- Sizi oxucularımıza necə təqdim edək?
- İlahiyyatçı, axund, yuyucu kimi…
- Sizdən müsahibə almaq istəyim sizə qəribə gəlmədi?
- Gəldi. Çox qəribə gəldi. Birinci dəfədir eşidirəm ki, yuyucudan müsahibə alırlar.
- Necə oldu, yuyucu oldunuz?
- Bizim kənddə əvvəllər bir yuyucu vardı. Avtomobil qəzasında dünyasını dəyişdi. Sonradan kənd camaatı mənim yuyucu olmağımı təkid etdilər. Mən də oturub, fikirləşdim, götür-qoy elədim və axırda bu qərara gəldim ki, bu işlə özüm məşğul olum.
- Niyə məhz sizi?
- Ona görə ki, kənd camaatı içində şəriətin hökmlərini, təkəbbürlülük olmasın, mənim kimi bilən ikinci belə bir adam yox idi. Əslində, iki-üç nəfər cavan var, amma onlar heç vaxt bu sahəyə gəlməzdilər.
- Neçə yaşından bu peşədəsiniz?
- 33 yaşımdan. Üç ildir, yuyucu işləyirəm.
- Meyiti neçəyə yuyursunuz?
- 50 manata.
- Hobbiniz var?
- Hobbim heyvan saxlamaqdır. Məsələn, cürbəcür ev quşları olsun, ev şəraitində saxlayasan, qəşəng güllərdən əkəsən, becərəsən, qulluq edəsən. Öz işimdən əlavə bunlardan həzz alıram.
- İlk dəfə meyit yumağınız yadınızdadır? Hansı hissləri keçirirdiniz?
- Yadımdadır. Çox diqqətli idim ki, birdən nəyisə səhv edərəm. Yəni ona görə fikrimi çox cəmləmişdim. Nə edəcəyimi bilirdim, ancaq praktiki olaraq birinci dəfə idi ki, bildiklərimi tətbiq edirdim. Bir az çətinlik çəkdim. İlk meyiti iki saata yudum.
- İçinizdə qorxu yaranmadı?
- Qətiyyən.
- Bu vaxta kimi neçə meyit yumusunuz?
- Nə bilim, vallah. Yalan deyərəm. Çox olub...
- Sizcə insanlar niyə meyit yumaqdan qorxur?
- Bunun əsas səbəbi insanları qorxudan adətlərdir. Ən çox da cavanları yaşlı nəsillər qorxudurlar. Deyirləri, sən yaxın gəlmə, baxma, keç, orda dayan. Dəfələrlə özlərinə də demişəm ki, belə edib qorxutmayın camaatı. Yəni insanların psixologiyasında elə bir şey var ki, meyiti gördün, qorxacaqsan, qorxdun xəstəliyə tutulacaqsan, özün də məhv olub gedəcəksən. Bu insanların beyninə yeridilib.
- Cəmiyyət arasında yuyucuya olan münasibət necədir?
- Təəssüflər olsun ki, əksər adamlar çox pis baxır. Hətta yolda, dayanacaqda adamla danışanda, bir iki kəlmə kəsəndə, biləndə ki, yuyucusan görürsən, qaçmaq istəyir, çəkinir. Bu da cahilliklə, savadsızlıqla əlaqədardır. Burda başqa bir səbəb görmürəm. Heç bir yerdə deyilməyib ki, hər bir kənddə ayrıca bir otaq olmalıdır. Meyiti bir nəfər yumalıdır. Hər kəs öz yaxınını, dünyadan getmişini özü yumalıdır və onun boynundadır. Sadəcə, qorxuları olduğuna, ya da bacarmadıqlarına görə, bir adam təyin edirlər. Hamı da onun üstünə gətirir ki, o yusun.
- Yuyucu işləmək üçün insanda hansı keyfiyyətlər olmalıdır?
- Mən deyərdim, soyuqqanlılıq. Hamı yorğan-döşəyində can verib dünyadan köçmür. Biri qəzaya düşür, gətirirlər, biri yanır, gətirirlər... Soyuqqanlılığı əldən verdinsə, özün də uzanıb qalarsan onun yanında. Belə hadisələr, hiss edirsən ki, adamda həyəcan oyatmaq istəyir, amma soyuqqanlılıqla bu hisləri ram edirsən. Məndə də bu həyəcan qorxu olsa, mən də meyitə yaxın getmərəm.
- Peşənizlə bağlı sizi təsirləndirən hadisə olub?
- Mən bura təzə gələndə, bir-iki ay olardı, and olsun allaha ki, tam səmimi deyirəm, elə hiss edirdim ki, başıma xeyr qüvvələr dolanır, məni qoruyurlar. Hətta hərdən gözümə də görsənirdilər. Elə bilirdim, arxamda yüz nəfərlik ordu məni qoruyur. O vaxta kimi ki, tam rahatlaşdım, tam sərbəst oldum. İndi artıq onlar yoxdur. Hətta bəzən darıxıram ki, görmürəm onları.
- Olub ki, meyiti yumağa gətiriblər, meyit dirilib?
- Yox olmayıb.
- Yuyanda ağlamaq istədiyiniz adam olub?
- Olub. Düzü bu üç ildə az olub. Elə mömin, dindar insanların meyitləri olub ki, onları yuyub qurtaranacan baxmışam, üzləri gülür. Diri insan necə gülər o cür gülürlər. Üzlərindən də nur yağır. Adam bu cür vəziyyətə baxanda kövrəlir. Bir də körpə uşaqlar olur, dünyaya gəlməmiş və ya, dünyaya gəlib, dünyasını tez dəyişmiş. Belə körpə uşaqları gətirəndə adam istər istəməz kövrəlir.
- Yaxınlarınızdan kiminsə meyitini yumusunuz?
- Lap yaxınlardan əmimin meyitini yumuşam. Uzaq qohum-əqrəbadan də olub. Amma lap yaxınlardan əmim olub.
Söhbətləşdi: Vüqar Əlioğlu