Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Səfəvi və Osmanlı dövlətində mason izi||--||



Ötən yazıda sizi Masonluğun strukturu və fəaliyyət forması ilə az da olsa tanış etdik. İndi isə Masonluğun Azərbaycandakı izlərinə diqqət yetirmək daha maraqlı olardı. Və daha dolğun təsəvvür yaratmaq üçün hətta 14-cü əsrdən bu yana baş verənlərə, o cümlədən Səfəvi dövlətinin formalaşması zamanına diqqət ayırmaq vacibdir. Düzdür, müasir dövrdə Azərbaycan-Mason münasibətlərinə də aydınlıq gətirəcəyik. Amma öncə Masonluğun bu regionda maraqlarının formalaşması mərhələsinə diqqət yetirək. Şərq Masonluq üçün itirilmiş və geri qaytarılması səbirsizliklə gözlənilən bir ərazidir. Masonluğun özü üçün ən böyük qüsuru, yaranışı ilə Mason düşüncələrini Şərqdən Qərbə aparmasıdır. Çünki formalaşma tarixinin ikinci mərhələsini Qərbə yönəldən Masonlar bununla Şərqdə yenidən güc yığan toplumu nəzarətdən kənarda saxladığını düşünüb. Məhz buna görə Masonçuluğun Şərqə ikinci yürüşü konkret hədəf müəyyənləşdirməklə baş verdi. Masonluq üçün Şərqdə artıq İslamdan da qat-qat ciddi problem türk dövlətlərinin formalaşması idi. Artıq Masonlar Şərqdə Osmanlı imperiyası ilə Səfəvi dövlətini görmək zorunda qalmışdı. Əslində Səfəvilərdən öncə də Masonlar türk dövlətləri ilə ciddi maraqlanmaqda və bir sıra əlaqələr qurmaqda idilər. Çünki xristian dünyasının Qərb hökmranlığını çökdürməyə başladığı ərəfədə İslama sahiblənən türk dövlətlərinin də Qərbə marağı masonluğun planlarını alt-üst edirdi.

Mason-xristian ittifaqının ilk məqamı...

Artıq Avropa Osmanlı və Səfəvi dövlətlərinin hər an xristian dünyasına son qoyacağı günü gözləməkdə idi. Osmanlı imperiyası Avropanın tək sahibi olmaq iddiasını bir an da olsa gizlətmirdi, Səfəvi dövləti isə ərazilərində gücünü bərpa etməklə yanaşı, yeni istilalar haqqında planlar cızmaqda idi. Məhz bu dövrdə Vyana beyin mərkəzinə çevrilməyə başlamışdı. Mason hərəkatı artıq Vatikanı fakt qarşısında saxlamışdı. Çünki Vatikan Masonluğu lənətləmişdi və Avropanın bədbəxtliyinin səbəbini, xristianlığın əhatə dairəsini genişləndirə bilməməsi səbəbini Masonlarda görürdü. Çox maraqlı idi ki, həmin dövrdə Avropada işıqlı insanların əksəriyyətində Masonluğa bir həvəs vardı ki, bu da gizli təşkilatın inkişafına şərait yaradırdı. Və belə bir ərəfədə türklər qapının ağzını kəsmişdilər və İslam bayrağını Vatikana sancmağa hər an hazır idilər. Daha ciddi problemlər yaşayacağını görən Vyana şəraitdən bəhrələnmək fürsətini əldən buraxmadı. Əslində Vyana xristian-mason ittifaqını Vatikansız formalaşdıran bir mərkəz idi və indi bunu reallaşdırmaq niyyətində idi. Vatikan düşdüyü vəziyyətdə başqa yol tapa bilməzdi və bir neçə şərtlə Masonla əməkdaşlığa rəvac verdi. Yeri gəlmişkən qeyd edək ki, həmin dövrlərdə Vatikan ümumilikdə hadisələrə təsir etmək imkanlarının böyük bir hissəsini itirmişdi. Həmin dövrlərdə təşəbbüs Portuqaliya- Fransa vəVyana arasında bölüşdürülmüşdü. Məhz bu zamanlarda Masonların ən böyük istəklərindən biri də xristianlığın mərkəzi kimi Fransanı görmək istəkləri idi. Çünki Fransa kralları Masonların inkişafını zərərli saymamışdılar və Fransa kral saraylarının demək olar kı, əksər zamanlarda xəzinədarlıq işləri Masonların nəzarətində olub. Hətta Fransa krallarının maddi baxımdan Masonlardan asılı durumda olduqları faktlarla sübut olunub. Bütün bunlar isə istənilən halda Vatikan üçün arzuolunmaz şəraitin yaranması demək idi. Yuxarıda da göstərdiyimiz kimi bunları nəzərə alan Vatikan Masonlarla təxmini bilgilərə görə aşağıdakı şərtlərlə iş birliyinə getdi:

1.Masonlar Vatikan ərazisində fəaliyyət göstərməyəcəklər (Halbuki, gizli şəkildə də olsa, artıq bir neçə mason hətta kardinal rütbəsi ilə Vatikanda nüfuz sahibinə çevrilmişdi).

2.Qərbdə xristianlığın inkişafına əngəl törətməyəcəklər.

3.Qərbdə siyasi və ticari fəaliyyətlə məşğul olsalar da, dini missionerliklə məşğul olmayacaqlar.

4.Xristianlığın Şərqə yenidən yürüş etməsinə nəinki əngəl törətməyəcəklər, hətta maddi dəstək də verəcəklər.

Məhz bu razılaşmalardan sonra Vyana mərkəz olaraq Şərq planının həyata keçirilməsi və yaranmış iki türk dövlətinə, Səfəvi və Osmanlı dövlətlərinin Qərbə yürüşünü durdurmağa başladılar.

Masonluğun təhlükəli hesab etdiyi səfəvi və osmanlı dövlətlərindəki boşluqlar...

Qanun şahidi...

Osmanlı imperiyasına daxil olmaq Masonlar üçün çətin olmadı. Çünki hakimiyyətdə olan Sültan Səlim qanunlarla idarəetmənin tərəfdarı idi və Masonlar bundan istifadə etməklə sarayda təsiretmə imkanlarını genişləndirirdilər. Digər tərəfdən, Sultan Səlimdə Qərb mədəniyyətinə maraqlı bir yanaşma vardi ki, bundan da istifadə olundu. Amma bütün bunlar Sultan Səlimin Qərbin hökmdarı olmaq istəyinə əngəl yaratmırdı. Çox maraqlı idi ki, bütövlükdə Qərb dünyası Sultan Səlim təhlükəsindən günlərini sayırdısa, bir qrup Sulat Səlimin Qərbi işğal etməsinə hətta hərbi sursatla da kömək göstərirdi. Bu proses o zamana qədər davam etmişdi ki, türk qoşunları artıq Vyananın darvazaları ağzında idi. Amma bu müddətə qədər Osmanlı sarayındakı mason tərəfdarları Sultan Səlimin diqqətini həm də Şərqə yönəldə bilmişdilər. Amma bu haqda sonra...

Ruhi hökmranlıq Səfəvilik...

Səfəvilik Mason dünyası tərəfindən qəbul olunmayan bir dövlət idi və bir sıra mənbələr bunun tam əksini göstərərək, əslində Səfəvilərin Masonlarla ciddi əlaqədə olduğunu bildirirlər. Amma əsl həqiqətdə Masonlar Səfəvi dövlətini, Qızılbaşlıq ideyasını Masonluğun alternativi kimi görürdülər. Məhz buna görə də Şah İsmayıl Xətaiyə yanaşmada iki prinsipdən istifadə olunurdu:

1.Səfəvi dövlətinin idarə olunmayacaq həddə qədər böyüməsi və Şərq dövlətləri üçün təhlükəyə çevrilməsinə nail olmaq.

2.Qızılbaşlıq ideologiyasının məhv edilməsini təmin etməklə dairəni qapatmaq.

Bunun üçün Mason birliyi Səfəvi dövləti ilə sıx münasibətlərə start verdilər. Ən maraqlısı isə bu idi ki, Səfəvi dövləti gücləndikcə Osmanlı sarayında Xətai əleyhdarlarının sayı artırdı.

Səfəvilidə mason izləri...

Səfəvi dövləti ilə Osmanlı imperiyasının üz-üzə gəlməsinə artıq şübhə yox idi. Elə buna görə də bir tərəfdən Osmanlı imperiyası Qərb elçiləri ilə dolur, digər tərəfdən Səfəvilərin həm daxildən ruhən sarsıldılması, həm də Osmanlı düşmənçiliyini yaratmaq üçün hərbi dəstək vermə təklifləri artırdı. Əslində Masonlar üçün Qızılbaşlıq ideologiyası çox zərərli bir ideologiya hesab olunurdu və bu prinsipin sıradan çıxarılması üçün ciddi işlər də görülürdü.

İlk yanlışlıq

Səfəvi nəzəriyyəsi isə artıq dövlətçilik prinsipini gücləndirmək üçün ilk yanlış addımını atmışdı. Dünənə qədər qızılbaşlıq ozan-dərviş sirri ilə zəngin Şeyx sistemi ilə pərçimlənmişdisə, dövlət sərhədlərinin genişlənməsi üçün artıq Qızılbaşlıq təriqətçiliyə çevrilirdi. Məhz şiəliyin dövlət ideologiyası olaraq hətta qızılbaşlığın özündən irəli çıxması Mason dünyasının türk dünyasında ilk uğuru oldu. Səfəviliyin ilk anlarında qızılbaşlıq, Tanrıçılığa söykənəkli İslamdan öncə də mövcud olan bir sistem kimi qəbul olunurdusa, növbəti mərhələlərdə qızılbaşlıq şiə bayrağı ilə əvəzləndi. Ozan-dərviş dünyası öz sirlərini içində qorumaqla, praktik təriqətçiliklə əvəz edildi. Çox maraqlıdır ki, qızılbaşlıq fəlsəfəsi bu gün də Masonların maraq dairəsində olan fəlsəfədir və bu qapalı dairədən hələ də içəri daxil ola bilmirlər.

İkinci yanlışlıq

Əslində Masonların ikinci uğuru Səfəvi dövlətində yaşayan bir toplumu ələ keçirmələri oldu. Səfəvilər Qızılbaşlığı ruhən şiəliklə əvəzləməklə türk toplumunun parçalanmasına imkan yaratdılar. Osmanlı imperiyası bu yanlışlığın hikkəsindən növbəti yanlış addım atdı və Qızılbaşlığı kafir əməli saydı. Beləcə, bir yanlışlıq növbəti yanlışlığa imkan tanıdı.

Bir sözlə, masonlar yaranmış fürsətdən bəhrələnə bildilər. Səfəvi dövlətində farsların imkanlarından yararlanan Masonlar hakimiyyətin sosial bazası olaraq farslara imkan tanıdılar. Beləcə, fars təfəkküründən daima kənarda olan Qızılbaşlıq fəlsəfəsi ilk mərhələdə şiəliklə əvəzləndi, ikinci mərhələdə isə saraydan qovulan fars toplumu Qızılbaşlıq bayrağının daşıyıcılarına çevrilməyə başladılar. Bununla da bir tərəfdən Qızılbaşlıq fəlsəfəsinin özü zədələndi, ikinci tərəfdən bu sistemdə fars təsiri yenidən yaranmağa başladı. Nəticədə Osmanlı sarayındakı mason əyanlarla Səfəvi hökmdarlığındakı fars toplumu masonluğun silahına çevrildi.

Masonluğun şah əsəri...

Beləliklə, əslində Mason bayrağının altına salınan Şah İsmayıl Xətai və Sultan Səlim bilmədən Mason dünyasının ən ciddi planlarını həyata keçirdilər. Çaldıran döyüşü isə bu planın ana xəttinə çevrildi. Amma məsələ bununla tamamlanmadı. Şah İsmayıl Xətaidən sonra hakimiyyətə gələn Təhmasib şahla Sultan Səlim yenə bu savaşın davamçılarına çevrildilər. Çox maraqlıdır ki, hər iki hökmdar yenə də Qərbə baxa-baxa bir-birinin ərazisinə yürüş təşkil etdilər. Acınacaqlı hal isə budur ki, Səfəvi dövləti Osmanlı İmperiyasını diz çökdürmək üçün Vyanadan, Osmanlı İmperiyası isə Fransadan hərbi ləvazimat almağa başlamışdı. Beləcə, gücləndirilən türk dövlətləri bir-birinin üzərinə saldırılmaqla acı bir tarix yazmağa məcbur edildilər. 

Son

Məhz iki türk dövlətinin üz-üzə gəlməsi və Qərbin rahat nəfəs alması mason təşkilatının ən böyük uğuru sayıldı və bununla da Qərb dünyası və xristianlıq Masonluğun əsarətinə düşdü. Həmin zamanlar Vyana kardinalı yazırdı: İslamı sarsıtmaq üçün hər kəslə əməkdaşlıq etməyə dəyərdi. Və bunu bilməliyik ki, İslamın bayrağı türklərin əlindən çıxarsa, xristianlıq üçün heç bir təhlükə qalmayacaq. Bu elə belə də oldu. Türk dünyası diz çökdürüldü, xristianlıq hegemon din olaraq Avropada nüfuz sahibinə çevrildi. Amma bu üzdə görünənlər oldu. Alt qatda isə İslam dini küncə sıxışdırılsa da, xristianlıq da yüz illər ərzində Mason təşkilatı tərəfindən aparılan siyasət nəticəsində əsl mahiyyətindən kənarlaşdırıldı. Bu isə Mason birliyinə dünyanı yenidən bölüşdürməyə imkan yaratdı. Belə bir bölgü Mason təşkilatı tərəfindən bir də 1918-ci illərdə həyata keçirildi. Bu savaşda da Masonlar qalib oldu. Həm də 1918-ci ildən etibarən Masonlar Azərbaycanla bağlı planlarını daha da təkmilləşdirdilər...  






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10