Bu gün böyük sənətkar, Xalq artisti Yaqub Məmmədovun anım günüdür. Bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edirik.
Məmmədov Yaqub Məhəmməd oğlu 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olub. Qarabağ xanəndəlik məktəbinin XX əsrin II yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsi olmuşdur. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində almışdır.
***
O, klassik muğam sənəti sahəsində ən böyük sənətkarlardan biri hesab olunub. Səsinin gücündən də əlavə gözəlliyi, təravəti, zil pərdələrdə çox dolğun, qaytanlı səsi olub. Onun səsini Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova kimi böyük sənətkarlar yüksək qiymətləndirib.
Yaqub Məmmədovdan kiminsə necə oxumasını xəbər alanda xoşuna gəlməsə belə heç vaxt pisləməz, qəlbini qırmazmış. Heç nə olmaz, düzələr deyirmiş.
***
Yaqub Məmmədovun ifasında olan məşhur “Mənsuriyyə”nin lent yazısını onu aldadıb yazdırıblar. Belə ki, çəkiliş zamanı həyəcanlandığından Habil Əliyev onu aldadıb ki, məşq üçün ifa edirik. Amma özü operatora göz vurub ki, çəkiliş etsinlər. Çəkilişin sonuna qədər o, Qızıl fond üçün oxuduğunu bilməyib.
***
Sonralar Xan Şuşinski Yaqubun məşhur "Mənsuriyyə"sinə heyranlığını gizlədə bilməyərək söyləmişdir: "Yaqubun "Mənsuriyyə"si əsl sənət nümunəsidir".
Xanəndə-pedaqoq Nəriman Əliyev dövlət radiosunun qızıl fondunda saxlanılan verilişlərin birində bildirir ki, Ağa (Seyid Şuşinski) Yaqubu dinlədikdən sonra astaca söyləmişdir: "Çətin ki, analar səndən bir də doğar, Yaqub!".
***
Muğam xiridarı, çox tələbkar Əhməd Bakıxanov, muğam ifaçılığı tarixinə düşmüş mübahisələrin birində, özünü saxlaya bilməyərək söyləmişdir: "Şüştəri" gərək Yaqub oxuyaydı!.."
Tarzən Vamiq Abdullayev xatirələrində qeyd edir: “Yaqub Məmmədov vara-pula yıxılan adam deyildi, çox gözütox, yumşaq adam idi. Mən onunla neçə il meydanlarda oldum, amma bir dəfə də olsun ondan mən sözü eşitmədim. Bəzən elə olurdu ki, kasıb insanlar Yaqubu toya aparmaq istəyirdilər, amma imkanları o qədər də çox olmurdu. Yaqub bunu biləndə mənə deyirdi ki, nə danışırsan, millətin hamısı bizimdir, gedək o toya. Və ən qəribəsi də odur ki, həmin kasıb toyu, varlı toyundan da yaxşı keçirdi.
***
Muğam ifa edən zaman onu müşayət edən çalğıçıları yormaz, bir nəfəsi iki dəfə eləməzmiş. Deyilənə görə onun səsi tarın hər bir pərdəsinə uyğunlaşıb.
Kaman ustası Habil Əliyevlə hələ uşaq yaşlarından bir yerdə çalıb oxuyarmışlar. Müharibə vaxtında onlar mahal-mahal gəzib konsert verir, qazandıqları pulla ailələrini həmin dövrdə aclıqdan xilas ediblər. Camaat da deyirmiş ki, bu iki qaraçı uşaq yaman yaxşı çalıb oxuyurlar.
***
Deyilənə görə Yaqub Məmmədovun səsi gahgir səs olub. Bu cür səs isə istənilən vaxt xanəndəyə tabe olmayan səs qrupuna aid olub. Yaqubun da səsi ilhamlı səs olub.
Yaqub Məmmədov Ağcabədidə pambıq tarlasında suçu işləyərmiş. Suçu işləyə-işləyə muğam da oxuyur, işləyən adamlar əllərini soyudub onu dinləyiblər. Bir gün xəbər yayılır ki, Ağcabədinin mədəniyyət evinə Bakıdan komissiya gəlib, yaxşı səsi olanları qəbul edirlər. Yaquba deyirlər ki, sən də yaxşı oxuyursan, sən də get. Yaqub əvvəl getmək istəmir. Amma biləndə ki, Xan Şuşinski də gəlib həvəslənib gedir. Çünki Xan Şuşinskiyə radiodan çox qulaq asır və onun kimi oxuyurmuş. Mədəniyyət evinə gəlir, orda Şövkət Ələkbərovanı da görür, amma onu tanımır. Səhnəyə çıxıb Xanın öz yolu ilə bir segah oxuyur, Xan Şuşinski başını tərpədir, amma heç nə demir. Şövkət Ələkbərova isə ayağa qalxıb onu alqışlayır, bir xeyli tərifləyir. Xanəndələr Bakıya qayıdır. Xanın onun ifası haqqında heç nə deməməsi, Yaquba toxunur. Bir müddət sonra flarmoniyanın bağında Xan Şuşinskinin başına toplaşan gənclər ona sual verirlər ki, Xan əmi, görəsən sənin kimi oxuyan bir də yer üzünə gələcək. Xan isə cavab verir: “Gələcək yox, gəlib. Mənim kimi oxuyan oğlan Ağcabədidə pambıq suvarır, gedin, onu tutub Bakıya gətirin”.
Yaqub Məmmədovun ilk dəfə çıxıb muğam ifa etdiyi həmin mədəniyyət evinə sonralar xanəndənin adı verilib.
***
Bakıya gələndən sonra xanəndə rus dilini bilmədiyi üçün operaya gedə bilmir, flarmoniyada işləyə bilmir. Ümumiyyətlə rus dilini bilmədiyi üçün ilk illər Bakıda çox sıxılırmış.
***
Çox sadəlöhv və avam adam olub. Bu səbəbdən də musiqi mühitində onun haqqında xeyli xoşməramlı lətifələr qoşulub.
Yaqub Məmmədov Bakı toylarında ən arzuolunan xanəndələrdən biri olub. Hətta Nardaranda onu doğulduğu Ağcabədidəki hərmyerlilərindən də çox istəyiblər. Nardaranda sözə və qəzəliyyata çox ciddi fikir veriblər, Yaqub Məmmədov da heç vaxt sözü düz oxuya bilmir, səhvlər edirmiş. Amma buna baxmayaraq onun səsinin gözəlliyi qarşısında etdiyi səhvlərə fikir verilməyib. Yaqub yeganə xanəndədir ki, muğamın sözlərini səhv oxuya-oxuya Bakı kəndlərində də çox sevilib.
***
Əlibaba Məmmədov müsahibələrinin birində deyir ki, Yaqub Məmmədovun səsi ilə mikrafondan çıxıb adamlara söysən belə onlara ləzzət edər.
Dünyasını dəyişəndən sonra Ağcabədidə yerləşən məşhur “Üçbulaq bulağı”na onun adını veriblər. Bu bulağın yerləşdiyi yerlə Yaqubun doğulduğu həyətin məsafəsi 100-150 metr olub.
***
Yaqubun rus dilini bilməməsi ilə bağlı məşhur lətifə var. Bir gün Yaqub Məmmədov qastrola gedəndə pol (cins) yazılan hissəyə parket yazır. Elə bilir ki, onun evindəki döşəmənin növünü xəbər almaq üçün sual verilir.
***
Böyük sənətkar 5 iyun 2002-ci ildə 72 yaşında dünyasını dəyişib.
kulis.az