Hökumətin və bankların bu sahəyə marağı olmaması üzündən uzun illərdir ki, Təhsil krediti haqqında Qanun layihəsi Milli Məclisdə yatıb qalır. Bütün bunları nəzərə alıb həmkarımız Fərman Nəbiyevin bu mövzuda apardığı araşdırmaları sizə təqdim edirik:
Rektora müraciət etmişəm ki
Cənubi Koreyada, Woosong Universitetində güzəştli şərtlərlə bakalavr pilləsini bitirən və bu il İqtisad Universitetinə qəbul olunan Aysel Nəbivi magistraturanı yarımçıq qoymaq fikrindədir. Deyir ki, dərs ili başlamamışdan öncə ondan bütün təhsil haqqını ödəmək tələb edilib. Valideynləri borc götürərək, əvvəl 1400, bir həftə sonra isə 500 manatı ödəyiblər. Ailəsi borcu qaytarmaqda və onu oxutmaqda çətinlik çəkdiyi üçün Aysel işləməyə qərar verib.
Təkcə təhsil haqqı ilə iş bitmir. Mən Bakıda yaşamaq üçün hər ay azından 350 manata qədər xərc çəkməliyəm. Təhsil haqqı ilə birgə xərcim ayda 500 manatı keçir. Ailə büdcəmiz isə mənim əyanı təhsil almağımla bağlı xərcləri qarşılamağa imkan vermir. Buna görə də rektora müraciət etmişəm ki, universitetdə təhsilimi qiyabi və ya distant yolla davam etdirməyə şərait yaratsın. Azərbaycanda tələbələrə uzun müddətli və sərfəli şərtlərlə təhsil krediti verilsə, mən və yüz minlərlə gənc rahat oxuya bilərik
Təhsil üçün əmək haqqının 11%-ni verməyə dəyər
Millət vəkili Əli Məsimli deyir ki, ali məktəblərdə təhsil alan hər 3 nəfərdən 2-si təhsil haqqı ödəyir: Təhsil haqları əhalinin xeyli hissəsinin gəlirləri ilə müqayisədə yüksəkdir - 200-400 manata qarşı 900-4500 manat. İstedadlı gənclərin bir hissəsi çox vaxt ixtisası qabiliyyətinə görə yox, ailəsinin maddi imkanlarına uyğun seçmək məcburiyyətində qalır, imtiyazlı təhsil kreditləri verilmədiyindən ödənişli təhsil yeni sosial problem yaradır.
Ə.Məsimlinin fikrincə, 2013-cü ildə orta hesabla 4000 manat kredit almağa başlayan tələbə hər il 5% əlavə ödəməklə, 16 il ərzində 3200 manat əlavə ilə cəmi 19200 manat və ya ayda 100 manat pul ödəyəcək: həmin şəxsin keyfiyyətli təhsil aldıqdan sonra böyük ehtimalla 2019-2020-ci ildə azı orta statistik azərbaycanlı qədər, yəni 800-900 manat gəliri olacaq. Bu gəlirin onun üçün əsas təminatçısı keyfiyyətli təhsil olduğundan onun haqqını, yəni əmək haqqının cəmi 11%-ni verməyə dəyər.
Yeri gəlmişkən, ABŞ prezidentinin təhsil kreditləri ilə bağlı imzaladığı son qanunda elə mexanizm nəzərdə tutulub ki, təhsil krediti üçün qaytarılan haqq həmin şəxsin ailə gəlirlərinin 10 faizindən çox olmasın.
İntellekt İctimai Birliyinin rəhbəri Nadir İbadov qeyd edir ki, təhsil kreditlərinin verilməsinin imkansız tələbələrə xeyri ola bilər: İndi 1500 manatdan aşağı təhsil haqqı yoxdur. Bu, çox təhlükəlidir ki, savadlı tələbə yoxsulluğu səbəbindən təhsildən kənarda qala bilər. Ancaq təhsil kreditləri onları xilas edəcək. Bunu inkişaf etdirmək, faizləri aşağı salmaq, krediti aşağı şərtlərlə vermək olar�.
Yeni qanuna ehtiyac var, ya yox?
Təhsil krediti haqqında qanun layihəsinin son bir neçə ildə Milli Məclisdə müzakirə olunduğu barədə mətbuata məlumat verən parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev hesab edir ki, bununla bağlı ayrıca qanuna ehtiyac yoxdur: "Bu məsələ "Təhsil haqqında qanunda yer alıb. Həmin qanunda müvafiq maddələrə bəzi dəyişikliklər etməklə bu məsələni həll etmək olar.
İqtisadçı ekspert Qubad İbadoğlu APA-ya açıqlamasında ölkədə bu qanunun tətbiqinin böyük risk olduğunu vurğulayıb. O, ən böyük riskin Azərbaycanda təhsil sistemi ilə əmək bazarı arasında birbaşa əlaqənin olmamasında görür. Q.İbadoğlu bu kreditlərin verilməsində ən böyük çətinliyin isə tələbələrin universiteti bitirdikdən sonra təyinat almaması olduğunu düşünür.
Amma layihənin müəlliflərindən biri olan Əli Məsimli bildirir ki, təhsil kreditlərinin iki formada (kommersiya və sosial) verilməsi təklif olunur. Qanun layihəsində kommersiya xarakterli təhsil kreditlərinin maksimum 5 faiz dərəcəsi ilə ödənməsi nəzərdə tutulub: Bu faiz dərəcəsi həm postsovet məkanına aid ölkələrin daha çox tətbiq etdiyi dərəcədən xeyli aşağı, həm inkişaf etmiş ölkələrin (ABŞ-da 4-8%, Böyük Britaniya və İsveçdə - inflyasiyaya uyğun səviyyədə) tətbiq etdiyi orta statistik göstəriciyə yaxın, həm də MDB məkanında, məsələn, Rusiyanın Əmanət Bankı tərəfindən güzəştlə verilən təhsil kreditləri faizi (5,06%) dərəcəsinə, xüsusən də Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin faiz dərəcəsinə (6%) uyğundur. Sosial xarakterli təhsil kreditlərinə görə isə faiz tutulmaması təklif olunur...
20 ilə qədər
Layihədə təhsil kreditlərinin iki variantda Təhsil Kreditləri Fondu və müvəkkil banklar vasitəsilə verilməsi nəzərdə tutulub. Təhsil kreditlərinin qaytarılması müddəti hər bir ölkənin spesifikliyindən və digər şərtlərdən asılı olaraq müxtəlifdir. Praktikada 7 ildən (Moldova) 10 ilə qədər (Almaniya, Latviya) müddət daha çox tətbiq olunur. Krediti 15 ilə (Qazaxıstan) və 10-30 ilə (ABŞ) qədər müddətə verən ölkələr də var.
Hüquq Maarifçilik Cəmiyyətinin prezidenti İntiqam Əliyevin fikrincə, Azərbaycanda orta əmək haqqı ilə təhsil haqqı arasında böyük fərq var, gənclərin xeyli hissəsinin mənzil problem qalmaqdadır: Layihədə bütün bunlar nəzərə alınıb, nəticədə təhsil kreditlərini qaytarmağın gənclər, gənc ailələr üçün əlavə ağır yükə çevrilməməsi variantına üstünlük verilib. Belə ki, həm kommersiya, həm də sosial xarakterli təhsil kreditlərinin 20 ildən çox olmayan müddətdə qaytarılması nəzərdə tutulub.
İ.Əliyev deyir ki, borcalana hərbi xidmətdə, analıq məzuniyyətində, akademik məzuniyyətdə, ağır xəstə olduğu müddətdə (sənədlərlə təsdiq edildiyi halda) kredit ödənilməsində əlavə möhlət verilir: Bütün bunlarla yanaşı, layihədə təklif olunur ki, təhsil kreditlərini borcalanın əvəzinə, mülkiyyət formasından asılı olmayaraq, onun işlədiyi müəssisə və təşkilat da qaytara bilər. Qanun layihəsində təhsil kreditləri alana üçüncü şəxsin zəmanəti nəzərdə tutulmur.
Riskləri dövlət öz üzərinə götürməlidir
Borcalan işlədiyi müddətdə bədbəxt hadisələr zamanı riskləri müvafiq sığorta şirkəti öz üzərinə götürür. Qalan vaxtlarda isə risk borcalanın gələcək gəlirləri vasitəsilə onun öz üzərində qalır. Borcalan təsadüfən çıxılmaz vəziyyətə düşüb təhsildə uğursuz nəticə göstərsə, kredit dayandırılır. Beynəlxalq praktikada belə halda itkiləri dövlət və ya Almaniyadaki kimi İnkişaf Bankı öz üzərinə götürür.
İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, təhsil kreditləri üçün dövlət büdcəsindən müvafiq həcmdə vəsait ayrılmalıdır: Dövlət tərəfindən sahibkarlıq, ipoteka və kənd təsərrüfatı üçün belə vəsaitlər ayrılır. Banklar öz hesablarına təhsil kreditləri kimi xidmət göstərməkdə maraqlı olmadığında, dövlət bunu öz diqqətində saxlaya bilər. Azərbaycanda faiz dərəcələri aşağı düşməyincə, maliyyə təşkilatları bu kimi sosial proqramları maliyyələşdirməyə maraqlı olmayacaq.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da düşünür ki, ya dövlət təhsil kreditinin verilməsi üçün vəsait ayırmalı, ya da bu istiqamətdə işləyəcək kommersiya banklarına müəyyən güzəştlər edilməlidir. Kommersiya bankları da məhz həmin güzəştlərdən faydalanmaqla təhsil kreditinin verilməsində maraqlı olar. Təhsil krediti haqqında qanunun qəbul edilməsilə yanaşı, qanunvericilik aktının işləməsi üçün real mexanizmlər də göstərilməlidir.
Banklar gəlir hayında
Millət vəkili Vahid Əhmədov qanun layihəsinin qəbuluna bəzi bank və qeyri-bank təşkilatlarının mane olduğunu deyir: Təhsil kreditinin faizi 5 faiz dərəcəsində nəzərdə tutulub. Amma bilirsiniz ki, hazırda banklar krediti 5 faizlik dərəcə ilə vermir. Onların faiz dərəcəsi 20 faizdən aşağı düşmür. Ən yuxarısı isə 30-35 faizə qədərdir. Bu səbəbdən də hələlik bankların tələbləri qarşısında acizik. Layihədə tələbənin banklardan aldığı təhsil kreditini işləməyə başladıqdan iki il sonra ödəməsi müddəası da var. Görünür, bu amil də bankları qane etmir. Onlar həmin müddətin də maksimum azaldılmasına çalışırlar.
Bu gün Azərbaycan banklarının təklif etdiyi təhsil kreditlərinin müddəti çox qısa, faiz dərəcəsi isə həddindən yüksək 22-30% təşkil edir. Lakin faktiki illik faiz dərəcəsi ilə (FİFD) bu rəqəmlər göstəriləndən xeyli artıqdır. Beləliklə, bankdan 3000 manat kredit götürən bir il ərzində həmin məbləğin 36,08 faizi (təxminən 1100 manat) qədər, 4 ildə isə 4400 manat əlavə pul ödəməli olur. Üstəlik, əksər banklar həmin krediti almaqdan ötrü ödəniş qabiliyyətli fiziki şəxsin zaminliyini tələb edir. Ümumiyyətlə, bu cür kreditlərin şərtləri çox ağır olduğundan, aztəminatlı təbəqələr üçün əlçatmazdır.
Heç kreditsiz oxumaq olar?
XXI Əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevin sözlərinə görə, Azərbaycanda bank rəhbərləri arasında sorğu keçirilsə, məlum olacaq ki, onlar heç bir ali məktəbin reputasiyasına inanmırlar: Əmək bazarında başqa ixtisasları qazananların da banklarda elə bir etibarı yoxdur. Hazırda ölkədə əksər ailələr qazandığı sonuncu qəpiyi təhsil haqqına verir. Başqa ölkələrdə isə tələbələrin valideynlərinin əmək haqqı aşağıdırsa, avtomatik olaraq ali məktəblərin vasitəçiliyi ilə onlara kredit verilir.
Norveç Təbiəti Mühafizə Cəmiyyətinin təhsil proqramları üzrə meneceri Cecilie Gulbraar Orestis deyir ki, onun ölkəsində tələbədən təhsil haqqı alınmır, üstəlik ona həm aylıq təqaüd, həm də kirayə haqqı, yemək, geyim və digər xərcləri ödəmək üçün təhsil krediti verilir:
Bunu həyata keçirən dövlət orqanına adi bir formanı doldurub göndərmək bəs edir. İşləyəndə krediti ödəməyə başlayırsan, borcu da 25 ilə kimi bağlayırsan. Əmək haqqının 10 faizini ödəməklə. Mən tələbəliyi bitirəndə borcum 30 min Norveç kronu idi. Yaxşı təhsil aldığım üçün yaxşı da iş tapdım və çox qısa müddətdə borcu qaytara bildim. Heç kreditsiz oxumaq olar?
Avropaya və avropalıya oxşamaq istəyən Azərbaycan və azərbaycanlı isə kreditlə təhsil almağı hələ də ağlına gətirmir. Belə olmasaydı, Təhsil krediti haqqında Qanun layihəsi uzun illər boyu Milli Məclisdə yatıb qalmazdı. Bankların tez və daha çox qazanmaq istəyi anlaşılandır, amma hökumətin onlara təhsillə bağlı məsələdə güzəşt etmək və təsir göstərmək istəməməsi başa düşülmür. Görəsən yetkinlik yaşından sonra da valideyninin hesabına oxumaq zorunda qalan gəncimizə dövlətimiz sahib çıxacaqmı?