Biz bu viruslarla daim yaşamalıyıq. Koronavirus hər il olacaq və hər il var. Sadəcə bu ştam bir müddətdən sonra yoxa çıxacaq. İnsanlar peyvənd illuziyasına isə qapılmasın. Bəzən peyvənd vəziyyəti daha da pisləşdirir.
Bu sözləri tibb üzrə professor Adil Qeybulla koronavirus infeksiyasının peyvənd tapılana qədər öz gücünü itirməsi, yoluxmanın öz-özünə dayanma ehtimalı barədə dnaışarkən deyib. Professor bildirib ki, koronavorusun bundan əvvəl yayılan iki ştamının peyvəndi olmayıb:
“Koronavirusun mövcudluğu dövründən, yəni 1965-ci ildən bu yana təhlükəli 3 ştamı olub - SARS, MERS və COVİD-19. COVİD-19-dan öncə yayılmış SARS və MERS-in peyvəndi olmayıb. Onlar 6-7 ay davam edib və bu infeksiyalarda böyük yoluxma potensialı və tələfatı olmayıb. Təxminən 800-1000 nəfər dünyasını dəyişib. Mənim proqnozuma görə, bu infeksiya da 8-9 ay sürə bilər. Virus mutasiyaya uğrayır, çünki o öz surətini yaradaraq çoxalır. Bu virus bölünüb çoxala bilmir, hüceyrə deyil. Ona görə də bu virus ətraf mühitdə çox dözümsüzdür. Bu baxımdan, virusun uzun müddət davam etməsi proqnozlaşdırılan deyil. Ancaq biz bu viruslarla daim yaşamalıyıq. Koronavirus hər il olacaq və hər il var. Sadəcə bu ştam bir müddətdən sonra yoxa çıxacaq. Peyvənd illuziyasına insanlar qapılmasın. Peyvənd hələ nə vaxt tapılar, o necə təsir edər, - bütün bunların hamısı sual altındadır. Zamanında Afrikada qızdırma xəstəliyi yayılmışdı. Ona peyvənd də hazırladılar. Ancaq peyvənd vəziyyəti bir az da pisləşdirdi. Bu gün əksər virus xəstəliklərinin - məsələn, SPİD, Hepatit C – peyvəndi yoxdur. Çoxsaylı belə viruslar var. Bu baxımdan vaksini kənara qoymaq lazımdır”.
A.Qeybulla hesab edir ki, insanlar karantin davranışlarını gözləsələr, daha yaxşı olar:
“Çünki bu xəstəlik insandan insana keçir, vəssalam. Maska taxılsa, sosial məsafə və əllərin tez-tez dezinfeksiyası gözənilsə, yoluxmanın sayını azaltmaq olar. İnsanlar bir-birini qoruya bilər. Təəssüf ki, insanlar bir müddət buna riayət etmədi. İkinci əsas məsələ isə müxtəlif dərman preparatları, “Deksametazon” dərmanı, müəyyən təbii vasitələr, məsələn, zəncəfil, sarımsağın koronavirusun dərmanı olması fikirləridir. Bu xəstəliyin spesifik müalicəsi yoxdur. Müalicə ancaq xəstənin vəziyyətinə görə həkim tərəfindən müəyyən edilir. Əhali özünün öhdəsinə düşən işi görmür, sosial məsafə gözləmir, maska taxmır, ancaq ondan-bundan eşitdiyi dərmanı aptekdən alıb özbaşına istifadə edir. Bunlar qətiyyən yolverilməzdir. Əhali öz üzərinə düşən işi görsün, müalicəni təyin etmək isə həkimin işidir”.
axar.az