Ərkivan. İsrail Tağıyev Ərazi nümayəndəsi vəzifəsindən niyə çıxarıldı?
Yaxud, yazmaq istəmədiyim yazı
Bir neçə gün öncə Masallı rayonunun 17 minlik ərasizinin – Ərkivan qəsəbəsinin nümayəndəsi İsrail Tağyev nümayişkaranə şəkildə vəzifəsindən çıxarıldı. Az.tv bu barədə süjet də göstərdi. Sonra rayon prokurorluğunda cinayət işi açıldı və sair. Hətta şaiyələr yayıldı ki, onu həbs ediblər.
Dərhal reaksiya vermək istəmədik. Hadisələrin bir qədər gedişatını izləyib, “Axı niyə?” sualına cavab tapmağa çalışdıq.
Axı, niyə?
Rəsmi müəlumatlara inansaq, İ. Tağıyev koronavirus qadağaları zamanı qanuni əsası olmayan arayışlar verib. Bu da aşkarlanıb ki, ortada rüşvət-filan faktı yoxdur. Həmin arayışla hərəkət edən sürücü qəza törədib. Qəza nəticəsində vəfat edən var. Araşdırmadan sonra rayon prokurorluğu onun haqqında vəzifə səlahiyyətlərini aşmaqla bağlı cinayət işi açıb. Yəni, bunlar arayış verməsəydi, o yola çıxmasaydı... Guya yola çıxanların hamısının icazəsi var imiş.
Nədən bu olay belə sərt cəza ilə sonlandı?
Doğrudanmı, bu əmələ görə, belə sərt, belə nümayişkaranə tədbir görməyə dəyərdimi?
Bəzilərinin dediyi kimi, bu prizmadan yanaşsaq gərək rayonun 15-20 faizini həbsə ataydıq.
Uzun illər bu qəsəbənin komsomol, bələdiyyə təşkilatına rəhbərlik edən, son 4 ildə isə ərazi dairəsinin nümayəndəsi vəzifəsində çalışan, qəsəbədə kifayət qədər nüfuzu olan şəxsi bu dərəcədə zərbə altına almaq kimə və nəyə lazımdır?
Bu adam səhv etmişdisə, xəbərdarlıq, töhmət, şiddətli töhmət, uzağı işdən çıxartmaq qərarı vermək olardı. Daha cinayət işi açmaq, bu daha ağ oldu.
AZ.TV. Qara masakallıların Masallı əməliyyatı barədə niyə susdu? Amma...
Öncə hamımızın “əziz” kanalı AZ.TV haqqında. Təxminən 2 ay öncə Masallıdan DTX-nin qara maskalıları əməliyyat keçirərək DSMF-nin Masallı rayon təşkilatının məsul şəxsini və onun yaxın qohumlarını digər şəxslərə məxsus 100-lərlə plastik kartla yaxaladılar. Amma AZ.TV. susdu. Meşələrdəki talançılıqla bağlı internetdə sujetlər ara vermir. Ortada rəsmi məlumatlar da var. Lakin AZ.TV susur.
Yəni, bu arayış məsələsi nə qədər dəhşətli məsələ idi ki, az.tv-i qarışıq bütün kanallar gün ərzində onu nümayiş etdirməkdən yorulmurdu.
Vəzifə səlahiyyətini aşmaq ...
Aşmaq nədir e,
hazırda hər rayonda vəzifə səlahiyyətlərini at kimi minib çapan, tapdayanlar var. Adlarını tutan yoxdur. Ölkə başçısı 2 dəfə qətiyyətlə bəyan edib ki, işçiləri 8 saatdan artıq işlətməyin. Lakin əksər təşkilatlar buna əməl etmir. Hətta işçiləri şənbə və bazar günləri (bəzən gecə 3-ə, 4-ə qədər) işlədir. 18 saat işlədib, 12 saat yazır.
Rayonun ən mötəbər təşkilatlarında, ən yüksək post sahibləri göz-görəsi təmənalı addımlar atılrmırmı?
Siyahını sadalasaq, oxuyanlar təngənəfəs olar.
Elə bu koronavirus dövründə Masallının Muğan kəndlərinin birində ərzaq bölgüsü zaman əhalinin nümayişkaranə narazılığı oldu. Görəsən, həmin ərazi nümayəndəsi niyə televiziyaya çıxarılıb ifşa olunmadı? Digər bir neçə kənddə də eləcə.
Bir tamaşada deyilmişkən, “qəmediya düzəldirsiniz?”
Bu günün Ərkivanı
17 minlik, rayonun qədimlik simvollarından biri olan Ərkivan həmişə dini dəyərlər və hökümətə sədaqəti ilə nümunə olub. İndi də nümunədir.
17 min əhalisi olan qəsəbəyə 25 ildir ki,
bir ərkivanlı deputat seçilə bilmir, susuruq.
Bələdiyyə seçkilərini elə bərbad vəziyyətə salırıq k, seçkidən sonra da bilinmir, sədr kimdir, müavin kim. Hətta icra başçısı ilə Ərkivanda görüşdə “Bələdiyyə sədri kimdir?”- sualının cavabında 3 bələdiyyə üzvü birdən qalxır. Buna da susuruq.
Qəsəbənin 5 məktəbindən 4-ünün binası bərbad, uşaq bağçasının, Mədəniyyət Evinin binası bərbad, hamamı yox, qapalı idman zalı yox. Susuruq.
İndi Ərkivanın ortaya çıxan 4-5 övladı var, onları da əzib aşağılayaq?
İsrail Tağyev kimdir?
![]()
İndiki cəmiyyətdə heç kim ideal deyil. İsrail Tağıyevin də təbii ki, nöqsanları olub. Mövcud, lakin yazılmamış qanunlar çərçivəsində nələri isə edib, hansısa addımları atıb.
Amma unutmayaq ki, bu adamın 30 ildən yuxarı müsbət idarəçilik təcrübəsi var. Bu böyüklükdə qəsəbənin “dilin” bilir. Qəsəbədə xoşgəlməz bir hərəkəti olmayıb.
Həm mənəvi keyfiyyətləri, həm lazım gələndə cəsarəti və təşkilatçılığı, hamıya söz deyə bilmək, eləcə də hər kəsə layiq olduğu qiyməti vermək bacarığı ilə onlarla ərazi nümayəndəsindən fərqlənir.
Koronavirus tədbirləri çərçivəsində onun necə gərgin işlədiyi çoxlarına bəllidir. Həmin qəsəbənin sakini kimi dəfələrlə şahid olmuşam ki, hər gün 45-50 şikayətçi qəbul edib. Əksəriyyəti də onun otağından razı haldı çıxıb. Pantemiya dövründə ilk pulsuz çörək aksiyaları məhz Ərkivan qəsəbəsində təşkil olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə 2 dəfə, hər dəfə 51 bağlama olmaqla tam aşkarlıq şəraitində imkansızlara yardımlar paylanıb. Hətta İsrail Tağıyevlə orta məktəbi birlikdə bitirmiş məzunlar ayrıca xeyriyyə aksiyası keçirib.
Yəni, ağır şəkər xəstəsi, gündə 4 dəfə insulin vuran bu adam belə əsəbi şəraitdə yüklənəndə (işıq pulundan növbətçiliyədək) təbii ki, səhvlər də başa düşüləndir.
Onu da xatırladım ki, İsrail Tağıyev hörmətli bir nəslin davamçısıdır.
Müharibə dövründə kəfən tapılmadığı üçün onun babası evinin pərdələrini kəfən kimi işlədib, ölüləri urfatsiz etməyib. Belə misalların sayını artırmaq da olar. Onun gəncəli qızı olan anası, yarım əsrdən çox rayonda peşəkar baytar həkim kimi tanınan atasının da adları həmişə hörmətlə çəkilən insanlar sırasında olub. Gəlin yağla, şorun bu qədər də qatışdırmayaq.
Demək istəmədiklərim
4-5 dəfə keçirtdiyi görüşlərdən bu qənatədyəm ki, Masallinin icra başçısı Şahin müəllim kadr məsələsində hümanistdir, səbrlidir. Bəs bu nə addım idi? Eşitdiyimə görə, deyib ki, mənlik deyil. Deyilənə görə, hüquq mühafizə orqanları da buna bənzər mövqe sərgiləyiblər.
Yaxşı, “sən vurmadın, mən yıxılmadım”. Bəs bu həngamə nə üçündür?
Bəlkə kimsə kimə güc göstərmək istəyir, ortada Ərkivanın dəyərli bir övladı qurbanlıq olmalıdır?
Bəlkə, kiməsə, “görürsən, biz də işləyirik” görüntüsü, hansı siyahıya “quş” qoymaq üçün buna görə kimsə qurban getməlidir?
Onsuz da kadr qıtlığıdır. Boşalan, eləcə də boşalacağı gözlənilən yerlərə layiqli kadr tapılmır. Olan-qalanı da sıradan çıxartmayın.
Hadisələrin gedişini maraqla izləyirik
Görək, “pis” dediklərinin yerinə hansı “yaxşını” və hansı şərtlərlə gətirəcəklər. Onsuz da bizim yerlərin ən qəribə xasiyyətlərindən biri aldığını deməsə də, verdiyini çox yerdə danışandır.
Yazını çox tərəddüdlə yazdım. Bəlkə də işə xeyrindən çox, ziyanı ola bilər. Lakin yazmaya da bilmədim.
Bəlkə də hər hansı fikrimdə səhv edirəm, yanlışa yol verirəm.
Mənim buradan bütün qəsəbə adından danışmağa səlahiyyətim yoxdur. Sadəcə özümün düşündüklərimi yazdım.
İsrail Tağyevin özündən münasibət öyrənmək olmadığı üçün (daha doğrusu münasibət bildirmədi) fikirlərimi sizin müzakirənizə buraxıram.
Əziz ərkivanlılar, çox şeyə sussanız da, heç olmasa, bu olaya susmayın, bu yazıya çoxlu rəy bildirin, fərqli olsa belə düşüncələriniz paylaşın. Həm də rəylərinizdə (müsbət və mənfi olmasından asılı olmayaraq) tam səmimi olun.
Son sözüm
Elə yaşayaq ki, ərkivanlı olduğumuza, vacib məqamlarda söz demədiyimizə görə, nə bu gün, nə sabah utanmayaq.
Elə bilirəm, hökm sahibləri də yazdıqlarıma həssaslıqla yanaşacaq.
Ona da ümidliyəm ki, millət vəkili Anar İsgəndərli də deputatı olduğu Ərkivan üçün (Mübariz Mənsimov məsələsi ağır söhbət olduğu üçün sussa da) belə həssas məqamlarda öz mövqeyini bildirməkdən çəkinməyəcək.
Zahir Əmənov. Cenub.az














