– Xoş gördük, Əli bəy. Bu, sizin evdə ilk görüşümüz deyil, amma çox illər keçib üstündən. Yadımdadır, o vaxt köçmək istədiyinizi demişdiniz. Deyəsən, alınmadı?
– Alınmadı. Baş qarışdı, uşaqlar da böyüdü getdi… Artıq üçotaqlı mənzil mənə darısqal gəlirdi, istəyirdim bir az mərkəzdən aralanım, dördotaqlıya keçim. Sonra baş qarışdı, uşaqlar getdi, üç otaq bəs elədi bizə, qaldıq burada…
“İnformasiya blokadası” haqqında: “Mən çoxdandır karantindəyəm”
– Elə o vaxt təəccüblənmişdim ki, niyə düz Bakı Baş Polis İdarəsinin yanından ev almısınız? Bu, polisə əziyyət verməmək üçündür ki, axtaranda uzağa getməsin? Sonra nədənsə polis idarəsi özü köçdü. Hərçənd, öyrəncəli olmaq pis şeydir. Düzdür, mən binanın qabağında heç kimi görmədim, ancaq eşitmişəm, buralarda çox dolaşırlar. Bir də eşitmişəm ki, biz hamımız karantində olduğumuz müddətdə siz ikiqat karantində oturmusunuz, yəni, nəinki hərəkət imkanınız, ətraf mühitlə əlaqələriniz də məhdudlaşdırılıb. Nə baş verir, Əli bəy?
– Yerli-yersiz bu barədə spekulyasiyalar olur, ona görə əvvəlcə deyim ki, mən gənc mütəxəssis kimi ev növbəsində olmuşam və mənzili 1993-cü ildə Elçibəy hökuməti zamanı almışam. O zaman cavan adam idim, heç bilmirdim ki, polislə münasibətim nə olacaq, necə olacaq. Tale elə gətirdi ki, 1994-cü ildə şəhər Baş Polis İdarəsinin “podval”ında da 10-15 gün yatdım. Deməli, küçənin bu tərəfində evimdi, o tərəfində mən “qorotdel”in “podval”ında yatırdım. Bu da oldu taleyimdə…
Mən əslində indi karantində deyiləm, Arif bəy, çoxdandır karantindəyəm. Axırıncı bizim ofisi 2014-cü il mart ayının 2-də partladıblar. O vaxta qədər 7 dəfə ofis dəyişmişik. Qapısını qaynaq eləyiblər, qovublar… Ofisimiz partladılandan sonra mən elə, demək olar ki, ev şəraitindəyəm. Pasport yoxdur – xaricə gedə bilmirəm, ofis yoxdur – işə gedə bilmirəm. Hökumət yəqin fikirləşdi ki, mənə birqat karantin kifayət eləməz, iki-üçqat karantin olmalıdır. Evin qabağında müşahidə qoyurlar. Ümid edirəm ki, sizinlə bağlı problem olmaz…
– Biz rast gəlmədik…
– Amma son iki həftə ərzində məndən müsahibə almış iki jurnalistin ciddi problemi olub. Təzəxan Mirələmlini aparıb, polis idarəsində 5 saat saxlayıblar, Teymur Kərimov isə daha pis qurtarıb…
– Bunlardan danışmayın, bizi çəkən operatorlarımızı qorxudarsınız. Biz çox şeylər görmüşük, onlar…
– Əminəm ki, siz varsınız, sizinlə bağlı belə problem olmaz, amma Teymur Kərimovun kamerasını əlindən alıblar, videokartını götürüblər, özünü də döyüblər. Ona görə, bir qat o yandan karantindir, bir də interneti kəsiblər. Əvvəl telefonu da kəsmişdilər. Yeri gəlmişkən, minnətdarlığımı bildirmək istəyirəm: vətəndaş cəmiyyətinin nümayəndələri, ölkənin ictimai-siyasi xadimləri birgə bəyanatla çıxış elədilər, cəmiyyətdən böyük tərki gəldi. Bu, həm də karantin dövründə sağlamlıq və təhlükəsizlik problemi idi. Evdə balaca uşaq da var. Təsəvvür edin, telefonlar kəsilir, internet kəsilir, evə gəlib-getmək olmaz, bəlkə evdə kimsə xəstələndi? Mən nə etməliyəm? Təcili yardım çağıra bilməliyəm axı heç olmazsa… Onu deyəsən, başa düşdülər, sonra telefonlar bərpa olundu. Amma internet xətləri işləmir.
Mənə elə gəlir ki, bu, rəsmi siyasətdir. İlham Əliyevin məlum çıxışı oldu və o, müxalifəti “düşmən”, “5-ci kolon” elan elədi, orada müxalifətin təcrid olunacağı anons edilmişdi. Fikir verin, orada müxalifətin ən böyük suçu kimi nə göstərilirdi: biz ictimai fikri guya çaşdırırıq. Hərçənd, dövlət başçısı özü fikirləşməli idi ki, yaxşı, ölkənin bütün televiziyaları, qəzetləri sizin əlinizdə, 700 minlik partiya sizin əlinizdə, sosial şəbəkələrdə yüzlərlə səhifələr, kanallar sizin əlinizdə. Bu müxalifət niyə çaşdıra bilməlidir ictimai fikri? Hətta istəsə belə… Amma bizə onu suç saymışdılar. Yəni, mənim çıxışlarım sosial şəbəkələrdə, internet kanallarında geniş yayılır və hökumət bundan narahat olur. Orda da mən qeyri-adi şeylər danışmıram. Həmişə etik çərçivəni aşmayan, qanundankənar hərəkət eləməyən adamam. Sadəcə, hökumətin siyasətini arqumentli şəkildə tənqid edirəm və evdə qalmağa məcbur insanlara ciddi sosial yardım göstərilməsini tələb edirəm. Hökuməti əsas bu özündən çıxarırdı ki, mən camaata ideya verirdim ki, ölkənin pulu var, sizə vermək olar.
– Doğrusu, indiki şəraitdə insanı informasiya blokadasında saxlamağın mümkünlüyünə, yaxud buna cəhdin səmərəliliyinə çətin inanıram. Az qala soyuducunun da qlobal şəbəkəyə çıxışı var, texnoloji maneələri aşmağın da üsulları çoxdur. İkinci tərəfdən: müxalifət liderinə qarşı belə bir cəhdin yaratdığı beynəlxalq təzyiqə tab gətirmək sizin tənqidin ağırlığına dözməkdən daha çətindir axı… Yəni, deyirsiniz, yuxarıda bunu anlamırlar?
– Belə çıxır. Sizin söylədiyiniz fikirləri mən dönə-dönə müsahibələrimdə demişəm. Birincisi, razıyam sizinlə, tam blokada mümkün deyil. Bax, indi 14 gündür internetim qoxdur, amma siz və gəlib məndən evdə müsahibə alan jurnalistlər sağ olsunlar, bu 14 gündə 10 videomüsahibə vermişəm.
– Heç adi günlərdə bu qədər olmur.
– Olmur. Mən həftədə bir, müstəsna hallarda iki dəfə danışırdım. Artıq bu blokada alınmadı. Bütün dünya bundan xəbərdardır. Baxın: İlham Əliyevin 19 martda müxalifəti “düşmən”, “5-ci kolon” elan edib və sonra da onun təcrid olunacağını anons etdiyi çıxışı ilə bağlı hələ mənim internetim kəsilməmiş 9-10 nüfuzlu beynəlxalq media yazısına rast gəlmişdim. Son iki həftə yazıları izləyə bilmirəm. Mənə telefonla məlumat gəlir. Demək istəmirəm ki, heç nədən xəbərim yoxdur. Amma sosial şəbəkələri, yazıları şəxsən izləmirəm. Yəqin ki, sayı hələ artıb.
İqtidar-müxalifət münasibətləri haqqında: “Təsir əks-təsir yaradır”
– Özünüz söhbəti informasiya məsələlərinin üstünə gətirdiniz, mövzunu dəyişməyəcəyəm. İki səbəbdən: birincisi… Bizim əsgərlik yaşlarımızda bir lətifə var idi. Yadınızdadırmı, “Qırmızı guşə”lər? Komandirin siyasi məsələlər üzrə müavini günün sonunda gəlir görür ki, “Qırmızı guşə”də kağız-parça bir tərəfdə, qayçı-yapışqan o biri tərəfdə, yer qırıntılarla, əskilərlə dolu. Əsgərə hirslənir ki, demişəm, axırda iş yerini yığışdır. Əsgər cavab verir ki, “sizə nə var e, çənənizi bağlayırsınız, iş yeriniz yığışdırılır, mən bu boyda şeyi hara yığım?” Yəni ofisin, toplaşmaq, tədbir keçirmək imkanının olmadığı şəraitdə bütün fəaliyyət informasiya mübadiləsi üzərində qurulur. Siyasətçinin iş yeri mediaplatformalar olur. İkincisi isə, mənə elə gəlir, iqtidar-müxalifət münasibətlərində ən dərin çat informasiya müstəvisindən keçir. Onlar bir-biri ilə yalnız nifrət dilində danışırlar. Hakimiyyət müxalifəti demonlaşdırır: “5-ci kolon”, “satqın”, nə bilim nə, müxalifət də hakimiyyəti:“milli xəyanətkarlar”, “məqsədləri xalqı qırmaqdır…”Bəlkə eyni fikirləri başqa tərzdə, başqa sözlərlə ifadə etmək olar?
– Birincisi, bəli, necə illərdir biz məcbur olmuşuq ki, fəaliyyətimizi məhz internet üzərindən quraq. Nəinki iş şəraiti, ofis yoxdur, heç media da yoxdur Azərbaycanda. Xırda istisnalarla. Ona görə biz fəaliyyəti keçirmişik sosial şəbəkələrin üzərinə. Yeri gəlmişkən, mənim çox sevdiyim misallardandır ki, hər pis işin mütləq yaxşı bir tərəfi də var. Bizim uzun zaman virtuala keçməyimizin bir xeyri də oldu. Bu karantin şəraitində hamı böyük bir sarsıntı yaşadı birdən-birə. Bizim strukturlarımız elə əvvəlki qaydasında işləyirlər.
– Onlayn xidmətlərin bəxti necə gətirdi, o cür?
– Bəli. Videokonfranslar, qruplar, skayp əlaqələri, votsap, zum və s. – biz onsuz da belə işləyirdik. Bu, sualın birinci hissəsi ilə bağlı. Amma əlbəttə, başa düşürəm ki, əsas toxunduğunuz məsələ ciddi bir məsələdir. Ölkədə iqtidar və müxalifət arasında, media müstəvisində istifadə olunan dillə bağlı!
– Dillə, münasibətlə…
– Bu barədə mənim də deyəcəyim sözlər var. Əvvəla, hökumətin səhvi sayəsində ölkədə yerli, milli mətbuat çökdürülüb. Burada ofisi olan, fəaliyyət göstərən mətbuat çökdürülüb. Mənim aləmimdə axırıncı müstəqil qəzet – “Azadlıq” qəzeti 2016-cı ilin sentyabr ayında bağlandı: zorla bağlandı, əməkdaşları həbs olundu. Bu, çox böyük səhvi idi hökumətin. Öz maraqları baxımından səhv idi! Çünki onsuz da söz daha geniş yayılmağa başladı son illərdə. Təsdiq edərsiniz ki, hətta Azərbaycanda onlarla müstəqil qəzet çıxan zaman alternativ fikir indiki qədər geniş tirajla yayılmırdı. Çünki indi internetin, o cümlədən internet televiziyalarının auditoriyası çox böyüyüb. Və onların hamısı köçüb gedib xaricə. Deməli, medianı köçürdülər xaricə və bu da imkan yaratdı ki… Bilirsiniz, orada artıq məsuliyyət yoxdur, burada adamları cərimələyirdilər, tuturdular, hədələyirdilər, özünüsenzuraya məruz qoyurdular. Amma orada heç kimə əlləri çatmır axı. İndi hərə daxili aləminə görə özü özünü tənzimləyir. Və nəticədə nə oldu? Radikal mühit formalaşdı. Yəni, ölkənin içindəki media xaricə getməklə geniş mənada məzmunca məhv olmadı, daha da radikallaşdı. Eləcə də ölkənin içində müxalifəti əzmək siyasəti və ona qarşı aqressiyanın artması əks-təsir yaratdı…
Söyüş ritorikası haqqında: “Hamıya müraciət edirəm: kəsin bunu!”
– Yeri gəlmişkən, məlum şəxslər vəzifələrdən gedəndən sonra söyüş-təhqir ritorikası azaldı. Amma yox olmadı. Mən ilk növbədə şəbəkə yayımını nəzərdə tuturam. Arvad-uşaq qalmır, bir vaxtlar gizlincə divarlarda yazılan söyüşlər indi açıq efirdə səslənir. Yəqin bilirsiniz, onların əksəriyyəti məhz hakimiyyəti hədəf götürdüklərindən və özlərini sizin tərəfdarınız kimi təqdim etdiklərindən, hakimiyyətdə də bu mənbələrin məhz sizin tərəfinizdən idarə olunduğu qənaəti var. Deyin, bu şəxslərin sizin təşkilata aidiyyəti varmı, sizinlə əlaqələri varmı?
– Qətiyyən. Baxın, mənim məxfi əlaqə vasitələrimin hamısı – “Votsap”ım da, “Siqnal”ım da, “Teleqram”ım da hökumətin əlindədir. Bu saat bar-bar bağırardılar. Mənim işarə elədiyiniz, leksikonunda söyüş olan heç bir şəxslə əlaqəm yoxdur.
– Və onların da sizin təşkilata aidiyyəti yoxdur?
– Qətiyyən. Çünki Xalq Cəbhəsinə aidiyyəti olan adam bunu edəndə biz onu cəzalandırırıq. Bunu dəfələrlə elan etmişik, partiyanın nəzarət-təftiş komissiyasında adamlar ayrılıb. Demirəm, böyük təşkilatdır, ola bilər, arasında kimsə yazışma zəminində nəsə edir, onda da komissiya dərhal təklif edir ki, sil və üzr istə. Əgər şərti qəbul etmirsə, cəzalandırırıq. Yəni, partiyanın daxilində belə şey mümkün deyil, tədbiri görülüb. Amma partiyadan kənar özünü mənə tərəfdar kimi təqdim edən adamlar var ki, söyüşdən istifadə edirlər, hökumət də bilir ki, onlar mənimlə bağlı deyillər, amma bunu qəsdən mənə qarşı istifadə edir. Nədən bilir? Birincisi, bütün əlaqələrimizi bilirlər, ona görə əmindirlər. İkincisi isə, axı mən azı 3-4 çıxışımı xatırlayıram, dönə-dönə müraciət eləmişəm ki, əziz həmvətənlər, o cümlədən özünü mənə tərəfdar hesab edən bloqçular, videobloqçular, yazarlar, jurnalistlər, mən bu ölkədə söyüş ritorikasının birinci zərərçəkmişiyəm. Birinci mənim üzərimdə hökumət bu “qara piar” kampaniyasını tətbiq eləyib. Mən hər zaman emosiyalarıma sahib olmuşam və demişəm ki, bu iyrənc üsul yeriməməlidir Azərbaycan siyasətində. Hamıya da demişəm ki, söyüş heç zaman söyən adamı ucaltmır, söyülən adamı aşağılamır. Söyüş mütləq söyən adamın özünü aşağılayır. Ona görə də hamıya müraciət edirəm, kəsin bunu! İqtidara, müxalifətə söyməyinizdən asılı olmayaraq. O sözü ki, ailənizin yanında işlətməyi uyğun bilmirsiniz, başqalarının da ailəsinin eşitməsinə uyğun bilməməlisiniz. Azərbaycan siyasətini təmizləmək lazımdır, ədəb çərçivəsinə salmaq lazımdır. Və o adamlara da deyirəm ki, mənə doğrudan hörmətiniz varsa, etməyin bunu. Mənə bunun faydası yoxdur, zərbəsi dəyir sadəcə. Ən sərt tənqidləri də ədəb, etika çərçivəsində ifadə etmək olur…
Radikallıq haqqında: “Milli mətbuatı çökdürür, əvəzində xaricdən idarə olunan daha radikal mətbuat qazanır…”
– Və nəhayət, siyasi leksikondakı sərtliklə bağlı.
– Aha! Burda iki səbəb var. Birincisi ondan ibarətdir ki, ölkədə vəziyyət həqiqətən çox eybəcərdir. Nə qədər onu əbədi dillə ifadə eləsən də, yenə çox eybəcərdir. Yaxşı, bu hökumətin nazirləri bir-bir vurulur… İşləyənlərlə işim yoxdur, mövzunu uzatmıram. Tutaq ki, elə “vurulan” nazirlər. AzTV başda olmaqla: “Ziya Məmmədov – 4 milyard, Eldar Mahmudov – 3 milyard, Fazil Məmmədov – 4 milyard mənimsəyiblər”… Onlar deyirlər də, mən deməmişəm ki! Gedin, açın baxın, hökumətin yüzlərlə saytı hamısı bu adamların haqqında… Mənimsəmələrdə milyarddan gedir söhbət, bunların milyonla işləri yoxdur, bunlarda artıq rəqəmlər elə böyüyüb ki… MTN işi olsun, Rabitə işi olsun, həmin bax, bu günlərdə azadlığa çıxardıqları, cəmiyyətə nümayiş etdirdikləri, zəngin süfrəsi ilə Akif Çovdarov olsun, yüzlərlə biznesmenin obyektini əlindən alan adam olsun, özəl həbsxana saxlayan adam olsun… Yaxşı, bu adamlar haqqında biz indi “korrupsioner”, “quldur” deməyək? Bunu axı hökumət özü deyir ki, filan sahədə neçə milyard mənimsəyiblər, dağıdıblar… Filan vəzifəli şəxs general poqonu altında özəl həbsxana saxlayıb… 1800 kaset çəkib, adamları şantaj eləyib… Mən hüquqşünasam. Zorla əmlakı əldən almaq quldurluq deməkdir. Korrupsiya yolu ilə milyardları mənimsəmək korrupsiya deməkdir. Adamlar istər-istəməz bununla bağlı kəskin ifadələr işlədir, çünki şərait özü çox eybəcərdir.
İkincisi, çox təəssüf ki, bu siyasi dilin sərtləşməsinin təşəbbüsü birbaşa İlham Əliyevdən gəlir. Axı, biz nə zaman, hansı qanunsuz işi görmüşük? Bax, indi onu bizə qarşı “kompromat” kimi istifadə edirlər ki, 27-30 ildir siyasətdəyik. Yaxşı, tutaq ki, 30 ildir siyasətdəyik. Kim, nə zaman Əli Kərimlinin, Cəmil Həsənlinin, bizim çevrəmizdə olan adamların hansı bir qanunsuz çağırışını eşidib, nə zaman bizim, ya tərəfdarlarımızın əlində bir taxta parçası olub, nə zaman biz bir polisi itələmişik, nə zaman qanundankənar üsullarla hakimiyyətə gəlməkdən danışmışıq? Olmayıb belə şeylər. Amma leksikon gəlir, sərtləşir-sərtləşir… Təsir əks-təsir yaradır, Arif bəy. Hökumət bunu anlamalıdır. Baxın, ölkədə milli mətbuatı çökdürür, əvəzində xaricdən idarə olunan daha radikal mətbuat qazanır; real müxalifəti sıradan çıxarmağa çalışsa, çox radikal bir xalq qazanacaq.
Dialoq haqqında: “Hökumət torpaqlarımızı işğal etmiş Ermənistanla dialoqu kəsməyibsə, bizimlə nəyə görə cəhd eləməsin ki?”
– Mən belə düşünürdüm ki, biz elə informasiya mövzusunda axıra qədər gedəcəyik, amma burada siyasi mövzuya bir keçid eləməyə ehtiyac yaranır. Mən sizi həmişə tək cəsarətinə görə yox, həm də məntiqinə görə ölkədə müxalifət liderləri arasında seçilən bir şəxs kimi tanımışam. Amma bir şeyi heç cür bu obraza sığışdıra bilmirəm. Baxın, deyirsiniz ki, hakimiyyət dəyişikliyi ancaq dinc yolla baş verməlidir, sosial partlayışlara, üsyanlara yol verilməməlidir? Elədirmi?
– Bəli.
– Həm də deyirsiniz ki, bu hakimiyyət oğruların, cinayətkarların hakimiyyətidir, elədirmi?
– Bəli.
– O zaman izah edə bilərsinizmi ki, hakimiyyət dəyişikliyini necə görürsünüz? Bu cür geniş ünvanlı tənqidlə bütün məmur təbəqəsini özünüzə qarşı çevirmirsinizmi? Və bir də, belə təsəvvür yaranır ki, dialoqdan yayınırsınız. Yaxşı, üsyana da yox, dialoqa da yox. Bəs dəyişikliklərin, deyək ki, seçki qanununda tələb etdiyiniz dəyişikliklərin, iqtidar-müxalifət münasibətlərində dəyişikliklərin mexanizmini nədə görürsünüz? Dialoq imkanı görürsünüzmu, yoxsa, bütün körpülər yandırılıb?
– Əvvəla, belə aktual, vacib mövzuya toxunduğunuza görə təşəkkür edirəm. Bu saat sizin toxunduğunuz məsələlər ölkənin taleyüklü, sabahı ilə bağlı ən vacib olan məsələləridir. Mən də tezislərlə o mövzuların hər birinə toxunum.
Bəli, dönə-dönə deyirəm ki, ölkədə dəyişiklik müstəsna olaraq dinc olmalıdır, seçki yolu ilə, konstitusion olmalıdır. Sosial partlayışla dəyişiklik istəmirik, hər hansı silahlı qarşıdurmanın əleyhinəyik. Hə, düz deyirsiniz, bəs o zaman necə olacaq, bu dəyişiklikləri biz necə təsəvvür eləyirik?
Dialoqdan imtina etməmişik. Bu, bizə atılan böhtandır. Zəng olunub ki, Ədalət Vəliyev danışmaq istəyir. Dərhal müzakirə etmişik partiyada və qərara gəlmişik. Birinci, Ədalət Vəliyev Prezident Aparatında şöbə müdiri deyil? Mən də partiyada ən səlahiyyətli üç adamdan biri – Seymur Həzini müəyyənləşdirmişəm. İkinci, biz hansı məsələləri müzakirə edə bilərik? Axı, biz hər zaman açıq və predmetli dialoqdan yana olduğumuzu qoymuşuq ortalığa. Bu 27 ildə nə qədər dialoq imitasiyaları görmüşük? O imitasiyaların sonu başqa şeylərlə qurtarıb, “alğı-satqı” ilə qurtarıb, bir sıra müxalifətçilərin dırnaqarası konstruktivləşməsi ilə qurtarıb, hökumətin yanına keçməsi ilə qurtarıb. Və müzakirə etmişik partiyada, qoymuşuq ortalığa təkliflərimizi. Nə deyirik: “Dialoqa hazırıq, ancaq biz o dialoqda seçki islahatını danışacağıq.” Sizin sualınıza gəldik, bax. Seçki islahatı! Biz indi döngədəyik, dalandayıq. Buradan çıxış olmalıdır. Çıxış nə olmalıdır? Seçki. İslahatsız necə seçki olacaq? Ona görə də biz dedik ki, seçki islahatını danışmaq istəyirik, siyasi məhbus məsələsini, Qarabağ və təhlükəsizlik, sərbəst toplaşma azadlığı məsələlərini danışmaq istəyirik. Bunun hansı antikonstitusiondur, xalqın mənafeyinə ziddir? Ona görə də hökumət bizim bu prinsipial mövqeyimizi top-tüfənglə qarşılamasaydı, oturub bizimlə danışsaydı, həmin bu məsələlərlə bağlı açılım ola bilərdi. Gerçək açılım istəsəydilər. Sizin sualınız oldu ki, artıq bütün variantlar tükənibmi? Xeyr. Azərbaycan hökuməti torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanla danışırsa, dialoqu kəsməyibsə, bizimlə nəyə görə cəhd eləməsin ki? Amma bu dialoqa bizi susdurmaq, satın almaq vasitəsi kimi baxılmamalıdır. Biz dialoqda iştirak etsək də, bu mövqeyimizlə iştirak edəcəyik. Başa düşürəm ki, ölkə çıxılmaz dalana gəlib və burada bir anlıq, çox sadə həll yoxdur. Yığışdıq, oturduq, danışdıq, sabah hər şey düzəldi – elə şey yoxdur.
– Elə həll olmur.
– Mən o maksimalizmi qoymuram ortalığa. Mən dedim ki, qoy hökumət “Yol xəritəsi” elan eləsin. Otursun, bizimlə danışsın…
“Biz” haqqında: “Müxalifəti sən seçə bilməzsən, müxalifəti səndən narazı olan xalq seçir”
-“Biz” deyəndə, kimi nəzərdə tutursunuz? Çünki bir neçə dəfə “müxalifət” ifadəsini işlətdiniz, amma bu və ya digər səbəbdən indi “müxalifət”anlayışı özü də çox mürəkkəb anlayışdır.
– Mən Xalq Cəbhəsi və Milli Şuranı təmsil edirəm. Zatən çoxları ilə də problemləri yoxdur hökumətin. Artıq problemlər həllini tapıb. İndi deyirlər ki, Milli Məclisin rəhbərliyində guya müxalifət təmsilçilərinə 17 vəzifə də verilib. İlham Əliyev belə deyir. O hansı müxalifətdir? Əgər problemi həll eləyiblərsə, lap yaxşı. Bizdən nə istəyirlər? Müxalifət doğrudan da onlardırsa, onlarla da vəzifə portfellərini bölüşüblərsə, nə istəyirlər daha bizdən? Yox, əgər realistik yanaşırlarsa, hökumətin çox böyük səlahiyyətləri olsa da, o özü müxalifət təyin eləyə bilməz. Bilirsiniz, bunu birinci dəfə kimdən eşitdim? Bu, çox ağıllı fikirdir, bəlkə yüz illərlə yaşı var. 2012-ci ilin yanvar ayında bizim qeydiyyatımızı ləğv elədilər, onda Avropa Şurasının baş katibi Terri Devis burada idi. O ifadə elədi. İndi bəli, səlahiyyətiniz çoxdur, pulunuz çoxdur, imtiyazlarınız çoxdur, amma müxalifəti sən seçə bilməzsən, müxalifəti səndən narazı olan xalq seçir. Məhz o narazı xalqın təmsilçisi olaraq, biz yenə də konstitusion çərçıvədə çıxış yolu axtarırıq. Deyirik: ya bizimlə bunu danışaraq, müəyyən mənada da məsuliyyəti paylaşaraq bir “Yol xəritəsi” qoyun ortalığa, ya da xalqla birbaşa danışın. Biz xalqın təmsilçisi kimi bu prosesdə ola bilərik. İstəmirsiniz, biz bu prosesdə xalqın narazı kəsiminin təmsilçisi kimi olaq? Olmasın, birbaşa xalqla danışın. Çıxıb İlham Əliyev millətin qarşısında elan eləməlidir. İndi xüsusən bu neft qiymətləri, sosial böhranın artması “olmazsa, olmaz” eləyir bunu, gerçəkdən ölkə tək siyasi yox, iqtisadi, sosial baxımdan dalana gedir. Ona görə də millətlə açıq danışılmalıdır ki, “ölkədə yeni situasiya yaranacaq, azadlıqlar veriləcək, iqtisadı azadlıqlar ilk növbədə təmin olunacaq, sosial vəziyyətinizi yaxşılaşdırmağa çalışacağıq, siyasi acılıma gedəcəyik. Artıq mənim tapşırığımla konsepsiya hazırlanıb: biz hansı siyasi acılıma necə gedəcəyik, məhkəmə islahatını necə aparacağıq, müxalifətlə münasibətlərimizi necə quracağıq, sərbəst toplaşma azadlığını necə addım-addım reallaşdıracağıq, siyasi məhbus məsələsini birdəfəlik həll eləyəcəyik, bu ölkədə insanlar artıq danışdığına, yazdığına görə həbs edilməyəcək, biz yeni münasibətlərə keçəcəyik, amma bunun üçün vaxt lazımdır…” Yenə də vurğulayıram, bizim iştirakımızla istəmirlərsə, birbaşa xalqla danışsınlar. Amma xalqın qabağında zorla, yumruq silkələməklə, “onu məhv eləyəcəyik, bunu məhv eləyəcəyik” – bu, çıxış yolu deyil.
“Onlar” haqqında: “Keçmiş yapçı, indiki cəbhəçi, indiki yapçı, dünənki cəbhəçi, bizim üçün milli ideya olmalıdır”
– Sualımın bir detalı qaldı. Bayaq danışdıq ki,“müxalifət” ifadəsinin özünü artıq bütöv bir anlayış kimi qəbul etmək çətindir, eyni şeyi mən hakimiyyətə münasibətdə də görürəm.
– Əlbəttə.
– Bütövlükdə bu cür “ünvansız tənqid”mi deyim, “həddən artıq geniş ünvana tənqid”mi deyim, axı bu,“quru”nun oduna “yaşı” da yandırmırmı?
– Qətiyyən. Açığı, bilirsiniz, niyə ad çəkmirəm? Mən bütövlükdə sistemə qarşı mübarizə aparıram. Ona görə istəmirəm adlara takılım qalım. O məmurla mübahisə açım, bu məmurla mübahisə açım. Çəkəndə bir İlham Əliyevin adını çəkirəm, çünki hesab edirəm ki, məsuliyyəti ən çox o daşıyır. Amma adları çəkmədən ümumi şəkildə prosesi tənqid edirəmsə, bu, o demək deyil ki, mən hamını korrupsioner və işgəncə verən saydım, hamını saxtakar saydım. Əksinə. Odur ki, kim özünü bu çevrədə görmürsə, onun vicdanı rahat olsun. Dönə-dönə demişəm ki, biz balaca bir ölkəyik, potensialımız da çox böyük deyil, açığı. Təkcə sosial-iqtisadi baxımdan yox ha, elə intellektual, insan potensialımız da çox böyük deyil bizim. Mən də bu ölkəyə görə məsuliyyət daşıyıram və oturub düşünəndə ki, lap sabahları bir açılım imkanı yarandı, düşdüyümüz bu qədər çətin dərədən çıxmaq üçün kimlərlə, hansı sahələri dirçəldəcəyik? Maksimumdan danışaq. Fərz eləyək, gələcəkdə Azərbaycan xalqı bizə səlahiyyət verdi ki, Milli Şura, Xalq Cəbhəsi bazasında bir hakimiyyət formalaşsın. Mən heç zaman düşünmürəm ki, o hakimiyyət Milli Şura, Xalq Cəbhəsi fəallarından ibarət olmalıdır yalnız. Təbii, onlar da olmalıdır, amma millətin bütün potensialı səfərbər olunmalıdır: demokratik düşərgə, vətəndaş cəmiyyəti, mühacirət və hökumətin içində uzun illərin bürokratik təcrübəsi olan təbəqə. Bürokratiya sözü Azərbaycanda neqativ assosiasiya doğurur, amma aparat işi var. İndi məsələn, evimizdə oturmuşuq, amma bu günə qədər mərkəzləşmiş istilik sistemi işləyir, qaz işləyir, müəyyən idarəetmə var, təhlükəsizlik var, polis öz xidmətini yerinə yetirir… Müəyyən bir sistem formalaşıb, idarəetmə sistemi və onu idarə edən aparat var. O aparatda çox peşəkar insanlar var. Azərbaycanlı, vətəndaş olmaq bizi birləşdirən dəyərə çevrilməlidir… Bax, bizim millət kimi ambisiyamız nə olmalıdır? Biz bacaracağıq! Necə babalarımız 101 il bundan qabaq bacarmışdılar, 25 dövlətdən biri eləmişdilər Azərbaycanı! Bizim üçün milli ideya bu olmalıdır. Biz sağlı, sollu, ateist, dindar, hər hansı mənsubiyyətimizdən asılı olmayaraq, keçmiş yapçı, indiki cəbhəçi, indiki yapçı, dünənki cəbhəçi, bizim üçün milli ideya olmalıdır: Azərbaycanı dirçəltmək! Hüquqi dövlətə çevirmək! Rifah dövlətinə çevirmək! Azərbaycanda hər bir şəxsin hüquqlarının qorunmasına nail olmaq və güclü dövlət qurub, Qarabağı qaytarmaq.
Gəlin, medianı fərqli düşüncəli insanların görüş meydanına çevirək
– Ürək doludu. Heç mən özüm də planlaşdırdığım sualların hamısını verə bilmədim.
– Amma çox sanballı suallar verdiniz. Hansı mərhələdə istəyirsiniz, müsahibəni yekunlaşdırın, amma mənim aləmimdə olduqca aktual məsələlərdən danışdınız.
– Yəni, demək istəyirəm, nə koronavirusdan, nə dövlət idarəçiliyi problemlərindən, nə əhalinin sosial vəziyyətindən, nə Qarabağdan danışdıq. Birincisi, ona görə ki, bu məsələlərə dair fikirləriniz bizsiz də tez-tez səslənir. İkincisi, toxunduğumuz mövzuları mövcud şəraitdə heç də onlardan az əhəmiyyətli saymırıq. Hamımız başa düşürük ki, postpandemiya dövründə bütün dünya kimi, Azərbaycanı da daha ciddi iqtisadi, sosial, humanitar problemlərin həlli gözləyir. Və belə vəziyyətdə siyasi mübarizə alqoritmini dəyişməyin, daxildəki düşmənçilik münasibətlərini sağlam rəqabətə çevirməyin vaxtıdır. Sonda isə bütün kütləvi informasiya vasitələrimizə müraciət edirəm: gəlin, medianı normal iş rejiminə qaytaraq, siyasi diskussiyalar, fərqli düşüncəli insanların görüş meydanına çevirək. Problemlərimizi Amerikada yox, burada çözək. Və kiminsə haradasa İnterneti kəsiləcəksə, Pressklub öz internetini həmişə onunla bölüşməyə hazırdır. Belə. Təşəkkür edirəm, Əli bəy, maraqlı söhbət üçün. Və ümid edirəm ki, gələn dəfə siz bizim studiyaya gələcəksiniz, burada verə bilmədiyimiz sualları orada müzakirə edəcəyik.