Bir qrup tələbə COVİD-19 (koronavirus) pandemiyası ilə əlaqədar ənənəvi qaydada dərslərin dayandırılması, online qaydada isə istənilən səviyyədə keçilməməsinə baxmayaraq, onlardan təhsil haqqının tələb olunmasına etiraz edir. Tələbələr hesab edirlər ki, pandemiya dövründə normal təhsil ala bilmədiklərinə görə ikinci semestr təhsil haqqından və imtahanlardan azad olunmalıdırlar. Bu tələblərini çatdırmaq üçün iyunun 1-də Təhsil Nazirliyinə gedən bir qrup tələbə nazirliyin qarşısında polis tərəfindən saxlanılıb. Saxlanılanlardan birinə – Bakı Dövlət Universitetinin tələbəsi Rüstəm İsmayılbəyliyə aksiyadan sonra 15 sutka inzibati həbs cəzası verilib. Daha beş nəfərə isə ümumilikdə 700 manat cərimə kəsilib. Onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin rejimi qaydalarını pozma) maddəsi ilə təqsirli bilinib.
Tələbələr və onlara dəstək verən gənclər, ictimai fəallar nazirliyin qarşısına toplaşandan sonra tələbələrdən 3 nəfəri nazirliyə buraxılıb. Bakı Dövlət Universitetindən Rüstəm İsmayılbəyli, Azərbaycan Dillər Universitetindən Zərifə Novruz və Azərbaycan Dövlət İqtisad Universitetindən Allahverdi Həsənov nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin vəzifəli şəxsləri tərəfindən qəbul edilib. Görüşdən çıxanda tələbələrdən Z.Novrus istisna olmaqla, digər ikisini polis maşınına mindirib aparıblar. Saxlanılan digər şəxslər isə Təhsil Nazirliyinin qarşısında gözləyənlər olub. İyunun 2-də əsasən qadın hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai fəal Gülnarə Mehdiyeva tələbələrə qarşı bu cür münasibətə görə Təhsil Nazirliyinin qarşısında təkbaşına etiraz aksiyası keçirib. “Təhsil Nazirliyi adına utancdır ki, tələbələri dinləyib, narahatlıq doğuran məsələləri həll eləmək əvəzinə, onları polisə təslim ediblər. Təhsil Nazirliyi tələbəyə xidmət etmək üçündür, onu həbs etdirmək üçün yox”, – G.Mehdiyeva aksiya keçirməsinin səbəbini belə izah edib. Polislər onu saxlayıb, bölməyə aparıblar və bir qədər sonra sərbəst buraxıblar.
Allahverdi Həsənov 4-cü kurs tələbəsidir, ödənişli təhsil alır. İllik ödənişi 1300 manatdır. Üstəlik, iyunun 1-də 200 manat cərimələnib. O deyir ki, məqsədləri etiraz aksiyası keçirmək deyildi, sadəcə, ikinci semestr üzrə ödəniş və imtahanların ləğvi tələbini nazirliyə çatdırmaq istəyiblər: “Pandemiya dövründə normal təhsil olmayıb. Bir neçə dəfə mühazirə keçiblər, bunun da keyfiyyəti yüksək deyildi”.
A.Həsənov qeyd edib ki, sosial-iqtisadi durumu çətin olan ailələrin övladlarının təhsil haqqından azad edilməsi barədə qərar verilib, amma bu güzəştin tətbiqi üçün prosedur mürəkkəbdir: “Müraciət proseduru çox çətindir. Bu qədər mürəkkəblik nəyə lazımdır?”
Tələbə Zərifə Novruz “Press Klub”a bildirdi ki, şəxsən özlərinin yox, minlərlə tələbənin sözünü demək üçün Təhsil Nazirliyinə getmişdilər. Onun sözlərinə görə, R.İsmayılbəyli heç ödənişli təhsil almır və ödənişin ləğv olunmasının şəxsən onun özünə aidiyyəti yoxdur:
“Bizim aksiya, piket keçirmək niyyətimiz olmayıb. Sadəcə, minlərlə tələbənin istəyini ifadə etmək üçün oradaydıq. Birincisi, online dərslər hər kəs üçün əlçatan deyildi. İkincisi, əlçatan olsaydı belə, pandemiya dövründə valideynlərin bir çoxu işini itirib. Belə vəziyyətdə, üstəlik, əksər hallarda keçilməyən dərslərə görə, ödəniş tələb olunması doğru deyil. Deyirlər ki, dövlət ailələrə yardım edib. Yəqin 190 manatı nəzərdə tuturlar. Təhsil haqları isə 1500 manatdan 6000 manata qədərdir…”
Z.Novruz qeyd etdi ki, Təhsil Nazirliyində onları qəbul edənlər söyləmək istədiklərini sona qədər dinləməyiblər:
“Tez-tez sözümüzü kəsirdilər, müraciətimizi ünvanlamaq üçün şərait yaratmırdılar. Bizə bir ərizə imzalatdırmaq istəyirdilər, imtina etdik. Çünki dediyim kimi, bu, təkzə Zərifənin, Rüstəmin problemi deyil. Biz fərqli universitetlərin tələbələriyik. Bu da o deməkdir ki, bu, bütün universitetlərin tələbələrini narahat edən məsələdir. Sonuncu kurslarda tələbələr praktikaya gedirlər. Praktikaya getməyən tələbə o dövr üçün niyə pul ödəməlidir?”
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov hesab edir ki, ikinci semestr üzrə ödəniş və imtahanların ləğvini tələb edən tələbələr haqsızdır. Onun sözlərinə görə, Azərbaycan hökuməti pandemiya dövründə kifayət qədər güzəştlər tətbiq edib. Ekspert Azərbaycan hökumətinin pandemiya dövründə aztəminatlı təbəyəqə aid 20 min tələbənin təhsil haqqını ödəmək üçün büdcədən 40 milyon manat vəsait ayırmasını yada salır, əlavə başqa güzəştləri sadalayır:
“Ali təhsil müəssisələri tədris ilinin əvvəlində açıqlayır ki, biz bu şərtlərlə imtahan keçirəcəyik. Onlar alternativ təhsilalma formasını tətbiq etməliydilər. 2009-cu ildən “Təhsil haqqında” qanunda distant təhsil nəzərdə tutulsa da, universitetlər 11 il ərzində bu işi görməyiblər. Belə olan halda, onlar görmədikləri işə görə güzəştlər eləməyə başladılar. Məsələn, semestrə girişlə bağlı BDU bütün tələbələrə 50 bal verdi, imtahan suallarının sayı azaldıldı, qiymətləndirmə ilə əlaqədar bir çox meyarlar ortaya qoyuldu. Keçilməyən dərsə görə təhsil haqqının ödənilməsi mübahisəli məsələdir. Əgər sizə güzəşt tətbiq edilirsə, siz bir kursdan digərinə keçirsinizsə, onun haqqını ödəməlisiniz.”
Amma ekspert düşünür ki, tələbələrin haqlı olduqları məqamlar da var, online təhsillə bağlı universitetlər qərar versə də, bunun hüquqi bazası yoxdur: “Azərbaycanda distant, online təhsil haqqında qanun layihəsinin qəbul edilməməsi, yaxud da edilən güzəştlərin hansısa hüquqi bazaya istinadən həyata keçirilməməsi bu boşluğu ortaya qoydu. Məktəblərdə, universitetlərdə online dərslər hüquqi baza əsasında həyata keçirilməlidir. Amma bu gün keçsələr də, bunun bir qanunu, qərarı yoxdur. Universitetlər deyir ki, biz dərsi keçirik, kim istəsə, qoşulsun, tələbələrin iştirakı könüllüdür. Belə şey olmur axı. Ona görə də hüquqi baza, konkret qaydalar olmalıydı. Problem həm də Nazirlər Kabinetindən qaynaqlanır ki, bu məsələni hər bir universitetin öz öhdəsinə buraxdı. Vahid qərar olmadı”.
ABŞ-ın Rutgers Universitetində dərs deyən professor Qubad İbadoğlu isə deyir ki, pandemiya dövründə dərslərin online keçirilməsi və keyfiyyətinin aşağı düşməsi təkcə Azərbaycanda yox, ABŞ-da da tələbələri narazı salıb. Onun sözlərinə görə, Rutgers Universitetində də tələbələr təhsil haqlarının azaldılmasını tələb ediblər: “Onların şikayəti buna əsaslanır ki, hər zaman onlayn və auditoriyada canlı dərs götürməyin qiyməti fərqli olub, universitet təhsil haqlarında tələbələrə güzəşt etməlidir. Əks təqdirdə, əgər onlayn dərslər davam edəcəksə, o halda tələbələrin bəziləri akademik məzuniyyət götürməyi planlaşdırır. Yaxın vaxtlarda ABŞ universitetləri tələbələri narahat edən bu və digər məsələlərə dair yekun qərar verəcəklər”.
Ekspert: “Göstərilməyən xidmətə görə ödəniş tələb olunması yolverilməzdir”
Pandemiya dövründə özəl məktəb-liseylərdə ödənişlərlə bağlı da valideynlərin narazılıqları var. Çünki müqavilədə illik ödənişlərin bir hissəsi yemək, nəqliyyat və s. xidmətlər üçün nəzərdə tutulsa da, liseylər illik ödənişi tam tələb edir. Başqa sözlə, pandemiya dövründə göstərilməyən həmin xidmətlərin də pulunu istəyir. K.Əsədov bu məsələdə valideynləri haqlı sayır:
“Uşaq liseyə qəbul olunanda valideynlə müqavilə imzalanır ki, burada təhsil almaqdan əlavə, qida, yataqxana, nəqliyyat xidməti ilə təmin olunacaq, bütün bunların müqabilində ümumilikdə konkret məbləğdə ödəniş olacaq. Bir sıra liseylər tədris ilinin əvvəlində bütün ilin ödənişini alırlar. Məsələn, Türkiyədə bir liseyin illik ödənişi 16 min lirədir. Onlar dedilər ki, biz artıq ödənişi almışıq, güzəşti gələn tədris ilinin ödənişinə tətbiq edəcəyik – 16 min yox, 5 min ödəniləcək. Bizim liseylər isə bununla əlaqədar effektiv addım atmırlar. Vermədikləri yeməyə, daşımadıqları nəqliyyat xidmətinə görə pul alırlar. Halbuki, mövcud vəziyyətdə xidmət haqları yenidən hesablanmalıydı. Online dərslərin qiyməti də ənənəvi dərslərlə müqayisədə eyni deyil, 3-4 dəfə ucuzdur. Burada təkcə təhsil verən yox, təhsil alan da xərc çəkir – internet pulu ödəyir, kompüter, planşet alır və s. Təəssüf ki, bizim təhsil müəssisələrimiz də biznes təfəkkürü ilə yox, bazar təfəkkürü ilə idarə olunur. Bunların minimum marketinq danışıqları da yoxdur, hamısı deyir ki, gətir, təhsil haqqını ödə… Göstərilməyən xidmətə görə ödəniş tələb olunması yolverilməzdir. Təhsil haqlarının ödənişi ilə bağlı Nazirlər Kabinetinin 2011-ci ildə qəbul etdiyi qərar da bunu deyir”.
pressklub.az